XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

09 İyun 2015 - 08:16

Baş redaktor prezidentdən kömək istədi – Müraciət
Həkim məsuliyyətsizliyi üzündən həyatını itirmiş tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının həyat yoldaşı, “Axar.az” saytının baş redaktoru Anar Niftəliyev surəti Baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov, vergilər naziri Fazil Məmmədov və səhiyyə naziri Oqtay Şirəliyevə olmaqla, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyevaya müraciət edib.
Anar Niftəliyev prezidentə və onun xanımına müraciət edərək, həyat yoldaşı Elnarə Tofiq qızı Niftəliyevanın ölümündə təqsirkar olan həkimin cəzasının adekvat olmadığında şikayət edir.
Bu məsələyə dair indiyə qədər baş verən hadisələri təfərrüatı ilə yazan jurnalistin müraciətində bildirilir:
“Necə ola bilər ki, bir məsuliyyətsizlik və səhlənkarlıq səbəbindən bir ana həyatını itirsin, azyaşlı körpələr anasız qalsın, üstəlik, bu cinayəti ört-basdır etmək üçün həkim saxtalaşdırma aparsın, əvəzində 2 il şərti iş alsın? Bu qərardan sonra həkimlərin hansı məsuliyyəti müzakirə mövzusu ola bilər? İl yarımlıq araşdırmanın nəticəsi olaraq gənc bir ananın ölümünə görə suçlanan, üstəlik, bu məsuliyyəti üzərindən atmaq üçün düşünülmüş surətdə saxtakarlıq edən bir həkim necə azadlıqda gəzə bilər? Ortada bir cinayət, həm də gənc bir insanın ölümü var, amma belə çıxır ki, demək, bu ölümdə heç kəs günahkar deyil? Hörmətli Mehriban xanım! Sizə bir ana, səlahiyyət sahibi, böyük və şərəfli bir nəslin layiqli davamçısı kimi müraciət edirəm! İki azyaşlı qızı anasız qoyanlar azadlıqda, heç bir suç işləməmiş kimi gəzə bilərlərmi? Ekspert rəyini saxtalaşdıran Şakir Musayevin, dəlil-sübutları bacardıqca məhv edən müstəntiq Ələkbər Rzayevin ədalətsizliyini iki maddə ilə təqsiri sübuta yetirilən şəxsi həbs etməyən hakim Şəlalə Həsənova davam etdirirsə, mən nə etməliyəm? Biz hüquqi ölkədə yaşayırıq, cinayətin adekvat cəzası olmalıdır – bunu həm Azərbaycan qanunları tələb edir, həm də Haqq! Cinayəti ört-basdır edən, bu qətl hadisəsinə görə cinayətkarların cəzasız qalmasını nəyinsə müqabilində (rüşvət aldıqlarına heç bir şübhəm yoxdur) təmin edən bu insanlar nəyə nail olmaq istəyir? Azacıq vicdanı olan insan qətl törədən cinayətkarın azadlıqda qalmasına razı olarmı?
Anestezioloq məhkəmədəki son sözündə bircə dəfə də olsun, yanlış etdiyini və peşman olduğunu dilə gətirmədi, ancaq Nəsimi rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova iki maddə ilə təqsiri sübuta yetirilən və ölümdə suçlanan həkimi yenidən xəstələrin “müalicəsini” davam etdirməyə göndərdi. öz əməlindən peşman olmayan, suçunu görməyən, əksinə, əməlini ört-basdır etmək üçün sənəd saxtalaşdıran anestezioloq Firuz İbrahimovun ictimai təhlükəsini özü ana olan Şəlalə Həsənova görmürdümü? İnsan da hər hansı təmənnaya görə cinayətkarı qətllər seriyasını davam etdirməyə göndərərmi? F.İbrahimovun bugünkü qurbanı mən və iki azyaşlı körpədir: sabah onun qurbanı kim olacaq və bunun məsuliyyətini kim daşıyır? Bu cinayət əməli baş verən gündən ictimaiyyətin diqqətindədir – media daim bu ölüm faktını diqqətdə saxlayıb. Əgər bu ictimai diqqətdə olan cinayət işinin nəticəsində 3 rüşvətxorun günahı üzündən cinayətkar cəzasını almırsa, ədalətin bərpasından danışmaq olarmı?
Bu insanlığa, qanunlara hayqırı qərardan sonra hansı həkim səhvindən və bu səhvinin nəticəsində ölümə bais olmasından ehtiyat edəcək? Əgər qətlə yetirdiyi xəstəsinə görə bir həkim cəza almırsa – həm də bu cür ictimailəşmiş məsələdə – digər həkimlərin daha da məsuliyyətsizləşəcəyini məgər bu cinayəti ört-basdır edən və cinayətkarın azadlıqda gəzməsinə hökm verən hakim dərk etmirmi? Cinayətkarın cəzalanmaması insanların olayı qisas müstəvisinə keçirməsi deməkdir. Bu şəxslər mənim kimi insanları qatiləmi çevirmək istəyir? Hörmətli Cənab Prezident! Hörmətli Mehriban xanım! Mən təbii ki, apelyasiya şikayəti vermişəm və hazırda CM-nin 124.1 və 320.1-ci maddələri ilə təqsiri sübuta yetirilmiş, iki il şərti cəzaya məhkum edilən Firuz İbrahimovun adekvat cəza almasını istəyirəm. Apelyasiya Məhkəməsi (hakim Camal Ramazanov) işə iyunun 10-da baxacaq. Amma mən Apelyasiya Məhkəməsinin də ədalətli qərar verəcəyinə inanmıram və bu müraciətimin tezləşməsinin səbəbi də budur.
Rayon məhkəməsi ədalətsiz qərar verərkən Apelyasiya Məhkəməsi perspektivini nəzərə alır və onlarla da danışıqlar aparılır. Şübhələnirəm ki, Nəsimi rayon Məhkəməsi ədalətsizliyini davam etdirmək üçün Apelyasiya Məhkəməsinə də hansısa formada təzyiq edəcək. Sizdən bu məhkəmə işini nəzarətə götürməyinizi və ədaləti bərpa etməyinizi xahiş edirəm. İnanıram ki, Sizin nəzarətiniz anestezioloq Firuz İbrahimovun haqq etdiyi cəzanı alması ilə bərabər, Vergilər Nazirliyinin İstintaq İdarəsində araşdırılmadan qalan işin aktivləşməsinə, həmçinin Şakir Musayevin ədalətsiz ekspert rəyinin ifşa olunmasına gətirib çıxaracaq. Əvvəlcədən ailəmiz adından Sizə təşəkkür edirəm”.
Strateq.az