XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 May 2016 - 14:32

İlin ən yaxşı dövlət saytı hansıdır?- Qalib açıqlandı

Azərbaycan milli internet mükafatı olan “NETTY-2016”nın müxtəlif nominasiyalar üzrə mükafatlarının qalibləri müəyyən edilib. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə hər il keçirilən müsabiqənin builki qalibləri arasında “Bakı Metropoliteni” QSC-nin saytı da var.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən bildirilib ki, metropolitenin saytı 12-ci dəfə təşkil edilən bu səsvermədə 2016-cı ildə ən yaxşı dövlət saytı seçilib.

Bununla bağlı təşkil olunan tədbirdə informasiya texnologiyaları şirkətlərinin nümayəndələri, mükafatın nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev, xidmət şöbəsinin rəisi Lalə Babayeva və şöbənin baş mütəxəssisi Müdhət Rəhimli təmsil ediblər.

Tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, “NETTY Azərbaycan” Milli İnternet Müsabiqəsi 10 ildən artıqdır uğurla keçirilir və o, internet resurslarının inkişafı üçün stimullaşdırıcı amillərdən biridir. Müsabiqənin laureatlarını təbrik edən nazir müavini, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

“Ən yaxşı dövlət saytı” nominasiyası üzrə müsabiqənin qalibini elan edən nazir müavini Elmir Vəlizadə mükafatı “Bakı Metropoliteni” QSC-nin xidmət şöbəsinin rəhbəri Lalə Babayevaya təqdim edib.

Qeyd edək ki, “NETTY-2016” Azərbaycan Milli İnternet Mükafatı – dünya şəbəkəsinin milli seqmentinin və Azərbaycanın informasiya texnologiyaları sahəsində yaradılmış birinci peşəkar mükafatıdır. Müsabiqənin qaydalarına görə, sayt-iştirakçıların qeydiyyatı ilə bağlı ərizələrin qəbulu cari ilin martın 15-dən aprelin 30-dək keçirilib. Mayın 1-dən 7-dək, nominantları müəyyən etmək məqsədilə ekspert şurası və virtual münsiflər heyətinin paralel səsverməsi keçirilib. Ekspert şurasının və virtual münsiflər heyətinin səsvermələrinin nəticəsinə əsasən, iştirakçı-saytların arasından nominant veb-saytlar, proqramlar və informasiya texnologiyaları layihələri seçilib.