XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

24 May 2016 - 08:23

Mətbuat Şurası müsabiqə elan etdi –Jurnalistlər ordumuzdan yazacaq

metbuat-surasi

Azərbaycan Mətbuat Şurası Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə birlikdə “Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir.

Mətbuat Şurasından bildiriblər ki, I yer üçün 1 nəfərə 800 manat, II yer üçün 2 nəfərə 500 manat, III yer üçün 3 nəfərə 300 manat, 10 nəfərə isə 100 manatdan həvəsləndirici mükafat veriləcək.

Təqdim olunmuş yazılarda materialların mövzunu dolğun əhatəetmə səviyyəsinə (“Aprel müharibəsi” və yüksək hazırlıqlı peşəkar zabit və əsgərlərin xidməti, “Aprel müharibəsi”nin Milli qəhramanları Murad Mirzəyev, Samit İmanov və Şükür Həmidovun həyat və döyüş yolu, “Aprel müharibəsi”nin beynəlxalq ictimai rəydə təzahürü, “Aprel müharibəsi”nin Azərbaycan cəmiyyətində doğurduğu ab-hava və “Aprel müharibəsi” və Qarabağ münaqişəsinin həlli ilə bağlı perspektivlər), faktlardan istifadə xüsusiyytələri və araşdırmanın keyfiyyətinə, ifadə vasitələrinin zənginliyinə, oxucu üçün informasiyalılıq dərəcəsinə, qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisəyə üstünlük veriləcək.

Müsabiqəyə 2016-cı ilin may ayının 25-dən iyun ayının 20-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq yazılar buraxılacaq, dil və janr məhdudiyyəti nəzərdə tutulmur.

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.

Yazıda “Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi edilməlidir.

Müəllifin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir.

Müsabiqə üçün təqdim ediləcək materialın müəllifin çalışdığı KİV-də verilməsi şərt deyil.

Təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir.

Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən təqdim olunmalıdır.

Təqdimat zərfində yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təqdiqləyən sənədin surəti, şəxsiyyət vəsiqəsinin surəti, əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu yer almalıdır. Yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi, yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link, materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrin hər birində materialın müsabiqə üzrə olan istiqaməti qeyd edilməli, müəllifinin adı göstərilməməlidir), diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla), yazı elektron media resursunda verilibsə, diskdə yazının linki göstərilməlidir.

Müsabiqə üçün yazılar mayın 26-dan iyunun 20-dək həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz-4 ünvanında (əvvəlki Teymur Əliyev-38 ünvanı – Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.

Qaliblərin adları 26 iyun – Silahlı Qüvvələr Günü ərəfəsində açıqlanacaq.

Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul olunmayacaq.