XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2015 - 11:06

İTV-də “Parlament vaxtı” olacaq

ITV_44.jpg

İctimai Televiziya və Radio Yayımları Şirkətində Milli Məclis və QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə yeni veriliş hazırlanıb. “Parlament vaxtı” adlı bu proqram gələn aydan tamaşaçıların ixtiyarına veriləcək.

Verilişin aparıcısı “Milli Məclis” jurnalının baş redaktoru ülviyyə Abdullayevadır. Onun sözlərinə görə, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə hazırlanan proqramın məqsədi Azərbaycanda qanunvericiliklə bağlı maarifləndirmədə dövlətə yardımçı olmaq, Milli Məclisdə qəbul olunan qanun layihələrinin təfərrüatlarının ictimaiyyətə daha effektiv çatdırılmasını təmin etməkdən ibarətdir. Layihə həmçinin vətəndaşlar arasında hüquqi maarifləndirmə işinin təşkilinə yardım məqsədini daşıyır.

Sözügedən layihə Milli Məclis ilə Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası arasında imzalanmış memorandum əsasında icra olunur. Elə ilk veriliş də bu memorandumun əhəmiyyəti, vətəndaş təşəbbüsünün artırılmasındakı roluna həsr edilib.

Proqramın qonaqları – parlamentin vitse-spikeri Bahar Muradova, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azaq Quliyev, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli sözügedən sənədin cəmiyyətimizdə yeni münasibətlərin formalaşdırılmasında vacibliyindən söz açıblar. Qeyd olunub ki, memorandum AR Prezidentinin 2007-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş və dövlət orqanları ilə QHT-lər arasında tərəfdaşlıq münasibətlərində yeni mərhələnin əsasını qoymuş “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq hazırlanıb. İctimai əhəmiyyət kəsb edən qanun layihələrinin hazırlanması prosesinə vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb edilməsinin zəruriliyi vurğulanıb.

Qonaqlar, həmçinin qanun yaradıcılığı və qanunvericiliyin təkmilləşdirilməsi prosesində vətəndaşların maraqlarının daha yaxşı qorunması, Milli Məclisin fəaliyyətində şəffaflığın daha da artırılması məqsədilə parlamentlə QHT-lər arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətindən danışıblar.

ümumilikdə “Parlament vaxtı”nda Milli Məclisin üzvləri ilə yanaşı, müxtəlif sahələr üzrə ekspertlər qonaq olacaq və hər dəfə mövzu üzrə diskussiyalar təşkil ediləcək. Hər konkret qanunun üstün tərəfləri, yeni qəbul edilmiş normalar haqqında ətraflı məlumat veriləcək.

Strateq.az