XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2015 - 07:55

“Jurnalistikanın inkişaf strategiyasını formalaşdıracağıq” – Əli Həsənov
“Prezident İllham Əliyevin sərəncamı ilə bağlı bölgələrdə, Bakda, Bakı Dövlət Universitetində milli mətbuatın yaranmasının 140 illiyi qeyd edilir. Bu tədbirlərdə mətbuatın inkişaf tarixini təkrar-təkrar şərh edəcəyik, tarixi şəxsiyyətləri yada salacağıq. Eyni zamanda keçmiş ənənələrdən istifadə edərək müasir jurnalistikanın inkişaf strategiyasını formalaşdıracağıq”.
Bunu bu gün “Azərbaycan milli mətbuatı – 140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda Bakı Dövlət Universitetində keçirilən elmi-praktik konfransdakı çıxışında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, Heydər Əliyev 1998-ci il 6 avqust fərmanı ilə Azərbaycanda senzuranı ləğv edib: “Azərbaycan milli mediasının banisi Həsən bəy Zərdabidir. Həsən bəy Zərdabidən başlayan ənənələr Xalq Cümhuriyyəti dövründə də davam etdirilib. Cümhuriyyət dövründə Əli bəy Hüseynzadə, üzeyir Hacıbəyov kimi xadimlər var idi. Həsən bəy Zərdabidən Xalq Cümhuriyyətinə qədər medianın inkişafı bir mərhələ, Xalq Cümhuriyyəti dövründə bir mərhələ, sovet dövründə isə bir mərhələdir. Müstəqillik dövründə mətbuatın inkişafı da sovet dövründən qaynaqlanıb. Müstəqillik dövründə yaradılan mətbu orqanları təəssüf ki, ayrı-ayrı siyasi qüvvələrin təsirinə düşdü, anti-Azərbaycan mövqedən çıxış etməyə başladı, pis ənənələr formalaşdı. Ancaq müstəqillik dövründə azad jurnalistikanın prinsipləri də formalaşmağa başladı”.
Media sahəsində qanunvericilikdən danışan Ə. Həsənov Konstitusiyada söz və fikir azadlığı, KİV üzərində senzuranın yolverilməzliyinin əksini tapdığını xatırladıb, Mətbuat Şurasının əhəmiyyətini qeyd edib:
“Ancaq medianın inkişafına dövlət dəstəyi olmasaydı, ictimai mühit yaradılmasaydı, mətbuatımız bu uğurları əldə edə bilməzdi. Media vergilərdən azad olunub, güzəştli kreditlər verilib, 2008-ci ildə isə prezident İlham Əliyev ilk dəfə dövlətin mediaya yardımını şəffaflaşdırdı. O vaxta qədər də müxtəlif media orqanlarına dövlət dəstəyi verilirdi, ancaq şəffaf və sistemli deyildi. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı və bütün KİV bu dəstəkdən istifadə edir. Bunun nəticəsidir ki, media orqanlarımız xalqın informasiya tələbatını tam ödəyir, həm də vətəndaşların arzu və istəklərini əks etdirərək idarə edilənlərlə hakimiyyət arasında əlaqə yaradır” .
(Apa)