XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

03 İyul 2015 - 16:37

Əflatun Amaşov azərbaycanlı jurnalistlərlə görüşüb – Gürcüstanda

Mətbuat Şurasının sədri Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı jurnalistlərlə görüşüb

Bu gün Gürcüstanın Marneuli şəhərində Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun azərbaycanlı jurnalistlərlə görüşü keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, milli mətbuatımızın 140 illiyinə həsr olunan görüş Azərbaycanlıların Mədəniyyət Mərkəzi və Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyi tərəfindən təşkil edilib.
Görüşü Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov açıb. Sonra Ə. Amaşov, şura üzvü Yadigar Məmmədli, Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi İlyas Məmmədov, Gürcüstan Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirliyinin rəsmisi Zaur Darğallı, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, “Region press” qəzetinin redaktoru Binnət Məmmədov, şairə Güllü Tomarova, Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu, Bolnisidə çıxan “ümid” qəzetinin redaktoru Əlixan Yəhyaoğlu və başqaları çıxış ediblər. Onlar milli mətbuatımızın 140 illiyi münasibətilə bütün jurnalistləri təbrik edərək mətbuat tariximizin inkişafından, həmçinin Gürcüstanda Azərbaycandilli mətbuatın problemlərindən və çıxış yollarından danışıblar.
Azərbaycanda mətbuata dövlət dəstəyindən danışan Ə. Amaşov qeyd edib ki, Azərbaycan dövləti 60-dək qəzetə yardım göstərib: “Dövlət KİV-lərin inkişafına Dövlət Dəstəyi Fondu yaratdı və bu Fond hər il təqribən 60-a qədər üzdə olan qəzetlərə ildə 120 min manat ayırır. Həmin fond jurnalistlərin iştirak etdiyi müsabiqə elan edir və qaliblər pul mükafatına layiq görülür, həmçinin yüz jurnalistə fərdi təqaüd verilir”.
Ə. Amaşov Gürcüstanda Azərbaycandilli mətbuatın inkişafı üçün şəraitin mövcud olduğunu bildirib:”Gürcüstanda Avropa İttifaqı, Avropa Şurası mətbuatın inkişafı üçün xüsusi fondlar yaradıb və bu fondlar mətbuata milyonlarla avro yardım ayırır. Bu yardıma sahib olmaq üçün Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı jurnalistlər fondlarla işləməlidir. Onlara lazımi səviyyədə layihələr yazaraq qrantlar əldə edə bilərlər”.
Mətbuat Şurasının sədri Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblərin durumuna da münasibət bildirib. O, Gürcüstanda yaşayan soydaşlarımızın dövlət dilini bilməsinin vacibliyini vurğulayıb.
Ə. Amaşov tədbirdə Gürcüstan Jurnalistlər Birliyinin sədri N. Zillioğluna milli mətbuatımızın 140 illiyinə həsr olunan “Gürcüstan Azərbaycanlı Jurnalistləri” kitabını hazırladığına görə təşəkkür edib və yubiley günlərində kitabın Bakıda təqdimat mərasimini təşkil edəcəyinə söz verib. O, kitabın Azərbaycan mətbuatı tarixinə bir töhfə oduğunu və müəlliflərin Mətbuat Şurası tərəfindən mükafatlandırılacağını bildirib.
Sonda Mətbuat Şurasının sədri jurnalistlərin təklif və rəylərini dinləyib.