XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

08 İyul 2015 - 08:46

MTRŞ-dən “Sputnik” qalmaqalına reaksiya: “Belə radioya icazə verilə bilməz”

sputink.jpg

“Milli Televiziya və Radio Şurası (MTRŞ) Rusiyanın hər hansı radiosuna fəaliyyət göstərməyə icazə verməyib. MTRŞ başında erməninin durduğu radionun Azərbaycan ərazisində fəaliyyətinə icazə verə bilməz. Belə bir şey ümumiyyətlə ola bilməz”.

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli erməni əsilli jurnalist Marqarita Simonyanın baş redaktoru olduğu Rusiyanın “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin tərkibinə daxil olan “Sputnik” radiosunun Bakıda fəaliyyətə başlaması ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib. (Trend)

MTRŞ sədrinin sözlərinə görə, Azərbaycan ərazisində teleradio məkanında hər şey Azərbaycan dilində olduğu üçün bunların hamısı nəzərə alınır: “Amma ola bilsin ki, həmin radio burada yerli radiolardan biri ilə əməkdaşlıq edə, hansısa verilişi alıb onu tərcümə edərək yaya və musiqi səsləndirə bilərlər. Dünyanın hər yerində belə qarşılıqlı əməkdaşlıqlar edilir. Yəni proqramlar alınır. Amma bir halda ki, bu xarici ölkə radiosudursa, özü də başında erməni əsilli redaktor durursa, təbii ki, radio kanalları da gərək bu məsələdə ehtiyatlı olsunlar. Ola bilər ki, onlar burada hansısa layihə həyata keçirib, veriliş hazırlayıb, sonra onu Moskvaya ötürsünlər və oradan yaysınlar. Amma bu məsələ ilə bizim heç bir əlaqəmiz yoxdur. Həmin verilişlərin xarici ölkələrdə yayılması onların öz işləridir. Söhbət Azərbaycan ərazisindən gedirsə, burada rus dilində hər hansı verilişin yayımı ola bilməz. Belə bir şey olsa, biz dərhal tədbirimizi görəcəyik”.

Qeyd edək ki, Rusiyanın “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin tərkibinə daxil olan “Sputnik” radiosunun Bakıda həyata keçirdiyi layihəsinin rəhbəri Əziz Əliyev ANS PRESS-ə bildirib ki, onlar may ayından etibarən Bakıda yerli radioların biri ilə birgə layihə həyata keçirməyə başlayıblar. Onun sözlərinə görə, “Sputnik” Azərbaycanda həm audio verilişlər hazırlayır, həm də rus və Azərbaycan dillərində portal işə salaraq xəbər yayır. Radio baş verənləri Rusiyanın baxış bucağı altında Azəraycan dinləyicilərinə çatdırır.

Xatırladaq ki, 31 dekabr 2013-cü il tarixdən “Sputnik”radiosunun da daxil olduğu “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş redaktoru erməni əsilli jurnalist Marqarita Simonyandır. Rusiyadakı erməni icmasının ən fəal nümayəndələrindən, eləcə də “erməni soyqırımı” ideyasının təbliğatçılarından biri olan M.Simonyan Ermənistan qarşısında göstərdiyi “xidmətlərə” görə 2010-cu il noyabrın 18-də Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən “Movses Xorenasi” medalı ilə təltif edilib.

Bu məsələ dərhal sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib və böyük çaşqınlıq yaradıb.