“Azərbaycan heç bir yenilik icad eləməyib” – Arif Əliyev
Milli mətbuatın 140 illiyi münasibəti ilə ölkə başçısı təxminən 150-yə yaxın jurnalisti fəxri adlar, diplomlar, medallarla təltif edib.
Jurnalistlərin mükafatlandırılması ilk baxışdan nə qədər mütərəqqi görünsə də, mükafatlandırma sferasının həddindən artıq geniş olması bəzi suallar doğurmaqdadır.
Media əməkdaşlarının kütləvi şəkildə mükafatlandırılması prosesinin arxasında hansı səbəblər dayanır? Bu, medianın neytrallaşdırılması, nəzarət altında saxlanılması kimi dəyərləndirilə bilərmi?
Strateq.az Moderaor.az-a istinadən xəbər verir ki, “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev dövlət mükafatlarının medianın idarə edilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb:
“Napoleon deyirdi ki, fəxri adları, orden və medalları oyuncaq sanmayın. Insanları bu oyuncaqlar idarə edir. Bu oyuncaqlar media cameəsinin idarə edilməsinin mühüm formalarından birinə çevrilib. Bu tendensiya tədricən genişlənməkdə davam edir. Bizim mentalitetimizdə, bizim jurnalistika fəlsəfəmizdə bu məsələ mühüm rol oynayır. Bizdə jurnalistlər bu məsələyə çox susayırlar və buna görə bir-birindən inciyən, küsən jurnalistlər də var.
Təcrübə göstərir ki, mediada dövlət idarəçiliyinin rolu nə qədər böyük olursa, mükafatlar, maliyyə yardımları adı altında medianın ələ alınması siyasəti də bir o qədər geniş olur. Bunu onilliklərin təcrübəsi göstərir. O yerdə ki, jurnalistikaya liberal yanaşma tərzi mövcuddur, orada nə mükafatlar, nə dövlət yardımı var. Lakin o yerdə ki, jurnalistikaya baxışda avtoritar yanaşma üstünlük təşkil edir, orada dövlətin mükafatlandırma siyasəti, bəzi mətbuat orqanlarına birbaşa yardımlar üstünlük təşkil edir. Bu baxımdan Azərbaycan heç bir yenilik icad eləməyib. Azərbaycan ötən illər ərzində qazanılan təcrübəni tətbiq etməklə məşğuldur”.