Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Vitezslav Pivonkanın “Strateq.az”a müsahibəsi
– Cənab səfir, Azərbaycanla Çexiya Respublikası arasındakı siyasi əlaqələr yüksək xətlə inkişaf edir. Bəs iqtisadi sahədə vəziyyət nə yerdədir? Ötən il Prezident Miloş Zeman ölkəmizdə rəsmi səfərdə olub. Hər iki ölkə başçısı iqtisadi sahələrə qarşılıqlı sərmayələrin qoyulmasınının vacibliyinə toxunmuşdular. Bu görüşdən sonra nə kimi irəliləyişlər var?
– Dövlət başçısının rəsmi səfəri həmişə qarşılıqlı münasibətlərin yüksək səviyyədə olmasına ən yaxşı nümunədir. Bu baxımdan Prezident Zemanın 2015-ci ilin sentyabrındakı səfəri xüsusilə uğurlu olub. Bakıya səfəri zamanı Prezident Zeman və Prezident Əliyev Çexiya və Azərbaycan arasında “Strateji Əməkdaşlıq haqqında Birgə Bəyannamə” imzalayıblar, bu da tarix ərzində bu iki ölkə arasında təkcə siyasi yox, həmçinin iqtisadi sahədəki əlaqələri yüksək səviyyəyə qaldırdı. Azərbaycana səfərində Prezident Zeman Çexiya-Azərbaycan Biznes Forumu zamanı Azərbaycan həmkarları ilə görüşmək üçün xüsusi imkan əldə edən çex sənayesinin müxtəlif sahələrini təmsil edən 50-ə yaxın sahibkar tərəfindən müşayiət edilib. Ədalət naminə deyək ki, Azərbaycanın çex ixracatçıları arasında xüsusi statusu var. Onlar sizin ölkənizin stabilliyini, yüksək ödəmə balansını və azərbaycanlıların Avropa keyfiyyətli məhsulları dəyərləndirməsini qiymətləndirirlər. Azərbaycan və Çexiya arasında yaxın iqtisadi əlaqələrin olması özünü ən yaxşı ticarət statistikalarında göstərməkdədir. 2014-cü ildə Çexiya, Azərbaycan məhsullarının idxalına görə, Avropa İttifaqı ölkələri arasında üçüncü yerdədir, eyni zamanda Azərbaycana ixrac üzrə Avropa İttifaqı ölkələri arasında doqquzuncu yerdədir. Bundan əlavə, çexiyalı sərmayəçilər 2013-cü ildə Azərbaycana kapital qoyan xarici sərmayəçilər arasında kapital həcminə görə altıncı yerdə olublar. Təəssüflər olsun ki, Çexiya iqtisadiyyatında azərbaycanlı sərmayəçilərin payı o qədər də yüksək olmayıb, Prezident Zemanın rəsmi səfəri zamanı toxunulan məsələlərdən biri də bu olub.
– Azərbaycanlı iş adamlarının Çexiyada investisiyaları varmı? Onlar hansı sahələrə sərmayə yatırırlar?
– Əlbəttə, Çexiyada fəaliyyət göstərən bəzi uğurlu Azərbaycan investisiyaları var. Bu investisiyaların əksəriyyəti daşınmaz əmlak və turizm sektorları ilə əlaqəlidir. Amma təəssüflər olsun ki, bu investisiyaların sayı bizim görmək istədiklərimizdən çox azdır. Çexiyada kapital qoymaq üçün bir çox imkanlar var. Səmimi desək, indi bunu etmək üçün ideal vaxtdır. İqtisadiyyatımız çox sürətlə böyüyür. 2015-ci ildə bizim iqtisadiyyatımız Avropa İttifaqında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyat olub. Bu, mövcud şirkət və startaplarla birlikdə xarici kapital üçün də bir çox yeni imkanlar yaradır. Səfirliyimizin iqtisadi bölməsi potensial Azərbaycan investitorlarına Çexiyadakı müxtəlif investisiya imkanları haqqında cari məlumatlar verməyə hazırdır.
– Necə düşünürsünüz, "Şimal-Cənub" dəhlizi layihəsinə Çexiya maliyyə təsisatları da qoşularaq sərmayə qoymaq, maliyyə dəstəyi göstərmək barədə qərara gəlibmi?
– Bildiyimə görə, müxtəlif Çexiya maliyyə institutları və Azərbaycan rəsmiləri arasında “Şimal-Cənub” Nəqliyyat Dəhlizi haqqında mümkün əməkdaşlıq haqqında bəzi danışıqlar olub. Bizim şirkətlər bu layihə haqqında xüsusilə maraqlıdırlar və iqtisadi perspektivdən yanaşdıqda, bu, kifayət qədər ağlabatandır. Bildiyiniz kimi, “Czech Exim Bank” maliyyə konsorsiumu Bakı-Tbilisi-Qars dəmiryol layihəsini başlanğıcdan etibarən dəstəkləyir və başqa çex şirkətləri də bilavasitə bu layihənin inşaatında iştirak edir. Bu o deməkdir ki, Çexiya şirkətlərinin nəinki Azərbaycanda işləməkdə peşəkarlığı var, həmçinin Azərbaycan konstruksiya standartları və Azərbaycan iş etiketi ilə də tanışdırlar. Əhəmiyyətlisi də odur ki, Çexiya şirkətləri azərbaycanlı partnyorları tərəfindən artıq tanınırlar, Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin tikintisində çalışan hər bir kəsin yüksək rəsmilərdən siravi işçilərə qədər işlərinin keyfiyyəti və fədakarlığı ilə tanış olmaq imkanı olub. Bu səbəbdən, mən "Şimal-Cənub" dəhlizi layihəsində Çexiya maliyyə institutları və inşaat şirkətlərinin mümkün əməkdaşlığının ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın inkişafında növbəti məntiqli addım ola biləcəyi qənaətindəyəm. Bu əməkdaşlıq Azərbaycan üçün maksimal səmərəliliyi özündə birləşdirəcək, çünki dəmir yolunun tikintisində Çexiya şirkətlərinin böyük təcrübəsi var.
– Ümumiyyətlə, Azərbaycanda ölkənizin neçə şirkəti fəaliyyət göstərir və əsasən hansı sahələri əhatə edir?
– Azərbaycanda fəaliyyyət göstərən çex şirkətlərinin dəqiq sayını müəyyən etmək çətindir. Onların əksəriyyəti layihə yönümlü yanaşmadan istifadə etdiyindən, onların faktiki iştirakı müvafiq tapşırıq müddəti ilə məhdudlaşır. Əvvəl qeyd etdiyim kimi, hazırda Bakı-Tbilisi-Qars kimi infrastruktur layihələrində fəaliyyət göstərən bir neçə aktiv çex şirkətimiz var.
– 2015-2016-cı illər üçün qarşılıqlı ticarət dövriyyəsinin həcmi nə qədər olub?
– Faktiki olaraq, 2016-cı il üçün kifayət qədər məlumatımız yoxdur, ancaq mən sizə 2014 və 2015-ci illərdəki Çexiya və Azərbaycan arasındakı dövriyyənin miqdarı haqqında məlumat verə bilərəm. 2014-cü ildə xarici ticarətdə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 1.5 milyard avro təşkil edib. 2015-ci ildə isə qarşılıqlı əmtəə dövriyyənin həcmi, təxminən, 1 milyard avro azalıb.
Qeyd etməliyəm ki, 2014 və 2015-ci illər arasında dövriyyənin 33% azalması heç də mübadilə edilən məhsulların da miqdarının eyni qədər düşməsi demək deyil. Çexiyanın Azərbaycandan idxal etdiyi ən əsas məhsul neft olduğundan, neftin qiymətinin düşməsi Azərbaycanla dövriyyənin azalmasına gətirib çıxardı.
– Bəs təhsil sahəsində əlaqələrimizdən nə deyə bilərsiniz? Ölkənizdə 200-dən artıq azərbaycanlı tələbənin təhsil aldığı məlumdur. Azərbaycanda neçə çexiyalı tələbə təhsil alır və əgər varsa, daha çox hansı sahələr üzrə təhsillərini davam etdirirlər?
– Çexiyada təhsil alan Azərbaycanlı tələbələrin sayının daha çox olduğunu düşünürəm. 2011-dən bəri biz təhsillə bağlı 416 viza rəsmiləşdirmişik. Bu səbəbdən də güman edirəm ki, Çexiyada təhsil alan Azərbaycanlı tələbələrin sayı daha çoxdur. Azərbaycanda təhsil alan tələbələr burada olduqları haqqında bizə məlumat vermək məcburiyyətində olmadıqlarından, bu haqda tam açıqlama verə bilmərəm. Son il ərzində mən "Erasmus" proqramı çərçivəsində Azərbaycan universitetlərində təhsil almış 2-3 tələbə ilə tanış olmuşam. Həmçinin Beynəlxalq Vişegrad Fondu (BVF) vasitəsi ilə ADA Universitetində təhsil alan iki tələbə də var idi. Yeri gəlmişkən, Azərbaycanlı tələbələr Çexiya və digər Vişegrad ölkələrində təhsil almaq üçün BVF-dan istifadə edə bilərlər.
– Mədəni əlaqələrimiz barədə nə deyərdiniz, ümumiyyətlə, həm Azərbaycanda, həm də Çexiyada musiqi, kino, mədəniyyət günləri keçirilirmi və ya nəzərdə tutulubmu?
– Mədəniyyət sahəsində bəzi əlaqələr olsa da, bunun daha da davamlı ola biləcəyini düşünürəm. Çex Silahlı Qüvvələrinin orkestrının məşhur “Brass” qrupu bu ayın sonunda konsert proqramı ilə Bakıya gələcək. Həmçinin 7-ci Avropa Film Festivalı çərçivəsində idmanda dopinq problemindən bəhs edən “Fair play” (“Ədalətli oyun”) filmi nümayiş olunacaq.
– Cənab səfir, Avropa İttifaqı ilə Azərbaycan əlaqələrində Çexiyanın rolu hansı səviyyədədir?
– Artıq qeyd etdiyim kimi, Prezident Zeman və Prezident Əliyev keçən il Bakıda ölkələr arasında Strateji Əməkdaşlıq üzrə Memorandum imzalayıb. Hər hansı bir Avropa İttifaqı ölkəsi ilə əməkdaşlıq bütövlükdə Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığa yol açır. Bu, Avropa İttifaqı və Azərbaycan arasındakı münasibətlərdə Çexiyanın rolunu qiymətləndirdikdə maraqlı yanaşma ola bilər. Bildiyiniz kimi, Azərbaycan Strateji Tərəfdaşlıq üzrə Saziş haqqında danışıqlar aparır və mən Çexiyanın belə bir müqavilənin imzalanmasını dəstəkləyəcəyinə əminəm.
– Dağlıq Qarabağ münaqişəsinin həllini neçə görürsünüz? Ümumiyyətlə, çex cəmiyyəti münaqişə barədə məlumatlıdırmı?
– Bu münaqişə başlanğıcdan bəri çex cəmiyyəti tərəfindən izlənilməkdədir. Əlbəttə, diqqətin intensivliyi müxtəlif zamanda dəyişir, lakin apreldə gərginlik baş verəndə münaqişə yenə də diqqət mərkəzində oldu. Mən inanıram ki, istənilən konfliktin həlli var və Dağlıq-Qarabağ münaqişəsi də istisna deyil. O, sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyünə uyğun olaraq həll olunmalıdır. Təəssüf edirəm ki, münaqişənin hazırki vəziyyəti xarici vasitəçilərin köməyi olmadan həll oluna bilməz. Bu, bizdə bütün potensial vasitəçilərin münaqişəni həll etməyə, əllərində olan imkanlardan istifadə etməyə hazır olub-olmadıqları barədə fundamental sualı yaradır.
– Çexiya Avropanın ən çox uran çıxaran ölkəsidir. Amma çıxarılan uranın miqdarı nədənsə açıqlanmır. Bunun səbəbi nədir?
– Hesab edirəm ki, sizdə olan məlumat bir qədər yanlışdır. Çexiya ərazisində olan bütün uran yataqları və onun çıxarılmasına dair məlumat ictimaiyyətə açıqdır. Lazım olunan məlumatı buradan – (http://www.diamo.cz/en/mining ) əldə edə bilərsiniz.
– Pivə istehsalı sənəti geniş yayıldığından, Çexiyanı “köpüklü içkilər diyarı” da adlandırırlar. Çexiyanı dünyada tanıdan daha hansı sənəti və daha nələri var ki biz bilmirik, bəlkə bu barədə açıqlama verərdiniz…
– Deməzdim ki, Çexiya "köpüklənən içkilər" vətənidir. Hətta bu epitetlə ilk dəfə rastlaşdığımı da səmimi olaraq deyə bilərəm. Mən “köpüklü içkilər” anlayışını qismən geniş mənada başa düşürəm və Çexiya ilə bağlı isə bunu yanlız pivəyə aid edərdim. Əslində, həqiqətən də eyni kateqoriyaya aid olan digər içəcəklərin miqdarını çoxaltmağa çalışırıq. Məsələn, şərabçılıq mənim ölkəmdə böyük inkişafa nail olub, amma aydındır ki, pivə daha öndədir. Həmçinin bizi dünyada məşhur edən şeyləri sadalamaq kifayət qədər çətindir, eyni vaxtda onlar Azərbaycanda tam da bilinməyə bilər. Vurğulaya bilərəm ki, Çexiyanın 19-cu əsrə aid öz sənaye ənənələrinə malik olması dünyaya məlumdur. Biz öz təyyarəmiz, avtomobilimiz, yük maşını dizaynı ilə yanaşı, lokomativlər, turbinlər, radarlar, avtomatlaşdırma sistemləri və digər başqa yüksək texnoloji məhsulları istehsal edirik. Bu, Çexya ilə oxşar ölçüdə olan çox nadir ölkənin edə bildiyi bir şeydir, hansı ki, bizi həqiqətən də seçilən edir.
Laçın SƏMLA
Strateq.az