XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2016 - 18:41

Mirəli Hüseynov:"Prezidentin QHT-lərlə bağlı Fərmanı pozitivdir"

mireli-huseynov-11

“Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında” AR Prezidentinin 21 oktyabr 2016-cı il tarixdə imzaladığı Fərman QHT-lər arasında geniş müzakirəyə səbəb oldu. Sözügedən Fərmanın QHT-lərin fəaliyyətinə necə təsir edəcəyi, hansı yeniliklər gətirəcəyi ilə bağlı çoxsaylı suallar səslənir. Bu suallara aydınlıq gətirmək və vətəndaş cəmiyyətinin gözləntilərini diqqətə çadırmaq, bu müzakirələr və diskussiyalara dəstək vermək məqsədilə Strateq.az-ın əməkdaşı fəaliyyətini əsas etibarilə QHT idarəetməsi məsələlərinə həsr etmiş “Demokratiyanı Öyrənmə” İctimai Birliyinin sədri Mirəli Hüseynova müraciət edib:

 

Mirəli bəy, Prezidentin məlum Fərmanını ümumilikdə necə qiymətləndirirsiniz?

– Pozitiv xarakterli bütün təşəbbüslər müsbət qiymətləndirilməlidir. Prezidentin məlum fərmanı da pozitiv xarakterə malik olduğundan, əlbəttə ki, alqışlanmalıdır. Fərmanın QHT-lərin fəaliyyəti və inkişafı üçün vacib amil olan xarici donorlara çıxışının asanlaşdırlması ilə bağlı olması onun dəyərini daha da artırır. Vətəndaş cəmiyyəti nə qədər vətəndaş təşəbbüslərinə və könüllü fəaliyyətə əsaslanmış olsa da, yetərli maliyyə dəstəyi olmadan səmərəli və davamlı şəkildə fəaliyyət göstərmək və mövcudluğu qoruyub saxlamaq xeyli çətindir. Ona görə də,  maliyyə əsaslarının gücləndirilməsinin mövcud problemlər sırasından prioritet kimi seçilməsi təqdirəlayiq hesab edilməlidir.

Əlbəttə ki, dövlət büdcəsindən QHT-lərə əhəmiyyətli miqdarda vəsit ayrılırdı və bunun QHT sektorunun dayanıqlığının təmin olunmasında rolu inkaredilməzdir.  Lakin QHT-lərin daha da inkişaf etməsi, problemlərin həllində və vətəndaş cəmiyyəti quruculuğu prosesində iştirak səviyyəsinin gücləndirilməsi üçün bu, yetərli hesab edilə bilməz.

Eyni zamanda bir mənbədən maliyyələşmə dövlətdən asılılığın yaranmasına, müstəqil və obyektiv fəaliyyət imkanlarının məhdudlaşdırılmasına və davamlılığın təmin edilməsinə müəyyən risklər yaradırdı.

Ən nəhayət, imkan olduğu halda xarici maliyyənin ölkəyə cəlb edilməməsi və yaxud lüzumsuz bürokratiyanın yaradılması düzgün yanaşma hesab edilə bilməzdi.

Fərman qeyd edilən bu və digər problemlərin aradan qaldırılacağına ümidlər yaradır. Bu, xarici maliyyənin ölkəyə axınının qarşısını alan maneələri aradan qaldırmaqla vətəndaş cəmiyyətinin inkişafına xidmət edən təşəbbüsdür və bunu müsbət qiymətləndirirəm.

–  QHT-lərin xarici mənbədən maliyyələşməsinə mane olan problemlər nədən ibarətdir?

–  Bildiyiniz kimi, 2013-15-ci illərdə QHT qanunvericiliyinə xeyli sayda əlavələr və dəyişikliklər edildi. Bunlardan da biri xarici donorlar üçün qrant vermək hüququ əldə etmək üçün məqsədəmüvafiqlik rəyinin alınması tələbinin müəyyən edilməsi oldu.  Donor təşkilat hər bir qrant üzrə Maliyyə Nazirliyindən qrantın məqəsədəmüvafiqliyi ilə bağlı rəy almalıdır. Rəyin alınması ilə bağlı məsələləri tənzimləyən Nazirlər Kabinetinin 22 oktyabr 2015-ci il tarixli 339 saylı qərarı ilə təsdiq edilmiş “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası” isə rəyin alınması ilə bağlı çoxlu sənədlər verilməsini nəzərdə tutur. Eyni zamanda rəyin verilməsindən imtina üçün subyektiv mülahizələrə şərait yaradan xeyli sayda əsaslar müəyyən edir.

Bu şərtlər çərçivəsndə hər hansı xarici donorun rəy almaq üçün müraciət edəcəyi və “Sizif əməyi”nə bənzər bu məşəqqətlərə qatlaşacağı ağlabatan deyil. Təcrübə göstərdi ki, nəzərdə tutulan mexanizm nəinki işləmədi, əksinə proseslərin durğunluğuna səbəb oldu.

Bundan başqa mövcud qanunvericilik digər subyektlərdən fərqli olaraq, QHT-lərə yalnız ölkədə qanunla müəyyən edilmiş qaydada fəaliyyət göstərən xarici hüquqi şəxslərin filial və nümayəndəlikləinrdən qrant almaq hüququnu tanıyıb. Ölkə xaricində olan donorlardan qrantların alınmasına qanunvericilik yol vermir. Əlbəttə, bu cür vəziyyət qəbuledilməzdir və mütləq şəkildə həll edilməli idi. Bununla bağlı vətəndaş cəmiyyəti təmsilçiləri öz təkliflərini hər zaman ifadə ediblər və QHT-lərin fəaliyyətini məhdudlaşdıran qanunların ləğvi ilə bağlı dəfələrlə dövlət orqanlarına, o cümlədən cənab Prezidentə müraciət ediblər. 

– Fərmanla qeyd etdiyiniz problemləri həll etmək mümkün olacaqmı? Ümumiyyətlə, bu problemlərin hansı şəkildə həllini gözləyirsiniz?

– Fərmanın məzmunundan məqsədəmüvafiqlik rəyinin alınmasının “bir pəncərə” prinsipi və Nazirlər Kabinetinin yuxarıda qeyd etdiyimiz Qaydasında prosedurların yüngülləşdirilməsi şəklində dəyişikliklərin edilməsi ilə həyata keçiriləcəyini görmək mümkündür. 

Əlbəttə, biz vətəndaş cəmiyyəti olaraq ümumiyyətlə, məqsədəmüvafiqlik rəyi institutunun ləğvini və 2013-cü ilə qədərki vəziyyətə qayıtmağı istərdik. Lakin bunun üçün “Qrant haqqında qanuna” dəyişklik edilməlidir. Görünür, bu, zaman tələb etdiyindən, problemin mövcud həlli qaydası məqbul hesab edilib.

Səlahiyyətlərin bir orqanda cəmlənməsi operativlik və süründürməçiliyin qarşısının alınması nöqteyi-nəzərdən müsbət addımdır. İndiki mərhələdə prosedurları sadələşdirməklə donorlar üçün rahat şərait yaratmaq mümkündür.

Hər şey Qaydanın nə qədər sadələşdirilməsindən asılı olacaq. Prosedurlar o dərəcədə sadələşdirilə bilər ki, xarici donorlar məqsədəmüvafiqlik rəyini çox asanlıqla ala və beləliklə də QHT-lərə leqal şəkildə qrantlar ayıra bilərlər. Bu, dövlətin maraqlarına uyğun olduğu kimi, QHT-lər üçün də keçərli variant ola bilər. Tərəflər arasında etmad mühiti gücləndikdən sonra isə ümumiyyətlə bu institutdan imtina etmək olar. Hələlik isə bizə sadəcə səlahiyyətli orqanlara vətəndaş cəmiyyətinin inkişafı naminə prosedurları mümkün qədər asanlaşdırmağı və başlanmış pozitiv tədbirləri davam etdirməyi tövsiyə etmək düşür.

 

Zaur İBRAHİMLİ

Strateq.az