XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2016 - 18:45

Fransız politoloqdan Suriya və İraq hadisələri barədə maraqlı analiz:“ABŞ Rusiyanın Yaxın Şərqə dönüşünün qabağını almaq gücündə deyil” – Müsahibə

re

 

Fransız politoloq Reno Jirar ABŞ, Rusiya və digər bölgə oyunçularının Yaxın Şərqdə təsir strategiyalarını təfərrüartı ilə təsvir edir. Onun fikrincə, keçmişdə İraq və Suriyada buraxılmış səhvlərdən yayınmağa  yalnız realizm kömək edə bilər.

Yaxın Şərqdəki mövcud duruma ən real baxışlardan birinin ifadə edildiyi bu maraqlı müsahibəni Strateq.az-ın oxucularına təqdim edirik.

 

– Mosul uğrunda döyüş başlanıb. Demək mümkündürmü ki, söhbət İŞİD-in sonunun başlanğıcından gedir?

– Söhbət müstəqil mövcudluq əldə etməyə cəhd edən özünəməxsus bir Sünnistan kimi İŞİD-in sonunun başlanğıcından gedir. Eyni zamanda bu, heç də İŞİD adlı terrorçu qurumun sonunu bildirmir. Fərqi görmək lazımdır. Bizdə çox tez-tez təkrar edirlər ki, İŞİD dövlət deyil. Buna baxmayaraq, İŞİD dəqiq müəyyən ərazini nəzarətdə saxlayır, administrasiyası və barbarcasına görünsə də məhkəmələri var. Orada xəlifə Əbu Bəkr əl-Bağdadi başda olmaqla mülki və Səddam Hüseynin keçmiş ordusunun generallarından ibarət hərbi iyerarxiya var. Nəhayət, İŞİD vergi yığır. Beləliklə, onda əsil dövlətin xeyli cizgisi var. Buna görə də İŞİD terrorçu təşkilat kimi deyil, dövlət kimi yox olacaq. Bütün asimmetrik müharibələrdəki kimi, yaraqlılar Mosulda gizlənpaç ustası olublar. Onlar o qədər səfeh deyil ki, açıq döyüşə girişsinlər. Geri çəkiləcək, gizlənəcək, özlərindən sonra minlərlə tələ və mina qoyacaqlar. Gizlənəcək və sonra başqa yerdə peyda olacaqlar. Məsələn, Liviya səhrasında. Hətta müəyyən əraziyə nəzarət edən dövlət kimi İŞİD-in sürətli sonluğu heç cür Qərbdə teraktların başa çatdığını bildirmir. Orada teraktlar İŞİD-ə qədər də baş verib və başqa hərəkatların bayrağı altında olsa da, ondan sonra da olacaq.

– Mosulda hələ də milyon yarım dinc sakin qalır. Hazırda Qərb ictimaiyyəti  Hələbdəki durumdan hiddətlənib, lakin İraqda başlanan şəhər döyüşlərindən humanitar planda nə gözləmək olar?

– İndiki anda Mosulun dinc sakinləri üçün çox çətindir. Başlıca olaraq İŞİD döyüşçülərinin adamları oğurlayıb canlı sipər kimi istifadə etdiyi üçün. Hələbdə son dərəcə pis nəticələr göstərən, işgəncələrdən fəal şəkildə istifadə edən və siyasi təsəvvürlərə görə insanları həbsə atan Suriya ordusundansa amerikalılar və beynəlxalq koalisiya Mosulda nəticəyə daha tez və effektli şəkildə nail ola bilərmi? Baxarıq. Ehtimal ki, İraqdakı keçmiş səhvləri təkrar etməmək üçün bütün bunlar ölçülüb-biçilib. Sünni tayfaların özlərinin cihadçılardan can qurtarması daha düzgün variant olardı. Hər şey baş tutsa, onda bunu böyük uğur saymaq olar. Lakin tarix gözlənilməzdir və buna görə də irəli qaçmayacağıq.

– Müşahidəçilərin əksəriyyəti Hələbdəki hərbi cinayətlərdən danışır. Rusiya isə bəyan etməyə tələsdi ki, Mosulda hərbi cinayətlər aşkarlayıb. Bu barədə nə düşünürsünüz?

– Müharibə gedirsə, hərbi cinayətlər həmişə var! Müharibə çirkin işdir. II Dünya Savaşında bunu yaponlar həyata keçiriblər. Və Tokio prosesinin gedişində cəzaya məruz qaldılar. Nəhayət, 1944-cü ildə yüz minlərlə günahsız adamın həyatını aparmış Tokionun Amerika tərəfindən yandırıcı bombalarla bombardmanı necə olsun? Məgər bu hərbi cinayət deyildi? Aviazərbələri necəsə bir yenilik adlandırmaq olmaz. Bu, Hələbdən başlanmayıb. 1944-cü ildə amerikalılar Avropa qitəsinə çıxmaq istərkən iyunun 6-dan 7-ə keçən gecə Sen-Lo şəhəri tamamilə yerüzündən silindi, çünki fikirləşirdilər ki, vağzalda almanlar var. Almanlar orada yox idi… amma ola da bilərdilər. İstənilən halda bu, nasistlərə heç cür bəraət qazandıra bilməz. Müharibədə ancaq hərbçilərin həlak olduğunu düşünmək sadəlövhlükdür. 1914-cü ilə qədərki tarixi dövrlərdə nisbətən qısa müharibələrdə bu cür ola bilərdi. Məsələn, 1744-cü ildə Fontenua yaxınlığındakı döyüşdə (“Cənab ingilislər, birinci siz atəş açın”). I dünya savaşından başlayaraq çoxlu dinc sakin həlak olur və dəhşətli vəhşiliklər edilir.

Müharibə əxlaqsızlıqdır. Bax, artıq 30 ildir, yeni mühafizəkarlıq və bütün siyasətçilərlə məhz buna görə mübarizə aparıram. Çünki onlar Amerika senatoru Cekson kimi filosof Leo Ştrausu yanlış şərh edərək hesab edirlər ki, ədalət ideyası, demokratiya və insan haqları sülhdən vacibdir və zorla təsbit oluna bilər. Mən Metternix və Kissincer ruhunda siyasi realizm tərəfdarı olmaqla inanıram ki, ən qiymətli şey sülhdür. Rast gəlinən yanılmalara baxmayaraq realist mövqedə bir qram da həyasızlıq yoxdur. Realistlər heç də hər şeydən məyus olmuş, sülhlə demokratiya arasında sülhü seçən adamlar deyil. Xeyr, mən hesab edirəm ki, bu cür seçim xam xəyaldır, çünki sülhsüz heç bir demokratiya ola bilməz. Və madam sülh demokratiyanın şərtidir, yeni mühafizəkarların demokratiyanı zorla qəbul etdirmək cəhdi cəfəngiyyatdır. Bunu İraq nümunəsi təsdiq edir: İraqa müdaxilə təkcə xaos yaradıb islam terrorizmini qidalandırmadı, həm də ölkəyə demokratiyaya doğru bir addım atmaq imkanı da vermədi. İraqlılar azadlıq əldə etmədən sülhü itirdilər.

– Hələbdəki durum haqda nə düşünürsünüz?

– Hələbin dinc sakinlərinin əzabları dözülməzdir. Bizim mərhəmətimiz gerçək olsaydı, əlimizi yanımıza qoyub oturmaz və KİV-in nəzakətli hiddəti ilə kifayətlənməzdik. Nəsə etməyə çalışardıq. Lakin hərəkət etmək üçün gerçəkliyi anlamaq lazımdır, çünki gerçəklik təyin üzrə önləyici amildir. İndiki halda gerçəklik bundadır ki, hər iki tərəf azğınlıq törədir və Bəşər Əsədə qarşı hərbi əməliyyat apara bilmərik. Heç olmasa, Rusiyanın onu dəstəklədiyinə görə. Bizim isə onun yerinə qoymağa adamımız yoxdur. Gerçəkliyi olduğu kimi qəbul etmək və Əsədlə danışıqlar aparmaq lazımdır. Hələbi ancaq realizm xilas edə bilər. Əsədlə məhz ona görə danışmaq lazımdır ki, bu müharibə dəhşətlidir. O, artıq 46 il hakimiyyətdə olan klana məxsusdur. Rusiya və İrandan yardım alır, dövlət aparatı ilə təmsil olunur, güclü ordusu var və əhalinin xeyli hissəsi (bütün azlıqlar, həmçinin sünnilərin bir qismi) tərəfindən dəstəklənir. Başqa sözlə, açar oyunçu odur. Və madam siyasət gerçəkliyə söykənməlidir, xoşa gələn olmasa da, onunla (lakin həm də qiyamçı sələfilərlə) danışmaq lazımdır. Müharibə ona görə bu qədər sürəkli və qanlı oldu ki, Əsəd və qiyamçılar qütbləşmiş Suriya cəmiyyətinin iki tərəfini təmsil edirlər. Yəni qiyamçılarla və yaxud Əsədlə danışıqlardan imtina edilsə, böhrandan heç bir çıxış yolu olmayacaq. Əsədlə dialoqsuz sülh olmayacaq, qanlı qırğın isə sürəcək. Unutmağına dəyməz ki, Bosniyada müharibəyə son qoymuş Deyton sülhünü imzalamaq üçün serblərlə danışıqlar aparmaq lazım gəldi. Biz Əsədlə danışıqlara başlasaydıq və vasitəçilik təklif etsəydik, bu gün Hələbdə qırğın olmazdı. Onunla münasibətləri kəsməklə özümüzü danışıqlar imkanından məhrum etdik və onu represssiyaları sərtləşdirməyə itələdik. Bu qayda ilə Əsədlə danışmaqdan imtina üzündən axan qanlara görə məsuliyyətin bir hissəsi bizim üzərimizə düşür. Əsil mənəviyyat (bu, Hələbdə adamlara yardımdan ibarətdir) bizim hiddətimizi lağa qoyur. Hələbə mərhəmətimiz səmimidirsə, instinktiv (və bəraətli) hiddətimizi dəf edib hələ də xilas edilməsi mümkün olanı qurtarmaq üçün Əsədlə danışıqlara başlamağımız lazımdır. Hələb üçün belə bir variant təklif edirəm: Suriya böhranının tam nizamlanmasını gözləmədən lokal sülh bağlamaq. Bunun üçün qiyamçılar silahı yerə qoyub BMT, ABŞ, Rusiya (o, Dəməşqin qəyyumu kimi Suriya rejiminə nəzarət edə bilər) və Türkiyəyə (o, üsyançılara yardım edir) müraciət etməlidirlər ki, onlar təhlükəsizliyi təmin etsin və Suriya hökumətinin onlara qarşı yeni vəhşiliklər etməyinə imkan verməsin.

– Hələbdəki üsyançılara kömək etmək daha yaxşı olmazdımı?

– Xeyr. Hələbdə iki kateqoriya adamlar var: qiyamçılar və onların canlı sipər kimi istifadə etdiyi dinc sakinlər. Qiyamçılara deyil, (diplomatiya və humanitar proqramlarla) dinc əhaliyə kömək etmək lazımdır. Üsyançılar – hesabında çoxlu vəhşiliklər olan islamçı fəallardır. Gəlin, keçmişin ibrətlərini mənimsəyək. Əfqanıstandakı səhvləri təkrar etməyək – SSRİ ilə mübarizə xatirinə Bin Laden və Gülbəddin Hikmətyara (2008-ci ildə on fransız əsgərinin həlakına görə məsuliyyət daşıyır) dəstək verməklə qoynumuzda ilan bəslədik. İraqdakı səhvi təkrar etmək olmaz – dünyəvi və Qərb üçün təhlükəsiz diktatorun devrilməsi bütün bölgəni sabitsizləşdirdi və xaos, xristianların təqibi və İŞİD-in meydana çıxmasına səbəb oldu.

Bunu da unutmaq olmaz ki, sosioloq Mişel Seranın artıq yazdığı kimi, islamçılar Hələbdə çoxdan kök atıblar. Hafiz Əsəd 1973-cü ildə ölkənin dünyəvi konstitusiyasını təklif etdi, lakin cavabında Xamə, Xoms və Hələbdə islamçı üsyanlar alovlandı. O, güzəştə getməyə və konstitusiyada prezidentin hökmən müsəlman olmalı olduğunu yazmağa məcbur oldu.

Hələbdəki qiyamçıların əsas qrupu “Əl-Qaidə”nin Suriya filialı “Cəbhət ən-Nusra”dır. O bu gün piar səbəbindən adını dəyişib. Suriyanı bildirmək üçün qədim “Şam” sözünün işlədilməsi ölkənin bu günki milli gerçəkliklərinə nifrətdən xəbər verir. Bu qrupun hesabında xeyli azğınlıqlar var. O, 2013-cü il oktyabrın 9-da Dəməşqdən şimaldakı qədim xristian şəhəri Maalula hücum edib. Cihadçılar kilsələri qarət edib, monastırları zəbt edib, iyirmiyə qədər adamı qətlə yetirib və daha on beş nəfəri oğurlayıblar. Yaraqlılar 2013-cü il dekabrın 11-də (Dəməşqdən şimali-şərqdəki) Adra sənaye şəhərinə soxuldular: ən azı, 32 dinc sakin (ələvilər, xristianlar, druzlar və ismaililər) həlak oldu. Yüzlərlə adamın boynu vuruldu.

“Cəbhət ən-Nusra” öz ideologiyası və törtədiyi vəhşiliklər üzündən əhali arasında populyarlığa malik deyil. ORB beynəlxalq assosioasiyasının 2015-ci ilin iyulunda Suriyada əhali arasında keçirdiyi sorğunun məlumatına görə, suriyalıların 63%-i hərəkat haqda mənfi fikirdədilər. 2016-cı ilin martında Məarat ən-Numan şəhərindən yüzlərlə sünni həyatları ilə risk edərək “Cəbhət ən-Nusra”nın çıxıb getməsi tələbiylə küçə etirazları təşkil edib.

Hələbdə hələ də xeyli dinc sakin qalır. Onda qiyamçılar niyə bütün şəhəri nəzarətə götürməyiblər? Çünki sakinlərin əksəriyyəti onlara qarşı düşməncəsinə köklənib. Qiyamçı və hökumət qruplaşmaları arasında əsas qırılma xətti əsla dindən deyil – çünki orada (rejimi dəstəkləyən xristian azlıqdan başqa) hamı sünnidir – sosial, tarixi, coğrafi bölünmədən keçir. Söhbət əhalinin uzun müddət (qərbdə) şəhərdə yaşamış, tacir sinfini formalaşdıran və “Cəbhət ən-Nusra”ya düşməncəsinə yanaşan zümrəsindən və (şərqdə) əhalinin daha kasıb, islamlaşdırılmış kəndli hissəsindən gedir. Qiyamçılar qalib gəlsə, İŞİD-in təqlidçisi və rəqibi kimi Hələbdə qırğın və islam əmirliyi təşkil edəcəklər. Oradan həm İsrailə, həm də Qərbə qarşı teraktlar təşkil ediləcək (xüsusən də İŞİD teraktları ilə yarışa girmək üçün). Unutmağına dəyməz ki, (tarixdə ən qanlı) 2001-ci il 11 sentyabr, 2004-cü il Madrid, 2005-ci il London və “Charlie Hebdo” dərgisinin redaksiyasındakı teraktlar, həmçinin  2012-ci il Liviyada Amerika konsulunun öldürülməsi “Əl-Qaidə”nin işiydi. Xatırlayaq ki, terrorçu Məhəmməd Məra da “Əl-Qaidə” ilə əlaqələrindən danışıb. Bundan başqa, “Cəbhət ən-Nusra” Parisdə keçən ilki teraktlardan dərhal sonra press-reliz yaydı və bildirdi ki, teraktları dəstəkləyir və İŞİD-i təbrik edir. Bundan savayı, Malidə əsgərlərin həyatını riskə qoyub, vergi ödəyicilərinin pullarını sərf edərək “Əl-Qaidə” ilə mübarizə aparıb, eyni zamanda Suriyada terrorçuları dəstəkləmək qəribə olardı.

“Cəbhət ən-Nusra”nı Əsədlə yanaşı qoymaq düzgün olmazdı, çünki cihadçılar etiqad azadlığının iyinə tab gətirmir, Əsəd isə ona zamindir. Hətta Əsədin Hələbdə vuruşduğu, “Əl-Qaidə”yə məxsus yaraqlılar da İŞİD kimi bizdə teraktlar təşkil edir, şəhərlərimizin küçələrində övladlarımızı öldürürlər. Əsəd bu cür etmir.

Tarixi yada salaq. Stalin qanlı diktator idi, lakin Fransa 1935-ci ildə onunla ittifaqdan imtina etməklə böyük səhv buraxdı. Xoşbəxtlikdən müttəfiqlər 1941-ci ildə onu dəstəklədilər, əks halda nasizm qalib gələrdi. Hitlerlə Stalin arasındakı fərq bundaydı ki, Stalin Fransaya hücum etməyə hazırlaşmırdı və deməli, əsas düşmənimiz deyildi. Bu gün isə əsas düşmənimiz Əsəd deyil, sünni cihadçılığıdır. Hər necə olur-olsun, düşünmürəm ki, Qərb dövlətləri hərbi əməliyyatdan imtina etməlidir. Lakin onlar müdaxilədən öncə üç şərti yerinə yetirməlidir. Beynəlxalq hüquqa sözsüz riayət etməkdən əlavə, əmin olmalıdır ki, yıxmaq istədiyi liderin yerinə etibarlı tərəfdaşı var. Əməliyyat yerli əhalinin vəziyyətini yaxşılaşdıracaq və öz maraqlarına xidmət edəcək. Lakin Əsədə zərbə halında bu şərtlərdən heç biri yerinə yetirilməyəcək. BMT-də Rusiya vetosu bizim beynəlxalq hüququ pozmağımıza səbəb ola bilər. Əsədin  yerinə qoymağa heç bir adamımız yoxdur. Onun devrilməsi Suriyanı daha böyük hərc-mərcliyə batıracaq. Müdaxilənin özü isə bizə nəinki heç nə verməyəcək, islamçı düşmənlərimizin güclənməsi nəticəsində bizə təhlükə yaradacaq. Bu cür şəraitdə diplomatiyanı müharibədən üstün tutmaq lazımdır.

– Çağdaş müharibələrdə dinc əhalinin durumu necədir?

– Çağdaş asimmetrik müharibələrdə birinci növbədə məhz dinc sakinlər həlak olur. Amerikalılar İraqı götürüb Əfqanıstanda müharibə qoparanda bir yerə toplaşmış adamları tez-tez bombardman edirdilər. Çoxlu səhvlər var idi. Bu münaqişənin hər ikisini özüm işıqlandırmışam. Bir dəfə Əfqanıstanda necə oldusa, bomba toya düşdü. Heç bir günahı olmayan 140 adam həlak oldu. Bombardmanlar nə ilə bağlıydı? Amerika ordusunun əraziləri islamçılardan döyüşlə geri almaqda Həmid Kərzai hökumətinə yardım cəhdlərilə. Bu gün Rusiya da qiyamçılardan əraziləri geri almaqda eyni şəkildə Bəşər Əsəd rejiminə kömək etməyi qərarlaşdırıb. Qərb ona nəsihət verə bilmək durumunda deyil. Rusiyanın əməliyyatında iki mərhələ var idi. 2015-ci ilin sentyabrında xilas mərhələsi start götürdü, çünki Dəməşq süquta hazır idi. Anlamaq lazımdır ki, bu, baş versəydi, ələvi və qonşu Livana qovacaq, pis halda sadəcə qıracaq, kilsələri isə yandıracaqdılar. Qiyamçıların niyyətlərindən sadə bir fakt xəbər verir: “Cəbhət ən-Nusra” Hələbin işğalı üzrə əməliyyatı 1973-cü ildə yerli hərbi məktəbdə 73 ələvi kadeti öldürmüş terrorçu İbrahim Yusifin şərəfinə adlandırmağı qət etmişdi. Sonra Rusiya Bəşər Əsədin qiyamçıların ələ keçirdiyi əraziləri zorla geri qaytarmaq cəhdini dəstəkləməyi qət etdi (əlbəttə, bu, tənqidə layiqdir). Suriya ordusunun (zabitlərinin əksəriyyəti SSRİ-də təhsil alıb) Hələbin götürülməyinə necə yanaşdığı Rusiya qüvvələrinin Qroznıdakı fəaliyyətini yada salır. Rusiyalılar nöqtə zərbələri taktikasına yaxşı bələd deyillər. Nəhayətdə, sovet ordusu 1945-ci ildə Berlini məhz bu cür götürüb.

– Türkiyə bildirib ki, Mosul uğrunda döyüşə qarışa bilər. Suriyada “Fərat qalxanı” əməliyyatından sonra İraqda “Dəclə qalxanı” əməliyyatını gözləməyinə dəyərmi?

– Türkiyə öz ordusunun sünni ordusu olduğu faktını kozır sayır və haqlıdır! Bundan savayı, bu, münaqişə zonasının yaxınlığında yerləşmiş yaxşı bir ordudur. Lakin burada bir ciddi problem var. Prezident Ərdoğan  yeni osmanlıçılıq siyasi kursunu seçib. O, Osmanlı imperiyasının keçmiş əyalətlərini Türkiyənin vassalı sayır. Sual doğur: türklər İŞİD (Frankenşteynin bu bədheybəti onlara qarşı çevrilənədək onu uzun müddət silahlandırıb və maliyyələşdiriblər) və PKK ilə (Ankaranın dəyişməz prioritet hədəfi olaraq qalır) mübarizə bəhanəsi ilə bölgədə dominant vəziyyətə gəlmək və Türkiyə imperiyası kimi bir şey yaratmaq üçün durumdan istifadə etmək niyyətində deyillərmi? Bu, çətin təşəbbüs olardı, çünki İraq hökuməti Fransa, ABŞ, Rusiya, İran, Çin, bütün beynəlxalq birliyin dəstəyindən yararlanır. Bağdad artıq türklərə xəbərdarlıq edib: burada sizi sevmirlər! Hər necə olur-olsun, hazırda diplomatik baxımdan aydındır ki, İŞİD-lə mübarizə Türkiyəyə qarşı deyil, onunla birgə aparılacaq.

– İraqın sünni əhalisinin şiələrdən qorxmağa əsası varmı?

– 2003-cü ildə anqlosaks müdaxiləsi şiə-sünni vətəndaş müharibəsi törətdi. Lakin keçmişdə belə bir şey olmamışdı. Xatırladaq ki, Fars körfəzində ilk müharibə 1980-1988-ci illərdə İranla İraq arasında baş verib. İraq ordusunun əksəriyyəti şiə əsgərləri İran şiələri ilə vuruşurdular. Yəni vətəndaş münaqişəsi nisbətən yeni hadisə, 2003-cü il İraq müharibəsinin əks-sədasıdır.

Geopolitikada uzaqdan baxarkən insanları duymaq gerçəklikdən vacibdir. Amerikalıların müdaxiləsindən sonra şiələri hakimiyyətə gətirdilər. Sünni əhali o vaxtdan onlara qarşı çox güclü inamsızlıq hiss edir. Sünni tayfaların əksəriyyəti məhz buna görə İŞİD-ə qoşulub: fikirləşirdilər ki, onları hakimiyyətin repressiyasından qoruyacaq. Bu gün İraq ordusu sünni dəstələri formalaşdırmağa çalışır. Söz düşmüşkən, artıq qeyd edildiyi kimi, Mosula şiələr və kürdlər deyil, sünnilər daxil olmalıdır. Bağdadı misal götürək: paytaxtın bütöv məhəllələri etnik təmiz zonaya çevrilib. İcmalararası gərginliyi yumşaltmaq üçün xeyli qüvvə sərf etmək lazım gəlir. Şiələr keçmişdə repressiyalar təşkil ediblər, amma düşünürəm ki, bu cür hadisələrin təkrarından yayınmaq üçün bütün tədbirlər görülüb. Həm də müharibə yüzlərlə şahidin iştirakı ilə aparılır. Xüsusən də orada xeyli jurnalist var. Dinc əhaliyə divan tutmaq elə də asan olmaz.

– Siz Türkiyənin "Yeni Osmanlı" planlarından danışırsınız. Lakin İranın da "Yeni İran" iddiaları yoxdurmu?

– Amerikalılar özləri də istəmədən İraqı iranlılara verdilər. Bu, Tehran üçün gözlənilməz uğur oldu. Cəsarətlə demək olar ki, İranın Bağdad səfiri amerikalı həmkarından az nüfuza malik deyil. Hər necə olsa da, onlarda ideoloji və dini fikir ayrılıqları var. İraqlılar İran ayətullahlarına deyil, ayətullah Əli Sistaniyə pərəstiş edirlər. Sistani İranda mövcud olan “Vilayət əl-fəqih” sistemi (elmlilər dövləti) ilə razılaşmır. Tehranda hakimiyyət dinə bələd olanlara məxsusdur. İranda məhz buna görə siyasi sistemin zirvəsində dini xadim, ali rəhbər durur. İranlılarla yaxınlığa baxmayaraq, İraq şiələri “Vilayət əl-Fəqih”i tətbiq etməyiblər. İran İraqla çox sıx münasibətlər saxlayır, amma bu bildirmir ki, İraq İranın müstəmləkəsi olub.

– Fransua Olland bildirib ki, Mosuldan sonra nələr oacağı haqda düşünmək lazımdır. İŞİD-in xarabalıqları üzərində vahid İraq dövləti qurmaq mümkündürmü, yaxud bütün proses federal modelin genişləndirilməsinə aparır?

– General de Qollun dediyi kimi, gerçəkliyi olduğu kimi qəbul etmək lazımdır. Heç kim 2003-cü ildə ölkə konstitusiyasında təsbit edilmiş İraq Kürdüstanı muxtariyyətinə dönməyəcək. Kürdlər nəzərə alınmasa, heç kim ölkənin bölünməyini istəmir. Hamı görür ki, bu, pis işləyir. 2000-ci illərin əvvəlində Amerikanın basqısı ilə Afrikada bu cür etməyə çalışıblar. Cənubi Sudan adlı dövlət düzəldilmişdi. Xaos hökm sürür. İki əsas tayfa artıq 50 mindən çox adamın həyatına son qoymuş müharibə aparır. Yəni heç kim Yaxın Şərqin xəritəsini dəyişdirmək istəmir. Muxtar əyalətlər formalaşdırmaq tələb olunur. Sünni əyalətinin paytaxtı Mosul olacaq (güman etmirəm ki, o kürdlərinki qədər geniş muxtariyyət alar). Asayişin saxlanması və cihadçılarla mübarizə üçün onun öz sünni dəstələri olacaq. Böyük şiə əyaləti, demək olar, Bağdada qədər uzanacaq. Bağadad isə Brüssel, İslamabad və ya Vaşinqton kimi, yəni sünni, şiə və kürdlərin bir ərazidə, ancaq ayrı-ayrı yaşadığı zona olacaq.

– Suriya Hələbində humanitar fasilə cəmi üç gün çəkdi. Əsəd rejiminin Hələbi götürməsi hansı nəticələrə səbəb ola bilər?

– Beş min qiyamçının “Fərat qalxanı” əməliyyatında İŞİD və kürdlərə qarşı türk ordusu ilə birlikdə vuruşmaq üçün getdiyindən Suriya ordusu sentyabrın 22-dən Hələbə hücuma başlayıb. Suriya ordusunun irəliləməsinin rəhni məhz bu oldu, çünki o, xüsusi parlaq nəticələr sərgiləməyib. Onun Rusiya, Livan “Hizbullah”ı, şiə dəstələri və İran xüsusi təyinatlılarına ehtiyacı var. Əsəd Hələbi qaytarsa, bu, güclü simvol olacaq. Hələb ölkənin iqtisadi paytaxtı idi. Mən keçmiş zamandan danışıram, çünki hazırda sənaye darmadağın edilib. Bəşər Əsəd bu cür perspektivdə Livanla sərhədi, Dəməşqi, ələvi sahillərini (Latakiya, Tartus) və Hələbi əldə saxlayacaq.

– O, davam edib Suriyanın bütün ərazisini ələ keçirə bilərmi?

– Düşünmürəm. Hər şeydən əvvəl, Rusiya maraqlarının Dəməşqinki ilə üst-üstə düşmədiyinə görə: Moskva qərbli tərəfdaşlarına qulaq asır. Berlində “Normand dördlüyü” çərçivəsində danışıqlar soyuq mühitdə keçdi, lakin qeyd etməyinə dəyər ki, hər halda baş tutub. Ukrayna böhranının müzakirəsi və Poroşenkonun gedişindən sonra Vladimir Putin Angela Merkel və Fransua Ollandla üz-üzə qaldı. Rusiya məhz buna görə Hələbi bombardman etməkdən bir həftə özünü saxladı. Düşünmürəm ki, faydalı Suriyanı və xristianları xilas etməkdə uzağa gedər. Qaldı ki, Bəşər Əsədə, onun ordusu son dərəcə zəifdir. O, münaqişənin əvvəlindən bəri 80 min nəfər, əsasən ələviləri itirib. Dəməşq kürd zonalarını qüvvə ilə qaytara bilməz (yerli dəstələr göstərdi ki, vuruşmağı çox gözəl bacarırlar), İdlibi döyüşlə geri ala bilməz (orada qiyamçılara türklər kömək edirlər), sünni səhrasında nüfuzunu genişləndirə bilməz. Burada həm də xeyli adam itirmiş və Livanda xeyli tənqidə məruz qalan “Hizbullah”ın yorğunluğunu nəzərə almağına dəyər. Bu qayda ilə Suriyada da ancaq İraqdakı kimi qərar, yəni kürd, sünni və ələvi muxtar zonalarının yaradılması ola bilər.

– Hazırda mətbuatda Fars körfəzi ölkələrinin, xüsusən də Səudiyyə Ərəbistanının Suriya və İraqdakı nüfuzundan az danışılır. Onlar yeni tərtibatda mövqeləri əldən verib?

– Səudiyyə Ərəbistanı dərhal üç maddə üzrə zəifləyib. Hər şeydən öncə, neft qiymətləri düşdüyünə görə. Sonra Yəməndə aşkar uğursuzluğa görə: hamı görür ki, onun silahlı qüvvələri oduqca zəifdir. Ər-Riyad qiyamçı husilərə qarşı durmaq iqtidarında olmadı. Nəhayət, Qərb anlamağa başlayır ki, xeyli cihadçı hərəkatın arxasında Səudiyyə Ərəbistanının özü durur. 1979-cu ildə Məkkədə teraktdan sonra məxfi pakt bağlanıb. Ölkə rəhbərliyi islamçı gəncliyinə çatdırıb ki, xaricdə ürəyiniz istəyəni edə və istənilən özəl fond yarada bilərsiniz, bircə Səudlar sülaləsinə toxunmayın. Bu təhlükəli pakt dünya cihadçılığının inkişafında hamımıza bəlli nəticələrə səbəb oldu, lakin bu gün hiss olunası dərəcədə zəifləyib ki, bu da Səudiyyə Ərəbistanında daxili sabitsizlik riski yaradır.

– Amerikalılar Yaxın Şərqdə mövqeləri əldən veriblər?

– Bəli, amerikalılar bölgədə mövqeyi əldən verdilər. Buna heç bir şübhə yoxdur. Buna əmin olmaq üçün qısa tarixi müqayisə aparmaq kifayətdir. 1991-ci ildə Küveyt azad edildikdən sonra bütün baxışlar amerikalılara yönəlmişdi. Onlar əsil superdövlət idi və İraqa qarşı müharibəni bacarıqla apardı. Bizdə tez-tez unudurlar ki, Amerikanın siyasi zümrəsində heç də həmişə əxlaqlılıq olmayıb. Bu gün isə ABŞ Suriya, Livan, İraq, Türkiyə və Misirdə əvvəlki mövqeləri itirib. Ona təkcə İordaniya qalır. Liviyada baş rolda kimdir? Bilmirəm, amma dəqiq Vaşinqton deyil. ABŞ Rusiyanın müzəffər dönüşünə mane ola bilmək gücündə deyil.

 

Aleksis Feyerştak

Le Figaro (Fransa), 03.11.2016

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə