XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 December 2016 - 09:56

Yaponiyanın Azərbaycandakı səfiri:"İmperatorluq oğluna ötürüləcək" - MÜSAHİBƏ

sefir-yapon

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Tsuquo Takahaşinin Strateq.az-a müsahibəsi

 

– Cənab səfir, Yaponiya ilə Azərbaycan arasındakı diplomatik münasibətlərin qurulmasından 24 il keçir. Bu 24 ildə ikitərəfli münasibətlərdə hansı irəliləyişlər oldu, ölkəniz Azərbaycana nə kimi dəstək göstərdi?

– Sizin də dediyiniz kimi, Yaponiya ilə Azərbaycan arasındakı diplomatik münasibətlər 24 ildir qurulub. Yəni, 1992-ci ildən etibarən iki ölkə arasındakı əlaqələr yüksək səviyyədə inkişaf edir. Ölkələrimiz arasında siyasi münasibətlərdə heç bir problem yoxdur. Sevindiricidir ki, son illər Yaponiya və Azərbaycan  arasında yüksək səviyyəli səfərlərin sayı da artmaqdadır. Hesab edirəm ki, iki ölkə arasındakı xoş münasibəti daha da inkişaf etdirmək üçün həm yüksək,  həm də müxtəlif səviyyəli səfərlərin sayını artırmaq yaxşı olardı.

– Amma xeyli müddətdir qarşılıqlı yüksək səviyyəli səfərlər müşahidə olunmur. Yaxın gələcəkdə dövlət başçılarının səfəri planlaşdırılırmı?

– Dövlət başçıları səviyyəsindəki səfərlərin nə zaman gerçəkləşəcəyi hələ ki məlum deyil.  Keçən ilin mayında Bakıda təşkil olunmuş Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı zamanı Yaponiya baş nazirinin müavini və maliyyə naziri Taro Aso burada olub. Həmin ilin oktyabrında o zaman nazir vəzifəsində çalışan, həmçinin, Yaponiya- Azərbaycan Parlamentlərarası Dostluq Liqasının sədri Akira Amari də Azərbaycana səfərdə olub. Səfər çərçivəsində onlar ölkə başçısı və digər rəsmi şəxslərlə görüşüb. Həmin görüşlərdə Yaponiya Baş Nazirinin Azərbaycana səfərinin reallaşması ilə bağlı müzakirələr aparılıb. Artıq Yaponiya hökuməti Azərbaycan tərəfinin bu səfəri gözlədiyini bilir.  Düşünürəm ki, hazırda Yaponiya hökuməti baş nazir və ya xarici işlər nazirinin səfərinin nə zaman reallaşması ilə bağlı işlərlə məşğuldur. Ümid edirəm ki, yaxın gələcəkdə bu səfər reallaşacaq.

– Səhv etmirəmsə, 16 ilə yaxındır ölkəniz “Ot kökləri və insan təhlükəsizliyi” qrant proqramı həyata keçirir. Bu günə kimi Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən bu layihənin sayı nə qədər olub və ümumilikdə nə qədər vəsait xərclənib?

– Yaponiya hökumətinin bu günə kimi Azərbaycana göstərdiyi yardımlar müxtəlif sahələri əhatə edir. “Ot kökləri və insan təhlükəsizliyi” layihəsi də daxil olmaqla, Yaponiyanın ölkənizə etdiyi yardımın məbləği, təxminən, 1.1 milyard dollar həcmindədir. Biz qrant layihələrini təmənnasız olaraq həyata keçiririk. Bu günə kimi  “Ot kökləri və insan təhlükəsizliyi” qrant proqramı 211 layihə həyata keçirib.  “Şimal” Elektrik Stansiyasının təmiri üçün Yaponiya Azərbaycana güzəştli kredit yardımı edib.

– Ümumiyyətlə, bu layihənin həyata keçirildiyi regionlar səfirlik tərəfindən araşdırılırmı və ya layihənin şəffaf keçirilməsində nə dərəcədə təminat var?

– İlk növbədə səfirliyin əməkdaşları olan məsləhətçilər layihə həyata keçiriləcək rayonlara ezam olunur, ətraflı şəkildə müxtəlif araşdırmalar aparır, sonra həmin araşdırmaların nəticəsi Tokio ilə məsləhətləşdirilir. Layihənin həyata keçirilib-keçirilməməsi bu şəkildə qərara alınır. Həmin layihələrin özəlliklərindən biri də odur ki, layihələr birbaşa Azərbaycan hökuməti ilə deyil, QHT və yerlərdəki icra hakimiyyətləri ilə birgə keçirilir. Eyni zamanda birgə çalışacağımız QHT-nin layihələrdə nə dərəcədə bacarıqlı olub-olmadıqları əvvəldən araşdırılır.  Layihələrin şəffaf keçirilməsinə gəlincə, QHT-in öz daxili idarəçiliyi yoxlanılır. Məsələn, maliyyənin hansı şəkildə xərclənməsi ilə bağlı onlar bütün sənədləri bizə təqdim edir, həmin sənədlər diqqətlə nəzərdən keçirilir. Onların işi müxtəlif mərhələlərdə yoxlanılır.

– Son 11 ayda ölkələrimiz arasındakı ticarət dövriyyəsinin həcmi nə qədər olub?

– Təəssüf ki, ölkələrimiz arasındakı ticari dövriyyənin həcmi o qədər də yüksək deyil.  Mən sizə son 11 ayın deyil, 2015-ci ilin məlumatını deyə bilərəm. Yaponiya Maliyyə Nazirliyinin statistik məlumatına görə, Azərbaycana 81 milyon dollarlıq, Azərbaycandan Yaponiyaya isə 1,3 milyon dollarlıq məhsul ixrac olunub.

– Yaponiyadan ölkəmizə ixrac olunan əsas məhsul avtomobil, avtomobil hissələridir. Bəs Azərbaycandan Yaponiyaya ixrac olunan mallar hansıdır?

– Şərab, xammal, neftdən hazırlanan müxtəlif məhsullar buradan alıb Yaponiyaya göndərilir.

– Azərbaycanda Yapon şirkətlərinin sayı nə qədərdir və hansı sahələri əhatə edir. Eyni zamanda Yaponiyada Azərbaycan şirkətləri fəaliyyət göstərirmi?

– Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri və Azəri-Çıraq-Günəşli layihələrində  Azərbaycanda fəaliyyət göstərən yapon şirkətləri İNPEX, “İtochu” paya malikdir və bu şirkətlərdə yapon vətəndaşları da çalışır. “Mitsui”, “Mitsubishi”, “Toyota Qafqaz” şirkətlərinin Bakıda ofisləri fəaliyyət göstərir ki, burada Azərbaycanlılar işləyir, yapon vətəndaşları isə həmin şirkətlərin İstanbul və ya Moskva ofislərində çalışır. Amma Yaponiyada Azərbaycan şirkətinin olması barədə dəqiq məlumatlı deyiləm.

– Süni peyklərin istehsalıyla məşğul olan Yaponiya ilə Azərbaycan arasında kosmik sənayesi sahəsindəki əməkdaşlıqla bağlı nə kimi yeniliklər var? Süni peyklərin istehsalıyla bağlı yapon şirkətlərinin bizimlə əməkdaşlıqda maraqları varmı?

– Düşünürəm ki, ölkələrimiz arasındakı kosmik sənaye sahəsindəki əməkdaşlıq çox perespektivlidir. Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyi həm süni peyklərin istehsalı, həm də həmin peyk raketlərinin kosmosa göndərilməsi ilə məşğuldur.  Yaponiyanın istehsal etdiyi peyklərin müxtəlif növləri – rabitə, təbii fəlakətləri müşahidə edən peyklər var. Ölkəmiz tək Yer kürəsinə deyil, digər planetlərə də buraxılan axtarış, müşahidələrlə məşğul olan müxtəlif süni peyklər  istehsal edir. Bu cür müxtəlif süni peyklər istehsal edən Yaponiya ilə Azərbaycanın əməkdaşlığı gözəl olardı. Bildiyimə görə, Azərbaycan kosmosda iki rabitə peykinə malikdir . Təəssüf ki, həmin o peyklərin orbitə buraxılmasında əməkdaşlığımız olmayıb. Həm süni peykin istehsalı, həm də o peyklərin orbitə buraxılması və s. maliyyə tələb edir. Buna görə də hər iki tərəf onlar üçün ən səmərəli olanı seçməyə çalışır.  Hesab edirəm ki, Yaponiyanın rəqabətə davamlı fəaliyyəti gələcəkdə işbiriliyimizə gətirib çıxara biləcək.

– Hansı ölkələr sizdən daha çox süni peyk alır?

– Bu barədə dəqiq məlumat deyə bilməyəcəm. Amma ölkə daxilində bir çox məqsədlərlə istifadə etmək üçün peyklər istehsal olunur. Kosmos sənayesi ilə bağlı bir detalı da demək istərdim. Hazırda yer kürəsi ətrafında Beynəlxalq Kosmos Stansiyası dövr edir ki, bu da Amerika, Rusiya, Yaponiya,  Fransa, İngiltərənin birgə əməkdaşlığının nəticəsidir. Həmin stansiyada müxtəlif təcrübələr aparmaq üçün 6 aydan bir kosmonavatlar ezam olunur. Orada Yaponiyanın öz təcrübə otağı var. Hər ölkə növbələşərək həmin o stansiyada çalışan kosmonavatlar üçün yeməklər, lazımı avadanlıqlar göndərir.

– Azərbaycanda da Yaponiyada olduğu kimi böyüklərə, yaşlı insanlara  xüsusi hörmət var. Azərbaycanlılar ənənələri də yüksək qiymətləndirirlər.  Yaponları və azərbaycanlıları müqayisə edirsinizmi? Oxşar ənənələr, adətlər, etiket qaydaları kontekstində…

– Bəzi adət-ənənələrdə oxşarlıqlar mövcuddur. Dediyiniz kimi, iki ölkədə də böyüklərə, yaşlı insanlara, ailəyə hörmət var. Dillərimiz oxşamasa da, onun quruluşu, strukturu bir-birinə çox bənzəyir. Tarixə nəzər salsaq, düşünürəm ki, azərbaycanlılar türk dilli qrupuna aid olduğundan və əcdadlarınız Altay tərəfindən gəldiyindən, hardasa,  o zamandan bir-birimizə bağlıyıq. Qonaqpərvərliyimizdə də oxşarlıqlar var.  Qonaqlara müxtəlif yeməklərin, çayın təqdim edilməsi iki xalq arasında oxşar cəhətlərdir. Yaponiyada müxtəlif dinlərin olmasına baxmayaraq, insanlar dini mənsubiyyəti düşünmədən birlikdə, sülh şəraitində yaşayır. Yaxın günlərdə Milad bayramı olacaq. Milad bayramının gəlişi üçün Azərbaycanda da şam ağacları bəzədilir, insanlar bir-birilərinə hədiyyə verir. Bu, artıq adi hal alıb. Yaponiyada ənənəvi dinlərin  buddizm və şintoizm olmasına baxmayaraq, Milad bayramı eynən bu qaydada qeyd olunur. Bu cəhətdən götürsək, hər iki ölkədə multikulturalizm ənənələri inkişaf edir.

– Cənab səfir, gündoğan ölkə əhalisinin uzunömürlülüyə görə dünyada ilk sırada qərarlaşmasının səbəbi nədir, ölkə səhiyyəsinin yüksək səviyyədə olması, yoxsa düzgün həyat tərzi, yaxud qidalanma?

– Əsas səbəblərdən biri ilk növbədə səhiyyənin inkişaf etməsi və həmçinin, tibb sahəsinin əhaliyə göstərdiyi xidmətin yüksəkliyidir. Yaponiyada bütün əhali üçün nəzərdə tutulan tibbi sığorta sistemi mövcuddur. Bu sistem daxilində azgəlirli əhali də hökumət tərəfindən yüksək səviyyəli tibb xidmətindən istifadə edə bilir. Tibb texnologiyasının yüksək səviyyədə inkişaf etməsini bunun səbəblərindən biri kimi göstərmək olar. Tibb bizdə insanlar tərəfindən maraqlı sahə hesab olunur. Buna görə də gənc nəslin nümayəndələri bu sahədə çalışmaq üçün maraq göstərir. Səbəbsə odur ki, həkimlərin cəmiyyətdə yeri çox yüksəkdir. Onların əmək haqları digər peşlərdən fərqli olaraq yüksəkdir. Tibb universitetlərinə daxil olmaq istəyənlər üçün imtahan çox çətindir. Bunun nəticəsi olaraq həmin sahədə çox bacarıqlı insanlar toplaşır. İkinci səbəb isə yaponların qidalanma adət-ənənəsidir. Adətən yaponlar yağlı yeməklərdən istifadə etmir. Daha çox tərəvəz və balıqdan istifadə edirlər. Bu o demək deyil ki, yaponlar steyk və ya bu cür yeməkləri xoşlamır. Son zamanlar isə duz və şəkərdən çox istifadə etməməyə çalışırlar. Uzunömürlü olmaq üçün stressiz yaşamaq da vacib şərtlərdəndir. Stres nə qədər az olsa, insan üçün bir o qədər yaxşıdır. İnsanlar həyatlarında stresi azaltmaq üçün müxtəlif tədbirlər görməyə çalışır. Düşünürəm ki, Yaponiyada texnologiyaların inkişafının səbəblərindən biri də insanların günlük həyatını, qayğılarını azaltmaq üçündür. Daxilimizdəki balansı düz qurmaq vacib şərtlərdən biridir.

– İki ay əvvəl mətbuatda Yaponiya imperatorunun taxt-tacdan imtina etməsiylə bağlı məlumatlar dərc edildi. Amma imperatorun bu addımı nə üçün atdığı ilə bağlı elə də dolğun məlumat verilmədi. Buna aydınlıq gətirməyinizi xahiş edirəm…

– Dekabrın 23-də əlahəzrət imperatorun 83 yaşı tamam olacaq. Yaponiyada imperator ölkənin simvolu sayılır. O, ömrünün sonuna kimi imperator taxt-tacının sahibi olur. Yaponiyada baş naziri parlament seçir. Düşünmək olmaz ki, ölkənin simvolu olan imperator heç bir iş görmür. Azərbaycanda prezidentin gördüyü işlərin bəzilərini bizdə də imperator görür. Xatırladım ki, mərhum prezident Heydər Əliyev və hazırkı prezident İlham Əliyev Yaponiyaya səfəri zamanı əlahəzrət imperatorla görüşüb. İmperator xarici ölkələrdən gələn yüksək səviyyəli qonaqlarla görüşür, ziyafətlər təşkil edir. O, iki ölkə arasındakı əlaqələrin inkişafında, eyni zamanda ölkə daxilində də bir çox rola malikdir. Regionlarda səfərlərdə olur. 5 il əvvəl Yaponiyada baş verən zəlzələ zaman təbii fəlakətdən əziyyət çəkən əhaliyə baş çəkib görüşmüşdü. 83 yaşda bu cür işlər üçün fiziki güc, qüvvə lazımdır. Əlahəzrət imperator özü bunu açıqlamışdı. Ondan sonra imperatorluq oğluna ötürüləcək. Hazırda Yaponiya hökuməti əlahəzrət imperatorun bu müraciətini qəbul etməklə, bundan sonrakı hüquqi, qanuni tədbirlərin təşkilini nəzərdən keçirir.

 

Laçın SƏMLA

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə