XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 March 2015 - 09:37

“Əziz xalqım məni bağışlamasın!”

Heydər Oğuz: “övladıma haram tikə yedirtmirəm”

“İtirdiyim 15 ili heç kimə bağışlamayacağam”

Yeniyetməliyindən bəri tanıdığım Heydər Oğuzdan müsahibə almaq mənim üçün həm asandır, həm də çətin. Asandır ona görə ki, suallarıma nə cavab verəcəyini aşağı-yuxarı bilirdim və tam səmimi söhbət edəcəyimizə inanırdım. çətindir, ona görə ki, saçı-saqqalı ağarmış bu adam mənim gözümdə hələ də laçın bir gəncdir. Görünür, buna görə də mən ona “sən” deyirəm, o isə mənə “Siz” kimi baxır…

Ədalət Partiyasının sədr müavini Heydər Oğuzun Strateq.az-a verdiyi “qeyri-rəsmi” müsahibəni təqdim edirik.

-Heydər Oğuz, sən kim idin, kimsən, kim ola bilərsən və kim deyilsən?

-Bu, çox çətin sualdır. Dünyanın nadir insanları kim olduğunu bilir, dərk edir. Elə bu insanlar da dünyanı dəyişir, onun gedişatını tənzimləyir. Deyəsən, Platonun sözüdür, deyir ki, özünü anla, kainatı anlarsan, özünü idarə et, dünyanı idarə edəcək qüvvəyə çevrilərsən. Bəşəriyyətin taleyini müəyyənləşdirən bir çox fatehlər ilk əvvəl sadə insan olublar. çingiz xan cahangirlik yolçuluğuna çıxmamışdan əvvəl yetim uşaq idi. özünü dərk etdi və ilahi iradə onu əsrlər boyu davam edən, bir çox daşları yerindən oynadan fatehliklə mükafatlandırdı. Yəni həyatda bəxti gətirən nadir adamlar özünün kim olduğunu biliblər. Mən isə o bəxtəvərlərdən deyiləm. Bircə bunu bilirəm.

-Məncə, sən sualın “kim deyilsən” hissəsinə cavab verdin. Ən axırıncı hissəsinə. Hər işə belə tərsinə başlayırsan?

– Bilirsinizmi, Fərzuq müəllim, dünya yuvarlaqdır. İstər üzü qərbə, istər üzü şərqə get, eyni nöqtəyə çıxarsan. Sadəcə, həmin nöqtəyə bir qədər tez və ya bir qədər gec çata bilərsən. Biz də bu imkana nəzərən yolu düz və ya tərs getdiyimizi müəyyənləşdiririk. Yol bizi mənzilə daha gec çatdırarsa, ona “tərs yol” deyərik. Qısa yola isə düz yol kimi baxaraq. Əslində isə düz və ya tərs yol yoxdur. Sadəcə, yol vardır. Əksəriyyət qısa hesab etdiyi yolla gedər. Nəticədə tıxaca düşər. Bəziləri isə tıxaclarda nəfəs almaqdan əziyyət çəkdiyindən dolanbac getməyə üstünlük verər. Bir çox hallarda yolu dolanbac gedənlər mənzilə daha tez çatırlar. Mən də xarakterim etibarilə dolanbac getməyi xoşlayanlardanam. Yol məni bütün hallarda mənzilə aparacaq. Ya tez, ya da gec… Bir də izn verin, sizin fikirləri bölüşməyim. Məncə, “mən kiməm” sualının cavabı “mən kim deyiləm” mətləbində axtarılmalıdır. Əgər “mən kim deyiləm”-ə cavab vermişəmsə, deməli, özüm haqqında hər şeyi etiraf etmişəm.

-Mənzilin haradır?

-Quranda belə bir ayə var: “Məndən gəldiniz, mənə dönəcəksiniz”. Antik təfəkkürün dediyinin əksinə olaraq bütün yollar Romaya getməz, amma Həqiqətə gedər. Sənin də, mənim də, onun da, bir sözlə, hər kəsin yolu sonda eyni Həqiqətin qapısına dirənəcək. Biz bu qapıda bir-birimizin üzünə baxmağa məhkum olacağıq. Mənim üçün vacib olan da budur. Sənin yolunla getməyə bilərəm. Amma son anda üz-üzə gələcəyimiz qapıda sənin üzünə dik baxmağa çalışıram.

Rəsul Rzanın bir şeiri var, deyir ki, sözlərin zahirən müdrikdir, fəlsəfən çürükdür. İndi onun sözü olmasın, at bir qırağa o çürük fəlsəfəni. Ən yaxşısı, sualıma cavab ver. Sən kimsən, Heydər Oğuz?

-Müttəhimlər kürsüsündəyəm?

-Hər müsahib jurnalist önündə özünü elə hesab etməlidir. Müttəhimlər kürsüsündə hakimin önündə olursan. Jurnalistlə eyni masa arxasında oturanda isə ictimaiyyət önündə dayanırsan. Səncə, bu, müttəhim kürsündə oturmaqdan daha az məsuliyyət tələb edir?

-Yox, təbii. Mənim üçün ictimaiyyət önündə dayanmaq müttəhimlər kürsüsündə oturmaqdan daha məsuliyyətlidir. İnsanın ən böyük hakimi Allahdır. Ondan sonra mənsub olduğu topluluq, millət, xalq gəlir. Əsl məhkəmə də ilahi məhkəmədir. İslam filosoflarından bəziləri buna “məhkəmeyi-kübra” da deyiblər. Yəni böyük məhkəmə. Xarakterindən asılı olmayaraq bütün dünyəvi məhkəmələrin isə adı məhkəmədir. Həqiqətdə isə onlar rejimlərin cəza makinalarıdır. Orta əsrlər Anadolusunun böyük şairlərindən Pir Sultan Abdalın belə bir bəndi var:

“Yorulan yorulsun, mən yorulmazam,

Dərviş məqamından mən ayrılmazam,

Dünya qazısından mən sorulmazam,

Qalsın mənim davam, divana qalsın”.

Mənim düşüncəm də təxminən elədir. Əsl divan, məhkəmə Haqqın dərgahıdır. Necə deyərlər, buna son instansiya olan Ali Məhkəmə kimi baxa bilərik. İctimaiyyətin önü isə bir mərtəbə aşağı olan instansiyadır. Buna da rayon məhkəməsi deyək. Jurnalist də bu mənada rayon məhkəməsinin hakimidir. Yəni metafizik mənada. Bizim dilimizdəki məhkəmələr isə rejimlərin məhəyidir. Dünya qazılığıdır. Sən Fərzuq Seyidbəyli də metafizik hakim kimi önümdəsən. Amma sualları rejimin prokruroru kimi verirsən.

-Yox, niyə ki? Mən səndən metafizik anlamda soruşuram: Heydər Oğuz kimdir?

-Metafizik məhkəmədə bu sual verilməz. çünki sual verəcək güc cavabdehdən daha çox onun kimliyi haqqında məlumatlı olur. Bu İlahi divanda da belədir, ictimaiyyət arasında da. Yəni mənim kim olduğuma mən yox, əsl hakim qərar verə bilər. Hesab edirəm ki, ictimaiyyət də bir gün Heydər Oğuzun kim olduğuna qərar verəcək. Ya onu özünün yazarı, şairi, jurnalisti, siyasi xadimi kimi qəbul edəcək, ya da tarixin zibilxanasına atacaq. Bir fərd olaraq özümü kim kimi hiss etməyimi soruşursunuzsa, adamam. Həyata, dünyaya özünəməxsus baxışım var. Heç nəyə heç kimin pəncərəsindən baxmıram. çünki özümün pəncərəm ətrafımda baş verənləri görməyimə kifayət edir. Niyə kiminsə pəncərəsindən boylanmaq yarışına girim ki, “probka”ya düşüm, basabasda əzilim, kiminsə yerini dar edim? Sonra İlahi divanda məndən soruşmazlar ki, öz pəncərən ola-ola, başqalarının pəncərəsində nə gəzirdin, kimlərinsə yerini t
uturdun?

-Belə başa düşdüm ki, bu məsələdə də tixaca düşməkdən qorxursan…

-Bəli, tıxacları heç sevmərəm.

-Amma tıxacı sevməmək sənə heç nə də qazandırmadı. Gəncliyini xatırlayıram. Məktəbi yenicə bitirmiş gənc idin. Hər kəs sənə gələcəyi parlaq potensial kimi baxırdı. Sən isə böyüyüb diş texniki oldun…

-Diş texnikliyi, bəyəm, yaltaq ziyalı, ikiüzlü məmur, anasının əmcəyini kəsən hakim, məddah şair olmaqdan daha ləyaqətsiz peşədir? Bilirsinizmi, mənim diş texnikliyinə münasibətimlə sizin münasibətiniz arasında ciddi fərq var. Mənim atam diş texniki olub. Halal zəhmətiylə bizi böyüdüb. Heç kimin yanında da gözükölgəli olmayıb. Məddahlığı isə heç sevməyib. Sizə kiçik bir xatirə danışım. Biz uşaq vaxtı Naxçıvanda “obkom” deyilən binanın arxasında yaşayırdıq. Atam diş poliklinikasında işləyirdi. Evdən onun işinə getmək üçün mütləq “obkom”un yanından keçməliydin. Atam isə yolunu xeyli uzadır, bir növ dolanbaclarla işə gedirdi. Bir gün bunun səbəbini soruşdum. Nə cavab versə yaxşıdır? Dedi ki, təzə katibin qəribə bir xasiyyəti var. Bütün günü “obkom”un önündə durur. Ordan keçəndə katiblə üz-üzə gəlirik. Bilmirəm, salam verəm, ya yox? Salam versəm, hər kəs “seyid katibə yaltaqlandı” deyə bilər. Salam verməsəm, bu da ədəbsizlik olar. Ən yaxşısı, dolanbaclarla işə getməyə qərar verdim”. Bax, mən bu tərbiyəni almış adamam. Bu ölkədə isə bu tərbiyə insanı ancaq diş texniki edə bilərdi. Mən də diş texniki oldum.

-Deyirsən ki, yəni zaman səni döyə-döyə diş döyməyə məcbur etdi?

-Mən zamandan gileyli deyiləm. Diş texnikliyinə isə nazirdən daha üstün peşə kimi baxıram. Hər halda özümdən böyüklərin yanında əyilmirəm. Xalqın, millətin cibinə girmirəm. övladıma haram tikə yedirtmirəm. Sabah mənim övladlarım fəxrlə deyə biləcək ki, bizim boğazımızdan haram tikə keçməyib. Bu mənim üçün ən böyük sərvətdir. Hansı nazirin övladı bunu deyə bilər? Heç birinin. Bu gün haram tikə yeyənlərin övladlarının səsi qumarxanalardan, gecə barlarından gəlir. Mənim pul kisəmin boğazı dar ola bilər. Amma övladlarımla fəxr edirəm. Yaxşı oxuyurlar, tərbiyəlidirlər. Qızım 600 xalla 3 il əvvəl İqtisad Universitetinin Maliyyə fakültəsinə qəbul oldu. Dövlət hesabına oxuyur və əlavə 100 manat da əlaçı təqaüdü alır. Oğlum 9-cu sinif şagirdidir. Dərslərində əlaçı olmaqla yanaşı həm də yaxşı idmançıdır. İnşallah, onun da keyfiyyətli ali təhsil alacağına inanıram. Baxmayaraq ki, onlar da mənim tərbiyəmi aldıqlarından bu cəmiyyətdə uzağı diş texniki ola biləcəklər və bunun üçün də ali təhsilə ehtiyac yoxdur.

-Deməsən də, cəmiyyətdə layiq olduğun yeri tuta bilməməkdən narazı kimi görünürsən…

-Qətiyyən. Sadəcə cəmiyyətimin adına utandığım anlar olur. Məsələn, Türkiyədə oxuduğum ali məktəbin müəllimi facebook-da məni tapmışdı. Dostluq təklifini qəbul edib ona təşəkkürümü yazdım. “Xoş-beş, onbeş”dən sonra nə işlə məşğul olduğumu soruşdu. Diş texnikliyi etdiyimi dedim. Xeyli təəccübləndi. “O boyda ölkədə məktəb yox idi ki, sənə uşaq yetişdirməyi həvalə etmədilər?” – deyə soruşdu. Mən ona deyə bilmədim ki, bu ölkədə siz dediyiniz məqama yüksəlmək üçün gərək yaltaq, məddah olasan. Qarşılaşdığım belə məqamlar olmasa, heç bir narazılığım yoxdur. Bunu ona görə demirəm ki, mənə nəsə versinlər. Əksinə, bundan sonra bulunduğum nöqtədən heç hara getmərəm. çünki hər məqam üçün təcrübə lazımdır. Mənim təcrübəm isə indiki yerimə görə formalaşıb. Sadəcə, ona görə bunları deyirəm ki, dövlət iradəsi belə məqamları düşünməli, təkrar etməməlidir. Cəmiyyətdə hər cür insan var. Yaltağı da, məddahı da, yaxşısı da, pisi də. Dövlət strukturlarına kadr seçimində ya hamıya eyni dərəcədə yer verilməli, ya da naqislər yox, dövlətçilik şüuruyla yaşayanlar önə çəkilməlidir. Bu gün bütün dəyərlərini sənin ayağın altına atanlar, sabah səni də dövlətinlə bərabər yadellilərə qurban verərlər.

-Demək istəyirsən ki, sən dövlət iradəsinin sayəsində diş texniki olubsan?

-Nə yazıq ki, elədir. Amma bu barədə çox danışmaq istəmirəm. Dövlət iradəsi belə məsləhət bilibsə, boynumuz qıldan incədir. Amma bir daha təkrar edirəm; düşünmürəm ki, mən layiq olmadığım yerdəyəm. ümumiyyətlə, hər kəs bütün hallarda layiq olduqları yerdə qərar tutur. Hər kəs dünyaya bir missiya üçün gəlir və kiminsə iradəsindən asılı olmayaraq bu missiyanı başa vurduqdan sonra Həqiqət qapısına geri qayıdır. Sən, mən, o, bu hələ yaşayırıqsa, deməli, missiyamız davam edir. Yol bizi hara aparacaq, bu sualın cavabını yalnız Yolçəkən bilər.

-Son vaxtlar dövri mətbuata qayıdıbsan. Belə çıxır ki, bir zaman səni diş texniki edən iradə indi səni jurnalist kimi görmək istəyir…

-Xeyr, elə çıxmır. Sadəcə, 15 il bundan əvvəlki iradə ölkəyə tam hakim idi. İndi dünya qloballaşdıqca, bu iradənin hökmü azalır və azalmağa da davam edəcək. Nəticədə həmin iradənin qırdığı qələmlərin qəddi dikələcək və yenidən hər şey öz axarına düşəcək. Mən indi qəddimi düzəltmək səyləri içindəyəm.

-Qələmi qırılan Heydər Oğuz üçün 15 illik itki böyük oldu?

-Təbii ki. Bilirsənmi, 15 il bir yazar ömrüdür. Hətta bir neçə yazar ömrü də demək olar. Bu gün böyük həvəslə oxuduğumuz Sabir cəmi-cümlətani 5 il şair ömrü yaşayıb. özümü kiminləsə müqayisə etmək istəmirəm. Hər kəsin öz dünyası, öz qabiliyyəti, öz potensialı var. Məni 15 il bu potensialımdan uzaq tutdular. Şükür Allaha, indi o potensialı ortaya qoymaq üçün bir çox qapılar açılıb. Bundan sonra axsayacağamsa, mənim günahım olacaq. Əziz xalqım bunu mənə bağışlamasın. Mən də itirdiyim 15 ili heç kimə bağışlamayacağam. Dünyanı gətirib ayağımın altına döşəsələr də, bunu kimsəyə halal etməyəcəyəm. çünki söhbət Heydər Oğuzun şəxsi ömründən getmir ki, halal etmək haqqım olsun. Söhbət millətin boxçasından oğurlanıb zibil qutusuna atılan nemətdən gedir. Nə qədər təvazökarlıqdan uzaq olsa da, təəssüf ki, belədir.

Söhbətləşdi: Fərzuq Seyidbəyli




Yuxarı Əvvələ Ana Səhifə