XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

17 Yanvar 2017 - 16:45

Donald Tramp:“Mən intizamı və gücü sevirəm” – MÜSAHİBƏ

t

Kay Dekman, Mayl Gav, Daniel Biskup

Bild (Almaniya), 16.01.2017

 

ABŞ prezidenti seçilmiş Donald Tramp alman nəşrinə müsahibəsində özünün alman mənşəyi, Avropa Birliyinin dağıldığı və Almaniya avtokonsernlərindən danışır.

Müsahibəni ixtisarla Strateq.az-ın oxucularına təqdim edirik.

 

BILD: Cənab seçilmiş prezident, Sizin babanız Almaniyada anadan olub, ananız şotlandiyalıdır. Bildiyiniz kimi, "Times"dən həmkarım şotlanddır, mən almanam. Bizim ölkələrlə münasibətləri necə quracaqsınız?

Donald Tramp: – Oxşar şəkildə. Biz hər iki ölkəni sevirik, çox gözəl ölkələr, çox gözəl yerlərdir. Böyük Britaniyanın üz döndərməyi (AB-dən) çox maraqlıdır. Bildiyiniz kimi, bu haqda öncədən azdan-çoxdan demişdim. Mən Ternberridə olmuşam, orada qolf-klub almışam. Hazırda orada işlər inanılmaz dərəcədə yaxşı gedir və Sizə deyim ki, funt sterlinqiniz dəyərini itirib, bu, çox gözəldir. Çünki hazırda Böyük Britaniyanın əksər yerlərində işlər inanılmazcasına yaxşı gedir. Düşünürəm ki, "Brexit" ən sonda əla şəkildə dönüşəcək.

– Hesab edirsiniz ki, ABŞ-la Birləşmiş Krallıq arasında ticari müqavilə tezliklə bağlanacaq?

– Mütləq. Çox tezliklə. Mən Böyük Britaniyanın böyük fanatıyam. Hər iki tərəfə yaxşı olsun deyə, olduqca fəal şəkildə işləycəyik ki, tezliklə və səmərəli şəkildə işin öhdəsindən gələk. Biz görüşəcəyik… Məktubu görmək istəyirsinizsə – o haradadır axı? – o (baş nazir Tereza Mey-tərc.) onu lap vaxtında göndərib… O, görüş haqda xahiş edir və mən Ağ Evə gələndən dərhal sonra görüşəcəyik və hesab edirəm ki, tezliklə öhdəsindən gələrik.

– Fikrinizcə, "Brexit"in səbəbləri hansılardır?

– Adamlar istəmirlər ki, başqa adamlar ölkəyə gəlib onu dağıtsınlar və bilirsiniz ki, vəzifədəki lap ilk günümdə olduqca təhlükəsiz sərhədlərə vurğu edəcəyik. Bu, birinci gün, yəni cümə və yaxud şənbə günü deyil, bazar ertəsi imzalayacağım ilk sərəncamlarımdan biri olacaq… İstəmirik ki, kimliyindən xəbərimiz olmayan adamlar Suriyadan bizə gəlsinlər. Bu adamları yoxlamağa imkanımız yoxdur. Mən Almaniya kimi hərəkət etmək istəmirəm. Bununla belə, deməliyəm ki, Angela Merkelə çox hörmət edirəm. Ona çox hörmət edirəm. Amma hesab edirəm ki, baş vermiş hadisələr böyük uğursuzluqdur. Bilirsiniz ki, mən Almaniyanı sevirəm, çünki atam əslən Almaniyadandır və mən bu cür duruma düşmək istəmirəm.

 

Girişin daha sərt qaydaları və sərhədin  qorunması haqda

 

– Seçkiöncəsi rəqabətin gedişində deyibsiniz ki, bütün dünya üzrə müsəlmanların ABŞ-a gəlişinin qabağını almaq istəyirsiniz. Bunu hələ də planlaşdırırsınız?

– Söhbət dünyanın müxtəlif hissələrində terrorizmlə problemi olan  müsəlmanlardan gedir. Sərt təhlükəsizlik yoxlamaları olacaq, indiki kimi olmayacaq. Bizdə ölkəyə giriş zamanı əsil təhlükəsizlik yoxlaması yoxdur, əslində, bu, hazırda qətiyyən mövcud deyil…

– ABŞ-a getmək istəyən avropalılar üçün məhdudiyyətlər meydana çıxa bilərmi?

– Bu ola bilər, lakin baxacağıq. Nəzərdə tuturam ki, hazırda Avropanın, dünyanın o hissələrindən danışırıq ki, orada problemimiz var, oradan gəlir və problem gətirirlər. Mən bu problemlərə malik olmaq istəmirəm. Baxın, mən təhlükəsiz sərhəd, ticarət və hərbi sahə kimi mövzulara vurğu edərək seçkiləri udmuşam. Bizim güclü ordumuz olacaq.

 

Özünün Almaniya və Britaniya kökləri haqda

 

– Xatırlatdınız ki, sizin alman əcdadlarınız var. Venalarınızda alman qanının axdığı faktı Sizin üçün nə deməkdir?

– Bəli, bu, çox gözəldir. Almaniya ilə oduqca fəxr edirəm, Almaniya özlüyündə nəsə olduqca özəl bir şeyi ifadə edir. Bad-Dryukham, hə? Bu, əsil Almaniyadır, düzdürmü? Sual deyil, bu, əsil Almaniyadır. Yox, mən Almaniya ilə çox fəxr edirəm. Almaniyanı, Böyük Britaniyanı sevirəm.

– Almaniyada artıq olmusunuz?

– Bəli, Almaniyada olmuşam.

– Obama öz vəzifəsində Berlinə son dəfə səfər edərkən deyib ki, bacarsaydı, növbəti seçkilərdə Angela Merkelə səs verərdi. Siz də?

– Birincisi, onun rəqiblərinin kim olduğunu bilmirəm. Həm də onunla tanış deyiləm, heç vaxt görüşməmişəm. Artıq dediyim kimi, ona olduqca hörmət edirəm. Onda hissiyyat var, hissləri çox gözəldir, çox gözəl liderdir. Amma hesab edirəm ki, bu qeyri-leqalların hamısını ölkəyə buraxarkən fəlakətli səhvə yol verib. Bilirsiniz, haralı olduqlarından asılı olmayaraq bu adamların hamısını buraxmaq… Və heç kim bilmir, onlar ümumiyyətlə haralıdırlar. Siz bunu başa düşərsiniz, sizdə bu barədə dəqiq təsəvvür artıq yaranıb (Berlindəki teraktdan sonra -tərc.). Yəni düşünürəm ki, o, fəlakətli, çox pis səhv buraxıb. Ancaq buna baxmayaraq ona hörmət edirəm, ondan xoşum gəlir, amma onu tanımıram. Yəni ümumən kimisə dəstəkləsəydim, kimi dəstəkləyəcəyimi deyə bilmərəm.

– Prezident kimi Böyük Britaniyaya haçan səfər edəcəksiniz?

– Mən şad olacağam. Anam dedikcə nəzakətli idi, düşünürəm ki, buna görə məndə bu cür tərəf var, çünki atam olduqca dünyəvi və sadə idi. Anam kraliçanı sevirdi, hamını sevirdi – o, kraliçaya görə o qədər qürur duyurdu. O, saray mərasimi və gözəlliyi sevirdi, bunu ingilislər kimi heç kim bacarmır. O, kraliçaya çox hörmət edir, sevirdi. Kraliçanı hər dəfə televizorda göstərəndə anam ona baxardı. Adam dəli olar, elə deyilmi?

– Şotland ananızdan irsən daha nəsə almısınızmı?

– Şotlandlar xırda pullara diqqətlə göz qoymaq adətləri ilə ad çıxarıblar, mən də xırdaçılığı izləyirəm. Lakin, bax, indi böyük xırdaçılıqla məşğul oluram, bax, bu, problemdir.

– Sizdə almanlardan tipik nəsə varmı?

– Mən intizamı sevirəm. İşin lazımi şəkildə icra edildiyini sevirəm. Almanlar bununla ad çıxardıb. Lakin mən də intizamı və gücü sevirəm.

 

Qaçqınlar və kanslerin səhvi barədə

 

– Seçkiöncəsi rəqabətin gedişatında bildiribsiniz ki, Angela Merkelin Suriya qaçqınlarına münasibətdə siyasəti “dəlilikdir”. Hələ də bu cür hesab edirsiniz?

– Hesab edirəm ki, bu, yaxşı deyildi. Hesab edirəm ki, Almaniya üçün böyük səhv idi. Məhz Almaniya üçün. Bununla belə, dünyada ölkəyə ən sərt girişlərdən biri Almaniyada idi. Onunla görüşəcəyəm. Ona hörmət edirəm, ondan xoşum gəlir. Amma hesab edirəm ki, bu, səhv idi… Düşünürəm ki, Suriyada təhlükəsizlik zonaları yaratmalıydıq, bu, xeyli ucuz olardı. Fars körfəzi ölkələri isə bunun pulunu ödəməliydi. Ən axırda onların başqa heç kimdə olmadığı qədər pulları var… Baxın, bütün bu əhvalatlar heç vaxt baş verməməliydi. İraqa hücum etmək olmazdı, düzdür? Bu, ən pis qərarlardan biriydi, ehtimal ki, ökəmizin tarixində nə zamansa qəbul edilmiş ən pis qərarlardan biri idi. Biz o vaxt nəsə törətdik – bu, sanki, arı pətəyinə çöp uzatmaq kimiydi. İndi isə bütün zamanların ən böyük bəlalarından biridir… Mən indi nəyəsə baxdım… O,  – bunu Sizə göstərmək olmaz, – məxfidir… Amma mən taliblərə baxmışam. Taliblərə baxsaq, bu, tamamilə müxtəlif boyalardır və ilbəil daha da böyüyür. Və onda deyirsən – orada nə baş verir?

– Günahı kimin üzərinə qoyursunuz? Obamanın, Pakistanın? Kimi cavabdeh sayırsınız?

– Əfqanıstanda durum pisdir. Heç nə yaxşı getmir. Düşünürəm, demək olar, 17 il Əfqanıstanda olmuşuq. Lakin bütün bu ərazilərə nəzər salsaq, adamlara vəzifələri olan işi görməyə imkan verməmişik. Bizim çox gözəl ordumuz var, hətta bu gün seyrəlsə də, daha gözəl ordumuz olacaq. Lakin ordumuza qalib gəlmək imkanı verməmişik…

 

İŞİD-ə qarşı mübarizə haqda

 

– SQ-in baş komandanı kimi hərbi sahədə prioritet Sizin üçün necə səslənir?

– İŞİD.

– İŞİD-ə münasibətdə necə hərəkət edəcəksiniz?

– Bunu indi deməyəcəyəm, lakin Obama və yaxud başqaları kimi olmaq istəmirəm. Bu baxımdan həmişə Mosuldan danışıram, Mosul fəlakətə dönüb, dəhşətdir. Dörd ay öncə bildirdilər ki, Mosulu götürəcəyik. Mən dedim: “Niyə belə bəyan edirsiniz?” Bu, Sizin sualınız kimidir – lap başlanğıcda nə edəcəksiniz? Hücuma nə vaxt başlayırsınız? Bunu nə vaxt və necə edəcəksiniz? Hansı silahdan istifadə edəcəksiniz? Nə vaxt?

– Hesab edirsiniz ki, Obama öz zərbəsini Telegram vasitəsilə car çəkib?

– Mosul ona görə fəlakətə dönüb ki, beş ay əvvəl bildirmişdik ki, beş aydan sonra Mosula girəcəyik. Dörd ay qabaq dedik: “Hazırlıq görürük”, sonra isə şəhərə girdiyimiz vaxta doğru bu haqda artıq həddindən çox danışmışdılar. Şəhəri bu cür götürmək çətin idi.

– Hesab edirsiniz ki, Putinin Suriyaya müdaxiləsi yaxşıdır, yoxsa pis?

– Xeyr, bu, çox murdar bir işdir, çox pisdir. Qırmızı xətləri çəkərkən bizim nəsə etmək fürsətimiz var idi… Bu, yeganə imkan idi, indi isə necəsə… çox gecdir. Həddindən artıq gecdir, indi hər şey arxada qalıb. Nə zamansa hamısı bitəcək, lakin Hələbdə dəhşət idi. Onların şəhəri tərk edən qoca qadınları güllələdiyini görəndə. Onlar çox gedə bilmir və onları güllələyirlər. Sanki əyləncə üçün güllələyirlər – bu, dəhşətdir, dəhşətli vəziyyətdir. Hələb o qədər dəhşətli humanitar vəziyyətdədir.

 

“NATO köhnəlib”

 

– Rusiyaya münasibətdə: bilirsiniz, Angela Merkel Putini yaxşı tanıyır. Putin almanca, Merkel rusca sərbəst danışır. Kimə daha çox güvənirsiniz – Angela Merkelə, yaxud Vladimir Putinə?

– Hələlik hər ikisinə güvənirəm, amma bunun nə qədər çox çəkəcəyinə baxarıq. Bəlkə də, lap çox çəkməz.

– Siz başa düşə bilərsiniz ki, Şərqi Avropa sakinləri Putin və Rusiyadan qorxurlar?

– Əlbəttə. Yəni bunu bilirəm. Nəzərdə tuturam ki, orada nə baş verdiyini anlayıram. Mən çoxdan deyirəm ki, NATO-da problemlər var. O köhnəlib, çünki bildiyiniz kimi, xeyli, xeyli illər əvvəl yaradılıb. İkincisi, ölkələr ödəməli olduğu pulu ödəmir. NATO-nun köhnəldiyini deyərkən böyük basqı altında qaldım. Amma o köhnəlib, çünki terrorizmə diqqət ayırmayıb. Mənə basqı iki gün çəkdi, sonra deməyə başladılar ki, Tramp haqlıdır. İndi isə bu, "Wall Street Journal"ın üz qabığındadır, orada ancaq terrorizm mövzusu ilə məşğul olan bütöv bir şöbə var. Bu, yaxşıdır. Başqa məsələdir ki, ölkələr ödəməli olduğu hissəni vicdanla ödəmir. Yəni biz bu ölkələri müdafiə etməliyik, lakin onların əksəriyyəti ödəməli olduğu pulu ödəmir. Bu, Birləşmiş Ştatlara münasibətdə olduqca şərəfsiz hərəkətdir. Amma buna baxmayaraq, NATO-nu çox önəmli sayıram.

– Böyük Britaniya ödəyir?

– Ödəyir. Ödəməli olduğunu ödəyən beş ölkə var. Çox deyil… 22-dən (NATO üzvü 28 ölkə nəzərdə tutulur-tərc.)

– Avropa öz təhlükəsizliyinə münasibətdə onilliklər ərzində Amerikadan asılıdır. Bu zəmanət gələcəkdə də olacaq?

– Bəli, mən Avropaya çox güclü bağlılıq hiss edirəm – bəli, çox güclü bir bağlılıq.

– Rusiyaya qarşı Avropa sanksiyalarını dəstəkləyirsiniz?

– Hesab edirəm ki, adamlar bir-biri ilə yola getməli və düzgün olmaqdan yana görməli olduqları işləri görməlidirlər. Yaxşı? Siz Rusiyaya qarşı sanksiyalar tətbiq edibsiniz – baxarıq, Rusiya ilə bir-iki yaxşı saziş bağlaya biləcəyikmi. Bir tərəfdən hesab edirəm ki, nüvə silahı xeyli az olmalıdır, onu xeyli azaltmaq lazımdır – bu da bura aiddir. Lakin bu sanksiyalar var və Rusiya hazırda bundan güclü əziyyət çəkir. Lakin düşünürəm ki, xeyli adamın mənfəət götürəcəyi nəsə alına bilər.

 

İsraillə münasibətlər barədə

 

– İranla nüvə sazişini pozacaqsınız?

-İranla nüvə sazişi ilə nə edəcəyimi deməyəcəyəm. Kartları açmaq istəmirəm. Baxın, mən siyasətçi deyiləm, mən çıxıb demirəm: “Mən bunu, bunu edəcəyəm…” Mən etməli olduğumu etməliyəm. Kim bu cür kart oyanyır ki, gediş etməzdən qabaq əlindəkini hər kəsə göstərir? Lakin İranla sazişdən narazıyam. Hesab edirəm ki, bu, nə zamansa qəbul edilmiş sazişlərin ən pislərindən biridir. Bu, haçansa gördüyüm ən axmaq sazişlərdən biridir, sövdələşmə planında ən axmaq sazişlərdən biridir – ölkəyə 150 milyard dollar qaytararkən, ona nəqd 1,7 milyard dollar verərkən… Yüz dollarlıq əskinasla bir milyon dolları nə vaxtsa görübsünüz? Bu, çoxdur. Bu, tam… Bu, doğrudan da, çoxdur. Bəs nəqd 1,7 milyard dollar? Bu, tam bir təyyarənin yüküdür. Bir təyyarə? Bütov bir təyyarə. 1,7 milyard, mən bunu anlamıram. Bu, sadəcə, prezidentin səlahiyyətini göstərir. Bu ölkənin prezidenti 1,7 milyard dolları nəqd halda vermək icazəsi verərkən bu, böyük səlahiyyəti bildirir.

– BMT Təhlükəsizlik Şurasının Milada bir az qalmış İsrail üzrə qətnaməsinə görə Obamanın mövqeyi haqda nə deyərdiniz?

– Bu, dəhşətliydi. O, veto qoymalıydı. Hesab edirəm ki, bu, dəhşətli idi.

– Hesab edirsiniz ki, Böyük Britaniya veto qoymalıydı?

– Hər şey eşitdiyim kimidirsə, Böyük Britaniya veto qoymaq imkanını tezliklə əldə edəcək: həftənin axırında onların görüşü olacaq (Parisdə xarici işlər nazirlərinin Yaxın Şərq üzrə konfransı nəzərdə tutulur-tərc.) Həm də bir sıra pis əhvalatlar yayılır. Mənim problemim bundan ibarətdir ki, bununla da saziş haqda razılığa gəlmək daha da çətinləşir, çünki fələstinlilərə əvvəlcədən bu qədər çox şey verilir. Bütün bunlar hüquqi baxımdan məcburi olmasa da, psixoloji olaraq mənə danışıqların aparılmasını çətinləşdirir.

– Doğrudurmu ki, Amerika səfirliyini Təl-Əvivdən Yerusəlimə köçürmək niyyətindəsiniz?

– Bunu indi şərh etməyəcəyəm, amma baxarıq.

 

“Brexit əla gedir”

 

– Henri Kissincerdən məşhur sitatı bilirsiniz: “Avropa ilə danışmaq istəyirəmsə, hansı nömrəyə zəng edim?” Siz hansı nömrəyə zəng edirsiniz?

– Mən deyərdim ki, Merkel qəti şəkildə hökumət başçıları arasında əsas simalardan biridir. Böyük Britaniyaya və əslində, Almaniya olan Avropa Birliyinə nəzərə salın. Avropa Birliyi prinsipcə Almaniyanın məqsədlərinə çatması üçün vasitədir. Buna görə də, fikrimcə, Böyük Britaniyanın onun tərkibindən çıxmaq qərarı olduqca ağıllı işdir. Siz hətta titul zolağında yazmışdınız: “Tramp dedi ki, brexit olacaq”. Bu, hələ heç kimin bu cür düşünmədiyi və hamının mənim dəli olduğumu qət etdiyi  dövr idi. Obama o vaxt “bu, baş versə” ehtimalı ilə deyirdi ki, britaniyalılar ümumi növbəyə durmalı olardı. O, sonra isə öz sözlərini geri götürməli oldu.

– Avropa Birliyinin gələcəyini necə görürsünüz? Hesab edirsiniz ki, başqa ölkələr də onun tərkibindən çıxacaq?

– Çətin olacaq. Mən AB rəhbəri ilə danışmışam –çox əziz bir cənab mənə zəng etmişdi.  

– Cənab Yunker?

– Bəli, seçkilərdə qələbəyə görə məni təbrik etmək üçün. Mənə elə gəlir ki, bu, çox çətindir: adamlar, ölkələr özəl eyniyyətə can atır, Böyük Britaniya öz eyniyyətinə can atıb. Lakin mənə göründüyü kimi, onları bütün bu qaçqınları qəbul etməyə vadar eləməsəydilər, onda "Brexit" baş verməzdi. Hər şey bundan sonra da yaxşı gedəcəkdi, amma bu, avropalıların səbir kasasını daşdıran son damla oldu. Adamlar özəl eyniyyətə cəhd edir. Və həqiqtən də mənim fikrimi soruşursunuzsa, onda mənə elə gəlir ki, başqa ölkələr də AB tərkibindən çıxacaq.

– Uğurlu biznesmen olmaqla Avropa valyutasına etibar edirsiniz?

– Bəli, o, tam qaydasındadır. Bəs siz nəyə etibar edirsiniz? Mən dollara inanıram. Dörd ildən sonra isə ona indikindən daha çox inanacağam – əlbəttə, dollar bir valyuta kimi tam qaydasındadır. Ancaq düşünürəm ki, avronu çoxlarının düşündüyü kimi saxlamaq çətin olacaq. Həm də qaçqınlar bundan sonra da Avropanın müxtəlif hissələrinə gəlməyi  davam etdirsələr, onu saxlamaq çətin olacaq, çünki xeyli adam bundan narazıdır.

– ABŞ üçün nə yaxşıdır: güclü AB, yaxud güclü milli dövlət?

– Düşünmürəm ki, bu, ABŞ üçün önəmli rol oynayır. Heç vaxt fikirləşməmişəm ki, bunun əhəmiyyəti var. Baxın, axı AB qismən ona görə yaradılıb ki, ticarətdə ABŞ-a qarşı dursun, elə deyilmi? Ona görə də mənim üçün birlikdə və yaxud ayrı-ayrı – bu, heç bir rol oynamır. Mən bunu görmüşəm. Mənim İrlandiyada Dunberqdə böyük mülküm var – bu, çox gözəl bir daşınmaz əmlakdır. Bax, bu, baş verdi: mən inşaatın xeyli genişləndirilməyinə icazə istədim – mən o zaman developer (ingiliscə “inşaatçı”-tərc.) idim – lakin çox şey öyrənməli oldum. Çünki çox tezliklə icazə alsam da, sonra İrlandiya və mənim adamlarım AB-dən icazə almaq üçün ona müraciət etdilər. Və bu, uzun illər çəkdi və bu, İrlandiya üçün pis idi.

– Hesab edirsiniz ki, AB ona daxil olan milli dövlətləri inkişafdan saxlayır? Bu, inkişaf və rifah üçün əngəldirmi?

-Deyə bilərəm ki, avropalılar ekologiya sahəsində hər cür fokusa əl atıblar ki, inşaat layihəsinin gerçəkləşməyinə mane olsunlar. Bu mənim üçün son dərəcə xoşagəlməz təcrübə idi. AB-dən icazə almaq üçün illər lazım gələrdi. Və o zaman mən nə etdim? Dedim: “Yaddan çıxardın bunu, mən burada heç nə tikməyəcəyəm”.

 

Almaniya maşınqayıranlarına hücum

 

– AB-də və hüdudlarından kənarda çoxları təşviş keçirir ki, Amerika öz dostlarına ziyan vuracaq proteksionçu ticarət siyasəti aparacaq. Bu adamlara nə deyə bilərsiniz?

– Düşünürəm ki, artıq keçmişdəki istənilən seçilmiş prezidentdən daha çox iş görmüşəm. Başqa yerlərə köçməyə hazırlaşan fabriklərin, avtozavodların əksəriyyəti indi Miçiqanda və yaxud Ohayoda məskunlaşır. Yol vermək olmaz ki, biznes ölkəmizi tərk etsin, işçilərini küçəyə töksün və hansısa malını istehsal etməkdən ötrü Meksikaya yollansın və sonra heç bir vergi ödəmədən malını burada satsın. Özünü bu cür aparan müəssisələrə çox yüksək gömrük rüsumu tətbiq olunacaq – 35%. Lakin iş, sadəcə, bura qədər gedib çıxmayacaq, çünki onlar getməyəcək.

Mühafizəkar nəzəriyyəyə açıq sərhədlər lazımdır. Bu, birinci növbədə təhlükəsizklik üçün pisdir, lakin ticarət üçün yaxşıdır. Ancaq ticarətdə problemlər var – başqa ölkələr ABŞ-dan daim istifadə edir. Çinlə ticarət kəsirimiz yüz milyardlarla dollar təşkil edir. Bütün dünya üzrə 805 milyard dollara çatır. Amma bu cür böyük pul itirilirsə, mənə deyin, bu sazişləri kim qurdalayır?

– Yəqin ki, Almaniya bundan udur, çünki biz ixracat üzrə dünya çempionuyuq.

– Bəli, siz çox yaxşı ixracatçısınız. Biz sizdən çoxlu maşın alırıq.

– Avropalıların Çinə münasibətdə elan etdiyinizlə bağlı – gömrük rüsumlarının artırılmağından qorxmağı lazımdırmı?

– Burada məsələ başqa cür olacaq. Almaniya çox gözəl ölkə, böyük istehsalçıdır. Beşinci Avenyünü dolaşsan, onda görmək olar ki, hər girişin yanında bir “Mersedes” park olunub, elə deyilmi? Fakt budur ki, ABŞ-a münasibətdə özünüzü çox şərəfsiz aparıbsınız. Qarşılıq yoxdur: Almaniya küçələrində nə qədər "Chevrolet" avtomobili görmək olar? Çox az, bəlkə də, heç birini də. Özünəməxsus “birtərəfli hərəkət küçəsi” alınır. Amma ikitərəfli olmalıdır. Mən istəyirəm ki, hər şey düzgün olsun – qarşılıq olmalıdır və buna görə də biz ticarətdə hər il, demək olar, – bircə təsəvvür edin! – 800 milyard dollar itiririk. Bildiyiniz kimi, komandamızda Uilbur var (gələcək ticarət naziri-tərc.). Və bu məbləğin  böyük hissəsi Çinin payına düşür, çünki Çin çox böyük problemdir.

– İndicə "Mercedes", "BMW" və hətta "Volkswagen"i xatırlatdınız. Gözləyirsinizimi ki, bu şirkətlər ABŞ-da yeni zavodlar inşa edəcək? Məsələn, "BMW" 2019-cu ildə Meksikada zavod inşa etmək istəyir.

– Onlara deyərdim ki, təkcə onlar öz avtomobillərini başqa ölkələrdə satmağa hazırlaşmırsa, vaxt və pullarını itirməsinlər. Onda heç bir problem yoxdur ki, Meksikada istehsal edəcəklər. Meksikadan, prezidenti və sakinlərindən xoşum gəlir, lakin BMW-yə deyərdim ki, Meksikada maşın istehsal edib onu ABŞ-da 35% gömrük rüsumu olmadan satmaq istəyirsə, onda bunu yaddan çıxarda bilər. Belə ki, onlar bütün dünya üçün maşın qayırmaq istəyirlərsə, onda onlara ən yaxşı şeylər arzulayıram. Onlar ABŞ üçün də istehsal edə bilərlər, lakin ABŞ-a gətirilən hər avtomobil üçün 35% vergi ödəməli olacaqlar. Bu qayda ilə deyirəm ki, onlar ABŞ-da zavod tikməli olacaqlar – belə həm onlar, həm də bizim üçün xeyli yaxşı olacaq.

– Sizin “Hər şeydən əvvəl Amerika” siyasətiniz nəzərdə tutur ki, qalan bütün dünya əziyyət çəkəcək. Bu belədir?

– Mən istəmirəm ki, nifaq baş versin. Mən dünyanı sevirəm, istəyirəm ki, dünya yaxşı olsun, lakin biz… Yəni baxın ki, ölkəmizin  başına nələr gəlir. Bizim dövlət borcumuz 20 trilyon dollar təşkil edir – biz nə etdiyimizi anlamırıq – ordumuz zəifdir: heç vaxt bitməyən müharibələr aparırıq, artıq 17 ildir Əfqanıstandayıq. Doğrudan da, 17 il nə zamansa iştirak etdiyimiz ən uzun müharibədir…

 

Tərcümə Strateq.az-ındır.