XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

27 Yanvar 2017 - 13:31

Prezidentin müşaviri:“Böyük aktyorlar razılığa gəlməsə, münaqişələr həll olunmayacaq”

vasili-shova

Moldova Respublikası prezidentinin reinteqirasiya məsələləri üzrə müşaviri Vasili Şova Azərbaycanla Moldava münasibətləri, həmçinin münaqişələrlə bağlı maraqlı müsahibə verib.

Strateq.az onun APA-ya müsahibəsini təqdim edir:

– Moldovada yeni seçilmiş prezident komandası Azərbaycanla münasibətlər barədə nə düşünür? Ümumiyyətlə, iki ölkə arasında münasibətlərin növbəti mərhələsi nədən ibarət olacaq?

– Bu gün Kişinyovda hansı komandanın hakimiyyətdə olmasından asılı olmayaraq, Moldova-Azərbaycan münasibətlərinin tarixi var və bu tarixdən qaynaqlanaraq həmişə iki ölkə arasındakı münasibətlər onların bir-birinə yaxınlığı ilə səciyyələnəcək. Biz iki ölkə arasında ən yüksək səviyyədə təmasların daha da sıxlaşmasına çalışacağıq. Azərbaycan həmişə dost və anlayışlı tərəfdaş olub. Bunun bir nümunəsi bizdəki Qaqauziya muxtariyyətinə olan münasibətdir.

Azərbaycan həmişə bu muxtariyyətə diqqətlə yanaşıb. Məsələn, bu gün Qaqauziyanın mərkəzi Komrat şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsi var. Azərbaycanla bizi birləşdirən digər amil hər iki ölkənin ərazisində münaqişənin olmasıdır. Biz həmişə rəsmi müzakirələrdə ərazi bütövlüyü məsələsini əsas tuturuq və qarşılıqlı olaraq bir-birimizdən dəstəyimizi əsirgəmirik.

Hazırda prezident İqor Dodonun mövqeyi ondan ibarətdir ki, Moldovanın Azərbaycanla münasibətləri yeni müstəvilərdə daha da inkişaf etsin. Artıq cənab Dodon bizə göstəriş verib ki, iki ölkə prezidentinin görüşünün təşkili üzərində işləyək və Bakıya bildirək ki, o, Azərbaycan prezidenti cənab İlham Əliyev nə vaxt münasib bilərsə, onunla görüşməyə hazırdır.

Biz Azərbaycanla bütün beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etmişik və bu, yüksələn xətlə davam edəcək. Biz Azərbaycanın maraqlarına zidd olan heç bir addım atmarıq. Bütün beynəlxalq müstəvilərdə səsimizi Azərbaycanın lehinə istifadə edəcəyik.

Bəli, yaxın keçmişdə Moldovadan Azərbaycana qarşı münaqişə yaradan ölkəyə silah ötürülməsi halı oldu və bununla münasibətlərimizə kölgə salmaq cəhdi göstərildi. Amma çox şükür ki, bu təxribatın qarşısı alındı və Azərbaycan bu məsələnin üzərinə çox getmədi. Biz əminik ki, Moldova tərəfdən belə bir xoşagəlməz hal heç vaxt təkrarlanmayacaq. Kişinyov hazırda prezidentlərin mümkün qədər tez bir vaxtda görüşməsində maraqlıdır və inanırıq ki, bu görüşün baş tutması münasibətlərimizin yeni mərhələdə inkişafına impuls verəcək.

– Dediyiniz kimi, Moldova ilə Azərbaycanı eyni zamanda bənzər münaqişələr birləşdirir. Keçmiş SSRİ məkanında daha bir neçə ölkə 25 ildən çoxdur ki, bu münaqişələri yaşayır. Sizcə, bu ölkələr problemlərin həllinə qarşı hansısa birgə addım ata bilərlərmi?

– 25 ildən artıqdır ki, ölkələrimiz separatizmdən əziyyət çəkir. Bunun başlıca səbəbi Sovet İttifaqının dağılması oldu. Bu, olduqca incə bir məsələdir. Fikrimcə, bu münaqişələrin ölkələrə görə xarici səbəbləri ilə yanaşı, daxili səbəbləri də var. Düzünü deyim, bu münaqişələrin həlli ilə bağlı hansısa universal çıxış yolu yoxdur.

Bilirsiniz, prinsipial məsələlər var və bunları çözmədən nə sizdə, nə də bizdə bu separatizmi həll etmək mümkün olmayacaq. Yenidən silahlı qarşıdurmaya getmək fəlakət olar və düşünürük ki, münaqişələrin həllində yeganə variant ancaq sülhlə nəticələnən danışıqlar yoludur. Burada insan haqlarının qorunması da vacib amillərdəndir, amma bizim ölkələrin ərazi bütövlüyünə hörmət qoyulması başlıca şərtdir və hər şey də bundan başlayır. Münaqişələrin davam etməsi getdikcə fəlakətə yol açır. Dövrümüz üçün vacib amillərdən olan investisiya qoyuluşuna ciddi mane olur. Səhmdarlar münaqişə bölgələrindən qaçır.

Məsələn, bu gün gedib Tiraspolda (tanınmayan “Dnestryanı Moldova Respublikası” – M.A.) soruşsanız ki, 90-cı ildən bu tərəfə həyat necə gedir? Dərhal 90-cı ilə qədər olan dövrü qızıl dövr adlandıracaqlar, nəinki indiki durumlarını. Səbəb münaqişədir. Hər iki tərəf həyatından narazıdır. Biz nə qədər çalışsaq ki, bunu həll edək, alınmayacaq. O vaxta qədər ki, beynəlxalq arenada “böyük aktyorlar” bu məsələ ilə bağlı aralarında konsensusa gəlsinlər.

Biz bu məsələnin həllində beynəlxalq güclərdən daha çox fəallıq gözləyirik və başqa yol da yoxdur. Amma təəssüf ki, onlar hələ ki bu məsələdə passivlik nümayiş etdirirlər. Necə ki Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazıdır, biz də “5+2” formatının fəaliyyətindən narazıyıq. Amma biz özümüz də münaqişə tərəfləri olaraq ortaq dil tapmalıyıq.

– Azərbaycan Ermənistan tərəfindən işğala məruz qalıb, Xocalı soyqırımı kimi kütləvi qətllər baş verib. Amma Ermənistanın bu əməllərinə hələ də hüquqi qiymət verilmir. Sizcə, bu vəziyyətdə Ermənistanla hansı ortaq dil tapıla bilər?

– Bu bir faktdır ki, Azərbaycan ona qarşı təcavüz nəticəsində ərazilərinin bir hissəsindən məhrum olub, ora nəzarət edə bilmir. Faktiki olaraq, hərbi əməliyyatlar nəticəsində Azərbaycanın torpaqları düşmən tərəfindən ondan alınıb. Ölkə insan tələfatına məruz qalıb. Bu, öz qiymətini almalıdır. Amma hazırkı status-kvonun silahlı yolla dəyişdirilməsi daha ciddi fəlakətlərə, yeni qurbanlara gətirib çıxara bilər. Hətta bilmək olmur, yeni münaqişə hansı tərəfin üstünlüyü ilə nəticələnəcək.

Vəziyyətdən olduqca ehtiyatla çıxmaq lazımdır. Əlbəttə, hazırkı status kvo-dan çıxmaq lazımdır, amma silahsız yolla bunu həll etmək zəruridir. Mən bir siyasətçi kimi istəməzdim sərt danışıb, prosesə zərər vurum, amma vəziyyətdən incə üsulla mütləq çıxılmalıdır. İstər Moldovada, istər Azərbaycanda münaqişələrlə bağlı hazırkı status-kvonu saxlamaq istəyənlər üçün də bu, baha başa gəlir. Bunun belə qalması təhlükəlidir və bu, nə zamansa partlayacaq. Ona görə də, münaqişənin həllini mümkün qədər tez tapmaq lazımdır. Bilirsiniz, belə deyim, indi dünya çox tez dəyişir. Dəyişən dünyada da tez-tez yeni fürsətlər yaranır. Bu fürsətlərdən yararlanmaq lazımdır, nəinki əldən qaçırmaq…

Bir-iki il bundan əvvəl bizdə məlumat oldu ki, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələ yaranıb. Amma az sonra bu imkan haradasa qırıldı. Axtarıb tapmaq lazımdır ki, bu imkanlar harada və nə səbəbdən qırıldı, bu fürsət niyə əldən verildi. Biz bütün hallarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Bu, bizim prinsipial mövqeyimizdir.

Təəssüf ki, dünyada ikili, hətta bəzən üçlü standartlar hökm sürür. Biz artıq bunun aşkar şahidi oluruq. Azərbaycan beynəlxalq təşkilatlarda üzləşdiyi problemin həlli üçün çox cəhdlər edib. Bu, doğru yoldur. Amma bu məsələnin qısa həlli odur ki, BMT Təhlükəsizlik Şurası bu barədə ciddi addım atmalıdır, seyrçi qalmamalıdır. O ki qaldı konkret olaraq kiminsə hüquq qarşısında hələ də cavab verməməsinə, mən bir diplomat kimi bu barədə açıq danışıb, prosesə mənfi təsir göstərmək istəməzdim.

– Azərbaycanla Moldova arasında qarşılıqlı rəsmi səfərlər gözlənilir?

– Hazırda biz diplomatik yolla bu məsələnin üzərində işləyirik ki, iki ölkənin prezidentləri görüşsün. Əgər alınarsa bu, yaxın zamanda Brüsseldə baş tuta bilər. Bundan başqa, Azərbaycandan dəvət gəldiyi təqdirdə, cənab prezident İqor Dodon məmnuniyyətlə Bakıya səfərə hazırdır.

– İki ölkə arasında münasibətlərdə Moldovadakı Azərbaycan səfirliyinin, diasporun fəaliyyətini necə dəyərləndirərdiniz?

– Həddən artıq yüksək qiymətləndirərdim. Ümumiyyətlə, Azərbaycanın Moldovadakı diplomatik missiyası həmişə aktiv olub və bu, indi də davam edir. Şəxsən mən səfirliklə çox yüksək formada təmasdayam və Moldovada Azərbaycanla əməkdaşlığa ciddi maraq demək olar ki, buradan qaynaqlanır. O ki qaldı diaspora, onu deyim ki, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov mənim və bir neçə həmkarlarımın yaxın dostudur. Azərbaycan icmasının Moldovadakı aktiv fəaliyyəti bu kimi dostluqların yaranmasına səbəb olub. Azərbaycanlılar Moldovada nəinki iqtisadi sferada, ictimai-siyasi sferada da öndədirlər.




Yuxarı Əvvələ Ana Səhifə