XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 March 2015 - 07:39

İsa Qəmbər: “Köklü demokratik dəyişikliklər Gürcüstanda, Azərbaycanda, digər ölkələrdə də baş verəcək”

“Son qərarımı verməmişəm”

Müsavatın sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər “Yeni Müsavat”a geniş müsahibə verib. Strateq.az Azərbaycanın qonşularında baş verənlərdən başlamış, ölkəmizdəki real durum, parlament seçkiləri və digər məsələlərədək bir sıra aktual mövzuları əhatə edən söhbəti təqdim edir.
– İsa bəy, son günlər paytaxtında nəhəng etiraz aksiyaları keçirən qonşu Gürcüstanda yeni inqilab dalğasının yetişdiyi barədə fikirləri bölüşürsünüzmü? Bu hadisələrin Azərbaycana təsirləri barədə nə demək olar?
– Gürcüstan bir çox çətinliklərə baxmayaraq, demokratik yolla inkişaf edən ölkədir. Gürcüstanda normal demokratik proseslər gedir. Saakaşvili seçkilərdə uduzandan sonra seçkiləri saxtalaşdırmayaraq, zor hesabına hakimiyyətdə qalmayaraq hakimiyyətdən getdi. Amma eyni zamanda öz qüvvəsini, partiyasını saxladı. İndi də müxalifət partiyası olaraq fəaliyyət göstərir və kifayət qədər uğurlu bir mitinq keçirib. Mövcud Gürcüstan hakimiyyəti də demokratik bir hakimiyyət kimi şəhərin mərkəzində buna şərait yaradıb və bu mitinq də azad şəkildə keçirilib. Bu, demokratik prosesdir. Gürcüstanda hər hansı inqilab gözlənilmir, orda bu proses gedəcək və seçkilərdə həll olunacaq ki, indi hakimiyyətdə olan qüvvələr davam edəcəklər, Saakaşvilinin qüvvələri yenidən hakimiyyətə qayıdacaq, yoxsa başqa bir variant olacaq. Bu, seçki ilə həll olunan məsələdir. Azərbaycana isə bütövlükdə müsbət təsir edir. çünki hər bir demokratik nümunə, xüsusən qonşu nümunəsi Azərbaycan cəmiyyətinə də təsir göstərir.
– Rusiyanın Cənubi Qafqaz uğrunda mübarizəsi və ABŞ-ın bölgədəki maraqları kontekstində hansı güc sonda qalib gələcək?
– Rusiyanın, qərbin bölgədə öz maraqları ola bilər. önəmli olan xalqların öz talelərinə sahib çıxıb öz gələcəklərini müəyyənləşdirməsidir. Gürcüstanda da bu proses gedir. Böyük qüvvələrin mübarizəsinə gəldikdə isə, aydın məsələdir ki, bütövlükdə dünya demokratiya istiqamətində inkişaf edir. Bu qlobal bir prosesdir və Rusiyadakı avtoritar rejimin bütün müqavimətinə, yaratdığı bütün çətinliklərə baxmayaraq, nəticədə demokratikləşmə, köklü demokratik dəyişikliklər Gürcüstanda da, Azərbaycanda da, digər ölkələrdə də baş verəcək.
– Amma bu da faktdır ki, xalqın iradəsinin ortada olmasına baxmayaraq Ukraynada vəziyyət fəlakətli həddə çatıb. Azərbaycanı da analoji təhlükələrin gözlədiyi barədə Bzejinskinin xəbərdarlığını bölüşürsünüzmü? Şimaldan Azərbaycana real təhlükə gözləyirsinizmi?
– Rusiya təhlükəsi hər bir zaman var. Xatırlayırsınızsa, Milli Strateji Düşüncə Mərkəzinin ilk müzakirələrindən birində məhz bu mövzu müzakirə edilmişdi. Hətta xüsusi bir sənəd də qəbul olunmuşdu ki, Azərbaycan üçün Rusiya təhlükəsi nədən ibarətdir.

İndiki mərhələdə də hakimiyyətin ciddi dəyişikliklərə hazır olduğu görünmür”

Aydındır ki, Rusiyada avtoritar bir rejim mövcuddur. Bu rejim ətraf ölkələrdəki avtoritar rejimlərə də tam dəstək verməklə, o ölkələri öz nəzarətində saxlamağa çalışır. Bu təhlükə davamlı bir təhlükədir. Amma bu təhlükənin mövcudluğu xalqların inkişaf istəyinin qarşısını almamalıdır. Əksinə, xalqlar daha fədakarlıqla, daha məsuliyyətli bir şəkildə köklü dəyişiklikləri həyata keçirtməlidirlər. Ukraynada da əslinə qalsa, xalqın iradəsi ilə bir proses başlanmışdı.
Təəssüf ki, Kreml yenə də öz xislətinə uyğun olaraq Ukraynaya hərbi təcavüz etdi, Krımı işğal və ilhaq etdi. İndi də Ukraynanın normal mövcud olmasına, yaşamasına problemlər yaradır. Amma bir neçə gün əvvəl baş vermiş hadisə, Ukraynanın dövlət səviyyəsindəki iclasında yüksək vəzifəli iki şəxsin korrupsiyaya görə həbs olunması faktı onu göstərir ki, Ukraynanın yeni rəhbərliyi bütün çətinliklərə baxmayaraq, korrupsiyaya qarşı mübarizə aparmaq, Ukraynada normal fəaliyyət göstərən sistem yaratmaq əzmindədir. Mən inanıram ki, Rusiyanın bütün yaratdığı problemlərə baxmayaraq, Ukrayna xalqı öz əzmi və beynəlxalq birliyin səyi ilə bu problemlərin öhdəsindən gələcək.
Azərbaycan isə təbii ki, bütün baş verənlərdən nəticə çıxardaraq çox ciddi, məsuliyyətli yanaşma ilə problemlərini həll etməlidir. Kənardan hansısa müdaxilələrin, təhdidlərin olması bizi öz maraqlarımızdan imtinaya sövq etməməlidir. Əksinə, daha əzmlə, daha ciddi bir şəkildə xalqımızın maraqlarına uyğun gələn yolu getməyə çalışmalıyıq.
– Belə yanaşmalar da var ki, Azərbaycanın Qərbə yönəlik sərt mövqeyi əslində Rusiya təhlükəsinin neytrallaşdırılması üçün razılaşdırılıb? Bu fikri bölüşürsünüzmü?
– Mən belə versiyaları eşitmişəm. Sadəcə olaraq beynəlxalq birlik bu gün dünya miqyasında bir sıra ciddi problemlərlə üzbəüzdür və həmin problemlərin həlli beynəlxalq birlik üçün prioritet xarakterlidir. Ona görə də hələlik Azərbaycandakı rejimin şıltaqlıqlarına səbrlə yanaşırlar.
– İsa bəy, Avropa Oyunlarına qədər siyasi məhbus problemi ilə bağlı ciddi addımların atılacağını güman edirsinizmi?
– Əslində bu oyunlar indiki mərhələdə Azərbaycan hakimiyyətinin özünü reklam etməsi, Avropadan, Qərbdən müəyyən loyal münasibət əldə etməsi üçün atılan bir addımdır. Azərbaycanın bu qədər problemləri olduğu bir mərhələdə, xalqın ağır sosial-iqtisadi vəziyyətdə yaşadığı bir şəraitdə milyardlarla pulu Avropa oyunlarına xərcləmək o qədər də düzgün bir qərar deyil. İndiki mərhələdə də hakimiyyətin ciddi dəyişikliklərə hazır olduğu görünmür. Yəni ən azından 100-ə qədər siyasi məhbusun olduğu və onların azad edilməsi ilə bağlı hakimiyyətin ciddi bir mövqe ortaya qoymadığı göz qabağındadır.
Ona görə də indiki mərhələdə hakimiyyətdən müsbət addımlar gözləmək yəqin ki, real deyil. Cəmiyyət bu vəziyyətdə mövqeyini bildirməlidir və siyasi m
əhbusların azadlığı istiqamətində ictimaiyyətin və demokratik düşərgənin səyləri daha da artırılmalıdır.

Gürcüstanda hər hansı inqilab gözlənilmir, orda bu proses gedəcək və seçkilərdə həll olunacaq ki, indi hakimiyyətdə olan qüvvələr davam edəcəklər, Saakaşvilinin qüvvələri yenidən hakimiyyətə qayıdacaq, yoxsa başqa bir variant olacaq”

– Ancaq bu da reallıqdır ki, cəmiyyəti manatın kursu, bazardakı bahalaşma daha çox qayğılandırır, nəinki siyasi məhbuslar məsələsi, yaxud siyasi düşərgədə baş verən proseslər…
– Siyasi məhbusların azadlığı tələbi ilə də, manatla, iqtisadi vəziyyətlə bağlı mitinqlər keçirildi. Bu mitinqlərdə isə say baxımından elə köklü fərqlər görünmədi. Bu, onu göstərir ki, cəmiyyətin hansı məsələdən daha çox narahat olması üçün kütləvi tədbirlər yeganə göstərici deyil. Cəmiyyət azadlıqların olmamasından, ölkədəki iqtisadi böhrandan narahatdır. O cümlədən manatın ciddi şəkildə dəyərsizləşməsi hər bir vətəndaşın dolanışığına ciddi problem yaradır. Bu məsələlər eyni zamanda bir-birinə bağlıdır. Siyasi, iqtisadi azadlıqlar bir-birinə bağlı məsələlərdir. Ona görə də bütün bu istiqamətlərdə köklü dəyişikliklərə ehtiyac var. ölkədə həm iqtisadi, həm də siyasi sahədə ciddi dəyişikliklər zəruridir. Demokratik düşərgə də bunu cəmiyyətə daha israrla, davamlı şəkildə şərh etməlidir və cəmiyyətin fəallaşmasına nail olmalıdır.
– Necə bilirsiniz, indiki situasiyada say azlığına baxmayaraq davamlı etiraz aksiyalarının keçirilməsi, yoxsa cəmiyyətin fəallaşmasını gözləmək daha düzgün yoldur?
– Sualınızdakı iki hissəni bir-birinə zidd hesab etmirəm. Düşünmürəm ki, kütləvi tədbirlərin keçirilməsi cəmiyyətin fəallığının artmasına problem yarada bilər. Əksinə, kütləvi tədbirlər cəmiyyətin fəallaşması üçün bir meydan açır, şans yaradır və bu proses davamlı olmalıdır. İnanıram ki, bu proses davamlı olacaqsa, müsbət nəticələri də olacaq.
– 2015-ci il parlament seçkilərində demokratiya adına ciddi hadisələrin olacağını gözləyirsinizmi?
– Biz demokratik düşərgənin təmsilçiləri olaraq köklü, müsbət dəyişikliklərin olması yolunda fəallığımızı, fədakarlığımızı artırmalıyıq. Nəticələr əlbəttə, olacaq. Məhz bu il, ya gələn il olacaq, bunu zaman göstərəcək.
Seçkilərdə namizəd olmaqla bağlı qərarınız varmı?
– Son qərarımı verməmişəm.
– Bəzi müşahidəçilər komissiyaların tərkibi, seçki qanunvericiliyi ilə bağlı dəyişikliklərin olmaması baxımından seçkilərdə iştirakı mənasız sayır. Mövcud reallıqlarla yanaşsaq, sizin bununla bağlı fikriniz necədir?
– Əksər siyasi qüvvələr seçkilərlə bağlı düşünürlər, ciddi məsləhətləşmələr gedir. Xatırlayırsınızsa, Milli Strateji Düşüncə Mərkəzinin bu il yanvarın ortalarında keçirdiyi tədbir məhz seçki mövzusuna həsr olunmuşdu. Həmin tədbir də seçki mövzusunun aktuallaşdırılmasına xidmət etdi. Müzakirələr davam edir. Siyasi qüvvələr öz yanaşmalarını və namizədlərini müəyyənləşdirirlər. Hesab edirəm ki, hakimiyyətin yaratdığı antidemokratik şərait vətəndaşların, siyasi qüvvələrin seçkidən kənarda qalmasına gətirib çıxartmamalıdır. Əskinə, daha əzmlə seçkilərin demokratik keçirilməsi uğrunda mübarizə aparılmalıdır. O cümlədən seçkilərdə iştirakın özü də seçkilərin demokratikləşməsi uğrunda mübarizənin tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məqsəd bir neçə deputat yeri əldə etmək olmamalıdır. Əsas məqsəd ölkədə gerçək dəyişikliklərə nail olmaqdır.
– AXCP və digər təşkilatlarla seçkidə əməkdaşlıq məsələsi yenidən gündəmə gələ bilərmi?
– Bu sual Müsavat Partiyasının rəhbərliyinə aiddir.
– Milli Strateji Düşüncə Mərkəzinin sədri olaraq cəmiyyətin aktivliyinin artırılması və ya müxalif düşərgənin əməkdaşlığı ilə bağlı konkret təklifləriniz, proqramınız varmı?
– Milli Strateji Düşüncə Mərkəzi öz fəaliyyət proqramına uyğun şəkildə işinə davam edir. Son vaxtlarda bizim böyük tədbirlərimiz dediyim kimi, seçki mövzusuna, daha sonra iqtisadi böhran mövzusuna həsr olunmuşdu. Görünən budur ki, yaxın müddətdə bu iki mövzu bizim gündəmimizdə əsas yer tutacaq. MSDM ictimai proseslərə, ictimai rəyin dəqiqləşdirilməsi və düzgün istiqamətləndirilməsinə ciddi yanaşmağı, elmi-sosioloji araşdırmalara önəm verilməsini zəruri sayır. Hər halda, əlimiz ictimai nəbzin üzərində olmalıdır. Əməkdaşlıq məsələsinə gəldikdə isə, mən funksional əməkdaşlığın tərəfdarıyam.
– Müsavat üzvü olan, həmçinin ADR-də təmsil olunanların iki təşkilatdan birini seçməli olduğu barədə fikirlər partiya rəhbərliyində səslənir. Sizin bu barədə fikriniz necədir?
– Bu, Müsavat Partiyasının və müsavatçıların verəcəyi qərarlardır. Müsavat Partiyası qurultaydan sonra bəzi yersiz çaxnaşma yaradanların səylərinə baxmayaraq, strukturlaşmaqda davam etdi və artıq normal şəkildə fəaliyyətini sürdürür. Partiya kifayət qədər çevik və dinamik fəaliyyət göstərmək gücündədir.
– Aprel ayında iqtidar-müxalifət görüşünün növbəti raundu gözlənilir. Dəvət olarsa, siz şəxsən iştirak edəcəksinizmi və ümumən bu cür təmasları necə dəyərləndirirsiniz?
– Yenə də sual mənə aid deyil, siyasi partiyalara aiddir. Yeri gəlmişkən, görüşdə iştirak edən siyasi partiyalar da, hakimiyyət nümayəndəsi də bu görüşü hakimiyyət nümayəndələri ilə siyasi partiya nümayəndələrin görüşü kimi təqdim edir. Amma siz nədənsə bunu hakimiyyətlə müxalifətin görüşü barədə soruşdunuz. Məncə, situasiya bir qədər fərqlidir. Artıq aydın şəkildə görünür ki, bu, hakimiyyət tərəfindən tam imitasiya xarakterli görüşlərdir. ölkədə bu qədər problem olduğu şəraitdə iki aydan bir yığışıb nəticəsiz görüşlər keçirib, bunu cəmiyyətə dialoq kimi təqdim etməyin o qədər də inandırıcı olmadığı düşüncəsindəyəm…



Yuxarı Əvvələ Ana Səhifə