XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Fevral 2017 - 11:38

Əli Hüseynov:“Cinayət törətmiş şəxsi təcrid etmək yolu ilə cəzalandırmaq effekt vermir” – MÜSAHİBƏ

eli huseynov

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseyinli “Xalq Qəzeti”nə müsahibəsində Prezident İlham Əliyevin məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində imzaladığı sərəncamları şərh edib.

Strateq.az müsahibəni oxucularına təqdim edir:

 

– Əli müəllim, son illər Prezident İlham Əliyev məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm sərəncamlar imzalamışdır. Ölkə başçısının Probasiya xidmətinin yaradılması haqqında sərəncamını necə qiymətləndirirsiniz?

– Prezident İlham Əliyevin imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam müasir dövrün tələblərindən irəli gələn və icrası, bütövlükdə, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsinə ciddi təkan verəcək bir sənəddir. Sərəncamda da deyildiyi kimi, dövlət idarəçilik sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər Penitensiar Xidmətin və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zəruri edir.

Hesab edirəm ki, sərəncamda qoyulan məsələlər, ümumiyyətlə, cinayət törətmiş şəxsə həm cəmiyyətin, həm də hüquq sisteminin münasibətini dəyişdirməlidir. Əslində, sərəncamın ruhu, fəlsəfəsi cinayət törətmiş şəxsə münasibəti dəyişdirməyə vadar edir. Sərəncam böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayətlərin dekriminallaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində qanunverici və praktiki tədbirlərin görülməsini təmin edəcək.

– Cəzaçəkmə müəssisələrində məşğulluq islahının vacibliyi sərəncamda öz əksini necə tapıb?

– Sərəncamın 5-ci maddəsində cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin bərpa edilməsi, yaxud yeni sahələrin yaradılmasının araşdırılması əksini tapıb. Həqiqətən də, sovet dövründə məhkumların islah siyasətinin vacib bir hissəsi onların əməyə cəlb olunması idi. Cəzaçəkmə müəssisələrində nə qədər yaxşı şərait yaradılsa da, məşğulluq islahın vacib bir hissəsidir. Azərbaycanda cəzaçəkmə müəssisələrindəki vəziyyət ən mütərəqqi Avropa standartlarına cavab verir. Bu, həm qanunvericilik, həm də praktika baxımından belədir. Sərəncamda da bir vaxtlar mövcud olmuş istehsal sahələrinin həbsxanalarda bərpa edilməsi əsas olaraq qoyulub. Hazırda həbsxanalarda lazımsız məşğuliyyətlər də var. Amma bir də var ki, faydalı məşğuliyyət, bu, istehsal sahələrinə əsaslanır. Belə bir əmək məşğuliyyəti də islahın vacib hissəsidir.

Eyni zamanda, bu, müəyyən mənada cəza çəkən şəxsin, az da olsa, maddi təminatıdır. Bu, hətta cəza çəkən şəxsin məşğuliyyətsiz qalarkən meyil etdiyi zərərli vərdişlərdən qorunması deməkdir. Onu da unutmaq lazım deyil ki, müəyyən bir əmək vərdişinə malik olan insan məhkumluq həyatı müddətində məşğuliyyətsiz qalan zaman əmək vərdişini itirir. Bu isə onun azadlığa çıxarkən cəmiyyətə inteqrasiyasına əngəl yaradır və azadlığa çıxandan sonra kimsə onu işlə təmin etməkdən də çəkinir. Bir sözlə, bu sərəncam cəza çəkmiş şəxsin reabilitasiyası baxımından çox böyük əhəmiyyət kəsb edir.

– Məhkumların sosial ədalət prinsiplərinin qorunmasında hansı yeniliklər olacaq?

– Sərəncamın 13.3-cü maddəsində deyilir ki, “cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar”. Bu ifadə özü, ümumiyyətlə, cəza siyasətinə tamamilə yeni ruh gətirir. Çünki təcrübə, hüquq elmi göstərir ki, cinayət törətmiş şəxsi, sadəcə, təcrid etmək yolu ilə cəzalandırmaq effekt vermir. Bu, hətta bəzən əks-effekt verir. Ona görə də bu sərəncamın icrası, bütövlükdə, yenidən cinayət törədilməsinin də qarşısını alacaq.

Burada bir məsələni də qeyd etmək istəyirəm. Bir var insanlıq əleyhinə törədilən ağır cinayətlər, bir də var ki, böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlər. Milli Məclis şəxsiyyət əleyhinə olan cinayətlərlə bağlı ötən il Cinayət Məcəlləsindəki sanksiyaları sərtləşdirdi və cəzanı 20 ilədək azadlıqdan məhrum etməyə qədər artırdı. Yəni cəmiyyət də bilməlidir ki, bu sərəncamda söhbət insanlıq əleyhinə olan ağır cinayətlərdən getmir.

Cinayət Məcəlləsində ayrıca bir fəsil mövcuddur ki, bu, iqtisadi sahə ilə bağlı cinayətlərdir. Mülkiyyət əleyhinə olan cinayətlər, dələduzluq, mənimsəmə və ya israfetmə, yalançı sahibkarlıq, qəsdən müflisləşmə, aldatma və ya etibardan sui-istifadə etmə və sair bu kimi hallar bu fəsildəndir. Sovet dövründə bəzi iqtisadi cinayət halları var idi ki, müstəqillik dövründə onlar azad ticarət fəaliyyəti növünə çevrildi. İndi də iqtisadiyyatımız elə inkişaf edir və elə hallar var ki, onları cinayət təqibi yolu ilə yox, daha çox mülki müqavilələr yolu ilə tənzimləmək lazımdır. Yəni mülki münasibətlərdə tənzimləmək lazımdır. Elə hallar var ki, onlar mülki məhkəmənin predmetidir, cinayət təqibi predmeti deyil.

Məsələn, hazırkı sərəncamın 10.3-cü maddəsində göstərilir ki, “törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması”. Yəni baş verən hadisə nəticəsində dəymiş ziyan fiziki, mənəvi deyil, maddi ziyandır və əgər təqsirləndirilən şəxs o ziyanı ödəyirsə, artıq onun həbsinin bir mənası qalmır. Həbs o zaman əhəmiyyətlidir ki, ittiham olunan şəxs yayınmasın, qaçmasın, dəymiş ziyanı ödəmək məcburiyyətində qala bilsin.

– Həbs qətimkan tədbirlərinin minimuma endirilməsi sahəsində hansı addımlar atılacaq?

– Sərəncamda istintaq və məhkəmə orqanlarına həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqini azaltmaq və alternativ cəza və qətimkan tədbirlərinin tətbiqi mümkünlüyünü nəzərdən keçirmək tövsiyə edilib. Əlbəttə, həbs qətimkan tədbirlərinin daha çox seçilməsinin həm obyektiv, həm də subyektiv tərəfləri olub. Amma son illər ölkəmizdə informasiya texnologiyalarının tətbiqi artıq imkan verir ki, həbs qətimkan tədbirlərini minimuma endirək. Bəzən həbs qətimkan tədbirləri ona görə seçilirdi ki, cinayət törətməkdə ittiham olunan şəxsin yayınmasının qarşısını almaq yolları çox çətin idi. Amma bu gün vahid informasiya-kommunikasiya texnologiyaları  sistemi yaranıb və artıq şəxs yayına bilməz.

– Azərbaycanda Probasiya xidmətindən istifadə olunmasında dünya standartları tətbiq olunacaqmı?

– Sərəncamın əsas məqsədlərindən biri də cinayət törətmiş şəxslərin cəmiyyətdən təcrid etmədən islah olunmasını təmin etmək üçün zəruri şəraitin yaradılmasıdır. Məhz bu məqsədə nail olmaq üçün Ədliyyə Nazirliyinin Probasiya xidmətinin yaradılmasına qərar verilib. Ölkəmizdə yaradılacaq Probasiya xidmətinin əsas vəzifələri azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş və ya şərti məhkum edilmiş şəxslərlə işin təşkilini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq və bu fəaliyyətə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin etməkdir.

Probasiya xidməti ilə bağlı müxtəlif dünya təcrübələri mövcuddur. Bəzi ölkələrdə o, ancaq azadlıqdan məhrumetmə növü ilə müşayiət olunmayan cəzanı əhatə edir, bir sıra ölkələrdə həbsdən azad olunmuş şəxslərin reabilitasiyasına nəzarət edir. Bu, həddindən artıq vacibdir. Ölkəmizdə yaradılacaq Probasiya xidmətinin əsas vəzifələri azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş və ya şərti məhkum edilmiş şəxslərlə işin təşkilini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq, bu fəaliyyətə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin etmək olacaq. Probasiya xidmətinin yaranması sosial inteqrasiya tədbirlərinin daha effektiv görülməsi, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi və adaptasiya tədbirlərini həyata keçirməyə imkan verəcək.

Hesab edirəm ki, cənab Prezident tərəfindən imzalanmış bu sərəncam Azərbaycanda həyata keçirilən hüquqi islahatların keyfiyyətcə yeni mərhələsidir.




Yuxarı Əvvələ Ana Səhifə