XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

28 Fevral 2017 - 06:20

Naxçıvan MR Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi:"Qəbirlərə dam ucaltmağa nə ehtiyac var?!"

vuqar-babyev

Hazırda ölkə gündəmindən düşməyən və cəmiyyətimizi narahat edən məsələlərdən biri də dəfn və yas adətlərinin öz məcrasından çıxmasıdır. Lakin Naxçıvan Muxtar Respublikasında artıq bir neçə ildir ki, istər dəfn, istər yas, istərsə də ehsan mərasimləri islami qaydalara uyğun tənzimlənir və bu işlər əhali tərəfindən də böyük razılıqla qarşılanaraq ölkə miqyasında nümunə kimi göstərilir.

Strateq.az Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi, ilahiyyatçı Vüqar Babayevin bu mövzuda Naxcivantv.az-a müsahibəsini  oxucularına təqdim edir:

 

– Vüqar müəllim, Naxçıvanda cəmiyyətimizin böyük razılıqla qarşıladığı daha bir addım atıldı. Muxtar respublika ərazisindəki bütün qəbiristanlıqlarda abadlıq işləri davam etdirilir, mə­zar­la­rın də­mir çə­pər­lə­ri mər­hum­la­rın ya­xın­la­rı tə­rə­fin­dən sö­kü­lə­rək gö­tü­rü­lür. Bu, hansı dini və hüquqi əsaslara söykənir?

– Əvvəlcə məsələnin qanuni tərəfinə toxunaq. Bu məsələ ilə bağlı Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı Na­zir­lər Ka­bi­ne­ti­nin 2007-ci il 27 no­yabr ta­rix­li Qə­ra­rı vardır. Həmin qərarda mə­zar­lıq­lar­da dəfn za­ma­nı qə­bir­lə­rin mil­li-di­ni də­yər­lə­rin tə­ləb­lə­ri­nə və qay­da­la­ra uy­ğun öl­çü­də salınması əsas götürülüb. Bu qərarda göstərilir ki,  hər bir qəbrin eni 1 metr 40 santimetr,  uzunluğu isə 2 metr 20 santimetr olmalıdır. Bu, bir standart ölçüdür.

Məsələnin dini tərəfinə gəldikdə isə, deyə bilərəm ki, müsəlman qəbrinin təmtəraqlı olması və onun üzərində hər hansı bir tikilinin tikilməsi və dəmir çərçivə ilə hasarlanması dinimizə zidd və israfçılıqdır.

Sovetlər dönəmində qəbiristanlıqlarımız hər hansı bir dəmir çərçivə ilə əhatələnməmişdi. Ona görə də insanlar yaxınlarının məzarlarını qorumaq üçün onları dəmir barmaqlıqlarla  çərçivəyə alırdılar. Müstəqillilk illərində muxtar respublikanın bütün ərazisindəki qəbiristanlıqlarda səliqə-səhman yaradıldı və dörd bir tərəfi çəpərləndi. Əgər belədirsə, hər bir qəbir üçün ayrıca dəmir çəpər çəkməyə və qəbirlərə dam ucaltmağa nə ehtiyac var?! Fikrimcə, bu gün hər hansı qəbrin əlavə çərçivələnməsinə və qiyməti on min manatlarla ölçülən qəbir daşlarının ucaldılmasına ehtiyac yoxdur. İnsanın dəyəri onun sağlığında qazandığı yaxşı əməllərindədi. İnsanlara sağlığında qiymət vermək lazımdır.

– Üstəlik, məsələnin maddi tərəfi də var… 

– Bəli, bu gün dəmir çərçivənin hazırlanması təxminən 700-1500 manata başa gəlir. Bunun da vəfat edən üçün heç bir faydası, xeyri yoxdur.  Deməli, buna sərf olunan vəsait  izafədır, hədərdir.

Digər tərəfdən isə bu iş getdikcə daha zərərli bir adətə çevrilirdi. “Qonşudan qalma dala” prinsipi ilə hərəkət edənlər də az deyildi. Onlar bir növ özlərinin nəyə “qadir olduqlarını” bahalı məzar daşları qoymaqla, məzarı qiymətli metal lövhələrlə çərçivələməklə göstərirdilər. Əlbəttə ki, bütün bunlar böyük hikmətə və elmi dəyərə malik olan İslam dininə yaraşmayan bir haldır.

– Çərçivələnmiş qəbirlər əlavə vəsait tələb etdiyi kimi, əlavə yer də zəbt edirdi. Ailənin digər üzvləri üçün  qəbir yeri “bron” edənlər də az deyildi. Bu barədə fikirləriniz nədən ibarətdir?

– Düzdür, mühüm cəhətlərdən biri də budur. Tutaq ki, qəbrin eni 1 metr 40 santimetrdirsə, əgər onun ətrafını çərçivələsək, təbii ki, bu çərçivə qəbri əhatə etdiyi üçün qəbirdən kənara çıxacaq. Təbii olaraq çərçivələr artdıqca, bu da qəbiristanlığın ərazisinin zəbt olunmasına gətirib çıxarır. İnsanlar qəbir ziyarətləri edərkən də çətinliklərlə üzləşirdi. Deyək ki, qəbiristanlıqda 50 min cənazə dəfn olunmalıdır. Dəmir çərçivə ilə hasarlanarsa bu rəqəm yarı-yarıya azalır. Dəmir çəpərlərin söküntüsünün əsas səbəblərindən biri də budur: Torpaq israfçılığına yol verməmək, dinimizin qayda və tələblərinə uyğun hərəkət etmək.

Sualınızın digər hissəsi də maraqlıdır. Bəli, qeyd etmək lazımdır ki, ailə üzvlərinin biri dünyasını dəyişirsə, onun yanında sağ olan insanlara da dəfn üçün yer saxlayırlar. Bu da düzgün hal deyil. Deyək ki, bu gün yer saxlanılırsa, bir müddət sonra ailə üzvləri yaşayış yerini dəyişirsə, bəs onda necə olacaq? Elə ona görə də belə zəbtetmə halları aradan götürülməlidir. İnsanlar özləri bunu başa düşməli və əməl etməlidirlər. Dinimiz bizə tövsiyə edir ki, qəbiristanlıqlarımız son dərəcə təmiz və səliqəli olsun. Qəbiristanlıqlarda hər hansı bir yaşıllıq zolağının salınması və yaxud da təmizlik işinin aparılması, abadlaşdırılması dəmir çərçivələr ucbatından mümkün olmurdu. Bu, eyni zamanda  qəbiristanlıqların son dərəcə səliqəsiz görünməsinə səbəb olurdu. Yeri gəlmişkən deyim ki, qəbri ziyarət edərkən qəbirdən nə isə istəmək, diləmək, qurban kəsmək, başına dolanmaq, şam yandırmaq da İslam dininə zidd olan hallardır və bu, bir növ bütpərəstliyi andırır.

– Vüqar müəllim, istərdik ki, yas mərasimlərinin təşkilinə də münasibət bildirəsiniz…Necədir və necə olmalıdır?

– Son illər muxtar respublikada yüzlərlə məscid tikilib və ya bərpa edilərək əhalinin istifadəsinə verilib. Kəndlərimizdə də onlarla yeni mərasim evi tikilib. Hazırda yaslar əsasən məscidlərdə və mərasim evlərində təşkil edilir. Yas mərasimlərinin də dinimizin qaydalarına uyğun şəkildə keçirilməsi vacibdir. Yasların israfçılıqla, az qala toy tədarükü səviyyəsində xərclə keçirilməsi, yumşaq desək, başadüşülən deyil. Bəzən 1 həftə yas tutulur, “qırx”, “əlli iki”, “qara bayram”,  “il” verilir. Bunların İslam dini ilə heç bir əlaqəsi yoxdur. Bir həftə yası qadınlar yalnız öz həyat yoldaşlarına saxlaya bilərlər.

Hal-hazırda muxtar respublikamızda  vəfat edən şəxs üçün 3 gün yas tutulur. Ehsan olaraq qənd, limon və çay verilir. Yasın üçü günü isə bir dəfə sadə formada yemək ehsanı verilir. Bu da bir növ yeməklə yekunlaşır. Bu da imkan verir ki, yas sahibi ələvə xərcə-borca düşməsin.

İslam bərabərlik, yardımlaşma, dostluq dinidir. Hər kəsə üzümü tutub deyirəm ki, gəlin hər birimiz İslam dini bizə nəyi tövsiyə edirsə, biz də bu yolla gedək.

– Söhbətimizdən belə aydın olur ki, bu sahədə ölkəmizdə ciddi maarifləndirmə işlərinə ehtiyac var və israfçılıq etməyi, ucuz şöhrəti insanlar özləri bir kənara qoymalıdırlar. Təbii ki, aid qurumlar da bu sahədə fəaliyyətlərini gücləndirməlidirlər…  

– Bəli, bu, məsələnin əsas tərəfidir. Dini maarifləndirmə və İslamın olduğu kimi insanlara çatdırılması vacibdir. Məsələn, əvvəllər Naxçıvandakı yas mərasimlərində din xadimləri xurafatçılığa meyl edirdilər. Bir neçə ildir ki, davam  edən maarifləndirmə işləri və təkmilləşdirmə kurslarından  sonra indi yas mərasimlərində İslami dəyərlər, Quranın hikməti, milli adət-ənənələrimiz, vətənpərvərlik tərbiyəsi üstün istiqamət kimi götürülür və gənc nəsil də bu dəyərlər əsasında formalaşdırılır.  Qaldı ki, israfçılığa, Qurani-Kərimin bir ayəsini diqqətə çatdırmaq istərdim: “Allahın sənə verdiyindən özünə axirət qazan. Malını Allah yoluna sərf et. Dünyadakı nəsibini də unutma. O maldan qismətinin ancaq bir kəfən olduğunu bil. Pulunu mənasız yerə sağa-sola səpələmə. Səhhətinin, sərvətinin, gəncliyinin qədrini bil. Sabah səni Allah əzabından qurtara biləcək yaxşı əməllər et. Allah sənə sərvət verməklə yaxşılıq etdiyi kimi, sən də varından yoxsullara, qohum-əqrəbaya xərcləməklə yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən Allah fitnə-fəsad törədənləri sevməz”.

Naxcivantv.az