XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

02 Mart 2017 - 13:43

Mərakeş səfiri:“Azərbaycan İslamın yayılmasında çox böyük töhfə verəcək”

Merakesh-Sefiri

Mərakeş Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Məhəmməd Adil Embarş “Strateq.az”a müsahibə verib.

25 il yaxın diplomatik fəaliyyətlə məşğul olan Embarş ilk səfirlik fəaliyyətinə Azərbaycandan başlayır. Xatırladaq ki, 1956-cı ilin bu günki tarixində Mərakeş Krallığı Fransadan müstəqillik əldə edib. Fürsətdən istifadə edib səfirlə görüşərək ölkələrimiz arasındakı əlaqələr və bir sıra digər məsələlər barədə söhbətləşdik.

– Cənab səfir, bu il diplomatik əlaqələrimizin qurulmasının 25 ili tamam olacaq. Keçən 25 il müddətində ölkələr arasındakı münasibətlərin səviyyəsini qənaətbəxş hesab etmək olarmı? Ümumiyyətlə, son 25 ildə nə kimi irəliləyişlər oldu?

– Mərakeş Krallığı və Azərbaycan arasındakı  siyasi və iqtisadi əlaqələr yüksək səviyyədə inkişaf edib. Nəzərə alaq ki, Prezident İlham Əliyev ilə Kral VI Məhəmməd arasında çox yaxşı şəxsi münasibətlər də mövcuddur. Bu səbəbdən də, əlaqələrimizin yüksək səviyyədə olduğunu söyləyə bilərəm. Dövlət səviyyəsində qarşılıqlı səfərlər təşkil olunur, Rabatda və Bakıda tez-tez görüşlər keçirilir. Dövlət yetkililəri hər iki ölkəni təmsil etməklə öz işlərini mükəmməl şəkildə icra etməyə çalışır. Hər iki ölkədə fəaliyyət göstərən səfirliklər öz vəzifələrini yüksək səviyyədə yerinə yetirirlər. Onlar əllərindən gələni edir ki, insanların gediş-gəlişi rahat şəkildə tənzimlənsin. 

– Beynəlxalq təşkilatlar müstəvisində Azərbaycanla Mərakeş hansı formada əməkdaşlıq edir?

– Necə ki, Azərbaycan Saxara (Böyük Səhra- L.S.) məsələsində Mərakeş Krallığına dəstək olur, ölkəmiz də BMT-nin qəbul etdiyi qətnamələrə  əsasən Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir. Hər iki ölkə beynəlxalq səviyyədə dövlətlərin ərazi bütövlüyü və suverenliyi, sərhədlərin toxunuımazlığı  prinsipini qəti şəkildə müdafiə edir.

– Dünyada ən geniş ticarət şəbəkəsinə malik olan Mərakeşlə Azərbaycan arasında iqtisadi əlaqələr hansı səviyyədədir? Ümumiyətlə, əməkdaşlıq sahəsində irəli getmək üçün kifayət qədər imkanlar varmı və sizcə, bu imkanları genişləndirmək üçün daha nə kimi addımlar atılmalıdır?

– İqtisadi sahədə hələ də çox çalışmalı olduğumuzu düşünürəm. Qeyd edim ki, Azərbaycan da, Mərakeş də inkişaf etmiş ölkədir və 25 il ərzində iqtisadi cəhətdən güclü dövlətə çevrilib. Mərakeş digər sahələrdə öz iqtisadiyyatını gücləndirdiyi halda, Azərbaycan da neft və qaz sahəsində ölkəsini daha da irəliyə apara bilib. Mərakeşdə neft və qaz istehsal olunmasa da, iqtisadiyyatın digər sahələrini gücləndirməklə əməkdaşlıq edə bilərik.

– Məsələn hansı sahələrdə? Misir və Sudandan sonra üçüncü böyük ərəb dövləti olan Mərakeş kifayət qədər özünü turizm ölkəsi kimi tanıda bilib. Turizm sahəsində bir-birimizi tanıtmaq üçün nələr etmək lazımdır?

– Dediyiniz kimi Afrika ərazisində Mərakeş üçüncü böyük ölkələrdən biridir. Tramplin olaraq, o həm də Avropa ölkələrinə yaxındır. Onu tranzit olaraq istifadə edirik, necə ki Azərbaycan vaxtilə İpək Yolundan istifadə edirdi. Yenə də iqtisadi əlaqələrə gəlincə, bir çox sahələrdə, o cümlədən, nəqliyyat, turizm sahələrində əlaqələrimiz mövcuddur.  Bilirsiniz ki, Mərakeş turizm, ekzotika ölkəsidir. Şimaldan cənuba orada ilin dörd fəslini yaşamaq olur.

– Turizmdən söz düşmüşkən, 2007-ci ildə Rabatda Azərbaycanla və Mərakeş Krallığı arasında diplomatik, rəsmi, xidməti və xüsusi pasportlara malik olan vətəndaşların vizasız gediş gəlişi haqqında Saziş imzalanıb. Yaxın gələcəkdə Azərbaycan vətəndaşlarının Mərakeşə vizasız gediş-gəlişi mümkün ola biləcəkmi?

– Bildiyiniz kimi bu saziş diplomatik şəxslər üçün nəzərdə tutulub. Bu turizm vizası deyil, onların işini asanlaşdırmaq, ölkələrimiz arasındakı siyasi əlaqələri möhkəmləndirmək üçün tətbiq olunmuş vizasız rejimdir.  Amma Mərakeşə gələn digər ölkə vətəndaşları kimi sadə azərbaycanlılara da viza tələb olunur. Viza əldə etmək asandır. Əgər bütün sənədlər qaydasındadırsa, vizanı almaq o qədər də çətin deyil. 

– Məlumdur ki, Azərbaycan bu il IV İslam Həmrəyliyi Oyunlarına ev sahiblik edəcək. Yəqin, Mərakeş Krallığı bu oyunlardan kənarda qalmayacaq və öz idmançılarıyla oyunlara qatılacaq. Sizcə, bu oyunların təşkili İslam dəyərlərinin yayılmasına, qardaşlıq və birliyin əks olunmasına öz töhfəsini verə biləcəkmi?

– Düşünürəm ki, Cənab Prezident bu qərarı verməklə çox yaxşı iş görüb. Həm də bu il  İslam Həmrəyliyi İli elan edilib. Çox sevinirəm ki, İslam Həmrəyliyi adına ölkənizdə belə bir oyunlar təşkil olunur. Çünki Azərbaycan müsəlman ölkəsi olaraq, İslamın yayılmasında, tolerantlığı təmsil etməsində çox yaxşı töhvə verəcək. Xatırladım ki, Mərakeşdə VI Məhəmmədin adını daşıyan İslam Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzdə həm Avropadan, həm də digər ölkələrindən olan İmamlar təhsil alır. Bu da o deməkdir ki, biz İslam ölkəsi olaraq həm də tolerantlığı dəstəkləyirik. İdmançılarımız futbol və cudodan başqa idmanın digər növləri ilə bu oyunlara qatılacaq. Biz medal qazanmağa çalışacayıq. Ancaq idmançılarımız medal qazanmasa belə, önəmli olan belə bir tədbirdə iştirak etməkdir.

– Bu mötəbər tədbirdə kral ailəsindən nümayəndələrin iştirakı gözlənilirmi?

– Bilirsiniz ki, bütün dəvətlər rəsmi şəkildə olacaq. Rəsmi şəkildə təşkilatçılara cavab veriləcək. Amma hazırda bununla bağlı bizdə məlumat yoxdur.

– Azərbaycanda Mərakeş mədəniyyəti günləri sonuncu dəfə 2011-ci ildə keçirilib. Sizin fəaliyyətiniz dövründə növbəti mədəniyyət günlərinin keçirilməsi planlaşdırılırmı?

– Fəaliyyətim dövründə bir sıra tədbirlər keçiriləcək.  Mərakeş mədəniyyəti günlərinin növbəti illərdə keçirilməsi nəzərdə tutulur. Mədəniyyət günlərini dəyişik bir şəkildə  keçirmək istəyirik. Yəni, hissə-hissə keçirməklə, bir dəfə mətbəximizi, bir dəfə geyimlərimizi, sonra filmlərimizi, musiqilərimizi təqdim etmək niyyətindəyik. Yəni, insanların yaddaşında uzun müddət qalacaq bir mədəniyyət günləri təşkil etmək arzusundayıq.

– Söhbətlərinizin birində Bakını gözəl və həyat dolu şəhər hesab etmisiniz. Dediyiniz kimi gözəl və həyat dolu şəhərimizdə özünüzü necə hiss edirsiniz?

– Bir diplomat kimi Azərbaycana gəlmək, Bakıda olmaq böyük şərəfdir. Bakı həm gözəl, həm də böyük şəhərdi. Hər zaman özün üçün yeni bir şey kəşf edə bilirsən. Bu günlərdə Şəki və Qaxda olduq. O qədər gözəl idi ki, dərin bir tarixə malik olduğunu anlayırsan. Füsünkar və cəlbedici bir yerdir. Hələ də o təəssüratdan çıxa bilməmişəm. Çox xoşuma gəldi də oranın gözəlliyini görmək üçün təkrar getməyi düşünürəm. Azərbaycanın hər yerinin gözəl olduğunu deyirlər. Fəaliyyətim dövründə ölkənizin bütün bölgələrini gəzməyə çaılşacağam.  Yeməkləriniz çox dadlıdır və yedikcə yemək istəyirsən. Bu da çəki artırır (Gülür – L.S.).  İnsanlarınız  çox qonaqpərvərdir. Qonaqpərvərlik sizin insanların ən öndə gedən xüsusiyyətlərindin biridir. Bu qonaqpərvərliyinizlə ölkənizə çoxlu turist cəlb edə biləcəksiniz. Mərakeşdə də turistlər yerli əhalinin qonaqpərvərliyindən razıdır.  Buna görə də, onlar təkrar-təkrar Mərakeşə gəlir. Hətta Fransadan, İspaniyadan gəlib orada ev alırlar ki, növbəti gəlişlərində  istirahətlərini oz evlərində edə bilsin. Aqadırda ilin dörd  fəsli isti olur və həm də gözəl şəhərdir. Orada o qədər ev alıblar ki, elə bil Fransadasan.

– Siz necə, təsadüfən, poeziya, ədəbiyyat adamı deyilsiniz? Sizdən əvvəl Azərbaycanı doğma vətəni hesab edən səfir Hassan Hami 8 ilə yaxın burda fəaliyyət göstərərkən şeirlər kitabını çap etdirmiş və poeziya gecəsi düzənləmişdi…

– İnstitut illərindən başlayaraq bütün karyeramı diplomatiya üzərində qurmuşam. 25 ilə yaxındır diplomatiya sahəsində çalışıram. Bir sıra ölkələrdə, o cümldən, Tailandda, Çində, ABŞ-da, Fransada müxtəlif  vəzifələrdə fəaliyyət göstərmişəm. Səfir kimi ilk fəaliyyətimə Azərbaycanda başlayıram. Hassan Hami ilə həm də yaxın dostuq. Mərakeşin ABŞ-dakı səfirliyində onunla birlikdə çalışmışıq. Düzdür, poeziyanı sevirəm. Hassan Hami diplomat olmaqla bərabər,  həm də şair, yazıçı, jurnalistdır. Gerçəkdən də o, Azərbaycana vurğun olan bir insandır.

Laçın SƏMLA

Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə