XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

31 Mart 2015 - 00:58

Ərəstun Oruclu: “İqtisadi islahatlardan öncə, siyasi islahatlar başlamalıdır”

“Yəmən parçalanacaq”

Müsahibimiz “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış politoloq Ərəstun Orucludur. Onunla Azərbaycanda, eləcə də Yaxın Şərqdə baş verən son olaylarla bağlı söhbətləşmişik:

– Ərəstun bəy, ölkədəki mövcud ictimai-siyasi durumu dəyərləndirmənizi istərdik. Sizin gözünüzdə vəziyyət necədi?< /span>

– Sözün həqiqi mənasında, çox acınacaqlıdır. İctimai-siyasi durumu xarakterizə edən onu formalaşdıran ictimai-siyasi sistem, mühitdir. Bizdəsə “ictimai-siyasi sistem” münasibətləri yoxdur, dağıdılıb. Yox olan bir şey haqda “acınacaqlıdır” kəlməsinin işlədilməsinin özü də çoxdur.

– Bu münasibətləri yenidən qurmaq, bərpa etmək mümkün deyilmi?

– Əlbəttə, mümkündür. Sadəcə, buna siyasi iradə lazımdır. İndiki şəraitdə bu siyasi iradəni hakimiyyət ortaya qoymalıdır. Ona görə yox ki, kiməsə xoş gəlmək üçün demokratiyanı, sivil vətəndaş münasibətlərini imitasiya etməlidir. Ona görə ki, bu, həm ölkə, həm də iqtidar üçün çox vacibdir, deyərdim ki, zərurətdir. çünki gerçəkdən də, bu gün Azərbaycanda faciəli bir durum yetişməkdədir. Hakimiyyət iqtisadi böhranı indiyədək etiraf etməsə də, atılan addımlardan açıq-aşkar görünür ki, bunu gözəl anlayırlar. Ancaq məsələ burasındadır ki, iqtisadi vəziyyət qısa müddətə düzəldiləcək, istədiyin sayaq yön veriləcək bir proses deyil…

– çoxmu zaman tələb olunur?

– Bəli. Bu gün hakimiyyəti qınayaraq “İslahatlara başlayın!” deyə bilərik və bu, haqlı tələbdir. Ancaq onu da başa düşməliyik ki, iqtisadi islahat sosial durumun pisləşməsindən başlayır. Qrafiklə təsvir etsək, “2” nöqtəsindən “4” nöqtəsinə gedib iqtisadi uğur əldə etmək üçün siz mütləq “1”-ə enməli olacaqsız. çünki mövcud sistemi dəyişmək, onu sökmək lazımdır ki, yenisini qurasan. Onu sökəndə də mütləq öz fəsadlarını verəcək. Bu, aksiomdur, fəsadlardan qaçmaq mümkün deyil. İndi hakimiyyət elə bir vəziyyət yaradıb ki, faktiki olaraq, idarəçilik sistemi çöküb. Azərbaycanda vahid mərkəzdən nəzarət olunan idarəçilik sisteminin əlamətləri getdikcə itməyə başlayır. özbaşınalıq, parakəndəlik müşahidə olunur. Həmin o iqtisadi uğursuzluqlar fonunda yaranan sosial problemlər cəmiyyəti ictimai-siyasi gərginliyi artırmağa dartan yoldur. Bu, mütləq baş verəcək. Hakimiyyət iradə ortaya qoymalı, həmin iqtisadi islahatların uzun müddətə nəticə verməsi üçün öncə siyasi islahatlara başlamalıdır. Cəmiyyət daxilində o sistemi bərpa etməlidir. Söhbət ABŞ, Almaniya, Böyük Britaniya modelindən, ideal sistemdən getmir. Onu istəsən belə, 10-15 ilə bərpa etmək, qurmaq mümkün deyil. Ancaq heç olmasa müəyyən münasibətlər sistemi yaradılmalıdır ki, sabah cəmiyyətdə baş verə biləcək kataklizimlərdə hakimiyyətin özü də, rəqibləri də, rəqib saydıqları da, potensial rəqibi ola biləcək qrup və fərdlər də müəyyən bir anlaşmaya gələ bilsinlər. Platforma qurulmalıdır ki, harada əl uzadıb salamlaşmaq mümkündür. Daxili bir siyasi anlaşma olanda, həmin islahatları həyata keçirmək də asan olacaq. çünki bunun fəsadlarından heç kim bir-birinə qarşı istifadə etməyəcək, qarşılıqlı öhdəliklər olacaq… Ancaq çox təəssüf ki, indi artıq salamlaşmaq yeri də qalmayıb.

– Hakimiyyətlə hər şey bəllidir: özünü güclü hesab edir, rəqiblərini zəif saydığı üçün siyasi və başqa islahatlara getmir. Ancaq hakimiyyəti dəyişməyi hədəfləyən demokratik qüvvələr arasında da münasibətlər yaxşı deyil, axı… Fəaliyyət ancaq bir-birlərini tənqid üzərində qurulub.

– Hər şeyi adıyla çağırmaq lazımdır. Bir-birlərini nəinki tənqid, hətta təhqir edirlər, ünvanlarına qara yaxır, söyüş söyürlər. Bir sıra hallarda elə üsullar görürsən ki, onlar nəinki demokratiyadan, hətta əxlaqsız xunta rejimindən də uzaq metodlardı. Həqiqi demokrat demokratik təfəkkürün daşıyıcısı, demokratik düşüncəli insanlardı. Faciə ondadır ki, bizdə belə insanların sayı sürətlə azalır. Bu cür mübarizə üsulları – təhqirlər, qarayaxmalar artıq gündəmi zəbt edib. Tamamilə razıyam ki, son dövrlərdə Azərbaycanda müxalif qüvvələrin bir araya gəlmək cəhdindən çox, bir-birini təhqir etmək, söymək cəhdlərini görürük. Şübhəsiz ki, belə olan şəraitdə hansısa praqmatik dialoqdan, sağlam müzakirələrdən söhbət gedə bilməz və mən heç də düşünmürəm ki, demokratik qüvvələrin birləşmək şansı var.

– Əsas problemi nədə görürsünüz? Ayrı-ayrılıqda etirazçılar çoxdur, ancaq onlar da bir yerə gələ bilmirlər. Yaradılan birliklər ya seçkidən sonra dağılır, ya da çox kiçik bir qismlə yola davam edilir. Milli Şurada da bu hal yaşandı…

– Mən özüm haqda danışa bilərəm. Milli Şuraya dəvət almamışam…

– Dəvət gəlsə necə, gedərsiniz?

– Xeyr, getmərəm. Mənim sonuncu təmsil olunduğum birlik İctimai Palata olub. Palatanın beynəlxalq əlaqələrinin qurulmasında, həm də ideyaların verilməsində fəal iştirak etmişəm. ümidim var idi, ancaq gözləntilərim alınmadı… Həmin qurumdan istefa verəndə, səbəbləri göstərmişəm. İctimai Palata, Milli Azadlıq Hərəkatından sonra ikinci ən geniş format idi. Orada siyasi partiyalar, vətəndaş cəmiyyəti üzvləri, ayrı-ayrı ziyalılar, seçki hüququ pozulmuş sıravi vətəndaşlar da təmsil olunurdu. çox geniş formatlı qurum idi ki, onu azadlıq və demokratik inkişaf uğrunda bir hərəkata çevirmək olardı. Həmin şans o səbəbdən itirildi ki, qurum özü döyüş meydançasına çevrildi. Potensial meydan qaldı bir tərəfdə, qurum özü meydançaya çevrildi. Buna etiraz edib, heç kimin əlində vasitə olmamaq və perspektiv görmədiyim üçün istefa verdim. Elə 2013-cü ildə seçkiyə qatılmaq iddiam bir mesaj idi… Mən nə ordayam, nə də burada…

– Dediniz ki, “perspektiv görmədim”… Nə idi Sizdə perspektivsizlik düşüncəsi yaradan?

– üstünlük təşkil edən ideyalar, dəyərlər, prinsiplər, strategiyalar deyil, fərdlər, qruplar və onların maraqları idi. Bununla dövlət qurulmur, demokratiyaya nail olunmur, inkişaf əldə edilmir. Mən, həqiqətən, görsəm ki, sağlam, dediyim meyarlara cavab verən qurum var, oranın fəhləsi olmağa hazıram. Təki, ortada bir nəticə olsun. Adi bir vətəndaş kimi, ən müxtəlif təbəqələrin nümayəndələriylə həm fərdi, həm qrup halında görüşlərdən, həm də sosial şəbəkələrdə müxtəlif baxışları olan insanlarla ünsiyyətdən qaçmıram. Cəmiyyyəti görmək lazımdı. Təəssüf ki, bizim “siyasi mühit”də belə bir atmosfer formalaşıb: qapalı bir qrupdur və bu kiçik məkan daxilində amansız savaş gedir, üstəlik, ətraf mühitdən də heç kəsin xəbəri yox… Ən pisi odur ki, ətraf mühiti də özləri kimi təsəvvür edirlər. Görəndə ki, yox, alınmır, onlara əhəmiyyət vermir, dönüb gedirlər – onda qınamağa başlayırlar. Bir də görürsən, iki-üç il ictimai-siyasi fəaliyyətlə məşğul olan şəxs xalqın haqqında təhqir
amiz ifadələr yazıb, xalqı “kölə” adlandırıb… Yaxud da xalqı mitinqə dəvət edəndə, yazır ki, “ləyaqəti olan mitinqə gələr”… Bu absurddu! Axı, sən hansı haqla mitinqə gəlməyənləri ləyaqətsiz adlandırasan?! Bununla xalqın dəstəyini almaq olmaz! Bu cür davranışlarla nəyəsə nail olmaq mümkün deyil… Baxın, xalq həyatından narazıdır. Hətta elə bir şərait yaranıb ki, varlılar da narazıdır. Bəs, niyə birləşmir, mövcud siyasi partiyaların arxasınca getmirlər? Birinci bu sualı gündəmə gətirib, müzakirə etmək, cavab tapmaq lazımdı…

– Bəlkə, elə Sizinlə cavab axtaraq? O narazı xalq, təbəqə niyə siyasilərin ardınca gəlmir?

– çox sadə bir səbəbə görə – güvənmirlər. Uğur əldə olunacağına inanmırlar. İnsanları buna görə qınamaq da olmaz. Hamı fədai deyil. İnsanlar görsə ki, burada uğur əldə olunacaq, kütlə ora axacaq. Kütlə onu görmür və uğursuzun yanında özünü riskə soxmaq istəmir. Bəli, mən də məğlubun yanında olmaq istəmirəm, ancaq qaydasız qalibin də tərəfində deyiləm. İnsanlarımız indi seçimsizlik qarşısında qalıblar.

– Ərəstun bəy, Yaxın Şərqdə, xüsusən də Yəməndə baş verənlərə də münasibətinizi bilmək istərdik. Nələr olur Yəməndə? Misir, Liviya olayları təkrarlanır, yoxsa…?

– Məncə, Yəmən parçalanacaq. Bu, birinci dəfə deyil. Vaxtilə SSRİ ilə ABŞ, Şimali və Cənubi Yəmən adı altında ölkəni iki yerə parçalamışdı. Onda da parçalanma, indiki kimi, məzhəbçilik zəminində idi. Son illər Yaxın Şərqdə gedən proseslərdə məzhəbçilik, təriqətçilik vasitə olaraq geniş şəkildə yayılıb və bundan istifadə edirlər. Yəmənin vahid dövlət olaraq heç bir perespektivi görünmür. Məsələ burasındadır ki, Bəhreyndə şiələr monorxiyaya qarşı qiyama qalxdı, Səudiyyə Ərəbistanın köməyilə bunu yatırdılar. Bəhreyn kiçik ölkədi. Yəmən isə böyükdü və ənənələri olan ölkədi, tamamilə fərqli mentallığa malikdir. Yəməndə bunu yatırmaq olmayacaq. Paradoksal bir mənzərə yaranıb. Bir tərəfdə husiləri dəstəkləyən rəsmi şəriət dövləti İran, o biri tərəfdə isə qanuni hakimiyyəti bərpa etmək istəyən Sudan, Misir, Səudiyyə Ərəbistan kimi ölkələr durub. Adamın Yəmən xalqına ürəyi ağrayır. Onlar “pislə çox pis” arasında seçimdə qalıblar. Yaxşıdan söhbət getmir. İran modelini yaxşı hesab etmirəm, ona görə ki, sırf təriqətçi rejimdi…

– Guya, Sudan, Misir İran modelindən fərqlənirmi ki…?

– Sudan soyqırımda ittiham olunan diktatura modelidi. Misirdə isə general Əbdül Fəttah əl-Sisi özündən əvvəlki qanuni seçilən prezident Məhəmməd Mursini silah gücünə devirib, sonra saxta seçkiylə prezident kürsüsündə oturub. İndi o, başqa ölkədə seçilmiş və hakimiyyətdən qovulmuş prezidenti geri qaytarmaq istəyir… Səudiyyə Ərəbistanı adi, təbii insan hüquqlarına belə, məhəl qoymayan dövlətdir. Görün, kimlər Yəmən xalqına xoşbəxtlik gətirmək istəyir. Bu xalqın taleyi, gələcəyi çox qaranlıq görünür. çünki qarşı-qarşıya duran tərəflərdən hər hansı birinin Yəmən xalqını işıqlı yola apardığı görünmür.

Söhbətləşdi:

Ramin DEKO

“Strateq.az”




Yuxarı Əvvələ Ana Səhifə