XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

13 Mart 2017 - 17:45

Erməni politoloq:“Ermənistanın məhvi oyunu gedir” – Müsahibə

p

EADaily.com, 12.03.2017

 

Təhlükəsizlik məsələləri üztrə erməni eksperti Vladimir Poqosyanın Ermənistanda parlament seçkiləri, dövlətçiliyin çökməyə başladığı və İŞİD-lə bağlı Rusiya nəşrinə müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.

 

-Necə hesab edirsiniz, parlament idarəçiliyi formasına keçid yekunda Ermənistan üçün nəyə dönüşəcək?

-Bu, bütün yönlərdə uyğunsuzluğa – cəmiyyətdə maksimal qarşıdurmaya aparacaq. Əslində, ölkəni parlament deyil, dövlət aparatı idarə edəcək. Almanların bizə tətbiq etdiyi yeni idarəçilik forması artıq dövlət institutlarının dağılmasına səbəb olur. Bu alqoritm Ermənistana uyğun gəlmir. Ölkənin müharibə durumunda olduğu bu təhlükəli dövrdə prezident hakimiyyətini zəiflətmək və parlament idarəçilik formasına keçmək olmazdı. Bu, bir neçə mətləbdən xəbər verir. Birincisi: bölgədəki durum nəzərə alınmır – Azərbaycan və Türkiyə əksinə, müharibə durumunda şaquli hakimiyyəti gücləndirib. Başqa cür ola da bilməz.

İkincisi: geopolitik vəzifələrdən savayı digəri də var – milli maraqlar. Axı Ermənistan 11 milyondan çox erməni üçün vətəndir. Müxtəlif xarici strukturların dəyərləndirməyinə görə, təkcə Türkiyədə 4 milyondan 11 milyona qədər erməni yaşayır.

Hazırda oyun Ermənistanın məhvinə gedir. Ermənistan prezidenti Serj Sərkisyan artıq hakimiyyəti zəiflədib. Hakim partiyadan bəzi adamlar deyirlər ki, indi hətta seçkini udsalar da, güman olunmur ki, hakimiyyəti bir il saxlamağı bacararlar.  Prezidentin çevrəsindəki adamlar daha incə dünya və Avropa sistemləri ilə bağlıdırlar. Ölkə 2018-ci ildə bütünlüklə dövlət idarəçilik institutlarının dağılmasına qərq olacaq. Artıq indidən görünür ki, bu, baş verməkdədir.

Aydındır ki, parlament idarəçilik forması bu gün prinsipcə Ermənistanda olmayan yalnız çoxpartiyalı sistem halında mümkündür.  Əsas oyunçular və partiyalar hər cür üsullar vasitəsilə prezident administrasiyasının nəzarətindədir. Durumdan doğan ittifaqlar parlamenti sarsıdacaq. Rusiyayönlü qüvvələr azlıqda qalacaq. Bu, Qərbə Ermənistanın daxili və xarici siyasətində mümkün bütün ssenariləri gerçəkləşdirmək imkanı verəcək. Ən təhlükəlisi budur ki, hər şey parlamentin deyil, hakim partiyanın dövlət aparatının əlində olacaq. Bu bildirir ki, gələcək baş nazir ölkə iqtisadiyyatı, maliyyə axınları, xarici məsələlər, daxili siyasət, müdafiə və milli təhlükəsizliyi öz əlində cəmləyəcək. Qabaqlama və əks-tarazlıq sistemi olmayacaq. Bu islahat təkcə Ermənistanın deyil, həm də Rusiyanın özülünə qoyulmuş gec partlayan minadır. Ermənistanda Rusiyaya qarşı oyunlar artıq indidən güc toplayır.

-Rusiyaya qarşı oyun nəyə deyirsiniz?

-Hakimiyyət parlamentə daxil olacaq və həm hakimiyyətin özünə, həm də Rusiya ilə münasibətlərin əleyhinə çıxış edəcək süni antirusiya strukturları yaradır. Bu, Rusiya üçün uyuqdur və deyəcək ki, yalnız hakim partiya Ermənistanı Rusiyayönlü mövqedə saxlaya bilər. Qeyd etmək istəyirəm ki, bu cür boşanma indiyədək baş tuturdu. Bu gün bilirik ki, kim kimi maliyyələşdirir, Rusiya üçün uyuq roluna kimi təyin ediblər. Və olduqca qəribədir ki, Levon Ter-Petrosyan birdən Rusiyayönlü olub, halbuki onun başçılıq etdiyi müxalif Ermənistan Milli Konqresinin proqramına Qarabağ ərazilərinin təhvil verilməsi, soyqırımı tanımaqdan imtina və Türkiyə ilə yaxınlaşmaq daxil edilib. Lakin bütün bunlar sonralar Ter-Petrosyanın özünə qarşı istifadə olunacaq!

-Demək istəyirsiniz ki, İrəvan Azərbaycan və Türkiyə ilə danışıqlar aparmalıdır?

-Xeyr, mən bunu demirəm. Sözsüz, Azərbaycanla danışmaq lazımdır, lakin ATƏT-in VİP turistlərinin irəli sürdüyü şərtlərlə deyil! Azərbaycanla birbaşa təmasa girmək və moderator kimi Rusiyanı saxlamaq lazımdır. Qalan bütün strukturlara əl yelləmək gərəkdir. Ermənilərin və azərbaycanlıların mövqeyi burada üst-üstə düşür. Hər ikisi ATƏT-in işindən narazıdır. Bizdə iki ölkə arasında münasibətləri yoluna qoymağa imkan verən təkliflər və proqram var.

Eyni şey Türkiyəyə də aiddir. Türkiyə ilə Azərbaycan bütünlüklə  qardaşlaşdığı halda türk biznesmenlər ermənilərlə də məmnuniyyətlə iş görərdilər! Türkiyə ilə münasibətləri yoluna qoymaq olar və lazımdır, lakin öz maraqlarımızdan keçilməsi hesabına deyil.

Təkrar edirəm, birinci növbədə birbaşa İrəvan-Bakı dialoqu lazımdır. KİV-lərdə nifrətin qızışdırılmasını hər iki tərəfdən dayandırmaq, atışmaları kəsmək, yəni xalqları sakitləşdirmək lazımdır. Sonra xalq diplomatiyasının barışdırma mexanizmlərini işə salmaq, sonradan bu iki yanaşmanı sintezləşdirmək gərəkdir. Xalqlar sakitləşməyincə siyasətçilər heç nəyi həll etməyəcəklər! Erməni və Azərbaycan xalqı üçün istənilən qeyri-məqbul həll həm Bakıda, həm də İrəvanda inqilaba aparacaq!

Siyasətçilərin əksəriyyəti və hətta bəzi ölkələrin rəhbərləri bu gün dünyada nə baş verdiyini başa düşmürlər. ABŞ-da Donald Trampın hakimiyyətə gəlişi ilə dünya başqa cür və daha təhlükəli olub.

-Trampın gəlişi ilə dünyanı hansı dəyişikliklərin gözlədiyindən danışın…

-Hazırda çoxları Trampdan danışır. Başa düşmək lazımdır, məsələ Trampda və yaxud Klintonda deyil, meydanlarda – iki dünya sistemindədir. Sistemin biri şərti olaraq Tramp, digəri şərti Klintondur. Qarabağ, Ukrayna və Belarusda kəskinləşmə eyni zəncirin həlqələridir. Belarusdan başalayaq. Lukaşenko hətta dərk etmədi ki, ondan Rusiyaya qarşı necə gözəl şəkildə yararlanıblar. O, bloger Lapşini Azərbaycana verməklə yad oyunlara girişib. Bütün bu çirkli həmlələr, Moskvaya qarşı Bakıyla dostluq etmək cəhdləri – bu cür şeyləri ona bağışlamayacaqlar. Lukaşenko Putinlə qeyri-rəsmi söhbətlərə başlamağı özünə caiz bildi. Bu cür etmirlər, bu istənilən ölkənin prezidenti üçün qəbuledilməzdir. Bu, necə bir müttəfiqdir ki, ancaq tələb etdiyini edir və Rusiyanın hansı iqtisadi durumda olduğu onu narahat etmir. Bu, siyasi debilizmdir! KTMT-dəki daimi demarşlar təkcə Rusiya ilə Ermənistanın münasibətlərini təhlükə altında qoymur, həm də təkcə Belarusu deyil,  Qazaxıstan və Qırğızısatnı məharətlə manipulyasiya edən Azərbaycanın yedəyində gedərək qurumun özünü dağılmaq həddinə sürükləyir. Mən Rusiyanın zəifliyini anlamıram. Bu dövlətlərin hamısı Avrasiya İqtisadi Birliyi və KTMT-yə daxildir və biz nə görürük? Bakının xeyrinə bu və ya digər məsələnin qabağını alaraq Azərbaycanın daxil olmadığı təşkilatın sıralarına nifaq salırlar. Orada onları zorla saxlamaq nəyə lazımdır? Bakıya maraq varsa və “Böyük Turan” yaratmaq istəyirsinizsə, bu formatlardan çıxın və irəli! Lakin bu oğlanlar erkən arxayınlaşıblar. Əfqanıstanda hər şey indi-indi başlanır, deməli, təkcə Qırğızıstan üçün deyil, həm də Qazaxıstan və Tacikistan üçün başlanır. İŞİD məhv edilməyib, o, tezliklə birliyin sərhədləri yanında özünü büruzə verəcək. Bu cür təhdidlər fonunda AİB və KTMT bu qədər acınacaqlı halda ola bilməz.

-Mütəxəssislərin dəyərləndirdiyinə görə, İŞİD-in varlığı tezliklə sona çatacaq. Bu haqda nə deyərdiniz?

-Bu cür qiymətlə razı deyiləm. Ona milyardları ona görə qoymayıblar ki, sonra da məhv etsinlər. Mosuldakı hadisələr savadlı geri çəkilməyə bənzəyir. Onu nə vaxt geri çevirəcəklər – bax, məsələ budur. Onu konservləşdirə və yaxud başqa bir şeyə transformasiya edə bilərlər! Burada illüziya olmamalıdır. Hər şey elə də sadə deyil! İŞİD-i idarə etmək pultu köhnə dünya sisteminin əlindədir.  Düşünürəm ki, onlar hazırda Əfqanıstanda və Cənubi Qafqazda nöhkəmlənməyə başlayacaqlar.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə