XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Aprel 2017 - 15:46

Mahmud Əhmədinejadın “Euronews”a müsahibəsi:"Bu müharibə ABŞ-ın qlobal hegemoniyasının çöküşü olacaq"

İranda mayın 19-da keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin adları açıqlanıb. Siyahıda sabiq prezident Mahmud Əhmədinejadın olmaması xeyli mübahisələr və fərziyyələr doğurub.

Nəzarətçilər Şurasının məlum qərarından əvvəl M.Əhmədinejad "Euronews" telekanalına müsahibə verib. Strateq.az həmin müsahibəni oxucularına təqdim edir.

 

– Doktor Əhmədinejad, salam və "Euronews"a bu müsahibəni vermək təklifini qəbul etdiyiniz üçün təşəkkür edirik. İlk sualım: prezidentlik dövrünüzlə bugünkü İran arasında hansı fərqləri görürsünüz?

 – Bismillahir-Rəhmanir-Rəhim. Mən də bu vəsilə ilə sizi, iş yoldaşlarınızı və tamaşaçılarınızı salamlayıram. O zaman ilə indiki dövr arasında bir çox fərqlər var. Dünya fasiləsiz, davamlı dəyişir. Bir adamın həyatında iki günü eyni deyil. Bu qayda ölkə və millətlər üçün də məqbuldur. Bununla yanaşı, siyasi və iqtisadi cəhətdən daha güclü hala gəldiyimizi zənn etmirəm.

– Prezidentliyiniz dövrünün ən mühüm problemlərindən biri beynəlxalq sanksiyalara görə ölkə iqtisadiyyatında yaşanan sıxıntılar idi. Nüvə sazişindən sonra sanksiyaların çoxu ləğv edildi və bu problemlərin həll edildiyi deyilir. İmzalanan nüvə sazişi ilə əlaqədar fikirlərinizi öyrənmək istəyirəm.

– Bu, İran və bir neçə ölkə arasında imzalanan qanuni bir sazişdir. Razılaşma rəsmi təşkilatlar və dini lider tərəfindən qəbul olundu, sonra öhdəliklər elan edildi. Buna görə də artıq qanuni bir sənəddir. Lakin nüvə sazişi ilə əlaqədar mediada aparılan təbliğatla elə gözləntilər yaradıldı ki, sanki dünyanın bütün problemlərini çözəcək, üstəlik, bütün qeyri-qanuni təktərəfli və kollektiv BMT sanksiyaları qaldırılacaq və əlaqələr düzələcək, hər problem həll ediləcəkdi. 

Fikrimcə, məlumatların verilmə şəkli səhv idi. Cəmiyyətə doğru məlumat verilmədi. Sonra gördük ki, söylədikləri reallaşmadı. Sanksiyalar davam etdi, bəziləri yeni sanksiyalar belə tətbiq etdi. Müqaviləyə hərfən əməl olunmadı.

Məncə, dünyanın harasında olursa-olsun bu qədər yüksək səviyyəli müqavilələrlə əlaqədar xalqa doğru məlumat verilməlidir. Hətta xalqdan məsələ ilə bağlı rəyi soruşulmalıdır, çünki əvvəl-axır xalqın həyatına təsir edəcək bir sazişdir. 

Beynəlxalq Atom Enerjisi Agentliyinin təsdiq etdiyi kimi, iranlılar bütün öhdəliklərini yerinə yetirdiləri, ancaq digər tərəfin götürdüyü bəzi öhdəliklər hələ yerinə yetirilməyib və bunları yerinə yetirməsinin lazım olduğunu düşünürəm.

Prezident seçkilərində yenə namizəd olmaq istəyirsiniz. Halbuki müəyyən müddət əvvəl İranın dini lideri Ayətullah Əli Xamnei seçkilərə qatılmamaq barədə sizə tövsiyə vermişdi. Bundan sonra ona bir məktub göndərdiniz və seçkiyə qatılmayacağınızı rəsmi olaraq elan etdiniz. Niyə indi qərar dəyişdirib seçkiyə qatılırsınız? Bir çoxu son qərarınızı sizinlə Ayətullah Xamnei arasındakı rəqabət kimi görür. Buna nə deyirsiniz?

– İctimai işlərə qatılmaq hər fərd üçün vəzifədir. Birinə "sən qoşulma" deyə bilmərik. İranda azadlıq var. Bir fikri və planı olan hər kəs seçkilərə qatıla bilər. Kişi, qadın, bir şeylər edə biləcəyini və ya ölkəni daha yaxşı idarə edə biləcəyini düşünən hər kəs namizəd ola bilər. Mən də istisna deyiləm. Namizədliyimi irəli sürdüyüm gün elan etdiyim kimi, dini lider əmr verməyib, tövsiyəsini ifadə etdi və insanlara namizədliklə bağlı heç nə söyləmədiyini bildirdi. Üstəlik, vəziyyət tamamilə dəyişdi. İkiqütblü siyasi fraksiya yoxdur. Artıq çoxqütblülük var. Hər nəysə, öz hökumətimin dövründəki müavinlərimdən qardaşım və dostum Həmid Bəqayini dəstəkləyəcəyimi elan etmişdim.

– Namizədliyinizin Nəzarətçilər Şurası tərəfindən təsdiqlənəcəyinə ümidiniz varmı?

 Təsdiqləməmələri üçün bir səbəb yoxdur. Niyə təsdiqləməsinlər ki?

– Xamnei 2009-cu ilin seçkilərində namizədliyinizi açıq şəkildə dəstəkləmişdi. O zamanki dəstəyə sahib olmadığınız görülür. Bunu necə şərh edirsiniz?

– Dini lider bütün hökumətləri dəstəklədi. Mövcud hökuməti də dəstəklədi. Onun dəstəyi olmasaydı, mövcud hökumət nüvə müqaviləsini imzalamağı bacarmazdı və ya planları sürətləndirməzdi.

– Növbəti sualım 2009-cu ilin seçkilərində qarşınıza çıxan ən qüvvətli iki rəqibinizlə əlaqədardır. Seçkilərdən səkkiz il sonra hələ də ev dustağı kimi saxlanılmaları haqqında nə düşünürsünüz?

 Əvvəllər də söyləmişdim, dünyanın hər hansı bir yerində hər hansı bir adamın nəzarətdə, ya da həbsxanada saxlanılmasından xoşlanmıram. 

– Media şərhlərində və bəzi siyasi dairələrdə həm sizin, həm də bir əvvəlki hökümətinizdə müavininiz olmuş Bəqayinin namizədlik müraciətlərinin ciddi olmadığı və yalnız haqqınızda açılmış siyasi və iqtisadi sui-istifadə davalarına qarşı bir növ toxunulmazlıq əldə etməyə çalışdığınız deyilir. Bu tənqidlərə cavabınız nədir?

 Baxın, bütün dünyadakı siyasətçilərə söyləyəcək ümumi bir mesajım var. Siyasətə qatılmaq üçün doğruluğa, insani dəyərlərə və əxlaqa bağlı olmalısınız. Siyasət xaricində başqa yollara müraciət xidmətləri məhv edə bilər. Yalan danışmaq, günahlandırmaq, söz-söhbətlər yaymaq çox pis işdir. Ölkəmizdə rəqiblərimiz var, amma heç bir şey bilmir, yalnız zərər verirlər. Hər hansı bir dəlil göstərmək məcburiyyətində qalmadan ittiham edirlər. Allahın köməyi ilə indiyə qədər böhtanların heç birini sübut edə bilmədilər.

Bəqayinin həyatı didik-didik edildi, hətta bir müddət məhbus belə qaldı. Fərqli təşkilatlardan bir çox qrup işlərini araşdırdı, ancaq heç bir şey tapa bilmədilər. Bununla birlikdə, yalanları davamlı təkrar edərək cəmiyyətdə gerçək kimi görünməsini təmin edə biləcəyini düşünən bəzi insanlar var.

Heç bir qanuni iddia yoxdur. Əksər adam iddia qaldıra bilər. Birinə qarşı bir iddia qaldırmaq çətin deyil. Şikayət etmək üçün qeydiyyat nömrəsi almanız yetərlidir və hüquqi proses başlayır. Ancaq iddia sahibləri, mənə, cənab nazirə və yoldaşlarıma qarşı heç nə sübut edə bilməyib və əsla sübut edə bilməyəcəklər.

– Prinsipçilərin – mühafizəkar kəsimin dəstəyini aldınız, ancaq bu gün ….

 "Prinsipçi mühafizəkar seqment" deməklə nəyi nəzərdə tutursunuz?

– Bu seqment özünü belə adlandırır…

– Elə deyil. Mənə yalnız prinsiplərə bağlı mühafizəkar seqment dəstək vermədi. Bir sıra humanitar prinsiplərə və dəyərlərə çox bağlıyam və siyasi rəqabət uğrunda onları tərk etməyə heç istəkli deyiləm. Məqsədim, xalqımın, ölkəmin və dünyanın vəziyyətini daha yaxşı hala gətirməkdir.

– Cəmiyyətdəki məşhurluğunz barədə nə düşünürsünüz?

 İnsanlarla yaxşı əlaqələrimiz var. Birinin bunu tapması üçün əvvəl öz ürəyinə müraciət etməsi lazımdır. İnsanları sevirsinizsə, insanlar da sizi sevəcək.

– Əslində, Nəzarətçilər Şurasından təsdiq aldıqdan sonra xalq sizi yenidən seçəcəkmi, demək istəyirdim.

– Bəli, xalq qətiliklə bunu çox yaxşı edəcək.

– Trampa prezidenti seçildikdən sonra məktub göndərdiniz. Məktubda nə yazıbsınız və cavab aldınızmı?

– Məktubu oxumamısınızmı?

– Oxumuşam, lakin sizdən də eşitmək istəyirik.

– Hörmətli Tramp bəzi iddialar irəli sürdü və insanlara bəzi vədlər verdi. Ona sözlərini xatırlatdım və bunları yerinə yetirmənin yollarını açıqladım. Mən insani vəzifəmi yerinə yetirdim. Hamımızın bir-birimizə xatırlatmaq kimi bəzi vəzifələri var. Mən insanlığımı etdim. Onun dediklərimi qəbul edib-etməməyi önəmli deyil. Vəzifəmi yerinə yetirdim. Ona hansı yolun doğru olduğunu və hansı yolun səhv olduğunu söylədim.

– Yaxşı, sizə cavab verdimi?

– Bunun ictimai diplomatiya olması və ictimai diplomatiyanın də müstəsna bir cavaba ehtiyac eşitməməsi səbəbinə görə ondan cavab gözləmirəm. Əsl məqsəd bütün bəşərə xitab etmək idi.

– ABŞ-ın raket hücumuna nəzərən Suriyadakı vəziyyət haqqında, Suriyadakı proseslərin nəyə doğru getdiyini düşünürsünüz?

– Məncə, cənab Tramp xalqına verdiyi vədlərə baxmayaraq, savaş yolunu seçdi. Bunu daha əvvəl də söylədim və təkrar deyirəm: bu müharibə qətiliklə ABŞ-ın qlobal hegemoniyasının çöküşünə səbəb olacaq. Bunu deməyə bir çox səbəb var, lakin uzun çəkər, ona görə başqa bir müsahibədə izah edərəm.

İran, ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı və Türkiyə əvvəlcə Suriyadakı təhlükəsizlik, dialoq və sülh üçün həmişə birlikdə əl-ələ verib çalışmaq məcburiyyətindədir. İkincisi, Suriya xalqının iradəsini və suverenliyini reallaşdırmaq çox əhəmiyyətlidir. Suriyanın suverenliyinə hörmət göstərməliyik. Suriya xalqına istədiklərini seçmələrinə icazə verməli və seçkilərini qəbul etməliyik. Suriya xalqının üstündə heç kimsə yoxdur, heç kim… 

– Vəzifə müddətiniz bitdikdən sonra boş zamanınızı necə keçirdiniz?

– İşləyirəm. Universitetdə dərslər verirəm. Araşdırmalarım var. Öz ixtisaslaşmış iş sahəmdə, həmçinin siyasi, iqtisadi və beynəlxalq işlər üzrə araşdırmalar aparıram. Zamanımın əhəmiyyətli bir qisimini sıradan bir insanlarla, eyni zamanda, fərqli milli və beynəlxalq şəxsiyyətlərlə görüşə həsr etdim. Məşq edirik, səyahət edirik və əylənirik.

 

Tərcümə: Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə