XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

02 Aprel 2015 - 09:46

Hikmət Hacızadə: “İran öz ətrafında geostrateji şiə kəməri yaratmağa çalışır”

“Müxalifət seçkilərdə heç nəyə nail ola bilməyəcək”

Картинки по запросу hikmət hacızadə

Strateq.az-ın bölgədəki və ölkədaxili proseslərlə bağlı suallarını müstəqil politoloq Hikmət Hacızadə cavablandırır.

-Hikmət bəy, qonşumuz İran artıq Yaxın və Orta Şərq müstəvisində ən ciddi oyunçulardan birinə çevrilməkdədir. Suriyada, İraqda və Yəməndə baş verən gərgin hadisələr baxımından yanaşanda İranın real imkanları və iddiaları nələrdən xəbər verir? İran gələcəkdə bizə də şəlpə vura bilərmi?

-(Gülür.) Əvvəlcə son sualınıza cavab verim. Birincisi, İran istəsə, Azərbaycana ziyan vura bilər. Həm də kifayət qədər ciddi şəkildə. çünki İran böyük ölkədir və türk qardaşlarımız demişkən, “yanı başımızdadır”. Bizim bəzi kommuniksiyalarımız İran ərazisindən keçir. Naxçıvana yolumuz ancaq bu ölkənin ərazisindən keçir. Bu baxımdan, əlbəttə, İrandan ziyan görə bilərik, amma gərəkdir ki, buna imkan verməyək. Bu yöndə düzgün siyasət aparmalıyıq.

Qaldı ki, İranın Yaxın Şərqdə ciddi oyunçuya çevrilməsinə, bu müstəvidə məsələlər göründüyündən daha mürəkkəb və həm də çox sadədir. İndiki mərhələdə İran ö
z ətrafında geostrateji şiə kəməri yaratmağa çalışır. Ona görə də ətrafdakı bütün şiə hərəkatlarını, şiə dövlətlərini və şiə qiyamlarını dəstəkləyir. İraqdır, Yəməndir, Suriyada Əsəddir və s. İran bu məqsədinə çatacaq, çatmayacaq – demək çətindir. Mənə elə gəlir ki, İranın bu teogeopolitik planı gerçəkləşməyəcək. çünki İranın dünyada böyük dövlətlərdən bir dostu var, o da Rusiyadır. Rusiyanın da vəziyyəti o qədər də yaxşı deyil. Hazırda Qərb dövlətləri Rusiya ilə çarpışır. Əgər Qərb Rusiyaya üstün gəlsə, İran Qərbin qabağında təkbətək qalacaq və nəticədə bayaq qeyd etdiyimiz planı həyata keçirtməyə gücü çatmayacaq. Yox, əgər Qərb Rusiyanı küncə qısnaya bilməsə və Rusiya öz iddialarına sadiq qalıb imperial siyasətini davam etdirsə, onda çətin olacaq. Belə variantda İran nəzərdə tutduğu şiə zolağını möhkəmləndirməkdə israrlı olacaq. Yəni Rusiyanın yaxın illərdə düşə biləcəyi durum İranın xarici siyasət vektoruna ciddi şəkildə təsir edəcək.

-Son on ildə Türkiyə Yaxın və Orta Şərq bölgəsinin əsas simalarından biri olmaq funksiyasını itirməyə başlayıb. Daha çox Ərdoğan hakimiyyətinin bərəkəti sayəsində. Və bu səhnədə Türkiyənin yaratdığı boşluğu İran daha güclü şəkildə tutmağa başlayıb. Nədən belə oldu? Türkiyə niyə arxa plana keçdi?

-Mənə elə gəlir ki, Türkiyə uduzmayıb. Məsələ burasındadır ki, Suriya daha rasional siyasət yeridir. Yəni lazım olan işləri görür, lazım olmayanları etmir. Tutaq ki, İran bunu rəsmən dansa da, ancaq dəqiq faktdır ki, Yəmən üsyançılarına kömək edir. Yəmən İranın nəyinə lazımdır? Yəmən iqtisadi və strateji cəhətdən İranın nəyinə lazımdır? Bu, inqilabi bir xasiyyətdir. Qabaqlar Sovet İttifaqı belə hərəkətlər nümayiş etdirərdi. Uzaqda, yaxında harda kommunist hərəkatı vardısa, onları qanadının altın alır, puldan tutmuş silaha qədər hər cür yardım göstərirdi. Yeri gəlmişkən, Sovet İttifaqını iflasa uğradan və sonda məhvə aparan əsas amillərdən biri də elə bu oldu. İndi də İran bu işlərlə məşğuldur. Bu baxımdan yanaşanda Türkiyə regionda artıq hərəkətlərə yol vermir və mən hesab edirəm ki, düzgün edir.

-Yəni demək istəyirsiniz ki, ideoloji eksportla məğul olan dövlət sistemləri ən nəhayətdə tükənib çökür?

-Bəli, elədir ki, var. Yəni ayağını yorğanına görə uzatmalısan da. Pulun, paran yoxdursa, nə edə bilərsən? Dövlət birinci növbədə öz xalqının mənafeyini düşünməlidir, öz xalqının qayğısına qalmalıdır.

-Faktiki olaraq, bu gün dünyada ən böyük gərginlik Ukraynada müşahidə olunur. Bu ölkədə Qərblə Rusiya vasitəli müharibə aparır. Sizcə, Ukraynadakı münaqişə Ukraynanın iki dövlətə parçalanması ilə nəticələnə bilərmi?

-Ukraynanın iki dövlətə bölünmə ehtimalı barədə heç nə deyə bilmərəm. Mənə elə gəlir ki, Rusiya ilk növbədə Krımı əldən verməməyə çalışacaq. çox güman ki, Rusiya Donbasdan əl çəkəcək. çünki bu ərazi artıq xarabalıqlar içindədir və orada ciddi bir şey də yoxdur. Bölgədəki rus əhalisi də artıq buradan köçüb gedir. Rusiyanın əsas fikri Krımı möhkəm saxlamaqdır. Lakin Ukraynanın iki yerə bölünəcəyi barədə dəqiq fikir demək çətindir. Hər halda, məndə elə bir fakt yoxdur.

-Yuxarıda şərh etdiyiniz goesiyasi proseslərin fonunda Rusiyanın Dağlıq Qabarağ münaqişəsinin həllində Azərbaycana qarşı yumşaq mövqe sərgiləməsi mümkün ola bilərmi?

-Mən Rusiyanın Azərbaycana münasibətində heç bir dəyişiklik görmürəm. Mətbuatda guya işğal edilmiş rayonlardan beşinin Azərbaycana qaytarılacağı barədə söz-söhbətlərin real əsası yoxdur. Hamısı da boş söz-söhbətlərdir.

-Qarşıdan parlament seçkiləri gəlir. Azərbaycan müxalifəti bu marafona hansı potensialla gedir və seçkilərdə qismən də olsa, pozitiv nəticələrə ümid edə bilərmi?

-Bu günki reallıqlar baxımından yanaşanda mən sözün klassik mənasında Azərbaycanda seçkilər havası görmürəm və həqiqi mənada azad, ədalətli və düzgün seçkilərin keçiriləcəyinə inanmıram, güman da etmirəm. Yenə də əvvəlki kimi teatr quracaqlar. Belə vəziyyətdə müxalifət nəyə ümid edə bilər? Müxalifət ona ümid edə bilər ki, yenə dünyaya qışqıracaq: “Burada biz də varıq! Gəlin, burda ədalətsizlik baş alıb gedir, bizə kömək edin!” Müxalifət bundan artıq heç nəyə nail ola bilməyəcək. Yəni indiki durum belədir. Amma qabaqda hələ vaxt var, bəlkə, nələrsə dəyişiləcək. Amma hələlik heç nə görünmür. Bu seçkilər də əvvəlki seçkiərin tayı olacaq.

-İndiki radikal müxalifət düşərgəsində iki güc mərkəzi var: Müsavat və AXC partiyaları. Bir zamanlar Müsavat partiyası Milli Şuranı tərk edərkən başqa bir nəşr üçün mənə müsahibə verərkən demişdiniz ki, “İndi ayrıldılar, amma nə zamansa yenə birləşəcəklər”. Yəni Müsavatla AXCP seçkiqabağı hansısa formatda birləşə bilərmi?

-Ola bilər… Əslində, bu meyl həmişə var. Hər iki partiya üzvlərinin mayası eyni xəmrədən yoğrulub, eyni mübarizə yolu keçiblər, eyni taleyi yaşayıblar. Belə olan halda niyə də birləşməsinlər? Ona görə də parlament seçkilərində onların birləşməsi təbiidir və lazımdır. Ola bilsin ki, yerlərin bölüşdürülməsində müəyyən fikir ayrılıqları meydana çıxsın. Amma əməkdaşlıq olacaq və mən buna tam şəkildə əminəm. Mən Müsavat partiyasını tərk etmişəm və bu barədə açıqlama vermək fikrində də deyiləm.

-Hər halda mən nə cəmiyyətdə, nə də müxalifətdə seçki dinamikası hiss etmirəm…

-çünki nə cəmiyyət qalıb, nə müxalifət qalıb, nə partiya qalıb. SSRİ yadındadırmı? Sosial psixologiya baxımından biz hələ də SSRİ-də yaşayırıq.

Söhbətləşdi: Fərzuq Seyidbəyli