Lragir.am, 02.05.2017
İranşünas, beynəlxalq problemlər və təhlükəsizlik məsələləri üzrə Ermənistan İnstitutunun eksperti Emma Beqicanyan İranın Dağlıq Qarabağ münaqişəsinə baxışı ilə bağlı erməni nəşrinə diqqətçəkən açıqlamalarla zəngin olan maraqlı müsahibə verib.
Strateq.az həmin müsahibəni oxucularına təqdim edir:
****
– İran XİN sözçüsü Bəhram Qasimi bildirib ki, Qarabağ münaqişəsinin nizamlanması üçün çoxlu amilin üst-üstə düşməsi lazımdır və bir ölkənin təşəbbüsləri yetərsizdir. O, həmçinin qeyd edib ki, nizamlamada həlledici amil xalqın iradəsi olmalıdır. İran nizamlamada vasitəçi rolu oynaya bilərmi?
– İran Qarabağ problemində vasitəçi rolu əldə etməyə həmişə cəhd göstərib. Türkiyə 1990-cı illərin başlanğıcında buna yetərincə qısqanclıqla yanaşırdı, hətta münasibətləri gərginləşmişdi. Amma sonradan İran deyil, Türkiyə Minsk qrupunun üzvü olarkən Ankara bir qədər sakitləşdi.
Hazırda, məncə, İranın maraqları tələb edir ki, Qarabağ müstəqil və yaxud Ermənistanın tərkibində olsun. Digər tərəfdən, şiə İran islam dünyasında liderliyə can atan bir ölkə kimi, şiə Azərbaycanın da maraqlarını saymaya bilməz. İran XİN sözçüsü faktiki olaraq vurğunu öz müqəddəratını təyin etməyə keçirir, bu isə, sözsüz ki, bizim maraqlarımıza cavab verir. İran paket həll uğrunda çıxış edir. Yəni İranın mövqeyi Ermənistanın mövqeyinə yaxındır.
– Moskva və başqa vasitəçilər nizamlamada İranın nüfuzunun artmasına yol verərmi?
– Bu cür bəyanatdan sonra Azərbaycan İranın müdaxiləsinə qarşı olacaq. Minsk qrupu həmişə diplomatik şəkildə bildirib ki, Moskvadan və yaxud Tehrandan qaynaqlanıb-qaynaqlanmadığına baxmayaraq, yaxşı nəticələrə aparırsa, istənilən təşəbbüsü salamlayır. Lakin İranın mövqeyi Azərbaycana sərfəli deyil. Ermənistan 90-cı illərdə bu cür mövqe ilə razılaşırdı, Azərbaycan isə yox. Bir-iki il əvvəl İranla münasibətlərdə bal ayı başlarkən, Bakı hətta Ermənistanı razılaşmamaqda ittiham edirdi, indi isə İranın mövqeyi Azərbaycanı açıq şəkildə qane etmir.
– Mayın 19-da İranda prezident seçkiləri olacaq. Ermənistan maraqları baxımından namizədlərdən hansı əlverişlidir?
– Bilirsiniz ki, 1600 namizəd irəli sürülmüşdü, lakin İnqilab Keşikçiləri Şurası altı nəfəri seçib – Həsən Ruhani, keçmiş sənaye və mədəniyyət nazirləri Mustafa Haşimi və Mustafa Mirsəlimi, Tehran meri Məhəmmədbaqir Qalibaf, keçmiş baş prokuror İbrahim Rəisi və vitse-prezident İshaq Cahangiri. İstənilən paylaşmada İran öz maraqlarından çıxış etməklə Ermənistanla münasibətləri korlamayacaq.
– Ruhani seçiləcəyi halda İran və ABŞ arasındakı sazişin saxlanması mümkündürmü?
– Ruhani indiyədək dedikcə uğurlu siyasət yürüdüb. Trampın anti-İran mövqeyi seçkilərin nəticələrinə təsir edə bilər, amma hesab edirəm ki, mühafizəkar namizədlər Ruhanini ötmək üçün kifayət qədər güclü deyillər. İctimai sorğularda hələlik Ruhani liderlik edir, Tehran meri ikinci yerdədir. İlk ictimai debatlarda vitse-prezident Cahangiri qalib gəlib. Mənə elə gəlir ki, o, sonradan Ruhaninin xeyrinə mübarizədən çəkilmək üçün namizədliyini irəli sürüb. Amma fikir var ki, əksi də baş verə bilər.
Tərcümə Strateq.az-ındır.