XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

13 İyul 2017 - 13:00

“Prezidentin ətrafında bəzi adamlar var ki, onlar oturduqları budağa balta vururlar” –Sabiq nazir

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri və partiya sədrinin keçmiş müavini, sabiq səfir və nazir Əli Nağıyev "Ölkə.Az” xəbər portalına müsahibə verib.

Həmin müsahibəni oxuculara təqdim edirik:

– Əvvəllər siyasətdə tez-tez görünürdünüz. Ancaq son zamanlar siyasətdən kənar qalmısınız. Buna səbəb nədir?

– Bilirsiniz, adam bir dəfə siyasətdən çəkildisə, yaxşı olar ki, bir daha ora qayıtmasın.

– Gələn il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçki ərəfəsi vəziyyəti necə qiymətləndirirsiniz?

– İlk növbədə qeyd edim ki, Azərbaycanda prezidentliyə çox adam iddialıdır. Yəqin ki, gələn il keçiriləcək prezident seçkilərində də bir neçə adam namizədliyini irəli sürəcək. Ancaq həmin namizədlərin arasında Prezidentliyə İlham Əliyevdən daha layiqlisini görmürəm. Mən bunu çox dəqiq əsaslandıra da bilərəm. Hələ mən rəhmətlik Heydər Əliyev sağ olarkən demişdim ki, Azərbaycan prezidentliyinə ən layiqli namizəd İlham Əliyevdir. Bu gün də bunu deyirəm. Ancaq çox təəssüf ki, Prezident İlham Əliyevin ətrafında bəzi adamlar var ki, onlar oturduqları budağa balta vururlar. Sözsüz ki, onların hamısı rədd olub getməlidir. Onlar bu milləti və dövləti uçuruma sürükləyənlərdir. Necə ki, bir "içi boş şfoner” olan nazir o boyda vəzifədə otura-otura nə qədər cinayətlər törətmişdi.

Mən bir daha təkrar edirəm ki, prezidentliyə iddialılar arasında İlham Əliyevdən layiqlisini görmürəm.

– Sonuncu dəfə Milli Şura prezidentliyə Cəmil Həsənlinin namizədliyini irəli sürmüşdü. Qalib gələ bilmədiyi üçün müxalifət içərisində nüfuzdan düşdüyü söylənilir. Siz necə düşünürsünüz?

– Bilirsiniz, necədir? Cəmil Həsənli təki indi oturduğu yerə layiq olsun. Mənim bu barədə fikirlərim də olub. Ancaq onun da, Əli Kərimlinin də İlham Əliyevlə müqayisədə prezident olmaq potensialı demək olar ki, sıfıra bərabərdir. Prezidenti gərək millət seçsin. Bu gün Azərbaycan seçicisinin neçə faizi Əli Kərimliyə səs verər? Mən hesab edirəm ki, heç bir faizə çatmaz.

– Niyə belədir?

– Çünki bu gün Azərbaycan əhalisinin mütləq əksəriyyəti Əli Kərimlini tanımır. Əli Kərimli özünü başqalarına yapışdırmamalı idi, özünü xalqa təqdim etməyi bacarmalı idi, oba-oba, kənd-kənd gəzib camaatı inandırmalı idi, düz mənəm, mənim dediklərimdir.

– Bir ara xəbər yayılmışdı ki, siz Milli Şuraya dəvət olunmusunuz. Bu nə qədər doğru xəbərlər idi?

– Əvvəla, mənim bir sifətim var, onu da Heydər Əliyevə tutmuşam. Daha o sifəti başqa istiqamətə döndərə bilmərəm. Mən 20 ildən çoxdur ki, siyasətin içərisindəyəm. Guya mən bilmirəm ki, kim mənim hansı sözümü necə qarşılayacaq? Mən hər şeyi gözəl bilirəm və heç kimdən qorxub çəkinmirəm. Hər bir sözümün müəllifi mənəm.

– Daha çox ölkədə olursunuz, yoxsa xaricdə?

– Bəli, mən ölkədəyəm, xaricə getmirəm.




Yuxarı Əvvələ Ana Səhifə