XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2015 - 13:46

Ukraynalı ekspert: “Rusiyanın sanksiyaları Türkiyədən daha çox özünə böyük təhlükədir”

Türkoloq Oles Kulçinski İstanbulla Kiyev arasındakı yolayrıclarında yaşayır, Türkiyə-Ukrayna münasibətlərini araşdırır və çağdaş türk yazıçılarının əsərlərini Ukrayna dilinə tərcümə edir. 

Bi-bi-si: Doğrudanmı siyasətçi Ərdoğanın tipajı Putinin tipajına uyğun gəlir?

Oles Kulçinski: Bu cür tutuşdurma bir müddət öncə düzgün olardı – Ərdoğanın Güllə (Türkiyənin keçmiş prezidenti-red.) tandemdə fəaliyyət göstədiyi vaxtlarda. Lakin bu, tamamilə səthidir. Niyə? Zahirən görünürüdü ki, Ərdoğan-Gül tandemi Putin-Medvedyev tandeminə uyğun gəlir. Lakin əslində bu, olduqca səthi baxış nöqtəsidir. Birincisi, Ədalət və inkişaf partiyasının (ƏİP) daxilində Ərdoğana qarşı müxalifət var. Bu müxalifət Əhməd Davudoğludur.   

Türk ənənəsində Xanı qurultay seçirdi. Lakin Xan yaxşı başa düşürdü ki, öz əyanlarından asılıdır. Yəni Ərdoğan Putin kimi təkbaşına diktator deyil. İkincisi, Ərdoğan ƏİP-in komandasının lideridir. Putin KQB və yaxud FSB klanlarını təmsil edirsə və yaxud təkbaşına diktatordursa, Ərdoğan komandanın güclü lideridir. Və burada bir haşiyəyə çıxmaq lazımdır. Marr kimi görkəmli bir dilçi var idi. O, dilçilikdə ona görə dəli oldu ki, Avropanın qrammatik kateqoriyalarını Şərq dillərinə uyğunlaşdırmaq istəyirdi. Lakin baş tutmadı. Nəticədə o, dəli oldu. Siyasətdə də bu cürdür – rus və yaxud Avropa kateqoriyalarını türk modelinə keçirmək olmaz. Əlbəttə, Tükiyədə demokratiya var. Lakin bu, başlanğıcını türk ənənələrindən götürən öz demokratiyalarıdır. Məsələn, türk ənənəsində Xanı qurultay secirdi, lakin o anlayırdı ki, qurultaydan asılıdır. Bəylər ona itaət edirdilər, lakin eyni zamanda nəzərdə tutulurdu ki, güclü lider oz komandası ilə hesablaşmalıdır.

– Ərdoğanın arxasında duran bu komanda nə komandadır?

– Türkiyənin tarixən iki inkişaf modeli var. Birincisi, başlanğıcını XX əsrdə Mustafa Kamal Atatürkdən götürür. Lakin hələ 60-cı illərdə türkçülük vektoruna qarşı müxalifət yarandı. Bu, Adnan Menderesin (1950-1960-cı illərdə Türkiyənin baş naziri) komandası idi. Menderes Türkiyə iqtisadiyyatını düzəltdi, lakin hərbi çevriliş baş verdi və onu asdılar. Menderes – Ərdoğan isə özünü Menderesin ardıcılı sayır – hesab edirdi ki, Türkiyədə dini eyniyyəti nəzərə almaq lazımdır. Lakin Türkiyənin Atatürkə qədər mövcud olmuş Osmanlı quruluşuna uyğun dini eyniyyəti. Əlbəttə, Osmanlı quruluşu müsəlman intibahını, üstünlük təşkil edən müsəlman icmasını, lakin eyni zamanda dini-etnik qruplar üçün geniş hüquqlar nəzərdə tutur. Həm Ərdoğan, həm də onun çevrəsi Osmanlı ənənələrini dirçəltmək, dini başlanğıcı Türkiyəyə qaytarmaq, lakin digər dini-etnik qruplarla bərabərhüquqlu formada qaytarmaq istəyən axını təmsil edirlər. Ərdoğan buna görə 20 il müddətində Ermənistanla bağlı addımlar atdı, Konstontinopol patriarxatına sayğı göstərdi, Roma papasının səfərini təşkil etdi və s.

Və son dərəcə maraqlı məqamlardan biri: əgər 20-ci illərin əvvəlindən bu axına qarşı türk millətçiləri durur və 60-cı illərdə çevrilişlər təşkil edirdilərsə, indi Suriya ətrafında durumla bağlı türk millətçiləri ilk dəfə Ərdoğana dəstək verdilər. Türk millətçilərinin lideri Dövlət Baxçalının son açıqlamalarından biri: “Biz bu halda ƏİP-i dəstəkləyirik”.

– Ərdoğanın avtoritarlığı nə dərəcədə uzağa gedir? Axı aydındır ki, Türkiyədə həm müxalifətə münasibətdə repressiyalar, həm də söz azadlığının məhdudlaşdırılması müşahidə olunur.

– Təkrar edirəm: bu avtoritarlığı heç bir halda putinizmlə yan-yana qoymaq olmaz. Bəli, Ərdoğan güclü, müəyyən dərəcədə avtoritar liderdir, lakin öz komandasının daxilindəki müxalifətin fikrini nəzərə almalıdır, hətta buna borcludur. İkincisi isə ölkə daxilindəki gerçək  müxalifəti nəzərə almalıdır. Məsələn, Cümhuriyyət Xalq Partiyası Türkiyənin iqtisadi quruluşuna baxışları ilə hakim partiyaya gerçək müxalifət təşkil edir. Ərdoğan bu müxalifətə qarşı heç bir təhdidli addım atmadı və onları həbsxanaya atmır. Eynisi türk millətçilərinə də aiddir. Türkiyədə müxalifət gerçəkdir və ölkə demokratik qanunlarla yaşayır. Belə ki, bunu iyunda baş tutmuş seçkilər zamanı gördük. Müxalifət kürd partiyası ilə birlikdə ümumilikdə səslərin 60%-ni götürdü. Lakin bu, artıq müxalifətin problemi idi ki, koalisiya haqda razılığa gələ bilmədilər və idarəçiliyi yenidən ƏİP-ə verdilər. ƏİP noyabrdakı son seçkilərdə isə dünyəvi cəmiyyətin böyük hissəsinin ona səs verməyinin hesabına 50% topladı. Yəni əhalinin bu hissəsi Ərdoğan tərəfdən təhlükə hiss etmir – ki Ərdoğan onları sıxışdıracaq, şəriət qanunları təyin edəcək.

– Türkiyə cəmiyyəti Suriyadakı böhrana necə yanaşır? Suriya ictimai diskussiyada önəmli mövzudurmu?

– Əlbəttə ki, bu, son dərəcə mühüm mövzudur. Türkiyənin apardığı siyasətə baxılsa, Qərbdə buna “yeni osmanlıçılıq” damğası vurulub. Tükiyədə bu termindən istifadə edilmir və bundan xoşlanmırlar. O, nəzərdə tutur ki, Türkiyə müəyyən bölgələri cəzb edən güclü oyunçular, liderlər sırasına daxildir. Yəni Türkiyə Osmanlı imperiyasına məxsus olmuş bölgələri cəzb etməlidir. Bunu Əhməd Davudoğlunun strategiyası təklif edir. Və əlbəttə ki, bu durumda Suriya nə zamansa Osmanlı imperiyasının tərkibinə daxil olmuş ən mühüm ünsürlərdən biridir. Bu strategiyaya Rusiyanın gerçəkləşdirməyə cəhd etdiyi hansısa bir orta əsr imperializmi – güc üsulları ilə digər ölkələri işğal etmək kimi yanaşmaq olmaz. Xeyr, nəzərdə tutulur ki, ölkə qonşu bölgələrdə iqtisadi və mədəni planda hökmranlıq edir. Bu halda Türkiyə öz nüfuzunu Balkanlara, Ukraynaya və əlbəttə, birinci növbədə İslam ölkələrinə yayır. Lakin eyni zamanda Avrointeqrasiya kursu dəyişdirmir. O, Avropaya gedir, çünki Avropa ölkəsidir. Yeni osmanlı strategiyası, bax, budur. Lakin Suriyadakı durumun özəlliyi daha nədədir? Türkiyədə 70-ci illərdən kürd terrorizmi fəaliyyətdədir. PKK-nın Rusiya ilə əlaqələri hamıya məlumdur. Lap çoxdan. Ərdoğan öz siyasəti ilə cəmiyyəti barışdırmağa çalışır. Yeri gəlmişkən, diktatorluq haqda suala qayıdaq – axı kürd xalqına ilk böyük imtiyazı o verdi. Əslində, onlara təhsil imkanı verdi və indi artıq Məclisə daxil olublar. Lakin təhdid kəsilmir. Həm də Rusiya Suriyaya müdaxilə edib kürd muxtariyyətini dəstəkləyərkən Türkiyə buna türk dövlətçiliyinə birbaşa təhlükə kimi yanaşır. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, Rusiyanın Türkiyədən quzeydə etdikləri – mən Krım və Donbass haqda danışıram – XXI əsr üçün inanılmaz səslənir, lakin bu, tam şəkildə Rusiyanın hans
ısa  məsihvari, utopik, III Roma haqda pravoslav ideyası kimi sərsəm ideyalara əsaslanmaqla Türkiyəyə qarşı apadığı XVIII-XIX əsrlərin müharibələrinə oxşayır. Yəni belə çıxır ki, Rusiya quzeydə Ukraynada Krıma daxil olmaqla Türkiyəyə qarşı hərəkata başladı, indi isə güneydə kürd hərəkatına dəstək verir. Həm də açıq şəkildə – Lavrov ki bildirib: “Biz kürdlərə silah tədarük edirik”. Türkiyənin müstəqilliyinə birbaşa təhdid yaradan silah.

– Türkiyənin Krıma görə mövqeyi çox da aydın deyil. Bir tərəfdən, Türkiyə hökuməti Krım tatarlarına dəstək verirdi, digər tərəfdən isə Rusiya yarımadanı ilhaq etdikdən sonra Krımla ticarəti davam etdirirdi.

– Ukraynada da uzun müddət başa düşmürdülər: necə yəni Türkiyə Krım tatarlarını müdafiə etmir?! Bu, birinci növbədə Suriya amili ilə izah olunurdu. çünki əslində, Türkiyə-Rusiya toqquşması artıq başlanmışdı, yəni Krım işğal edilmişdi, lakin bununla belə Türkiyə və Rusiya sıx iqtisadi əlaqələr saxlamağı davam etdirirdi. çünki başa düşürdülər ki, bu əlaqələr onlara Suriyada döyüşmək imkanı verir. Düşünürəm ki, son hadisələrdən sonra Krıma münasibətdə durum çox sürətlə dəyişiləcək. Bu, Türkiyə tərəfdən Krım probleminə məcburi göz yummaq idi. Türkiyə dərhal ik cəbhədə vuruşa bilməzdi. O cümlədən son seçkilərlə bağlı kəskin iqtisadi problemlər var idi. Türkiyə sabit iqtisadi durumu saxlamqdan ötrü Rusiya ilə sıx iqtisadi və diplomatik dostluq etmək məcburiyyətindəydi. İndi isə Rusiya tərəfdən təhlükələr ehtimaldan da irəli keçərkən Krım məsələsi ətrafındakı diplomatik oyunlar tezliklə bitəcək. Əslində, elə artıq bitib də. Aksyonov artıq bildirib ki, türk biznesi Krımdan getməlidir.

– Türkiyə Rusiyanın sanksiyalarına necə cavab verə bilər?

– Hər iki tərəfdən son açıqlamalar ondan xəbər verir ki, ölkələr münaqişəni söndürməyə və iqtisadi əməkdaşlığa qayıtmağa maraqlıdır. Hansısa bibaşa hərbi əməliyyatlar başlansa… Amma bu, Qiyamət günü, III dünya savaşı olardı. Bu, mümkünsüzdür. Lakin bu sanksiyalar nə deməkdir? Rusiya qazının 17%-ə qədərini Türkiyə alır. O bu qaz üçün başqa qaynaqlar da tapa bilər. Rusiya sanksiyaları Türkiyə üçün deyil, daha çox Rusiya üçün böyük təhlükə təşkil edir. Daha bir çalar isə Bosfordur. Ona görə də Rusiya üçün təhlükə daha çoxdur.

 

BBC.com. 03.12.2015