Deputat Vahid Əhmədov: “Bizdə çevik hökumət olmalıdır ki, gedən proseslərə çox ciddi nəzarət eləsin”
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, istiqlalçı-deputat Vahid Əhmədov “Yeni Müsavat” qəzetinə son günlərin aktual məsələləri ilə bağlı müsahibə verib.
Strateq.az tanınmış iqtisadçının həmin müsahibəsini öz öxucularına da təqdim edir:
– Vahid müəllim, “Günəşli” yatağında baş verən dəhşətli hadisə gündəmin əsas mövzusudur. çoxsaylı insan itkilərinə səbəb olan faciənin səbəbləri barədə müxtəlif rəylər səslənir. Siz uzun müddət hökumətdə çalışmısınız, kifayət qədər təcrübəniz var, bu sektora da bələdsiniz. Bu hadisə ilə bağlı məlumatlarınız, təxminləriniz nədən ibarətdir?
– Bu, çox ağır hadisədir. İlk olaraq millətimə başsağlığı verirəm, ölənlərin ailələrinə səbir diləyirəm. Mən uzun müddət bu işlərin içərisində olmuşam. Baş nazirin 1-ci müavini olanda rəhmətlik Qurban Abbasovla bir neçə dəfə Neft Daşlarında olmuşam, oranı gəzmişəm, baxmışam, yəni müəyyən məlumatlarım var. Məncə, baş verən hadisə küləyin həddən artıq güclü olması və qasırğa səviyyəsinə çatmasının, dalğanın 10 metrə yaxın qalxmasının nəticəsidir. İddialar səslənir, deyirlər burda digər dövlətlər, o cümlədən Rusiya tərəfindən təxribat ola bilər, ancaq mən bunu qəbul etmirəm. Əlbəttə, istisna da etmirəm, hər şey mümkündür. Amma mən əsas onun üzərində dayanıram ki, bu, təbii fəlakət, təbii faciədir. Azərbaycan dövləti bu faciədən çox böyük əziyyət çəkir. Hesab edirəm ki, orda işləyən FHN, SOCAR Neft Şirkəti, Sərhəd Xidməti və s. qurumların rəhbərləri birbaşa faciəni aradan qaldırılması prosesində iştirak ediblər, daha dəqiq məlumatları var. Mütəmadi açıqlamalar verilir, itkin düşənlər axtarılır. Məncə, Dövlət Neft Şirkətinin bu sahədə təcrübəsi həddən artıq böyükdür. Xoşbəxt Yusifzadəyə, digərlərinə də qulaq asdım, yəni lazım olan tədbirlər görülüb. Bu, taleyin qismətidir, görünür belə ağır faciədən qaçmaq mümkün deyilmiş.
ölənlərə Allah rəhmət eləsin! Dediyim kimi, təbii fəlakətlə yanaşı, digər ehtimalları da istisna etmirəm. Xüsusilə Azərbaycan prezidentinin “G 20” sammitində iştirakı və ordakı uğurlu çıxışından sonra Azərbaycanın dünya arenasına çıxması, iri dövlətlər arasında Azərbaycan dövlət başçısının uğurlu çıxışı, ola bilər, bəzi ölkələr tərəfindən müsbət qarşılanmayıb.
Həmçinin, Türkiyənin xarici işlər naziri və baş nazirinin Azərbaycana səfəri, aparılan danışıqlar, TANAP, TAP qaz layihəsinin 2018-ci ildən də əvvəl çəkilib istifadəyə verilməsi ətrafında danışıqlar, əlbəttə, bir sıra qonşu dövlətləri qane etmir. Bunun nəticəsi də ola bilər. Amma mən əlbəttə, bunu daha çox təbii fəlakət sayıram.
– Bu gün ölkə insanını narahat edən digər məsələ manatın taleyi ilə bağlıdır. Mərkəzi Bankın ehtiyatları xeyli azalıb, növbəti ildə nə gözlənilir?
– Bəli, Mərkəzi Bankın valyuta ehtiyatları kəskin azalıb. Devalvasiyadan qabaq hardasa 15 milyard manata yaxın ehtiyatlar var idisə, hazırda 6,2 milyard manata yaxın qalıb. Əlbəttə, bunun əsas hissəsi manatın məzənnəsinin qorunub-saxlanmasına sərf olunub. Mən belə səviyyədə manatın kursunun saxlanmasının tərəfdarı deyiləm. Əlbəttə, ehtiyatımız böyük miqdarda olsaydı, qoruyub-saxlamaq lazım idi. çünki bu, əhali üçün çox vacibdir. Amma gec-tez manat özünün bazar qiymətini almalıdır. Qonşu dövlətlərdə fikir verirsinizsə, milli valyutalar dəyərdən düşür, bir çoxları üzən məzənnə siyasətini həyata keçirir, kəskin devalvasiyaya gedir. Biz də 21 fevralda devalvasiyanın şahidi olduq, manat 34 faiz ucuzlaşdı. Bundan sonra da manat öz bazar qiymətini almadı.
Yenə də Mərkəzi Bank valyuta bazarına müdaxilə edib hər ay müəyyən qədər vəsait buraxır ki, manatı qorusun. Əlbəttə, bu, uzun müddət davam edə bilməz. Mən həmişə demişəm ki, manatın dəyəri birbaşa neftin qiymətindən asılıdır. Dünya bazarında neftin qiyməti kəskin aşağı düşür. Biz 2015-ci ilin dövlət büdcəsində neftin qiymətini 90 dollar götürmüşdük. Amma hal-hazırda neftin qiyməti 40 dollardan bir qədər artıqdır. 2016-cı ilin dövlət büdcəsində də neftin qiymətini 50 dollardan götürmüşük. Gedən proseslər onu göstərir ki, neftin qiyməti 50 dollar ətrafında qalarsa, bu, çox müsbət haldır. Yəni manatı müəyyən qədər qoruyub saxlamaq mümkün olacaq. Amma Mərkəzi Bankın ehtiyatları da tükənməz deyil, bu ehtiyatlar qurtarır. Bir ildə hardasa 60-70 faiz ehtiyat tükənib. Ona görə də tənzimlənən, üzən məzənnə siyasətini həyata keçirmək, yəni yumşaq devalvasiyaya getmək lazımdır ki, əhali bunu birdən-birə hiss eləməsin.
– Yəni 1 dollar-1,5 manata bərabər olmalıdır?
– Onu demək çətindir. ölkədəki iqtisadi proseslərə, qeyri-neft sektorunun inkişafına baxmaq lazımdır. Düzdür, son vaxtlar Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə əlaqədar müəyyən addımlar atılıb. Ancaq onların vergi tutumları çox aşağıdır. İstənilən dövlətin iqtisadi siyasəti o vaxt uğurlu sayılır ki, orda iki əsas prinsip yüksək səviyyədə qorunub saxlanır: birincisi, bank sisteminin yaxşı işləməsi, cəmiyyət qarşısında öhdəliklərini normal yerinə yetirməsi; ikincisi, sənayenin inkişafıdır. Bu iki sistem normal fəaliyyət göstərirsə, o dövlətdə heç vaxt problemlər olmur.
– Parlamentdəki çıxışlarınızda bir neçə dəfə Mərkəzi Bankı kredit faizlərinin aşağı salınması üçün banklara təsir göstərməyə çağırmışdınız. Nəticəsi olmadı…
– Məsələ bu gün də gündəmdədir. Bank sistemində islahatlar getməlidir. özü də birtərəfli yox, hərtərəfli qaydada. Faizlərin yüksək olması, əlbəttə, vaxtı keçmiş kreditlərin miqdarını kəskin artırıb, artıq 1,4 milyard manata gəlib çatıb. Bu gün ölkədə 42 bank fəaliyyətdədir, ancaq bu, çoxdur. Bankların nizamnamə kapitalları, dövriyyə vəsaitləri, likvidliliyi aşağıdır. O banklar öz aralarında müəyyən birləşmə əməliyyatını həyata keçirməlidir – Mərkəzi Bankın rəhbərliyi altında. İri banklar yaradılmalıdır, “Kapital Bank”, “Paşa Bank”, Beynəlxalq Bank kimi… Yəni bunl
arın kredit portfelləri böyük olsun ki, aşağı faizlə kredit verə bilsinlər. Bu gün əmanətləri 9-10 faizlə qəbul edirlər, amma 30-35 faizlə kredit verirlər. Bu, qəbul olunan hal deyil. 2,5 milyona yaxın insanın kredit borcları var, bu, çox böyük rəqəmdir. Mən bir sıra bankların rəhbərləri ilə görüşmüşəm, 21 fevral devalvasiyasından sonra bankların özünün də problemləri yaranıb. Banklara müəyyən yardımlar vermək olar. 2008-ci ilin krizis vaxtı cənab prezident xaricdən vəsait gətirilməsi barədə göstəriş vermişdi. O vaxt banklara müəyyən yardım edilsəydi, bu problem yaranmazdı.
– Yeni ildə hökumətin tərkibində yeniliklərin olacağını gözləməyə dəyərmi? ümumiyyətlə, siz islahatlara gediləcəyini güman edirsinizmi?
– Azərbaycan prezidenti oktyabr ayından başlayaraq bir sıra ciddi islahatlara start verib, o cümlədən vergi ilə bağlı qanunlar dəyişdirilib. Sahibkarlıq mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar göstərişlər verilib. 2016-cı ilin dövlət büdcəsini cənab prezident təsdiq etdi. Orda da hökumətin və bir sıra nazirlərin qarşısında çox ciddi problemlərin həlli üçün tapşırıqlar verib. Prezident fərmanında hökumətə səhmdar cəmiyyətləri arasında olan kredit borclarının tənzimlənməsi haqqında göstəriş var. Həmçinin kənd təsərrüfatı məhsullarına ayrılan subsidiyaların səmərəliliyinin və şəffaflığının artırılması ilə bağlı göstərişlər var. Eyni zamanda gömrük tariflərinin daxili bazara uyğunlaşdırılması, özəlləşdirmə prosesinin canlandırılması, əhalinin əmanətlərinin qorunması ilə əlaqədar müəyyən göstərişlər var. Hazırda əhalinin 30 min manata qədər əmanətləri sığortalanır, bu, az məbləğdir. O banklarda ki korporativ idarəetmə yüksək səviyyədədir, həmin banklarda istənilən məbləğdə qoyulmuş əmanət qorunmalıdır. Ona görə də dövlət başçısının atdığı addımlar, bu islahatlar davamlı olmalıdır.
– Hökumət prezidentin qərarlarına adekvat reaksiya verirmi?
– Müəyyən məsələlərdə verir. Ancaq daha çevik hökumət olmalıdır. Fikir verin, Rusiyada embarqolardan sonra hökumətin işləmə mexanizmi necə çevikdir. Bizdə də çevik hökumət olmalıdır ki, gedən proseslərə çox ciddi nəzarət eləsin, qiymət versin, bank, sənaye, ümumiyyətlə, qeyri-neft sektorunun inkişafına diqqət artırılsın. Yoxsa yaxın zamanlarda neftin qiymətinin artımı gözlənilmir.
– Demək 2016-cı il bizə yaxşı heç nə vəd eləmir…
– Yox, bizdə ciddi problemlər olan deyil, nə iqtisadi, nə də siyasi sahədə. Cənab prezidentin xarici siyasəti də uğurludur. Balans siyasətini qoruyub-saxlayır – istər Rusiya, istər Türkiyə ilə, bu, müsbət haldır. Daxildə də ehtiyatımız da kifayət qədərdir. Əgər hökumət prezidentin imzaladığı fərmandakı məsələləri yerinə yetirsə, problemimiz olmayacaq. Dövlət 2016-cı ilin büdcəsini təsdiq edəndə də yalnız iki investisiya layihəsini saxladı: TANAP, TAP layihəsi və Bakı-Qars dəmir yolunun çəkilməsi. Sosial layihələr də cənab prezidentin tapşırığı ilə saxlanıldı. Elə ciddi problem gözlənilmir. Amma çox şey bizim hökumətin işləməsindən asılıdır.
– İndiki situasiyada hökumətə kömək etmək istərdinizmi?
– Mən həmişə hökumətə kömək edirəm, fikirlərimi bildirirəm. Açığı, əksər fikirlərim də qəbul olunur. Harda olmağımdan asılı olmayaraq, mən həmişə kömək etməyə hazıram, çünki bizim hökumətimizdir. İqtisadiyyatımızın inkişafı üçün hökumətin əlindəki rıçaqlardan həmişə istifadə etmək lazımdır. Milli Məclisdə elə qanunlar qəbul etmək lazımdır ki, hökumət o qanunların icrası ilə məşğul olsun və Azərbaycan iqtisadiyyatının inkişafında müəyyən təkanlar yaransın. 2016-ci il yüngül il olmayacaq, həm iqtisadi, həm siyasi cəhətdən təlatümlü olacaq. Amma biz Azərbaycan dövlət başçısının apardığı daxili və xarici siyasətə nəzər yetirsək, ümid edə bilərik ki, gələn ili də uğurla başa vuracağıq.
– Parlamentdən söhbət düşmüşkən, deputat Naqif Həmzəyevin Məhəməd Əmin Rəsulzadəni təhqir etməsini necə qarşıladınız?
– çox pis. Mən belə şeyləri qəbul etmirəm. Belə məsələləri tarix öz yerinə qoyur. Məhəməd Əmin Rəsulzadə 1918-20-cü illərdə, 23 ay ərzində Azərbaycan hökumətində təmsil olunan şəxsdir. Dünyasını dəyişəndə də üç dəfə “Azərbaycan” deyib. O vaxt elə çətin bir vəziyyətdə müstəqil Azərbaycanın qurulmasında müstəsna xidmətləri olan Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cavad, digər görkəmli şəxsiyyətlərin qədrini bilmək lazımdır. Rəhmətlik Heydər Əliyev və indiki prezidentimiz İlham Əliyev də Rəsulzadə ilə əlaqədar fərmanlar, sərəncamlar veriblər, onun yubileylərini həmişə qeyd ediblər. Milli Məclisə seçilən hər bir millət vəkili başa düşməlidir ki, onu parlamentə seçiblər ki, Azərbaycan xalqının mənafeyini müdafiə etsin, Azərbaycanın müstəqilliyini qoruyub-saxlamaq üçün addımlar atsın. Azərbaycanın müstəqilliyinə xələl gətirən çıxışlar etməsin. Mən Azərbaycanın müstəqilliyinə səs verən adamam, istiqlalçı deputatam. Belə insanlar ümumiyyətlə Milli Məclisdə təmsil olunmamalıdır! Belələri Milli Məclisə layiq insanlar deyil! İkincisi də, bəziləri elə fikirləşirsə ki, əyalətdən Bakıya gəlib, ordakı danışıq qabiliyyətini paytaxtda da, Milli Məclisdə də aparmaq olar. Ancaq Milli Məclis siyasi arenadır, burda bütün danışıqlara fikir vermək lazımdır. çünki bütün beynəlxalq aləm Milli Məclisi izləyir.
– Hüquq müdafiəçisi Leyla Yunusun azadlığa çıxması Azərbaycanı təhdid edən bəzi problemlərin – xüsusilə də məhbuslarla bağlı – həllini tapacağına ümid yaradıb. Milli barış və əfvlə bağlı siz nə demək istərdiniz?
– Dövlət başçımız mütəmadi olaraq əfv fərmanları imzalayır. Leyla Yunusun məhkəmə zalından azadlığa buraxılması digər şəxslər barədə də humanist qərarların qəbul olunacağına inam yaradır. Heç kim istəməz ki, kimsə siyasi fikirlərinə görə azadlıqdan məhrum edilsin. Amma kim ki, ağır cinayət hadisələri törədib, əlbəttə, cinayət cəzasız qala bilməz. İndiki dövrdə ölkədə ümummilli barışa, anlaşmaya ehtiyac var. Biz nə qədər güclü, iqtisadi cəhətdən inkişaf etmiş dövlət olsaq da, Azərbaycanın müstəqilliyini qorumağımız üçün daxildə çox ciddi barışığa nail olmalıyıq. Son vaxtlar prezidentin köməkçisi Əli Həsəno
vun atdığı addımlar, müxalifətlə müəyyən danışıqların getməsi müsbət hallardır, bu işlər davam etdirilməlisir. Məsələnin müsbət tərəfi budur ki, dövlət də ölkədə ciddi problemlərin yaranmaması üçün çalışır…
Elşad PAŞASOY
“Yeni Müsavat” qəzeti