XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Avqust 2017 - 09:30

Fransa səfiri xanım Orelia Buşez:“Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına dəstək göstərməyə hazırdır” - MÜSAHİBƏ

Azərbaycan Avropa İttifaqının ən önəmli ölkələrindən olan Fransa ilə münasibətlərə hər zaman xüsusi diqqətlə yanaşıb. Digər tərəfdən, Fransa Qarabağ nizamlanmasında vasitəçilik missiyası həvalə olunan ATƏT-in Minsk qrupunun həmsədri kimi ölkəmizdə daim diqqət mərkəzində olub.

Bütün çətinliklərə baxmayaraq, Bakı və Paris münasibətləri yüksək səviyyədə saxlamağa çalışırlar. İkitərəfli əlaqələrin inkişafı hər iki ölkə üçün böyük töhfə verir. Bu il Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin yaradılmasının 25 ili tamam olub. Bu müddət ərzində ölkələrimiz müxtəlif sahələrdə uğurla əməkdaşlıq ediblər.

Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez Strateq.az-a müsahibəsində ölkələrimiz arasındakı mövcud əlaqələrin inkişaf perspektivindən, Parisin Qarabağ nizamlanmasında oynadığı roldan, Azərbaycan barədə təəssüratlarından söz açıb.

– Hörmətli Xanım Orelia Buşez, iki ildir ki, Azərbaycanda səfir kimi çalışırsınız. Özünüz barədə bir qədər məlumat verə bilərsinizmi? Diplomatik karyeranız necə formalaşıb?

– Fransanı Azərbaycanda təmsil etməkdən çox məmnunam. Digər səfirlər kimi, əvvəlki vəzifələrdə qazandığım təcrübə köməyimə gəlir, baxmayaraq ki, hər ölkənin ayrılıqda özünə məxsus fərdi xüsusiyyətləri var.

Avropa İttifaqında (Aİ) çox yaxşı təcrübə qazanmışam. 2011-2014-cü illərdə Qazaxıstanda səfir, Aİ nümayəndəliyinin rəhbəri olmuşam. Ondan əvvəl isə, 2004-cü ildə Aİ-nın genişlənməsi dövründə Fransa Xarici İşlər Nazirliyinin Avropa İttifaqı İdarəsinin direktor müavini vəzifində işləmişəm. Məhz elə bu səbəbdən də bu qurum və Azərbaycan arasında yeni əməkdaşlıq müqaviləsi danışıqlarını böyük diqqətlə izləyirəm.

Həmçinin, Xarici İşlər Nazirliyinin MDB idarəsinin direktor müavini, ondan əvvəl isə – 2000-ci ilin əvvəllərində, Fransanın Moskvadakı səfirliyində siyasi müşavir vəzifəsində çalışmışam. Bu, şübhəsiz ki, Fransa üçün bu bölgədəki məqsədlərə dair mənə yaxşı təsəvvür verir, Avropa və Asiyanın kəsişməsində Azərbaycannın coğrafi mövqeyinin təsirini, Transxəzər əlaqəsinə  marağı daha yaxşı mənimsəməkdə kömək edir.

Karyeram dövründə  iki dəfə NATO-nun Brüsseldəki qərargahında çalışmışam. Mən təhlükəsizlik məsələlərinin əhəmiyyətini anlayır və Azərbaycanın çoxşaxəli xarici siyasətini bəyənirəm.

– Bu il Azərbaycanla Fransa arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olub. Bu illər ərzində iki ölkə arasında münasibətləri necə qiymətləndirmək olar?

– 2017-ci il özlüyündə bizim 25 ildən sonra hazırki əlaqələrimizin simvoludur. Bu il mühüm anlarla zəngindir, onlardan 3-nü sizə misal göstərəcəyəm – martın 14-də prezident İlham Əliyevin Fransaya rəsmi səfəri, TOTAL-ARDNŞ əməkdaşlığının 20 illik yubileyi  və yarandığı ilk ildən Fransız-Azərbaycan Universitetinin çox böyük müvəffəqiyyəti.

Münasibətlərimizin bir çox güclü rəmzləri, həyata keçirdiyimiz konkret işlər, bizi gələcək 25 ildə daha yaxşı işlər görməyə həvəsləndirir. Görürsünüzmü, əsrin dörddə birində çox işlər görülüb, əlaqələrimiz genişlənib və çoxşaxəli olub. Bu üç komponentlərdən hər biri – siyasi, iqtisadi, və təhsil – dərinləşib, zənginləşib. Ölkələrimiz arasında bütün səviyyələri əhatə edən siyasi dialoq mövcuddur. Bu, iki ölkə prezidentinin illik və xarici işlər nazirlərinin ildə bir neçə dəfə görüşlərindən tutmuş yüksək vəzifəli dövlət qulluqçularının məsləhətləşmələrindən ibarətdir. Bu yeni, illik məsləhətləşmələr formatının açılışını bu ilin aprel ayında kontinental Avropa İdarəsinin direktoru və xarici işlər nazirinin müavini edib. Bütün səviyyələrdə olan bu intensiv kontaktlar çox qiymətli olan qarşılıqlı inam münasibətini saxlamağa, bütün növlərdən olan, hətta ən həssas problemləri, regional təhlükəsizlik məsələləri və ya hüquqi dövlətin gücləndirilməsi kimi mövzuları müzakirə etməyə imkan verir.

Yeri gəlmişkən onu da qeyd edim ki, Xarici İşlər Nazirliyimiz sizin İqtisadiyyat Nazirliyinizlə iki ölkənin qardaşlaşma müqaviləsi bağlamış şəhərləri arasındakı əlaqələri və əməkdaşlığı dəstəkləyir. 2016-cı ilin may ayında 30-a yaxın fransız şirkət təmsilçilərinin çox müvəffəqiyyətli səfərindən sonra, bu ilin mart ayında prezident Əliyevin iştirakı ilə MEDEF-in Parisdəki iclasında biz bir daha fransız müəssisələrinin Azərbaycana göstərdiyi böyük marağın şahidi olduq.

Azərbaycanda əlliyə yaxın  fransız şirkəti  fəaliyyət göstərir, amma Azərbaycanın  güclü  iqtisadi potensialını  və iqtisadiyyatının həyata keçirilməkdə olan diversifikasiyasını nəzərə alsaq, onların sayı daha çox ola bilər. Mən çox xoşbəxtəm ki, bizim müəssisələr Azərbaycanın prioritet saydığı sektorlarda fəaliyyətdədirlər, nəqliyyat və turizm, həmçinin Avropa təchizatının çoxşaxəli olmasına töhfə verə biləcək Cənub Qaz Kəməri buna misal ola bilər.

2017-ci ilin dərs ili Fransa-Azərbaycan Universitetin fəaliyyətində yeni mərhələ olacaq. Onun əla təmir olunmuş binası ötənilki 140 tələbəyə əlavə olaraq yeni qəbul olmuş tələbələri qəbul edəcək və burada 200-dən çox tələbə olacaq. Onlar kimya, geofizika, elektromexanika və neft ixtisaslarə üzrə təhsil alacaq. Tədris Strasburq və Ren universitetləri ilə Neft və Sənaye Universiteti arasındakı diqqətəlayiq əməkdaşlıq sayəsində həyata keçiriləcək.

Bununla yanaşı, Bakı Fransız Liseyində fransız modeli əsasında baxçadan universitetədək tam təhsil verməkdən çox məmnunuq və bunun üçün Azərbaycanın müvafiq hökumət orqanlarına, xüsusən də Prezidentə və xanım Birinci vitse-prezidentə, həmçinin təhsil nazirinə, etimada və onların tam dəstəyinə görə təşəkkürümü bildirirəm. Bu təhsil səyi, fransız dili və mədəniyyətinin geniş  təşviqi kontekstində özünəməxsus yer tutur. Azərbaycan Fransız İnstitutunun (İFA) inkişafını, bu ilin yazında frankofoniya həftəsinin müvəffəqiyyətlərini, iyulun 1-də Bakının küçələrində Musiqi Bayramının kütləvi böyük müvəffəqiyyətini görməkdən xoşbəxtəm.

– Yeni prezident cənab Makronun Azərbaycan-Fransa münasibətləri ilə bağlı siyasəti necə qurulacaq? Hansısa yeni ştrixlər və dəyişikliklər gözlənilirmi?

– Prezident Makron regiona və onun problemlərinə yaxşı bələddir və Prezident Fransanın bütün sahələrdə oynadığı rola çox bağlıdır. Beləliklə, son illərdə ikitərəfli əlaqələrin yüksək olan müsbət dinamikasını Prezidentin mandatı dövründə daha da güclənməsini görə biləcəyik. Siyasi dialoqdan və iqtisadi əlaqələrdən savayı, mədəniyyət və universitetlərarası və yaxud da əks-mərkəzləşmə sahəsində yeni əməkdaşlıq istiqamətləri açmışıq və iki ölkənin bu sahələrdə daha da irəliləyəcəyinə heç şübhə etmirəm. Həmçinin Fransa Prezidentinin Fransanın dəstəyinə əsaslanan və Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin möhkəmlənməsində əksini tapan Avropa lahiyəsini yenidən canlandırmaq üçün göstərdiyi iradəni qeyd etmək istərdim. 

– Fransa üçün Azərbaycanla əlaqələrdə hansı prioritetlər üstündür?

– Bizim prioritetlərimiz sülh, firavanlıq və inkişaf ətrafında cərəyan edir və bu üç element bir-birilə bağlıdır. Buna görə biz Minsk Qrupunun həmsədri kimi, qətiyyətlə sülh naminə fəaliyyətimizi davam etdiririk. Yüksək səviyyədə olan siyasi dialoq Xəzər regionunun sabitliyini təhlükəyə ata biləcək təhdidlər haqqında fikir mübadiləsi aparmaq üçün əhəmiyyətlidir və diqqət xüsusilə terror risklərinə yönəlib. İqtisadi islahatların davamı və Prezident Əliyevin 2016-cı ildə başladığı iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanda fransız sərmayəsi qoyuluşunu asanlaşdırmaq üçün prioritetdir və Fransa buna dəstəyini göstərməyə hazırdır.

Ümid edirik ki, Avropa İttifaqı ilə tərəfdaşlıq anlaşması tezliklə razılaşdırılacaq. Həmçinin Açıq Tərəfdaşlıq dialoqu ilə başlanan islahatlar biznes mühitini yaxşılaşdırmalı və ölkəni cəlbedici etməlidir. İstər gənc nəsilə uyğun iş tapmağa imkan verən təhsil sahəsində, istərsə də azərbaycanlı həmkarlarımızla sıx əməkdaşlıq edərək dövlət işinin və sosial sistemin yaxşılaşdırılması sahələrində inkişafa dəstək vermək bizim prioritetlərdən biridir. Biz, Azərbaycan xalqı kimi, fransız xalqına əziz olan universal dəyərlərə uyğun olaraq demokratik inkaşafa dəstək verməkdə davam edəcəyik. Öncədən şadam ki, 2018-ci ildə 3-cü Fransız Respublikasına yaxın olan və bu baxımdan Azərbaycana dəyərli irs qoyub gedən 1-ci Xalq Respublikasının 100 illik yubileyi qeyd ediləcək.

– Yuxarıda dediyiniz kimi, hazırda respublikamızda 50-yə yaxın fransız şirkəti fəaliyyət göstərir və bildiyimə görə, ticarət dövriyyəsi iki milyard dollara yaxındır. Amma fransız müəssisələri əsasən neft və neft məhsullarının istehsalı sektorlarında fəaliyyət göstərirlər. Azərbaycan qeyri-neft sektorunun inkişafı ilə bağlı son qərarları Fransanın tanınmış şirkətlərinə ölkəmizdə sərmayə qoymaq üçün hansı imkanları açır?

– Fransa şirkətləri enerji (TOTAL), nəqliyyat (Alstom, Thales, IVECO, SYSTRA), ətraf mühit (SUEZ CNİM), kənd təsərrüfatı və qida (LACTALIS, DANONE), mehmanxana işi (ACCOR), bank biznesi (SOCIETE GENERALE), aviasiya və kosmik (AİRBUS, THALES) kimi əsas sahələrdə fəaliyyət göstərirlər. Bu yaxınlarda, bizim şirkətlər əhəmiyyətli müqavilələr qazanıb. AXENS-in Azərbaycanın neft-kimya kompleksi GPC layihəsi çərçivəsində butilen istehsalı üçün lisenziyanın əldə olunması və ya THALES-in Bakı aeroportunda hava nəqliyyatının idarə edilməsi mərkəzinin yaradılması layihəsini misal göstərmək olar. Mən xüsusilə nəqliyyat sahəsində bizim əməkdaşlığımızın dəstək qazandığını vurğulamaq istəyirəm. IVECO Bakıya avtobuslar gətirib və ALSTOM Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Azərbaycan hissəsini 50 lokomotivlə təmin edəcək. İlk çatdırılma bu il üçün planlaşdırılır.

Fransa Azərbaycan üçün yalnız əhəmiyyətli ticarət tərəfdaşı deyil, həmçinin ölkədə on xarici investordan biridir. Bizim investisiyalar əsasən karbohidrogen və müəyyən mənada tullantıların çeşidlənməsi sahəsində cəmlənib (Bakıdakı bərk məişət tullantılarının yandırılması zavodu). Bilirsiniz ki, qaz sektorunda, əsas əməkdaşlıq ARDNŞ və TOTAL arasında Abşeron qaz yatağının istismarı üçün yaradılıb. 2017-ci ilin may ayında "Caspian Oil and Gas"ın sonuncu sərgisində elan edildiyi kimi, bu sahəyə mühüm investisiyalar qoyulacaq. Onu da vurğulayım ki, TOTAL ölkədə öz fəaliyyətini genişləndirməyə hazırdır, "Ümid" və "Babək" qaz yataqlarının gələcək istismarına xüsusilə maraqlıdır.

Fransa şirkətlərinin investisiyası üçün çox perspektivli olan başqa bir sahə isə nəqliyyatdır. 2017-ci il may ayında Fransanın Azərbaycandakı Ticarət Palatası tərəfindən təşkil olununan nəqliyyat və logistika üzrə seminar zamanı, bir çox fransız şirkətləri öz bacarıqlarını təqdim edib və bəziləri Azərbaycanda investisiya imkanlarını öyrənməyə maraqlarını təsdiqləyib. Ölkənin əhəmiyyətli nəqliyyat layihələri, məsələn, Ələt limanı, dəmir yolu xəttləri bizim şirkətlər tərəfindən diqqətlə izlənilir. Dəmir yollarına qulluq üçün 110 milyon avrodan çox maliyyə dəstəyi göstərən Fransa İnkişaf Agentliyi (FKA) Şərq-Qərb dəmir yolunun inkişafına öz töhfəsini verəcək. Əlbəttə ki, fransız şirkətləri Azərbaycan hakimiyyəti tərəfindən müəyyən edilmiş iqtisadiyyatın şaxələndirilməsinə öz dəstəklərini göstərməyə hazırdır.

Həmçinin qeyd edim ki, Prezident İlham Əliyev tərəfindən qeyri-neft sektorunun inkişafı üçün müəyyən edilmiş iqtisadi islahatların başlamasından sonra daha əksər kiçik və orta fransız şirkətləri Azərbaycan bazarının təklif etdiyi inkişaf imkanları ilə maraqlanırlar. Uyğunlaşmış xidmətlərdən savayı, onlar keyfiyyətli avadanlıqlar da təklif edə bilərlər. Məsələn, şərab anbarları, ticarət mərkəzləri üçün daxili memarlıq elementləri və s. Fransa əksər sahələrdə, məsələn, kənd təsərrüfatı və qida sahələrində beynəlxalq səviyyədə təcrübəyə malikdir. Beləliklə, fransız şirkətlərinin bilik-bacarıqlarını və fransız kamilliyini beynəlxalq bazarlarda təşviq edən operatorumuz "Business France"ın himayəsi altında, şərabçılıq və üzümçülük üzrə çoxlu fransız şirkətlərdən ibarət olan nümayəndə heyəti 2017-ci il may ayında Prezident Ilham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən açılmış "Caspian Agro 2017" sərgisində  iştirak etmək üçün Bakıya səfər edib. Bu münasibətlə Kənd təsərrüfatı nazir müavini Seyfəddin Talıbovun iştirakıyla seminar təşkil olunub. Fransız şirkərlərinin bu səfəri bizim kənd təssərüfatı şirkətləri arasındakı əlaqələrimizi gücləndirməyə imkan verdi. Azərbaycan iqtisadiyyatının diversifikasiyasını gücləndirmək üçün hökümət tərəfindən bu sahə prioritet müəyyən edilib.

– Bilmək istərdik, Fransa biznesi üçün Azərbaycan nə qədər cazibədardır?

– Son illərdə Azərbaycan qanunvericiliyi investisiyaya dəstək vermək üçün əhəmiyyətli dərəcədə inkişaf dövrü keçib. Ölkə xarici investorların cəlbi üçün zəruri olan əksər hüquqi bazaları qəbul edib. Azərbaycan sərmayələrin qarşılıqlı qorunması haqqında çoxsaylı ikitərəfli sazişlər və ikiqat vergitutmanın aradan qaldırılmasına dair konvensiyalar imzalayıb. Yeri gəlmişkən, Azərbaycan və Fransa arasında bu sayaq ikitərəfli sazişlər var. Ölkənin üzləşdiyi iqtisadi çətinliklər islahat aparmaq iradəsini gücləndirir. 2016-ci il yanvarın sonunda Davosda Prezident İlham Əliyev böhranı "islahatlar imkanı" kimi təqdim etdi. Bu rəsmi çıxış biznes mühitini xeyli şəkildə yaxşılaşdıran konkret tədbirlərlə müşaiyət olunub. Bu baxımdan, gömrük sisteminin sadələşdirilməsi və şəffaflığın artırılması nümunəvi xarakter daşıyır. Əlbəttə ki, ASAN tərəfindən vizaların verilməsini təmin edən yeni sistem Fransa iş adamlarına daha asanlıqla səfər etməyə imkan verir, ölkənin cəlbediciliyinin artırılmasına təkan verir. Nəhayət, sənaye parklarında verginin yüngülləşdirilməsi kimi tədbirlər bu layihələri xüsusən cəlbedici edir. Ələtdəki azad iqtisadi zona xüsusilə nəqliyyat sahəsində şirkətlərimizin diqqət mərkəzindədir.

– Fransa ATƏT-in Minsk Qrupunun həmsədridir. Bu missiya barədə rəylər birmənalı deyil. Bir çox siyasi müşahidəçilər Minsk Qrupunun münaqişənin həlli ilə bağlı apardığı işi qənaətbəxş hesab etmir və ciddi tənqidlər səsləndirirlər. Fransa üçün də bu baxımdan asan deyil. Nəzərə alsaq ki, Fransada ermənilərin çox güclü diasporası var. Odur ki, rəsmi Parisə yönəlik tənqidlər barədə nə deyə bilərsiniz? Fransa Qarabağda “sülh resepti"ni necə görür?

– Düşünürəm ki, bunlar Minsk Qrupunun missiyasının çətinliyini göstərir və xatırlatmaq istərdim ki, onun missiyası münaqişə tərəflərinə dialoq qurmaq və beynəlxalq hüququn əsas prinsipləri çərçivəsində problemin həlli prosesi üzərində anlaşmaya kömək göstərməkdir. Müharibənin şokuna və cəbhə xəttində, əfsuslar olsun ki, ölümlə nəticələnən silahlı insidentlərin tez-tez baş verməsinə baxmayaraq, Minsk Qrupu həmişə nazirlər və ya prezidentlər səviyyəsində Ermənistanla Azərbaycan arasında kommunikasiya kanallarının açıq qalmasına nail olub. Brüsseldə iyul ayının 11-də nazirlər arasında görüş baş tutub və ümid edirik ki, dövlət başçıları bu ilin sonunda yenidən görüşə biləcəklər. Əlbəttə ki, vasitəçilər və hər iki ölkənin səmimi dostu kimi, biz çox arzulayırıq ki, bu dialoq münaqişənin həllinə gətirib çıxartsın. Əfsuslar olsun ki, bu, hələ də baş verməyib. 

Biz vasitəçi missiyamızı əvvəlkindən daha qətiyyətlə davam etdirmək qərarındayıq, cünki inanırıq ki, nə status-kvonun, nə də silahlı münaqişənin davam etdirilməsi cıxış yolları deyil. Azərbaycanın milli bayramı münasibətilə Prezident Əliyevə ünvaladığı təbrik məktubunda Prezident Makron bu mesajı çatdırmaq istəmişdi.  

Mən düşünmürəm ki, mürəkkəb və ağrılı olan Dağlıq Qarabağ kimi münaqişənin həlli üçün bir resept olsun. Ədalətli və davamlı həlli tapmaq üçün ilk öncə tərəflər beynəlxalq hüquq prinsipləri çərçivəsində çalışmalı və qarşılıqlı komromislə razılaşmalıdırlar. Bizim vasitəçi missiyamız “resepti” məcbur etdirmək deyil, biz elə etməliyik ki, dialoq məsələnin həllinə nail olmağa imkan versin.

– Xanım Buşez, ölkəmizlə tanış olmağa vaxtınız olurmu, Bakı və Azərbaycan haqqında hansı təəssüratlarınız var?

– Azərbaycanda yaşamaqdan çox xoşbəxtəm. Bakının memarlıq zənginliyi regionlarda  mənzərələrin müxtəlifliyi kimi füsunkardır və  təbii ki, ölkə turizmin qeyri-adi inkişafının əsas səbəblərdən biridir. Azərbaycanlıların mehriban və qonaqpərvər olmasını, eləcə də milli mətbəxini və gözəl xalçalarını çox bəyənirəm. Əhalinin bir hissəsi iqtisadi böhranla üzləşdiyindən, gündəlik həyatlarının asan keçməməsinə baxmayaraq, bütün azərbaycanlılar, zənnimcə, səmimi və mehribandırlar. Onların hər biri öz sahələrində mültikulturalizm və hörmət bəslədiyim Azərbaycanın dini tolerantlıq siyasətini tətbiq edirlər.

 

Laçın SƏMLA

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə