XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2017 - 15:50

Sülhəddin Əkbər:“ABŞ-da bilirlər ki, bu “şeytan oxu”nun arxasında Rusiya dayanır” – MÜSAHİBƏ

Şimali Koreya ətrafında yaranan son situasiya ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin sabiq birinci müavini, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər teleqraf.com sytına müsahibə verib.

Strateq.az həmin müsahibəni oxucularına təqdim edir:

 

– Sülhəddin bəy, Şimali Koreya ətrafında yaranan situasiya sanki daha çox söz oyununa bənzəyir. Hər gün bu ölkəni hədələyirlər və Pxenyan da az qala hər gün onlara cavab verir. Bu mənada Şimali Koreya ətrafında yaranan son durumu necə şərh etmək olar?

– Şimali Koreyanın nüvə proqramı ətrafında nə baş verdiyini tam analiz edib qiymətləndirmək üçün biz, ilk növbədə, 1990-cı illərin sonunda bağlanan məxfi Dehli anlaşmasına diqqət etməliyik. Həmin anlaşmaya görə, Rusiya dəniz hakimiyyəti – talassokratiya əsasında geopolitik siyasət aparan dövlətləri Avrasiyanın mərkəzinə buraxmamaq üçün kənar qurşaqda – rimlənddə yeni nüvə dövlətlərinin yaradılmasını nəzərdə tutur. Yəni ABŞ və müttəfiqlərini “Avrasiyanın ürəyi”nə – hartləndə buraxmamaq məqsədilə bu addım atıldı. “Avrasiyanın ürəyi” dedikdə isə biz, Mərkəzi Asiya da daxil olmaqla, əsasən keçmiş SSRİ-nin ərazisini, – Azərbaycan da bura daxildir, – nəzərdə tutmalıyıq. Hazırda bu ərazilər Rusiyanın geopolitik və geostrateji nəzarətindədir. Kim dünya liderliyi iddiasındadırsa, “tarixin coğrafi oxu” adlandırılan Mərkəzi Asiyaya nəzarət etməlidir. Rus dərin dövləti bu nəzarəti əldən verməmək, ABŞ-ın qlobal liderliyinin qarşısını almaq üçün kənar qurşaqda yeni nüvə dövlətlərindən ibarət “keçilməz qurşaq” yaratmağa başladı. Şimali Koreya və İranın nüvə proqramları bu konsepsiya əsasında ortaya çıxdı. Sonradan Çin də bu konsepsiyanı dəstəklədi. Bu, geopolitik meqaprojedir. Bunu anlamadan İran və Şimali Koreyanın nüvə proqramını, bu ölkələr ətrafında baş verən prosesləri analiz edib qiymətləndirə bilməyəcəyik.

İkincisi, niyə ABŞ sanksiyalar qəbul edərkən Rusiya, İran və Şimali Koreyanı birləşdirdi, onlara qarşı embarqoları eyni qanun layihəsində qəbul etdi? Çünki bu məsələnin kökündə yuxarıda qeyd etdiyim məqam dayanır. ABŞ-da bilirlər ki, bu “şeytan oxu”nun arxasında Rusiya dayanır.

Əgər xatırlayısınızsa, mən deyirdim ki, dünyada və regionda geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub, geopolitik sınma xətləri indi cəbhə xətlərinə çevrilib. Bu əsas sınma xətləri də birinci şimal-cənub və ya Baltik-Qara dəniz, GUAM, eləcə də məğribdən məşriqə uzanan birinci “yaşıl” – müsəlman xətləridir. İkinci müsəlman xətti isə Hind okeanından başlayaraq Pakistan və Əfqanıstan üzərindən keçməklə Mərkəzi Asiyaya yönələn xəttdir.

Birinci şimal-cənub xətti Arktikadan başlayır, Baltik, Qara və Aralıq dənizləri üzərindən keçir, Süveyş kanalı və Qırmızı dəniz vasitəsilə Hind okeanına çıxır. İkinci şimal-cənub xətti isə Şimal Buzlu okeanından başlayır, Berinq boğazından keçərək bütün Asiya-Sakit okean regiononu əhatə edir.

İndi əsas mübarizələr – böhran, münaqişə və müharibələr də bu qarşıdurma xəttləri üzərində baş verir. Rusiya Çinlə birlikdə çalışırlar ki, ABŞ-ın bu geopolitik həmlələrinin qarşısını alsınlar. Bunun üçün də assimetrik, hibrid və vəkalət müharibələrindən istifadə edirlər, habelə İran və Şimali Koreyanın nüvə proqramlarına bu və ya başqa formada dəstək verirlər.

Baxın, 2014-1015-ci illərdə Vaşinqton İranla anlaşma xətti tutdu və əsas məqsəd mübarizəni Rusiyanın hakim olduğu geopolitik məkana – postsovet məkanına keçirmək idi. Bu zaman Rusiya da öz tərəfdaşları ilə birgə Suriya və Əfqanıstan böhranlarını, eyni zamanda Şimali Koreyanın raket-nüvə proqramını ön plana çıxardı. Hazırda Şimali Koreya nüvə və ballistik raket proqramlarında sürətlə ciddi irəliləyir. Bu proses ABŞ-la bərabər qlobal və regional təhlükəsizliyi təhdid edən nöqtəyə çatır. Odur ki, ABŞ artıq buna sərt reaksiya verir.

– Burada başqa bir istiqamət də sezilir. Şimali Koreya məsələsi gündəm təşkil edir, ABŞ bu məsələdə səs-küy salır və son anda Vaşinqton Cənubi Koreyaya, Yaponiyaya və digər dövlətlərə milyardlarla silah satır…

– Bilirsinizmi, hər hansı bir proses gedirsə, bu, biristiqamətli olmur. Əksinə, çoxistiqamətli və çoxqatlı olur. Və strateji düşüncəsi olan müdrik dövlətlər hər bir böhranı fürsətə çevirir. Beynəlxalq münasibətlərdə bu, aydın olan məsələdir.

– Yəni, Şimali Koreya təhlükəsini ortaya atmaqla ABŞ müttəfiqlərinə dəyəri 100 milyardlarla ölçülə biləcək silahlar satır…

– Düşünürəm ki, Şimali Koreya məsələsi sadəcə, gündəm məsələsi deyil. Pxenyanın ballistik raket və nüvə sınaqları sistematik xarakter alır. Artıq altıncı nüvə sınağından sonra müstəqil ekspertlər də qeyd edirlər ki, Şimali Koreyanın nüvə proqramı xeyli irəliləyib və təhdidkar həddə çatıb. Təsəvvür edin, Şimali Koreya artıq hidrogen bombası hazırlayıb. Hidrogen bombası atom bombasından güclüdür. Üstəlik, Pxenyan hidrogen bombasının miniüatur formasını hazırlayıb. Hansı ki, bu forma qitələrarası ballistik raketlərə döyüş başlığı kimi montaj edilə bilir. Bu o deməkdir ki, indi Pxenyanın əlində minlərlə kilometr uzağa hidrogen bombası ilə zərbə endirmək imkanı var. ABŞ da bundan ciddi narahat olub və hərəkətə keçib.

– Ancaq ABŞ və müttəfiqlərinin hərəkətlərinin də nəticəsi yoxdur, əvəzində Şimali Koreya sınaqlarını davam etdirir…

– Hazırda beynəlxalq birlik Şimali Koreyaya qarşı mərhələli sanksiyalar konsepsiyası qəbul edib. Bura siyasi-diplomatik tədbirlər paketi, iqtisadi sanksiyalar və son mərhələdə hərbi sanksiyaların tətbiqi daxildir. Hərbi sanksiyaların hansı formada olmasını isə gələcək göstərəcək. Hərbi sanksiyaların tətbiqi həmən Şimali Koreyaya birbaşa nüvə zərbəsi endirməyi nəzərdə tutmur.

– Rusiya prezidenti Putin bildirdi ki, zamanında Səddam Hüseyn nüvə və kimyəvi silah proqramından əl çəksə də, aqibətinin necə olduğu bəlli oldu. Odur ki, Pxenyan bunu bildiyi üçün ot yeyər, amma nüvə proqramının inkişafından əl çəkməz. Bu bəyanatı necə qiymətləndirirsiniz?

– Putin açıq şəkildə deyir ki, hansı sanksiyaları tətbiq etsəniz də, bu sanksiyalar Şimali Koreya rejimini durdurmayacaq. Fikrimcə, rəsmi Pxenyan “mütləq suverenlik”, yəni toxunulmazlıq əldə etmək üçün nüvə silahına malik olmaq istəyir və bu proqramdan imtina etməyəcək. Əslində Putinin bu çıxışı Amerikanı hərbi vasitələrə əl atmağa təhrik etməkdir. Onun açıqlamasından belə çıxır ki, ABŞ-ın öz istəyinə nail olması yalnız Şimali Koreyanın mövcud rejimini ortadan qaldırmaqla mümkündür. Əslində bu, ABŞ-ı qıcıqlandıran çıxışdır. Eyni zamanda Prezident Trampın atdığı tvitə uyğun gəlir. Şimali Koreyanın altıncı nüvə sınaqından sonra Trampın atdığı tvitin son cümləsi belə idi: “Şimali Koreya ancaq bir şeydən anlayar”. Məncə, Tramp bunu deyəndə qətiyyətli hərbi zərbəni nəzərdə tuturdu.

– Pxenyana əvvəlcə siyasi-diplomatik, daha sonra ağır iqtisadi sanksiyalar tətbiq ediləcək. Əgər bunlar fayda verməsə, hərbi sanksiyalara keçiləcək. Bu o deməkdir ki, Şimali Koreya məsələsi azı 1 il dünyanın gündəmində olacaq?

– Bununla bağlı fikir söyləmək çətindir. Çünki operativ müstəvidə, hərbi-siyasi şərait də daxil olmaqla, vəziyyət qısa müddətdə dəyişə bilir. Bəzən bir telefon zəngi belə müsbət nəticə verir. Bu mənada vəziyyət 1 günün və ya 1 saatın içində də dəyişə bilər. Onsuz da Pxenyan öz nüvə və raket proqramlarında əhəmiyyətli, hətta ciddi dərəcədə irəliyə gedib, döyüş başlığı formasında hidrogen bombası əldə etməyə belə nail olub. Və ya əksinə ola bilər. Təsəvvür edin, bu rejim heç nəyə və heç kimə məhəl qoymadan öz nüvə-raket proqramını intensiv şəkildə davam etdirir və günün birində elan edir ki, Şimali Koreya artıq nüvə dövlətidir. Onda, sözsüz ki, situasiya kökündən mənfiyə doğru dəyişə və fəlakət ssenarisi üzrə inkişaf edə bilər.

Şimali Koreya məsələsində Moskva ilə Pekin formal və siyasi-diplomatik baxımdan eyni mövqedən – böhranın dinc danışıqlar yolu ilə həll edilməsi və Koreya yarımadasının nüvəsizləşdirilməsi mövqeyindən çıxış etsə də (bu, faktiki olaraq Amerikanın mövqeyinə yaxın bir mövqedir), ABŞ-ın ona hərbi zərbə vurması məsələsinə münasibətdə Çinlə Rusiyanın mövqeyi fərqlidir. Çünki Rusiyanın mərkəzi Şimali Koreyadan çox uzaq, Çininki isə yaxındır. Əgər yarımadada hərbi böhran yaranacaqsa, bundan ən çox Çin ziyan çəkəcək. Çin vəziyyətin təhdidkar həddə çatdığını bilir.

Digər tərəfdən, ABŞ elan edir ki, Şimali Koreya ilə əməkdaşlıq edən istənilən dövlətə, şirkətə qarşı ticarət müharibəsi elan ediləcək, onlarla ticarət-iqtisadi əlaqələr kəsiləcək. ABŞ-ın Census bürosunun məlumatına görə, 2016-cı ildə ABŞ-la Çin arasında ticarət dövriyyəsi 578, 22 mld. ABŞ dolları olub. ABŞ Çinə 115,6 mld. dollarlıq mal ixrac edib, 462,6 mld. dollarlıq isə ondan mal idxal edib. İndi özünüz baxın, bu münasibətlərdə problem yaranarsa, Çin ticarətdə nələr itirə bilər.




Yuxarı Əvvələ Ana Səhifə