XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 September 2017 - 18:34

İraq Kürdüstanı politoloqu İqbal Dürrə:“Kərkük Kürdüstanın ürəyidir, onu heç kimə vermərik” – Müsahibə

Sərkis Saturyan

Regnum.ru, 18.09.2017

 

– Sentyabrın 25-də İraq Kürdüstanında vilayətin müstəqilliyi haqda referendum baş tutacaq. Rəvayətə görə, 25 sentyabr dünyanın yaradılış günü sayılır. Söhbət hansı yeni dünyadan gedir? Kürd xalqı referendumdan sonra nə gözləyir?

– 25 sentyabr müstəqillik günü deyil, sadəcə, xalqın müstəqilliyi istəyib-istəmədiyi məsələsi üzrə səs verəcəyi referendumdur. Çox ehtimal ki, nəticə müsbət olacaq. Bu halda Brexit-ə bəınzər proses başlanacaq. Düşünmürəm ki, prezident Bərzani növbəti gün müstəqilliyi elan edəcək, çünki Bağdadla bütün məsələlərin istisnasız olaraq dinc yolla həllinin gərəkdiyi haqda dəfələrlə danışıb. Ərbil eyni zamanda Türkiyə və İranla fəal diplomatik işə başlayacaq ki, onları sıradakına əmin etsin – İraq Kürdüstanı bölgənin “başağrısı” deyil, öz qonşuları ilə xeyirxah qonşuluq münasibətləri istəyən bir ölkədir. Prezident Bərzani buna niyə gedir? Kürdüstan İraqın tərkibində federativ respublikadır. Bu sistemin öz qayda və qanunları var idi. İraq konstitusiyasına əsasən, ölkənin vahid qalması üçün hər bir tərəf müəyyən şərtləri yerinə yetirməliydi. Bağdad öz tərəfindən konsitusiyanı dəfələrlə pozub. Ən parlaq misal – beş il qabaq Kürdüstanın maliyyələşdirilməsi kəsilib. Sonra Bağdad onunla Ərbil arasında etiraz doğuran rayonlarda referendumlar keçirməkdən imtina edib.

Psixoloji yön də var. Son otuz ildə İraqın tərkibində kürdlərin həyatı asan olmayıb. Mən 1988-ci il Xələbcə faciəsini (İraq ordusunun mülki əhaliyə münasibətdə kimyəvi silah işlətməsi-S.S.), Səddam Hüseynin “ənfal” deyilən və nəticədə, demək olar, 200 min kürdün həlak olduğu   siyasətini nəzərdə tuturam. Əlbəttə, bu cür hadisələr xalqın şüurunda iz buraxır. Belə ki, kürdlər özlərini İraqın ərəb hissəsindən psixologiyaca artıq çoxdan ayırıblar. Bölünmə siyasi, mədəni və sosial fərqlərə əsaslanıb.

Bu iki cəmiyyət həyatı müxtəlif cür dərkə malikdir. Məsələn, İraqın kürd hissəsindən ərəbinkinə keçsəniz, fərqi dərhal görərsiniz. Birincisi, ərəblərdə çoxarvadlılığa icazə verilib. İkincisi, onlara alkoqoldan istifadə etmək olmaz. Demirəm ki, bu, pisdir, onların adəti belədir. Kürdüstanda isə hər şey özgə cürdür. İçkiyə görə səni heç kim cəzalandırmaz, çoxarvadlılıq yasaqlanıb. Özü də bu cür fərqlər çoxdur. Kürdlər və ərəblər daha vahid dövlətin tərkibində birgə ola bilməzlər, mən belə anlayıram.

– Amma Kürdüstanın həqiqi müstəqilliyi Aralıq dənizinə çıxışsız mümkün deyil. Hələlik isə dənizə çıxışı ancaq referendumu dəstəkləməyən Türkiyə təmin edir. Belə çıxır ki, Türkiyə marşrutuna yeganə alternativ Suriyadır. Problemin bu cür qoyuluşu ilə razısınız?

– Xeyr. Birincisi, dənizə çıxışı olmayan xeyli dövlət var. Belə ki, İraq Kürdüstanı dəniz sahili olmayan heç də ilk dövlət deyil. İkincisi, Türkiyə boru kəmərini bağlamağa hələ bir dəfə də hədə gəlməyib. Ərbilin “Rosneft”lə sazişinə diqqət yetirin. Söhbət bütün neftin Türkiyə borusundan gedəcəyi böyük sazişdən gedir.

– Bu halda Kürdüstan Ankaradan asılılığını gücləndirir…

– Bəli, amma burada asılılıq qarşılıqlıdır. Axı Türkiyə də pul qazanır. İkinci məqam: Türkiyə ilə İraq Kürdüstanı arasında rəsmi mal dövriyyəsi 12 milyard $ təşkil edir, Rusiyanın isə Türkiyə ilə mal dövriyyəsi iki dəfədən çox üstələməklə 27 milyard $ təşkil edir. Bölgənin Ankara üçün özəl iqtisadi önəmi var. Kürdüstan neft və qazla zəngindir, Türkiyənin isə, məlum olduğu kimi, karbohidrogen ehtiyatları yoxdur. Artıq Anakara ilə Ərbil arasında karbohidrogenlərin Türkiyəyə və Türkiyə üzərindən tədarükü haqda əlli illik müqavilənin varlığından danışırlar. Buna görə də Türkiyə refrendumdan sonra kürd müstəqilliyi ilə barışmalı olacaq. Türkiyənin xüsusən də Bərzani ailəsinə münasibətini izləsək, bu cür düşünməyə əsas var. Türk mətbuatı əvvəllər onları hər cür təhqir edir, terrorçulquda ittiham edirdi. İndi isə prezident Bərzani Ankaraya gələrkən hər cür ehtiramlı qarşılayırlar, kürd bayrağı Türkiyəninki ilə yanaşı durur. Türkiyə rəhbərliyi buna görə də Kürdüstanla münasibətlərin təbiətini öz əhalisinə izah etməlidir. Mən hesab edirəm ki, İraq Kürdüstanının qonşuları yüz illərlə kürdlərə əzəl status və müstəqillik verməkdən imtinaya yönəlik siyasətdən dərhal imtina edə bilməzlər. Heç kim gözləmir ki, Türkiyə və İran sabah İraq Kürdüstanı müstəqilliyinə əl çalacaq. Sadəcə, müəyyən vaxt içində barışılması gərəkən gerçəkliklər var. Mən bunu belə görürəm.

Əlbəttə, həmişə risk qalır ki, Türkiyədaxili siyasi proseslər Ərdoğanı referendumdan dərhal sonra İraq Kürdüstanına münasibətdə sərt tədbirlər görməyə vadar edə bilər, lakin bu, uzunmüddətli xarakter daşımayacaq. Unutmaq lazım deyil ki, Ərdoğanı çətin seçkilər gözləyir, onun güvəndiyi elektorat isə olduqca milliyətçi köklənib. Və o bu amili nəzərə almaya bilməz. Bu amil onu Bərzaniyə münasibətdə radikal tədbirlər görməyə vadar edərmi, yaxud etməz? Hər şey Ərdoğanın Trampla qarşıdakı görüşündən asılıdır.

– İsrail İraq kürdüstanı müstəqilliyini dəstəkləyir. Burada sensasiya  yoxdur. Baş nazir Benyamin Netanyahu bu haqda hələ 2014-cü ildə danışıb. Başqa şey maraq doğurur. Təl-Əviv PKK yaraqlılarını terrorçu sayır ki, bu da Ankaranı aşkarca qane edir. Onda Kərkük necə olacaq? Axı Türkiyə əvvəlki kimi ora iddia edir.

– İraq Kürdüstanının indiki liderinin atası Molla Mustafa Bərzani vaxtında deyib ki, Kərkük Kürdüstanın “ürəyidir”. Kərküksüz müstəqil Kürdüstanı hələ on il əvvəl yaratmaq olardı. Bütün problem bundan ibarətdir. Biz bu bölgənin strateji və iqtisadi önəmini bilirik. Kərkükdə müxtəlif xalqlar, o cümlədən ərəblər, türkmanlar və digər etnoslar yaşayır. Buna görə də istisna deyil ki, İraq Kürdüstanı federativ dövlət olacaq. Kərkük də muxtariyyət hüququnda yeni qurumun tərkibinə daxil ola bilər. Bir xeyli yüksəkməqamlı məmurlar bu haqda danışıblar. Kərkük istənilən halda İraq Kürdüstanı tərkibində olacaq. Şəhər indi kürd silahlı qüvvələrinin nəzarətindədir. Prezident Bərzani bu günlərdə aydınca bildirib ki, “bütün kürdlər Kərkük naminə ölməyə hazırdır”. Artıq Kərkükə görə problemlər meydana çıxır: İraq parlamenti bu il sentyabrın 14-də vilayət qubernatorunu tutduğu vəzifədən azad edib. Belə ki, sualınız tamamilə ədalətlidir. Kərkük nifaqa səbəb olur. Lakin kürdlər üçün bu məsələ artıq həll olunub. Kürdlər Kərkükü verməzlər.

– İndi İraq Kürdüstanının şərq sərhədinə, İrana nəzər salaq. Tehran İraq Kürdüstanına qaz tədarükü haqda sazişə gəlib, Sənəndəcə dəmiryolu çəkərək İraq Kürdüstanına kommunikasiyalar gətirir. Prezident Ruhani İrandan İraq Kürdüstanına dəmiryolundan danışır, yol oradan Suriya Latakiyasına keçməlidir. Aydındır ki, burada da Kərküksüz ötüşülməyəcvək. Bu layihənin perspektivlərini necə dəyərləndirirsiniz?

– İranla özəl münasibətlərimiz var. Dəmiryolunun sabitlik amili və əməliyyatçısı müstəqil Kürdüstan olsa, onda yeni layihənin perspektivləri tamamilə gerçəkdir. İran hesablaşmamalı olmayacağımız ciddi bir dövlətdir. Tehran praqmatik siyasət aparır. İran bir vaxtlar BMT Baş Assambleyasında Azərbaycanı tanımaqdan imtina edib. Amma ən nəhayətdə onu qəbul edib. Kürdüstana münasibətdə də bu cür effekt gözləyirəm. Təbii, İsrail-İran münasibətləri durumu qəlizləşdirir. İsrail şiə İranı nüfuzunun artmasına ehtiyatla yanaşır. Təl-Əviv kürdlərin simasında onun sərhədlərinə xəlvətcə yaxınlaşan Tehran və “Hizbullah”a əks-tarazlıq görür. İsrail buna görə Kürdüstanı dəstəkləyir. Lakin xatırlamaq lazım gəlir ki, İranın özündə İraqdakından iki dəfə çox kürd yaşayır. Və prezident Bərzani bu mənada ağıllı siyasət yürüdərək İran kürdlərini sakit davranmağa, İrana loyal olmağa çağırır. Tehran Kürdüstanın müstəqilliyinə anlayışla yanaşsa, Ərbil bunu hökmən nəzərə alacaq. Axı müstəqil Kürdüstan İranın özü üçün sabitləşdirici amil ola bilər. Hətta İran, Türkiyə və Suriyada kürd problemini həll etmək lazım gəlir. Bu gün heç kim demir ki, Böyük Kürdüstan yaradılacaq. Bu, real deyil. Biz niyə İraq Kürdüstanından danışırıq? Çünki həmişəki Bağdad yoxdur. Yüz illər ərzində kürdlərdə böyük enerji toplanıb, çoxmilyonluq xalqın öz dövlətinə ehtiyacı var. İran, Türkiyə və Suriya hökumətlərinə İraq Kürdüstanının faktiki müstəqilliyini tanıdıqdan sonra daxili problemləri həll etmək daha asan olacaq, çünki bu qayda ilə özlərini kürd xalqına qarşı qoymayacaqlar. Ərbil isə onlaırn öz ərazilərini müdafiə və ekstremistlərlə mübarizə hüququnu inkar etməyə hazırlaşmır. Onlar sonra kürdlərlə problemləırini özləri tənzimləyəcək, onlara muxtariyyət hüququ və yaxd mədəni muxtariyyət verəcəklər. Beləliklə kürd məsələsi on il əvvəldən həll olunacaq.

– Ekspertlər İraq və Türkiyə kürdləri arasındakı ziddiyyətləri tez-tez müzakirə edirlər. Bu, qəbilələrarası mübarizədir, yaxud nəsə daha böyük şeydir?

– İraq Kürdüstanından söhbət gedirsə, orada qəbilə ziddiyyətlərindən danışmaq olar. PKK ilə Bərzani arasındakı ziddiyyətlərdən danışılsa, ideoloji fikir ayrılığı göz qabağındadır. PKK-da sosialist ideyalar üstündür. Kommunist ideologiyası Bərzani üçün isə önəm kəsb etmir. Hətta bildiyim qədər, PKK-nın müstəqil kürd dövləti qurmaq məqsədi yoxdur.

– Yəni PKK indiki Türkiyəni saxlamağa cəhd edir?

– Təkcə Türkiyəni deyil, həm də indiki Suriyanı. Onların sıradakı şüarları var – “Biz demokratik Türkiyə istəyirik”, “Biz demokratik Suriya istəyirik”. Digər tərəfdən, Bərzani Türkiyə Kürdüstanına iddia etmir. Onu hədəfi daha lokaldır – müstəqil İraq Kürdüstanı yaratmaq. Türkiyə və İraq kürdləri arasında problemlər var. Kürdlər üçün vacibdir ki, bu, silahlı münaqişəyə keçməsin. Ancaq burası da var ki, fikir ayrılıqlarının özü təbiidir, çünki kürdlər çoxmilyonluq bir xalqdır, bu çərçivədə hamı eyni cür düşünə bilmir.

– Yaxın Şərqin dəyişilmə kontekstində İraq Kürdüstanını necə görürsünüz?

– Kürdlər öz torpaqlarında dövlətçilik qururlar. Onlar yad əraziyə iddia etmirlər. Kürdlərin dövlət quruluşuna yanaşımı sıradakıdır: bu, demokratik, qonşu ölkələrlə problemi istisnasız olaraq danışıqlar yolu ilə çözməyə can atan dünyəvi dövlət olacaq. Kürdlər Allahın onlara verdiyi torpaqlarda sakit yaşamaq istəyirlər, kiməsə hücum etməyə hazırlaşmırlar. Amma başa düşmək lazımdır ki, Yaxın Şərqdə hadisələr təkcə kürdlərdən asılı deyil. Dünyada hər şey dəyişilir. Biz bu haqda dəfələrlə, o cümlədən Sizinlə danışmışıq. Yaxın Şərq artıq əvvəlki olmayacaq. Və bu dəyişikliklər Kürdüstandan başlanmayıb. Gəlin, Afrika ölkələrindəki prosesləri yada salaq, məsələn, Sudanın başına nələr gəlib. Yəməndəki hadisələr də səciyyəvidir. Biz anlayırıq ki, Rusiya duruma qarışmasaydı, Suriyanın başına nələr gələrdi. Müstəqil Kürdüstanın rolu bu fonda istisnasız müsbət olacaq, çünki burada müxtəlif xalqların və təriqətlərin təmsilçiləri yaşayırlar.

Tərcümə Strateq.az-ındır.   




Yuxarı Əvvələ Ana Səhifə