EADaily.com, 26.09.2017
Oktyabrın 15-də Qırğızıstanda baş tutacaq prezident seçkiləri yaxınlaşdıqca, kriminal məlumatlarda terror aktları ilə əlaqəsi olan və yaxud hazırlamaqda şübhəli bilinərək saxlanan şəxslərin sayı çoxalır. Respublikada bu istiqamətdə gərginlik hiss olunacaq dərəcədə yüksəlir. Qırğızıstandakı durum, təhlükə və çağırışlar haqda hərbi məsələlər və təhlükəsizlik üzrə ekspert Toktoqulom Kakçekeyevin Rusiya nəşrinə müsahibəsini Strateq.az oxucularına təqdim edirik.
– Doğrudanmı, Qırğızıstanda seçkilər ərəfəsində terror təhlükəsi artır? Qırğızıstan hüuqu-mühafizə qurumlarının yorulmadan həbs etdiyi bu adamlar kimdir?
– Təkcə son bir ayda bu cür bir neçə hadisə olub. Bişkekin 40 km-liyində dörd “işidçi” aradan götürülüb. Daha bir neçə nəfəri Tokmakda həbs ediblər. Həbs edilənlər seçkilər vaxtı partlayış və yaxud bir neçə partlayış həyata keçirmək niyyətindəymişlər. “Yatmış” deyilən döyüş qrupları Qırğızıstanda az deyil, onlar bizim aramızdadırlar və vaxtı çatana qədər onlardan heç nədə şübhələnmək olmazdı, adam kimi adam idilər. Ölkədə yağışdan sonrakı göbələklər kimi dini mərkəzlər meydana çıxıb. Onları səudlar, qətərlilər maliyyələşdirir. O yerə çatıblar ki, parlamentdə kişi və qadın deputatlar üçün ayrıca məscid tikiblər. Bu dini psixoz, qaçdı-qovdu artıq 7-8 ildir sürür. Uşaqlar dini ayinlər atmosferində tərbiyə olunur. Onların beyinlərinə yeridirlər ki, “çağdaş Avropa, Qərb mədəniyyəti tənəzzüldədir, yoluxucudur və biz onun ardınca getməməliyik”. İqtisadiyyatımızın durumu nə Qətəri, nə də Səudiyyə Ərəbistanını qayğılandırır. Onları yalnız, müxtəlif dəyərləndirmələrə görə, artıq 3 minə yaxın olan məscidlərin inşası maraqlandırır. Qeyd etmək yetərlidir ki, SSRİ dönəmində bunlar 40-dan çox deyildi. Hər yerdə məscidlər açılır, bunlar xaricdən maliyyələşdirilir və orada Misir, İordaniya, Səudiyyə Ərəbistanı, başqa ərəb ölkələrində təhsil almış kadrlar işləyir.
– Parlamentdə məscid necə meydana çıxıb, axı Qırğızıstan konstitusiya üzrə dünyəvi ölkədir?
– Artıq üç ildir. Mömin deputatlar əvvəlcə öz kabinetlərində ibadət edərdilər. Sonra Sooronbay Jeenbekov spiker oldu və parlamentdə möminlər olduğundan, ibadət üçün onlara bir-iki otaq ayırmağı təklif etdi. Sonradan bu, necəsə bir brend olub – kim ibadətə, cümə namazına getmirsə, guya, ləyaqətli adam, heç müsəlman da deyil. Və namaz normaya çevrildi. Ən səciyyəvisi bu deyil. Bişkek yaxınlığında tamamilə islamlaşdırılmış bir kənd var. Sakinlər radio və televizordan imtina ediblər. Bu gün ərəb ölkələrinin yardımı ilə dükanlardan alkoqol alıb kanala axıtmaq dəbə minib.
Qırğızıstanın keçmiş müftisi seçkilər ərəfəsində namizədlərdən birinə rəsmən dəstək elan edib, çünki o, guya, qanuni müsəlmandır. Dini müəssisələr təbliğat aparır, biz isə haralardasa siyasiləşmiş islam axtarırıq, halbuki o, artıq buradadır. Prezident Almazbek Atambayev, Qırğızıstanın taleyinə laqeyd olmayan keçmiş prezident Əskər Akayev də bu problemin qayğısına qalırlar. Demirəm ki, bizdə təhlükənin narıncı səviyyəsidir, bu, şişirtmə və yalandır, lakin haradasa kimisə qumbarayla saxladıqları, öldürdükləri, tutduqları haqda məlumatlar artıq heç kimi təəccübləndirmir. Biz bu cür hadisəyə ekstremistlərin təzahürü kimi alışmağa başlamışıq. Təkrar edirəm, hələlik dövlətin təhlükəsizliyinə təhdid yoxdur, lakin sürünən, yapışqan, ləng ekspansiya həyatın bütün sahələrində və bütün səviyyələrdə, o cümlədən hakimiyyətdə həyata keçirilir. Rus xofu problemi üzə çıxır – həm də hakimiyyət təmsilçiləri arasında. Birdən yəhudilərə qarşı nifrət alovlanır – deputatlardan biri İsrail bayrağını yandırıb. Eyni zamanda dini ənənələr təbliğ olunur, Qırğızıstanda islam dövləti qurmaq imkanları haqda fikirlər tirajlanır. Hökumət isə hələlik ancaq aşkar ekstremist təzahürlərə reaksiya verir. Lakin gərəkli adekvat tədbirlər görməyə başlamasalar, onda din xadimləri artıq növbəti parlament seçkilərində ölkənin ali qanunverici qurumundakı yerlərin yarısını tamamilə leqal şəkildə tuta bilərlər.
– Bu adamlar kimdirlər, haradan gəliblər?
– Hər şey hələ 1990-cı illərdə gəncləri Pakistan, Səudiyyə Ərəbistanı, Misirə təhsilə göndərəndə başlanıb. Onlar dönüblər, artıq burada uşaqlara dərs verirlər – “müsəlman borcu, dünya ümməti” və s. Suriyada savaş bitəndə ekstremizm üçün “nəfəslik” başqa yerdə üzə çıxacaq. “Partlayış təhlükəli” yerlər az deyil – Qafqaz, Cənubi Qafqaz, ola bilsin, Volqaboyu, Qazaxıstan və yaxud daha haradasa Orta Asiyada. Deyim ki, hamımız ayığıq, diqqətliyik, dilim dönmür.
– Bəzi ekspertlər hesab edirlər ki, Qırğızıstan hökuməti seçkilər ərəfəsində xalqı qorxutmağa çalışır ki, bir qayda kimi seçkiqabağı kampaniyaları müşayiət edən etiraz aksiyalarından yayınsın. Yaxud hər halda təhlükə daha realdır?
– Gerçək təhlükə var. Bundan heç hara gizlənmək olmaz. İki inqilabi çevrilişin gedişində 3 mindən çox odlu silah, döyüş sursatı yoxa çıxıb.
– Bəs bu haradandır?
– Milisin, DTK-nın hərbi komissarlıqların, qoşun hissələrinn silah parklarından. Bu silahlar ələ keçirilib. Təxminən, üçdə birini müsadirə etməyə nail olunub – nəyisə pulla geri alıblar, biriləri gətirib könüllü təhvil verib. Amma böyük qismi əllərdədir. Və bu cür durumda bu silah haqda bilə-bilə deyirik ki, heç nə baş verməyəcək? Uyğun qığılcım olsa, baş verəcək. Bunu isə Suriyada vuruşmuş “savaş köpəkləri” çıxarda bilər. “İslam qardaşlığı” sadəcə sərhədlərdən deyil, həm də qitələr vasitəsilə nüfuz edir. Onlar vasitə və hədəfə malikdirlər. Və əlbəttə, bizim kollaborasionistlər öz maraqları üçün necəsə bir dini anklav vəd edərək, konstitusiyanı dəyişəməyə söz verərək bu qüvvələri çəkib gətirə bilərlər. Bunlar nağıl deyil, tamamilə gerçək ssenarilərdir.
– “Yatmış hücrələr”ə kimlər daxildir, bunlar necə qurulur və niyə məhz de-fakto islam ənənələri olmayan Qırğızıstanda? Axı təsadüfi deyil ki, qırğızları “pis” müsəlman adlandırırlar, bu din xalq üçün yetərincə gəncdir. Hansısa bir on ildə əhali bu cür dindar olub?
– Dəyişikliklər ciddidir. Qırğızlar kütlədə sovet xalqıdır. Rusiya bizə həmişə əl tutub və birdən rus xofu layı meydana çıxır. Bu nədir? Bu, dini sapıntıdan daha pisdir. Bizdə din həmişə olub – adətlərdə, dəfnlərdə, toylarda. Belə deyək, təvazökar şəkildə. Amma Pakistan mədrəsəsindən ilk şagird gələrkən qırğız gəncləri qəflətən ellikcə vəhhabilik, sələfilik və digər ifrat təcavüzkar cərəyanların öyrədildiyi islam universitetlərinə can atdılar. Bizdə bir hadisə olub – molla öz oğlunu Pakistana oxumağa göndərib. O, qayıdanda atasına deyib: “Sənin etdiklərin islamın təhrifidir. Biz vuruşmalıyıq. Ata, əgər bizim tərəfimizə keçməsən, səni öldürərəm”. Bax, bu cür gerçəkliklər. Bu haradandır? Alimlər tarixi hadisələrə yeni şərhlər verirlər. Sezmək asandır ki, sövet dövrünün onların yanında hörməti yoxdur. Taxıl münbit zəminə düşür. Haradansa emissar gəlir – nəyinsə ora-burasını düzəldir, nəyisə bizləyib hərəkətə gəıtirir, nəyisə yoxlayır, təlimat buraxır və vaxtı yetişənə qədər çıxıb gedir. Burada isə artıq, əlbəttə, “yatmış hücrə” var. Bu hücrələrdən isə “dini-inzibati ərazi bölgüləri” qol-budaq atır. Çeçenistanda (həmçinin Tatarıstan və Başqırdıstanda- EADaily), təxminən, bu cür baş verib. İndi bu yoluxucu xəstəlik bizdə peyda olub.
-Yəni Qırğızıstan artıq bölünüb?
– Bəli, dini ərazilər üzrə. Bu, Qırğızıstanın güneyində xüsusən inkişaf edib.
– Və hökumət baş verənlərin qabağını almır?
– Necə alsın? Axı hər şey gizlicə…
– Və məsələ nəyə doğru gedir?
– Qarşıdurmaya, uzun mübarizəyə gedirik. Çox şey ölkədə liderin, parlamentin necə olacağından asılıdır. Hazırda onları müdafiə edir, mərhəmətli qanunlar qəbul edirlər. (Məsələn, Rusiya, Qazaxıstan və bir sıra başqa ölkələrdə qadağan edilmiş “Təbliği-Camaat” təşkilatı Qırğızıstanda leqal fəaliyyət göstərir-EADaily). Qırğızıstana ərəb pulları daxil olur, deputatlarımızı özəl olaraq səmimi qarşılayırlar. Xüsusən də Səudiyyə Ərəbistanında – mərhum kral hər bir qonağa qızıl bilərzikli qızıl saat bağışlamağı xoşlayırdı. Bu cür yanaşma təsir etməyə bilməz.
Tərcümə Strateq.az-ındır.