XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

18 Dekabr 2017 - 17:58

Professor Xaləddin İbrahimli:"Bizi tərbiyə edən dəyərlər bəlli deyil" - MÜSAHİBƏ

Başa çatmaqda olan ilin ən önməli hadislərəindən biri, şübhəsiz ki, ABŞ prezidenti Donald Trampın Qüdsün İsrailin paytaxtı kimi tanıması və səfirliyin bu şəhərə köçürülməsi barədə qərarıdır. Vaşinqtonun bu mövqeyi regionda gərginliyi yüksəldib, İsraillə Fəlsətin arasında bütün danışıqlar dayandırılıb, razılaşmalar ləğv olunub, hər gün qan tökülür. Bu gərginlik ABŞ-a niyə lazım idi?

Trampın məlum qərarına qarşı Türkiyənin öncüllüyü ilə İslam dünyası etiraz edir. Türkiyə prezidenti R.T. Ərdoğan İƏT-nin fövqəladə toplantısını çağırdı, İsrailə və ABŞ-a qarşı ritorikasnı sərtləşdirdi, qərarın ləğvi üçün beynəlxalq müstəvidə hüquqi-siyasi addımların atılacağını bəyan edir. Ankaranın bu fəallığı hansı nəticələrə gətirib çıxara bilər? Bəs hadisələrə müsəlman ölkəsi olan Azərbaycandan verilən reaksiyalar kənardan necə görünür?

Mövzu ilə bağlı Strateq.az-ın suallarını Türkiyədə yaşayan azərbaycanlı professor Xaləddin İBRAHİMLİ cavablandırıb:

 

– ABŞ prezindenti Donald Trampın Qüdslə bağlı bəyanatının arxasında hansı siyasi məqsədlər dayanırdı? Bu, seçkiqabağı verilən vədin yerinə yetirilməsidir, yoxsa Vaşinqtonun Yaxın Şərqlə bağlı siyasətindəki dəyişikliklərin təzahürüdür?

– Təəssüf ki, Ağ Ev Orta Doğu siyasətində heç bir dəyişmə aparmaq istəmir. 2003-cü ildə İraqa müdaxilədən sonra başlanan yanlış siyasət inadla davam etdirilməkdədir. Nəticə isə göz qabağındadır – Amerikanın mövqeləri bölgədə və dünyada hər gün zəifləyir. Bəs Tramp niyə beynəlxalq hüquqa və BMT TŞ qətnamələrinə zidd olan belə bir yanlış qərara imza atdı? Bilirsiniz ki, Amerikadakı son prezident seçkilərinə Rusiyanın kiber müdaxiləsi Tramp iqtidarının legitimliyinə neqativ təsir göstərib. Onun ölkə içində də, xaricdə də nüfuzu zədələnib. Görünən budur ki, Trampı ölkədə nüfuzunun sarsılması daha çox narahat edir. Buna görə də o daxili ictimai rəydə mövqelərini möhkəmləndirməyə ayrıca diqqət yetirir. Amerikada protestantlar toplumun yəhudilərlə işbirliyinə üstünlük verən önəmli bir parçasıdır. Bu qərar da daha çox onların rəğbətini qazanmağa yönəlmiş taktiki bir addımdır. Məncə, Trampı inandırıblar ki, qərarın bölgədə yaradacağı gərginlik əvvəlki gərginliklər kimi keçici olacaq. İsrail rəsmiləri də məsələyə təxminən belə yanaşdılar. Udan da onlar oldu. Bir həmlə də edib və bir addım qabağa getdilər. Amerika bu qərarla dövlət olaraq bir şey qazanmadı. Nə itirdiyi də qarşıda daha aydın görünəcək.

– Bu qərara beynəlxaq reaksiya birmənalı şəkildə mənfi oldu. Hətta ABŞ-ın Avropadakı müttəfiqləri – NATO ölkələri də onu dəstəkləmədi. O zaman Vaşinqton müttəfiqlərin reaksiyasını nəzərə almadan nəyi hədəfləyir?

– Avropanın içində də problemlər var. Həm Birlik, həm də Almaniya, İspaniya, İngiltərə daxilində ictimai narahatlıqlar artıb. Belə bir vaxtda onlar da Orta Doğuda gərginliyin daha da yüksəlməsini, əlavə başağrılarının yaranmasını istəmirlər. İsrail və Amerikanın bölgədəki aqressiv siyasətindən Avropa zərər görür. “Ərəb baharı”nda Avropanın zərəri qazancından çox oldu-həm maddi, həm mənəvi. Yaxın günlərin təcrübəsi göstərdi ki, Orta Doğudan köçmənlər gələndə Avropa Birliyi dövlətləri arasında münasibətlərdə də gərginlik artır. İndi Orta Doğudakı gərginlik yeni fazaya daxil olsa, yenə AB-nin bir qazancı olmayacaq. Buna görə onlar da Amerika və İsrailin belə riskli işbirliyinə etiraz edirlər. Tramp Amerikası ilə Avropanın müttəfiqliyi də xeyli zəifləyib. "Brexsit"dən sonra AB güvənliyini belə, ABŞ-a etibar etmək istəmir və öz silahlı qüvvələrini yaratmağı planlayır.

– Türkiyə İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin fövqəladə toplantısını çağırdı və burada bir sıra bəyanatlar, qərarlar verildi. Bunun real siyasi proseslərə təsiri ilə bağlı rəylər isə ürəkaçan deyil. Siz necə düşünürsüz?

– Dünya müsəlmanlarının Myanmar faciəsinə və ABŞ-ın Qüds qərarına reaksiyalarına baxın. Myanmarda minlərlə insan öldürüldü, yüz minlərlə insan qaçqın düşdü, amma bu faciələr dünyada adekvat əks-səda yaratmadı. Qüds qərarı isə bütün İslam aləmini ayağa qaldırdı. Müqəddəs yerlərin insanlara görünməyən və qeyr-adi bir təsiri var. Hər halda bunun sirləri araşdırılmayıb.

Türkiyənin təşəbbüsü ilə İƏT-in toplantısının keçirilməsi önəmli hadisədir. Bu, Türkiyənin İslam dünyasında lider ölkə olduğunu təsdiqləyir. Alınan qərarın da təsiri var və irəlidə bunu daha aydın hiss edəcəyik. Önəmli olan odur ki, bu gün Türkiyədən başqa heç bir müsəlman dövləti belə bir toplantı keçirə bilməzdi. Lider ölkələrdən Səudiyyə, yaxud İran hansı biri bu toplantını keçirsəydi, fiasko ilə üzləşərdi. Toplantını Türkiyə keçirdi və dünya onun İslam aləminin lideri olduğunu gördü.

Görünən gerçəkliklərdən biri də bu oldu ki, Türkiyəsiz Orta Doğuya barışın gəlməsi imkansızdır. Çünki bu dövlətin İslam dünyasına yönəlik siyasətində məzhəbçiliyə yer yoxdur. Türkiyə hər zaman məzhəbçiliyin fövqündə dayanıb və bu mövqe ona geniş fəaliyyət imkanları qazandırıb.

– Sizcə, yaxın zamanlarda Orta Doğuda barış mümkündürmü?

– Yaxın zamanlarda Orta Doğuda barış olmayacaq. Təxminən bir il öncə söylədiyim bir fikri yenə təkrarlamaq istyirəm: bugünkü Orta Doğu 1618-1648-ci illər Avropasını xatırladır. Məzhəb zəminində 30 il savaş getdi və Avropada hər 4 insandan biri bu savaşın qurbanı oldu. 1648-də avropalılar Vestfalda bir araya gəlib sözləşmə imzaladılar və bir-birlərinin sərhədlərinə hörmətlə yanaşacaqlarını bildirdilər. Orta Doğu bu gün təxminən həmin dövrü yaşayır. Bu bölgənin də Vestfal sözləşməsinə ehtiyacı var. Vesfal sözləşməsinə beynəlxalq münasibətlərdə yeni dünya düzəninin yaradılmasının başlanğıcı kimi baxsalar da, əslində bu, Avropa üçün bir düzənin yaradılması idi. Orta Doğunun da buna ehtiyacı var. Əks təqdirdə, kənardan dünən İngiltərə, bu gün ABŞ, sabah da bir başqa güc bölgənin yenidən şəkilləndirilməsinə girişəcək. Bölgə dövlətləri özləri bir araya gəlib İƏT toplantısında, ya da başqa bir formatda sərhəd toxunulmazlığına, məzhəbdən siyasi alət kimi istifadənin qəti qadağan edilməsinə qərar verməli, bu iki önəmli məsələdə razılığa gəlməlidirlər. O zaman hər bir dövlət, o cümlədən İsrail də imzalanan sazişin şərtlərinə uymalı olacaq, kənar güclərin də müdaxilə imkanları zəifləyəcək. Bu işi isə bölgə dövlətlərindən ancaq Türkiyə görə bilər. Ankaradan başqa lokomotiv güc təsəvvür etmək çətindir. Yaxın günlərdə Əkmələddin İhsanoğlu da TBMM-də çıxışında eyni fikri söylədi. Məncə, strateji düşüncədir və Orta Doğu məsələsinin kökündən çözülməsinin tək və effektli yolu budur.

– Kənardan baxanda, Azərbaycanda ictimai rəyin Qüds böhranına münasibəti, reaksiyası necə görünür?

– Təəssüf ki, çox dayanqsız. Bizdə ümumiyyətlə ictimai rəy strateji məsələlərə münasibətdə asanlıqla dəyişir. Bu gün bir düşüncədə olan insanı sabah asanlıqla tam fərqli düşüncənin məcrasına yönəltmək olur. Belə olmaz. Məncə, bunun iki önəmli səbəbi var. Birincisi, bizi tərbiyə edən dəyərlər bəlli deyil. Bu sahədə boşluq var. Toplumu indi hansı dəyərlər tərbiyə edir? Bu suala cavab axtarılıbmı? Təbii ki, toplumda fərqli düşüncələr olmalıdır. Bu gəlişmənin önəmli səbələrindəndir. Amma starteji milli məsələlərdə çoxluq eyni, ya da bənzər düşüncədə birləşməli və düşüncələrində, məramlarında stabil və dayanıqlı olmalıdır. Millət millət olduğunu belə göstərir.

İkinci səbəb, Azərbaycan insanın çox manipulyasiya olunması, başqa sözlə, manipulyasiyaya öyrədilməsidir. Yetkin vətəndaşı olan cəmiyyət deyilik. Baş verənləri analiz etmirik və analiz edən zaman təməl prinsiplərin nə olduğunu bilmədiyimizdən, istinad nöqtələri tapa bilmirik. Bu üzdən də bir-birimizə, çevrəmizə, dinə, tarixdən gələn dəyərlərə münasibətimiz sürətlə və yüngül bir təmasla dəyişir.

ABŞ-ın Qüds qərarını sosial şəbəkələrdən və mediadan izlədim. Nə qədər rəngli, eyni zamanda ziddiyyətli, yanlış, zərərli, hətta qorxulu fikirlər var. Adamın qafası qarışır. Bu qədər dağınıqlıq, prinsipsizlik olarmı? Bu cür toplum ən zəruri məqamlarda belə bir araya gələ bilməz, gəlsə də tezliklə fərqli səmtlərə yönələrlər. Məncə, bu gün ölkənin starteji problemlərinin həll olunmamasının da əsas səbəbi burda axtarılmalıdır. İpdən qopan muncuq dənələri kimi dağılmışıq və hərə bir tərəfə yuvarlanmaqdadır. Demokratiyanı da  çox yanlış qavramışıq. Onun həm də önəmli, faydalı olanlar ətrafında harmoniya yaradılması demək olduğunu, deyəsən, tamamən unutmuşuq.

Strateq.az