XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

15 Aprel 2015 - 15:10

Əli Əliyev: “Hakimiyyət hələlik maliyyə islahatları aparmaq niyyətində deyil”

“Azərbaycan xarici siyasət prioritetlərinə yenidən nəzər salmalıdır”

Strateq.az-ın çağdaş siyasi və geopolitik proseslərə aid suallarını Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev cavablandırır.

– Əli müəllim, Lozannada “nüvə danışıqları” nisbi uğurla başa çatandan sonra Yaxın Şərqdə qüvvələr nisbətindəki dəyişikliklər də “legitimləşdi”. İran artıq bu bölgədə əsas söz sahibi kimi görünməyə cəhd edir. Sizcə, bu dəyişiklik Azərbaycana və bölgəyə yaxın perspektivdə nələr vəd edir?

– Lozanna danışıqlarının sonuclanması haqqında qəti fikir söyləmək hələlik tezdir. çünki İranın ali dini lideri Xamenei bu günlərdə “Hər şey razılaşdırılmayıbsa, deməli, heç nə razılaşdırılmayıb” kimi ciddi bir bəyanatla çıxış edib. İyun ayında imzalanması gözlənən yekun sazişi ilə əlaqədar tərəflər arasında bir sıra texniki məqamlarla bağlı fikir ayrılıqları var. İran ona qarşı tətbiq edilmiş embarqo və sanksiyaların birdəfəlik qaldırılmasını, dondurulmuş bank hesablarının dərhal açılmasını tələb edir. Qərbin əsas dövləti ABŞ isə yumşalmanın mərhələ-mərhələ həyata keçirilməsi haqqında israrlıdır. Yəni sözügedən problemlə bağlı bütün məsələlərin həll edildiyini düşünmək bir qədər tezdir. Ancaq bütün bunlara baxmayaraq, İran Lozanna danışıqlarına qədər də bir sıra məsələlərdə Qərblə yumşalma mövqeyi nümayiş etdirirdi. Məsələn, İraqda İŞİD-ə qarşı mübarizdə İran və ABŞ generalları bir mövqedən çıxış edir və fəaliyyətləri koordinasiya olunurdu. Yəmən böhranının ilk mərhələsində İran sərt mövqe tutsa da, husilərə verdiyi dəstək körfəzə çıxardığı iki hərbi gəminin nümayiş etdirilməsi ilə yekunlaşdı. Yəni İran husilərə ciddi dəstək xəttini tutmadı. Bu da İranın indiki dövlət maraqlarından irəli gəlir. Yekun saziş baş tutsa, İranın həm də iqtisadi müstəvidə gücə çevriləcəyinə şübhə yoxdur. Onun gündə bir milyon barrel neft ixracatçısı roluna yüksəlməsi proqnozlaşdırılır. İran məsələsi kifayət qədər ciddi məsələdir. Əslində, ABŞ-ın son dövrlər yürütdüyü siyasət Rusiyaya qarşı yönəldiyindən, bir sıra dövlətlərə münasibətini yumşaldıb. Bu günlərdə keçirilən Panamerikan sammitində Obamanın Kuba təmsilçisi Raul Kastro ilə isti münasibəti, Venesuelaya qarşı meyllənmə, bu bölgədə İranla dialoq, hətta Güney Koreya vasitəsilə Quzey Koreyanın yumşaldılması göstərir ki, bu addımlar dünyanın yenidən biçimlənməsi üçün Obamanın göstərdiyi səylərin təzahürüdür. Belə məqamda cənub qonşumuzun dünyaya inteqrasiyaya cəhd edəcəyi istisna deyil. çünki optimal siyasət Qərbə inteqrasiyanı ehtiva edir. Həsən Ruhani hakimiyyətə gəldiyi gündən Əhmədnecatdan fərqli bir siyasi kurs sərgiləyir. Bunun Azərbaycan üçün də yeni bir siyasi situasiya yaratdığını demək mümkündür. Neft bazarında İran kimi ciddi bir təklifçinin ortaya çıxması və bölgədə siyasi təhlükə amili kimi İranın ortadan qaldırılması durumu ilə üzləşmişik. Mənə elə gəlir ki, Azərbaycan xarici siyasət prioritetlərinə yenidən nəzər salmalıdır. ölkə başçısının Səudiyyəyə səfəri və Birləşmiş Ərəb Əmirliklərindən də Azərbaycana səfər qeyd etdiyim dəyişimlərin ilk əlamətidir.

– Dünyanın ən qaynar nöqtələrindən sayılan Ukraynadakı böhran Qərblə Rusiyanın çəkişmə poliqonuna çevrilib. Ortalıqda əzilən isə Ukrayna dövlətçiliyi və cəmiyyətidir. Hətta ölkənin sosial siyasət naziri Rozenko bu gün bildirib ki, Ukrayna humanitar fəlakət həddindədir. Sizcə, Qərblə Rusiya arasında Ukraynanı ərazicə bölməklə kompromis əldə etmək mümkündürmü?

– Dünən “Normand dördlüyü” deyilən formatda xarici işlər nazirlərinin görüşü keçirilib və eyni zamanda son 17 ildə ilk dəfə G-7 formatında dünyanın aparıcı siyasi-iqtisadi güclərinin Rusiyasız sammiti keçirilib. Hər iki tədbirdə Ukraynadakı durum ciddi şəkildə müzakirə edilib. Donetsk vilayətində atəşkəs artıq yenidən pozulmağa başlayıb. Görünən budur ki, Rusiya yeni istiqamətdə Ukrayna müdafiəsini yarmağa çalışır. Bu da Mariupol istiqamətidir və ruslar Krıma quru yolu əldə etməyə cəhd edirlər. Son məlumata görə, Donetsk vilayəti hal-hazırda 50% rus rublundan istifadə etsə də, yaxınlarda tam şəkildə rubl məkanına keçməyi planlaşdırır. Bu, kifayət qədər ciddi siqnaldır. Yəni Rusiya öz geopolitik iddialarını ardıcıl şəkildə gerçəkləşdirir. Sanksiyaların tətbiqinə baxmayaraq, Rusiya iqtisadiyyatı yeni dalğada hazırlanır, müqavimət iqtisadiyyatı formalaşdırılır. Rus rublunun məzənnəsi də göz önündə saatbasaat dəyişilir. Qərb isə rus işğalının qarşısnı almaq üçün yollar arayır. “Normand dördlüyü”nün dünənki razılaşması bundan ibarət olub ki, bütün ağır hərbi texnika təmas xəttindən geri çəkilməlidir. Rusiya Ukraynanın Avropa Birliyinə inteqrasiyasına açıq-aşkar cəhd etsə də, mənə elə gəlir ki, Ukrayna hakimiyyəti öz siyasi iddialarında qətiyyətlidir və ötən həftə kommunist simvolikası ilə bağlı Ali Radanın qəbul etdiyi qərar keçmiş kommunist dönəmi ilə bağlılığın tam şəkildə kəsiləcəyindən xəbər verir. Bu o deməkdir ki, Ukrayna yeni ideoloji dönəmə daxil olur. Düzdür, Rusiya bunu faşist fəlsəfəsinə söykənən addımlar kimi şərh etməyə çalışır, amma Ukrayna millətçilərinin tamam yeni keyfiyyətli dövlət qurmaq təşəbbüsləri ortadadır. Rusiya da bundan qıcıqlanır. Nəzərə almaq lazımdır ki, Ukraynanın NATO-ya daxil olmaq perspektivi də gündəmdədir. Deməli, Rusiyanı şərq sərhədlərində NATO ilə birbaşa təmas təhlükəsi gözləyir. Təbii ki, Rusiya bunu təhlükə kimi qavrayır. Dünyanın yenidən biçimlənməsi prosesi Rusiya-Ukrayna ərazisində də davam edir. Hesab edirəm ki, Rusiya Ukrayna xalqının seçiminə sayğısız yanaşır və iradəsini zorlamaq xəttini davam etdirir. Moskvada belə hesab edirlər ki, Ukraynanın seçim haqqı yoxdur və öz yolunu müəyyənləşdirmək hüququna malik deyil. Yəni Ukraynanı suveren dövlət saymırlar. Bu, imperiya psixologiyasından irəli gələn düşüncələrdir. Bunun aradan qalxması üçün dünyada və Rusiyada şərait dəyişməlidir.

– Manatın devalvasiyası ölkə əhalisini ağır duruma salıb. Amma artıq ekspertlər proqnoz verirlər ki, yeni və daha sərt devalvasiya mərhələsi gözlənilir. Bu proqnozun gerçəkləşmə şansı nə dərəcədə realdır? Gerçəkləşərsə, ölkədə nə baş verər?

– Azərbaycan hakimiyyətinin gücü sırasında sosial dayanıqlığı təmin etmək mümkündür. Bunun da qeyd etmək lazımdır ki, ölkə əhalisinin siyasi passivliyə qapılmasının əsas səbəblərindən biri “Vəziyyət bundan da pis o
lmasın” tezisidir. Hakimiyyət neft gəlirləri sayəsində ölkədə tam siyasi hakimiyyətini təmin edə bilib. Bununla belə, neft pullarının miqdarının azalması, düşünülməmiş iqtisadi siyasət ölkədə tamamilə yeni bir sosial-iqtisadi mənzərə yaradıb. Bunun siyasi həyata yansıması özünü çox da gözlətməyəcək. çünki dünya bazarında neftin qiymətinin qalxması ehtimalı çox aşağıdır. Əvvəldən dediyimiz kimi, İran neftinin də dövriyyəyə girməsi və OPEK dövlətlərinin, xüsusən Səudiyyə, Qətər, Birləşmiş Ərəb Əmirlikləri kimi üç dövlətin neftin qiymətləri ilə bağlı proqnozda tutduğu qəti mövqe və öz mövqelərini Vaşinqtonla uzlaşdırmaları onu deməyə əsas verir ki, yaxın gələcəkdə dünya bazarında neftin qiyməti qalxmayacaq. Belə bir durumda Azərbaycanın iqtisadi vəziyyəti kifayət qədər ağır görünür. Hərçənd ki, 2015-ci ilin I rübünün yekunları ilə bağlı müşavirədə cənab prezident kifayət qədər birmənalı və əmin formada manatın məzənnəsi ilə bağlı mövqe ifadə etdi. Hesab eləyirəm ki, hakimiyyət var gücü ilə bu məzənnənin dəyişilməməsinə çalışacaq və bunun üçün bütün iqtisadi güclər səfərbər ediləcək, maliyyə siyasəti tamamilə yeni formada təzahür edəcək. Biz artıq bunun işartılarını görürürk. Ancaq hələlik Azərbaycan cəmiyyəti birinci devalvasiyanın nəticələri ilə üzləşməyib, çünki hakimiyyət inzibati və iqtisadi imkanlarından istifadə edib yeni məzənnə ilə idxal edilən məhsulların bazara girməsinin qarşısını alır. Mənə elə gəlir ki, bu proses Bakıda keçiriləcək Avropa Yay Olimpiya Oyunlarına hazırlıqla bağlıdır. Buna görə də iyun-iyul aylarında devalvasiyanın bazarda hansı inflyasiya şəraiti yaratdığının şahidi olacağıq. Və əgər belə davam edərsə, ciddi iqtisadi struktur dəyişiklikləri olmayacaqsa, təbii ki, manatı yeni devalvasiya mərhələsi gözləyə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycanda hələlik idarə olunan manat dövriyyədədir. Amma bayaq qeyd etdiyim kimi, Rusiyanın Mərkəzi Bankı bu baxımdan tamam fərqli siyasət yürütdü. Rusiya bankı ötən ilin ortalarında dolların məzənnəsinə intervensiya ilə rublun məzənnəsini sabit saxlamağa çalışırdı, ancaq indi bir ildən sonra bankın prezidenti Naibullina öz komandası ilə tamamilə yeni siyasətə keçdi. Yəni onlar rublun bazar şərtləri ilə tənzimlənməsinə qərar verdilər. Praktika göstərir ki, onların bu siyasəti müəyyən müddətdən sonra öz bəhrəsini verdi. Bir aya yaxındır ki, rubl mütəmadi olaraq hər gün möhkəmlənmə meyli nümayiş etdirir. Azərbaycanda isə hələlik məlum problemlə bağlı ciddi iqtisadi qanunlara söykənən addımlar atılmır. Təəssüf olsun ki, manatın dəyərinə birbaşa cavabdeh olan Elman Rüstəmov yenidən öz vəzifəsinə təyin edildi. Bu fakt ondan xəbər verir ki, ölkənin siyasi hakimiyyəti hələlik maliyyə islahatları aparmaq niyyətində deyil. Və bu cür davam edərsə, hakimiyyət indiki duruma etinasız yanaşarsa, ciddi maliyyə böhranı ilə üzləşmək ehtimalımız yüksəkdir. Düşünürəm ki, ölkədə yürüdülən iqtisadi kurs şəraitə uyğun deyil.

– Milli-azadlıq hərəkatının ilk mərhələsində yaranmış siyasi partiyalar sonradan bir sıra siyasi qurumlar üçün qaynaq rolunu oynadı. O cümlədən vaxtilə rəhbərliyində təmsil olunduğunuz Azərbaycan Milli İstiqlal Partiyası. 90-cı illərdə ölkənin əsas siyasi güc mərkəzlərindən biri olan AMİP bu gün üçüncü dərəcəli quruma çevrilib. Sizcə, bu partiya niyə belə sınıq düşdü?

– Bu məqamda obyektiv və subyektiv amilləri nəzərə almaq lazımdır. Bu, təkcə adını çəkdiyiniz partiya ilə bağlı deyil. Hərəkatın birinci dövründə AXC-nin siyasi varisləri sayılan 3-4 partiya uzun müddət siyasi məkanı zəbt etmişdi. Sonralar yürüdülən siyasət nəticəsində əvvəlcə AMİP, bir qədər sonra AXCP, ötən il isə Müsavat partiyası sıradan çıxmağa başladı, tənəzzülə uğradı. çünki ölkədə aprılan siyasət siyasi qurumların sıradan çıxmasına şərait yaradır. Təbii ki, bu, narahatlıq doğuran haldır. çünki hakimiyyət on beş ilə yaxındır ki, dünyaya bir virtual siyasi mühit təqdim etməyə çalışır və sanki, istixana mühitində formalaşdırdığı partiyaları ölkənin siyasi sistemi kimi təqdim etməyə can atır. Və saxtalaşdırılmış seçkilər vasitəsilə onların parlament təmsilçiliyinə nail olur. Beləliklə, həm ictimaiyyət, həm beynəlxalq çevrələr, bir növ, azdırılır. Bu, yanlış siyasi xətdir, çünki dövlətçilik ölkədə oturuşmuş siyasi sistemin olmasını istəyir. Yəni ölkədə oturuşmuş siyasi sistem, şəbəkələnmiş siyasi qurumlar olmazsa, cəmiyyəti əhatə edən ideologiyalar təbliğ olunmazsa, bu boşluq ölkəyə lazım olmayan ideyalarla dola bilər. Necə ki, bu gün Suriyada, İraqda terrorçularla çiyin-çiyinə vuruşan soydaşlarımız Azərbaycan ideologiyasına yad olan prinsiplər üzündən yanlış dünyagörüşə yiyələniblər. Biz gələcəkdə də belə halların şahidi ola bilərik. Ona görə də milli-azadlıq hərəkatının ilk dövrlərində yaranmış partiyaların sıradan çıxmasına sevinmək yox, təəssüflənmək lazımdır. Lakin siyasi həyatın qanunları dinamikdir. O partiyalar əgər Azərbaycanın dünənidirsə, dinamik olaraq yetişən yeni nəsil də var ki, ölkənin sabahı olacaq.

Söhbətləşdi: Fərzuq Seyidbəyli




Yuxarı Əvvələ Ana Səhifə