XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

14 Mart 2018 - 14:37

Aleksey Navalnıy:"Kseniya Sobçak Putinin əsgəridir və onun maraqlarına xidmət edir” – MÜSAHİBƏ

Pavel Lokşin

“Die Velt” qəzeti

 

Qərbdə Aleksey Navalnı Vladimir Putinə qarşı çıxan müxalifətçi hesab edilir. O, Almaniyanın “Die Welt” nəşrinə verdiyi müsahibədə özünün prezident seçiləcəyi təqdirdə Rusiyanın necə olacağından bəhs edib, həmçinin köhnəfikirli olduğunu etiraf edib.

 

Cənab Navalnı, martın 18-i, bazar günü Vladimir Putinin yenidən prezident seçiləcəyi gözlənilən gün nə edəcəksiniz?

– Bu psevdoseçkilərin keçirilməsinə nəzarət edən müşahidəçilərimizin işini əlaqələndirməyi planlaşdırıram. Saxtakarlıq halının çox olacağını gözləyirik. Təəssüf ki, polis tez-tez mənim planlarıma mane olur. Ancaq, görünür, Kreml mənim həmin günü dəmir barmaqlıqlar arasında keçirib-keçirməyəcəyimə hələlik qərar verməyib. Onlar istədikləri vaxt məni 30 günlük həbs edə bilərlər.

– Son aylar aktiv seçki kampaniyası aparmısınız, bütün Rusiyada onlarla seçki qərargahı qurmusunuz, həmin yerlərdə könüllülər fəaliyyət göstərir, minlərlə insan sizin mitinqlərinizə çıxır. Amma Kreml sizi seçkilərə buraxmadı. Bütün bunlar nəyə lazımdır?

– Kreml indiyədək hərəkatımızın partiya kimi qeydiyyatdan keçməsinə yol vermir. Lakin de-fakto bizim artıq Rusiya üçün Avropa inkişaf yolunu seçən partiyamız var. Bu, partiyadaxili güclü demokratiyaya malik kollektiv olacaq. Bütün vacib postlara təyinatlar səsvermə yolu ilə keçiriləcək. İri şəhərlərdə 25 nümayəndəliyimizin olacağı ehtimal edilir.

– Sizin ruh yüksəkliyiniz hörmətə layiqdir. Seçkilərdə iştirak etməyinizə icazə verilsəydi, sorğuların nəticələrinə əsasən, siz 1%-dən az səs toplayacaqdınız. Bununla belə, Qərbdə Rusiya müxalifət düşərgəsinin əsas nümayəndəsi hesab edilirsiniz. Qərb sizin qiymətinizi şişirtmirmi?

– Tərəfdarlarımla əlaqə saxlamaq üçün internet və “Youtube”-dan istifadə edirəm. Kreml məni televiziyaya buraxmır. Putin hətta mənim adımı dilə gətirmək istəmir. Biz mətbuat konfransı keçirəndə həmin tədbirə yalnız xarici jurnalistlər gəlir.

– Ümumiyyətlə, sizə kimlər qoşulur?

– Rusiya üçün daha yaxşı həyat istəyən insanlar. Çünki Rusiya korrupsiyaya uğrayıb və gün keçdikcə hakimiyyət daha da avtoritar olur. Putin ömürlük monarx olmaq istəyir. Siyasi məhbusların və qeyri-qanunu həbsə düşənlərin sayı artır. Harda oluramsa olum, ölkədə mülkiyyəti əlindən alınan fermerlər, mağazaları polis tərəfindən müsadirə edilən kiçik sahibkarlar, ya da sosial şəbəkələrdə dərc etdikləri materiala görə həbs olunan tanışlar haqqında xəbər eşidirəm.

– Əksər müxalif namizədlərin seçkilərdə iştirakına icazə verilib. Məsələn, prezidentliyə liberal namizəd Kseniya Sobçak. O da partiya təsis etmək istəyir. Niyə Sobçakla birgə Putinə qarşı ümumi koalisiya yaratmayasınız?

– Çünki o, Putinin əsgəridir və bu seçkilərdə onun maraqlarına xidmət edir. Rusiyaya “Yabloko” və ya Sobçakın yaradacağı partiya kimi kiçik müxalifət partiyalarının birliyi lazım deyil. Rusiyaya müxalifət hərəkatının yenidən işə salınması lazımdır və biz bunu dəstəkləyirik. Başqa partiyalar açıq şəkildə Putini tənqid etməyə və düzgün siyasi fəaliyyətə hazır deyillər. Bizə icazə verilsə, hər böyük şəhərdə 30% səs toplaya bilərik. Amma dövlətin strategiyası yalnız bir neçə faiz səs toplaya biləcək müxalifətçiləri siyasi meydanda saxlamaqdır. Demokratlar aciz və əhəmiyyətsiz görünməlidir. Biz Kremlin belə qapazaltı oğlanları ilə əməkdaşlıq etmək istəmirik.

– Kremldə otursaydınız, nələri başqa cür edərdiniz?

– Rusiyada bir də heç vaxt avtoritar rejimin qurulmasına yol verməməliyik. Bunun üçün müstəqil məhkəmələr lazımdır, parlament və azad mətbuat güclənməlidir. Söz azadlığını elə möhkəmlətməliyik ki, bir də heç vaxt bu hüququ məhdudlaşdırmaq olmasın.

– Qərb üçün yaxşı səslənir. Bəs insanlara onların rifahı vacib deyilmi? Onlar məhz buna görə Putini seçmirlərmi?

– Burada ziddiyyət yoxdur. Korrupsiya ilə mübarizə? Çox populyardır. Məhkəmə sistemini nəhayət müstəqil edəcək islahatlar? Bunu hamı istəyir. Kiçik və orta sahibkarlığın daha az tənzimlənməsi? Oliqarxlar üçün əlavə vergi? Hamı sadəcə şad olardı. Minimum əmək haqqının artırılması? Hamı xoşbəxtdir.

– Vladimir Putinin hakimiyyəti onun xarici siyasətinə də əsaslanır. Yaxın Şərqdə Rusiya demək olar ABŞ-ın lider rolunu əvəzləyib. Sizin Suriya siyasətiniz necə olardı?

– Rusiya İŞİD-ə qarşı beynəlxalq koalisiyada iştirak etməli və Suriyada hərbi əməliyyatlardan çəkinməli idi. Rusiyanın Suriya münaqişəsində iştirakı absurddur. Niyə Əsədlə əlaqə saxlayırıq? O, öz xalqına qarşı kimyəvi silah tətbiq edən qeyri-legitim başçıdır. O, terrorçudur.

– Bir neçə gün əvvəl Putin çıxışı zamanı yeni nüvə silahı strategiyasını təqdim edib. Siz tərk-silah olardınızmı?

– Putinin təqdimatı məni 80-ci illərə, uşaqlığıma qaytardı. O vaxt mən gənc pioner idim və sovet liderlərinin bu cür antiqərb təbliğatını izləyirdim: “Ölkəmiz amerikalı müharibə təhrikçilərinə qarşı çıxır. Biz bütün dünyada sülh istəyirik”. Onda ən azından real mövcud silahlar göstərilirdi, indi isə mənasız kompyuter animasiyası təqdim edilir. Putinin hazırda etdikləri daxili siyasi problemləri xarici siyasi isteriya ilə həll etmək cəhdidir. Bu da avtoritar rəhbərlər üçün səciyyəvi haldır.

– Bu, verilmiş problemin təbliğat aspektidir. Bəs silahın özü ilə bağlı nə fikirdəsiniz? Siz nüvə silahını dəstəkləyənlərdənsiniz, yoxsa ona qarşı çıxanlardan?

– Rusiya ABŞ ilə nüvə balansına nail olmalıdır. Bu balansı qorumaq və inkişaf etdirmək lazımdır. Hazırda bizim nüvə silahımız istənilən raketəleyhinə müdafiə sistemini dəf etmək iqtidarındadır. Burda bütün ekspertlər həmrəydir. Ola bilsin, bu köhnəfikirlilikdir, ancaq qarşılıqlı məhv təhlükəsi bütün dünyada təhlükəsizliyin təminatçısıdır. Əlbəttə, Qərb ilə əməkdaşlıq etməliyik, amma hazırda mövcud sistemi sadəcə məhv etmək olmaz.

– Sizin ağzınızdan da bu, soyuq müharibə ab-havasında səslənir.

– Əlbəttə, ABŞ Kreml təbliğatının təlqin etmək istədiyi kimi elə də dəhşətli bir yer deyil. Ancaq Ağ Evdə kimin oturacağını kim bilə bilər? Bu gün həmin şəxs Trampdır, sabah isə ondan da pisi ola bilər. Bütün dünyada, məsələn, Şimali Koreyada, Pakistanda nüvə arsenalı genişləndiyi bir vaxtda buna hazır olmalıyıq.

– Həbsxanada olmusunuz, sizə hücum ediblər, küçədə sizi izləyirlər. Həyat yoldaşınız və uşaqlarınız var. Onlar bunun öhdəsindən necə gəlirlər?

– Onlar məni dəstəkləyirlər. Həyat yoldaşım mənlə müqayisədə daha kritik mövqeyə sahibdir. Bu yaxınlarda kinoya getmişdik. Yol boyu uşaqlarım oyun oynamağa başladılar və küçədən keçənlərin arasından xüsusi agentləri təyin etməyə çalışdılar. Onlar ifşa olunduqlarını hiss edəndə gizləndilər. Ola bilsin, ehtiraslı səslənir, ancaq mən bilirəm ki, xeyir qüvvənin tərəfindəyəm.

Expressa.net