XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 April 2015 - 04:38

“Şeyx Şamil hərəkatından ən çox ziyan çəkən İlisu oldu”- MÜSAHİBƏ

Strateq.az saytının növbəti müsahibi Mantaşov Namik Mantaş oğludur. N.M. Mantaşov 1975-ci ildə Qax rayonunun İlisu kəndində anadan olub. 1981-ci ildə İlisu orta məktəbinin 1-ci sinfinə getmiş və 1992-ci ildə Qax şəhər 1 saylı orta məktəbi bitirərək N.Tusi adına ADPU-nun Coğrafiya və əlavə Biologiya fakultəsinə daxil olmuşdur. Hal hazırda Qax Peşə Liseyində, eləcədə şəhər 3 saylı məktəbində coğrafiya və biologiya fənnini tədris edir. Müntəzəm olaraq mətbuat səhifələrində və internet saytlarında müxtəlif səpgili yazıları dərc olunur. Onunla doğulub boya-başa çatdığı İlisu kəndinin dünəni və bu günü ilə bağlı söhbət etdik;

-öncə İlisu kəndinin adından başlayaq. İlisu sözünün etimologiyası ilə bağlı hansı versiyalar var? Sizcə, bu versiyalardan hansı doğrudur?

– Ilk öncə onu deyim ki, İlisu toponimi haqqında onlarca və həm də çox fərqli fikirlər söylənilmişdir. Əcnəbi-rus tarixçilərdən E. Veydenbaum, P. Petruşevski, A. Fon-Plotto İlisu sözünü “Elli-su”(Əlli-su) və ya “İyli-su” kimi izah etmişlər. Bunuda ərazidə olan çoxlu bulaqlar və həm də kükürdlü mineral bulaqların olması ilə izah etmişlər. Daha sonra digər rus tarixçisi D.E.Zubarev İlisu adını “Ulu su” sözü ilə eyniləşdirmişdi. Ulu sözü zatən türk dillərində geniş yayılmış söz olub “böyük”,”qədim”, “uca” və sair mənalar daşımaqdadır. Zatən İlisuda Ulu körpü, Ulu məscid və yaxınlıqda Ulu baş dağının olması bu versiyanı daha inandırıcı edir.Rəsmi olaraq “Azərbaycan toponimləri” kitabında İlisu sözü qıpcaq sözü olan “ili” və “su” sözlərindən düzəlmiş hidronim kimi göstərilib. Mənasıda “istisu” deməkdir. Maraqlı versiyalardan biri də, “ili” sözünün feil kimi göstərilməsidir. Mənası “enən”, “aşağıya düşmək” deməkdir. Mahmud Kaşğarlının “Divani-lüğət-it-türk” lüğətində “İli” feli vardır. Şəxsən mənim alternativ bir fikirimdə var. Düşünürəm ki, İli sözü ola bilsin Orta Asiyada olan İLİ çayının adı ilə eyni kökdəndir.

-İlisunun tarixi haqqında hansı bilgilər var? İlk dəfə İlisunun adı hansı qaynaqlarda çəkilir? İlisunun bir yaşayış yeri – kənd kimi formalaşması hansı yüzilliklərdən başlayır?

– İlisunun tarixi haqqında hələlik geniş şəkildə akademik araşdırma aparılmayıb. Son 30 ildə yalnız E.M.Latifovanın “Северо-западный Азербайджан: Илисуйское Султанство” əsəri işıq üzü görüb. Bu kitabdada daha çox İlisunun sultanlıq dövrü işıqlandırılıb və istinadlar gürcü, rus müəlliflərinə aid olduğu üçün mənbələrin nə dərəcədə həqiqəti əks etdirməsi sual altına qalır. İlisu adına ilk dəfə rəhmətlik akademikimiz Ziya Bünaydovun ərəb dilindən rus dilinə tərcümə etdiyi Səlcuqların tarixi əsərində rast gəlinir. O əsərdə (1060-cı il) məhz İlisu toponimi işlədilib. Mən düşünürəm ki, İlisu tarixinin araşdırılması ilk öncə ərazidən 3-5 km uzaqda olan qədim Kəndtala yaşayış məskənindən başlanılmalıdır. Bu ərazidə X-XI əsrlərə qədər yaşayış olmuş və qəbir daşları üzərindəki kufi xətti ilə yazılmış yazılarda buna sübutdur.

– Bu kəndin etnik tərkibi haqqında nə deyə bilərsiz? Kimlər yaşayır burda?

– İlisunun yerli əhalisini əsasən azərbaycanlı-türklər və sultanlıq dövründə Dağıstandan gəlmiş saxur və ləzgilər təşkil edir.

-Azərbaycanda bir çox əski yaşayış yerləri var. İlisunu digər əski kəndlərimizdən fərqləndirən hansı özəlliklər var?

– Hər bir ərazinin özünə məxsusluğu olduğu kimi İlisununda özünəxas özəlliyi var. İlk öncə füsunkar təbiəti hər kəsi cəlb edir. İlisu kəndi elə bir ərazidə yerləşib ki, bu ərazidə bir çox coğrafi-təbii obyektlər bir yerdə toplanmışdır. İki dağ çayının qovuşduğu, iki füsunkar şəlalənin, mineral bulaqların, meşə və dağ çəmənliklərinin qovuşduğu bir məkandır İlisu. Maraqlı bir məqamda var:Rayon mərkəzindən İlisunu vur- tut 12 km. məsafə ayırır. Ancaq bu 20 dəqiqəlik məsafədən sonra kəskin şəkildə hava və təbiətin dəyişikliyi müşahidə olunur. Yay ayları gün boyu əsən sərin mehi ilə fərqlənir, qış ayları isə duman-çən İlisudan əksik olmur.

İlisu həmdə Azərbaycanda mövcud olmuş az sayda sultanlıqlardan birinin – İlisu Sultanlığının mərkəzi olmuşdur.

İlisunun bir məziyyətidə kənd əhlinin elmə, oxumağa həvəsli olmasıdır. İlisu məktəbinin yetişdirdiyi 4 akademik, onlarca elimlər doktoru və yüzə yaxın elmlər namizədi buna əyani sübutdur.

-İlisu araşdırmaçılarımız tərəfindən hərtərəfli öyrənilibmi, yoxsa burada öyrəniləcək çox şeylər var hələ? İlisuda elə bir tarixi yer və ya hansısa bir adət varmı ki, məhz onun araşdırılmasını və xalqa çatdırılmasını istərdiz?

-Düşünürəm İlisu haqqında geniş araşdırma aparılmalıdır. çünki söylədiyiniz tarixi yerlər və adətlər onlarladır ki, araşdırılmağa ciddi ehtiyac duyulur.

-Bilirik ki, İlisunu digər bölgələrimizdən fərqləndirən özəlliklərindən biri İlisu şivəsidir. Bir qədər də bu barədə bilgi verin zəhmət olmasa.

– Bu şivə qədim türk-oğuz dilini özündə qoruyub saxlaması ilə fərqlənir. İlisu şivəsi həm də, müasir Anadolu türkçəsi ilədə çox yaxındır. ümumən bu şivə əsasən türk mənşəli sözlərdən ibarətdir. Qisməndə Dağıstan və ərəb-fars mənşəli sözlərdən ibarətdir. Misallar göstərək: “Hara” və “haraya” sözləri İlisuda “Nara” və “naraya” kimi işlədilir. Bu, Türkiyə türkcəsindəkinereye,nerede sözünə uyğun gəlir. Yüngül xasiyyətli adama İlisuda “Yeltəmə” deyirlər. Buda Anadoluda həm rəqs, həmdə musiqi alətinin adıdır. Anadoluda hamamdan çıxan insana “sihhatler olsun” deyirlər. İlisuda mineral bulaqdan(hamam qəbul edirlər orda) gələnlərədə belə deyilir. Düzdür, bir az formasını dəyişərək “Sahatlar olsun”- deyirlər, lakin bu ciddi fərq deyil.

-İlisu – az öncə qeyd etdiyiniz kimi -həm də öz böyük insanları: alimləri, qələm adamları, sənətçiləri və dövlət xadimləri ilə Azərbaycan xalqına böyük töhfələr verib. Siz özəlliklə bu insanlardan kimlərin adlarını çəkərdiz? İlisudan olan, lakin adı ictimaiyyətə bəlli olmayan elə bir insan varmı ki, siz onun da əməllərinin işıqlandırılmasını və hansısa fəaliyyətinə görə xalqa tanıdılmasını istərdiz?

-İlisu kəndi, İlisu məktəbi bütün sahələr üzrə, Azərbaycanda və onun sərhədlərindən kənarda tanınmış y
üzlərcə ictimai xadim, elm adamı, din xadimləri , ziyalılar və idmançılar yetişdirmişdir. Şəxsən mən bir -iki adamın adını çəksəm kimlərəsə haqsızlıq etmiş olardım. Ancaq yenədə cəmiyyətə məlum olmayan və ya bir az mübahisə obyekti olan bir faktı deyim: Rəhmətlik opera və estrada müğənnimiz Müslüm Maqamayevin babası bəstəkar Müslüm Maqamayevin atası məhs İlisu kəndində anadan olmuşdur.Yaxşı olardı, vikipediyada İlisu səhifəsinə nəzər salıb bu insanları yaxından tanısın cəmiyyətimiz. Doğrusu, indiki durumda o insanların tanıdılmasına o qədər də ehtiyac yoxdur, əksinə onların və ya hər kəsin birlikdə İlisunu tanıtmağa, İlisunun müasir problemlərinin həll edilməsinə ehtiyac var.

-Hər bölgənin özünəməxsus lokal mədəniyyəti olur. İlisunun hansı etnoqrafik özəllikləri var?

– Bəli, İlisu həm də özünün etnoqrafik özəllikləri ilə, xalq yaradıcılığı və adət – ənənələri ilə fərqlənir. Maraqlı və fərqli bir adəti deyim. Bu, toy gününün sabahısı qeyd edilən “Qazax dağıtdı” adətidir. Bu tədbirdə bəy evinin ən yaxın qohumları, qonşuları və bəyin dostları iştirak edir. Adətən QAZAX toyda və sabahısı günü bir çox işlərdə köməklik göstərən cavan oğlanlar olur. Bu adətdə İlisu yeməyi olan “sürhüllü” bişirilir və gələn yaxın adamlar bəylə görüşərək məclisdə otururlar. Xüsusi qaydaları olan bu tədbir həmdə qaydaları pozanların cəzalandırlması ilə diqqəti çəkir. Qaydalara əməl edərək məclisdə iştirak edənlər həmdə qazaxlardan lazım gələndə məclis üçün istənilən bir şey tələbdə edə bilər.

-İlisu ilə bağlı məni maraqlandıran tərəflərdən biri də bu kəndin yüzə yaxın ayrı-ayrı nəsillərdən oluşmasıdır. Kimlərdi bu nəsillər? Bu nəsilləri bir-birindən ayıran və birləşdirən hansı özəlliklər var?

-İlisuda məhəllələr “tabun” adı ilə, nəsillər isə “uşağı” termini ilə ifadə olunur. Mövcud olan 6 tabunda 100-ə yaxın fərqli nəsil adları var. Bunlardan bəzilərini öz adı, mənası ilə diqqət çəkənlərini misal çəkmək istərdim: Buyurtma uşağı, Kubaçılar, Dibxilov uşağı, Mamalov uşağı,Mantaş uşağı, Şamay uşağı, Şeytanlar, Pəti-pütü uşağı, Quşlar,Qoca uşağı, Qədəsər uşağı, Təmir uşağı, Məhərrəm uşağı, Adamay uşağı, Yorğu uşağı,Camal uşağı, Seydəli uşağı ,Quzayalar və sair.

Az sayda nəsillərin Dağıstanla və digər bölgələrlə kök bağlılığı olsada əksər nəsillər sırf yerli nəsillərdir.

-Tarixi qaynaqlarda İlisudan olan bəzi insanların Şeyx Şamilin dəstəsində ruslara qarşı vuruşduğu yazılır. Bu vuruşma həvəsi hansı istəkdən qaynaqlanırdı? Onlar ruslara nifrət etdikləri üçün vuruşurdular, yoxsa müsəlman şeyxi olan Şamilin yanında vuruşmağı özlərinə borc bildikləri üçün? Və onlar kimlər idi?

– ümumən tarixin bu məqamı çox təzadlıdır. Zatən Şeyx Şamil barədə çox yazılmışdır. Bir qəhraman kimi bir çox danılmaz özəlliyə malik olan bu şəxsiyyətin ətrafında həmdə sonuncu İlisu sultanı Danyal Sultanda olmuşdur. Ancaq zaman-zaman bu hərəkatın daxilində baş verən fikir ayrılığı nəticəsində ziddiyyətlər meydana gəlməyə başlamışdır. Bu hərəkatda həm dini faktor, həm hakimiyyət maraqları, həm də azadlıq uğrunda mücadilə istəkləri yetərincə idi. Bu barədə çox danışmaq olar. Əslində bu ayrıca bir araşdırma mövzusudur. Ancaq sonda bu hərəkatdan ən çox itirən İlisu oldu. 300 illik tarixi məlumatlar toplanmış arxivlər və sair məhv edildi. Ruslar İlisunu Şamilə göstərdiyi köməyə görə sərt şəkildə cəzalandırdı. Bütün kənddə məscid və adi yaşayış yerləri istisna olmaqla burada çox şey ruslar tərəfindən yandırıldı.

-Azərbaycanda mövcud olmuş sultanlıqlardan biri də İlisu sultanlığı idi. Bu gün İlisuda sultanlığın hansı izləri var?

– Az öncə dediyim kimi, sultanlıqla bağlı biz ancaq gürcü və rus mənbələrindən məlumat ala bilirik. Ancaq sultanlığın mərkəzi olan İlisuda nə bir arxiv sənədi, nə bir geniş məlumat mənbəyi əlimizdə yoxdur. Olanlarda çox əhəmiyyət kəsb etmir. Buda bəzi məkrli məqsədlər həyata keçirmək istəyənlərin əlində əsas olub. Sultanlığı,sultanların mənşəyini gah gürcü, gah saxur, gah avar hesab edirlər. Düzdür, Sultanlıq dövründə istənilən əlaqələr, yaxınlıq, qohumluq ola bilər. Ancaq sultanlığın yaranmasını yerli xalqlar qala-qala hansısa başqa bir xalqın adına yazmaq yolverilməzdir.

-Bir qədər də İlisunun bu günündən danışın zəhmət olmasa. İlisu bu gün hansı qayğılarla yaşayır, burada insanların əsas məşğuliyyəti nədir?

– İlisu hər tərəfli böyük potensiala məxsus ərazi olsada biz onun çox az bir qismindən istifadə edə bilirik. Kəndin adi sosial problemləri belə bu günə qədər həll olunmayaraq qalmışdır. Turizm baxımından böyük potensialı olan bu ərazidə əhəmiyyətli dəyişikliklər aparılmayıb. Bu dediklərimə ağız büzənlərə kənddə gediş-gəliş üçün rahatlıq yarada biləcək maşın yolunun olmamasını nümunə göstərə bilərəm. Kəndə qaz çəkilişi hələ indi başlanılmışdır. Bu qədər zəngin tarixə malik kəndin gələn turistlərə, qonaqlara xidmət edəcək bir muzeyi belə yoxdur. Kənd sel hadisələrindən çox əziyyət çəkir. Düzdür, çay sularına qarşı qoruyucu bənd çəkilib, lakin dağ dərələrindən gələn sel qarşısında İlisu acızdir. Ilisu əhalisi tarixən qoyunçuluqla məşğul olmuşdur. İndi isə durum fərqlidir. üç-beş insandan başqa demək olar ki, bu sahə ilə məşğul olan yoxdur artıq. Alternativ məşğuliyyət sahələri isə yoxdur. Perspektivli turizm sahəsi isə illərdir yerində sayır. Gözə çarpacaq irəliləyiş yoxdur.

-Bir qədər də İlisunun mətbəxindən söz açın…

– İlisuda qədim türk xalqların həyatının əvəz edilməz məhsullarından biri –qurudulmuş ət məhsulları və ondan hazırlanan yeməklər daha populyardır. Qurudulmuş ət məhsullarına: qaxac, darbaq, şirdan, hiçnavuru misal göstərmək olar. Qaxac kəsilmiş bütöv qoyundan, xüsusi üsulla düzəldilir. özünəməxsus formaya salındıqdan sonra açıq havada qurudulur. Bu, əsasən sentyabr ayının sonunda edilir. Oktyabra qədər davam edir. Qoyunun xüsusi bağırsağı isə ətlə doldurulub qurudulur və bu hiçnavur adlanır. Müasir dildə kolbasa. Bu məhsullardan hazırlanan ən dadlı və məşhur yemək isə sürhüllü (sürhü,sürfü-sürtmək sözündən yaranmış ola bilər) adlanır. Xəmir xörəyi olan bu yemək soyuq qış aylarının əvəz edilməz nemətidir. Bundan başqa İlisuda Qirs, Kəkotu girsi, Yumurta girsi, Qozlu aş, Həvicin kətə, Əzmə və sair yeməklər çox sevilir.

Söhbətləşdi: Namiq Hacıheydərli




Yuxarı Əvvələ Ana Səhifə