XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

28 Mart 2018 - 23:57

Karnegi  Mərkəzinin direktoru:“Rusiyanı idarə etmək üçün iki keyfiyyətə malik olmalısan” - MÜSAHİBƏ

AKSEL JİLDEN

KARNEGİ MƏRKƏZİ

28 MART 2018

Karnegi Moskva Mərkəzinin direktoru Dmitri Trenin ilə müsahibə.

 – “Ekspress”: Rusiyanın yeni prezidenti Vladimir Putin ikili agent Sergey Skripal və qızının Böyük Britaniyada zəhərlənməsi fonunda Qərblə münasibətlərdə növbəti böhranla üzləşib. Hansı nəticələr ola bilər?

Dmitri Trenin: Yeganə fərq ondan ibarətdir ki, ABŞ və Rusiya arasındakı hibrid müharibəyə indi Böyük Britaniya da qoşulub. İndi London-Moskva münasibətlərində uzunmüddətli soyuqluq müşahidə ediləcək. Digər Qərb ölkələrinin davranışını izləmək lazımdır. ABŞ-Böyük Britaniya-Fransa-Almaniya kvartetinin elan edilən həmrəyliyi alyans çərçivəsində adi cavab addımıdır.

Fransa və Almaniya Rusiya ilə əlaqələrini dondurmağa hazırdırmı? Bunu başa düşmək lazımdır. Məncə, hazır deyil. İsrail kimi digər ölkələr ehtiyatlı mövqe sərgiləyir: onlar qəsd hadisəsini pisləyir, ancaq günahkarın kim olduğunu söyləmək istəmirlər. Qısacası, ABŞ və Böyük Britaniya Moskvaya təzyiqi artıracaq. Ən azından, Vladimir Putin hakimiyyətdə olduğu müddətdə.

Vaxt keçdikcə Kanada və Avstraliya da onlara qoşula bilər. Bu, Qərb düşərgəsində “anqlosferi” möhkəmləndirə bilər. Tərəfdaş qismində “cəbhə” ölkələrini də onlara əlavə etmək olar: məsələn, Polşanı, Baltik ölkələrini, Ukraynanı, Gürcüstanı. Məncə, AB-nin nüvəsi, xüsusilə Almaniya başqa mövqe sərgiləyəcək, Rusiyanın ünvanına tənqidləri və onunla dialoq cəhdlərini birləşdirməyə çalışacaq.

— Skripal kimi birini öldürmək Moskvanın nəyinə gərəkdir?

— Tədqiqat məxfi aparıldığı üçün bizə ehtimal irəli sürmək qalır. Zəhərli maddənin mənşəyi və onun tədarük üsulu ilə bağlı heç bir sübut təqdim olunmayıb. Maddi dəlillər olmadan mətbuatdakı bütün şərhlər şəxsi fikirlərə və üstünlüklərə əsaslanıb. Mən belə bir hipotez oyunbazlığında iştirak etmirəm.

Bununla belə, bu cür cinayətin Kremlin maraqlarına necə xidmət göstərdiyini başa düşmürəm. Aydın məsələ idi ki, əsas namizəd 70%-dən çox səs toplayacaq. Qəsd hadisəsi belə bir səsvermə ərəfəsində elektoratı səfərbər etmək üçün idi? Yoxsa həbsdən azad etdikdən 8 il sonra xaini aradan götürmək üçün? Olduqca şübhəli hədəf seçməklə, kifayət qədər ekstravaqant və gördüyümüz kimi, qeyri-effektiv silahdan – zəhərdən istifadə etməklə xaricdən Putinin rəqiblərini qorxutmaq lazım idi? Britaniya rəsmiləri və kral ailəsinin 2018-ci il futbol üzrə dünya çempionatında istifadə etməməsi üçün? Mümkün boykota məruz qalmaq və ya ümumiyyətlə bu tədbirin ləğvi ilə üzləşmək üçün? Britaniya hökumətini Londonda yaşayan zəngin ruslara təzyiq göstərməyə, onları düz Putinin əlinə, Rusiyaya geri qaytarmağa məcbur etmək üçün? Qərbi vətənində yalnız Putinin mövqeyini möhkəmləndirəcək, Rusiyanı bundan sonra da təcrid edəcək sanksiyaları sərtləşdirməyə vadar etmək üçün? Bütün bunlar heç bir tənqidə sığmır.

Con Le Karrenin (John Le Carre) romanlarının böyük pərəstişkarı kimi, tam və açıq araşdırmanın nəticələrini səbirsizliklə gözləyirəm. O vaxta kimi heç bir variantı istisna etmirəm.

— Rusiya və Qərb arasında belə bir gərginliyə necə gəlib çıxdıq?

— 2014-cü ilin ortaları Ukrayna böhranı başladıqdan sonra ABŞ və Rusiya bir-birinə qarşı çıxır. Ancaq bunun kökləri soyuq müharibənin sona çatdığı illərə gedib çıxır. Onda Qərb Rusiyanı avroatlantik təhlükəsizlik sisteminə daxil edə bilməmişdi. Tarix göstərir ki, müharibədən sonra mühüm ölkəni inteqrasiya etmək mümkün olmursa, onda sonuncu qalibin sırıdığı mövcud qaydalara qarşı çıxmağa başlayır.

ABŞ soyuq müharibənin başa çatmasını qələbə kimi qəbul edib. Ancaq müharibədə qələbə qazanandıqdan sonrakı addım sülh əldə etməkdir. I Dünya Müharibəsindən sonra Antanta ölkələri Almaniya ilə “sülh əldə edə” bilməmişdi. Baş verənləri hamımız bilirik. Halbuki II Dünya Müharibəsindən sonra müttəfiqlər Qərbi Almaniya və İtaliyanı inteqrasiya edə bilmişdi. Bu da Atlantik okeanının hər iki sahilində sülhü qroyub saxlamağa imkan yaratmışdı.

“Soyuq müharibə” başa çatdıqdan sonra Rusiya ABŞ-ın hegemonluğunu qəbul etmədi, çünki Vaşinqtondan əmrlər almaq onun xarakterinə zidd idi. Amerikanların uğursuzluğu ondan ibarətdir ki, “Amerika dünyasında” Rusiyaya yer vermək onlara ağlasığmaz gəlirdi.

 Rusiya Amerikanın mövqeyinin zəifləməsindən udurmu?

— Öncə qeyd etmək lazımdır ki, söhbət nisbi zəifləmədən gedir. Çin, Hindistan və Rusiyanın mövqeyini möhkəmləndirməsinə baxmayaraq, ABŞ aparıcı dövlət olaraq qalır. Donald Tramp Rusiyanı qüdrətli dövlət olaraq tanıyır, ancaq Rusiyanı belə bir xidmətinə görə o, təltif etməyib; Tramp sadəcə faktları dilə gətirir. Ukrayna böhranının inkişafına müqavimət göstərən Rusiya Krım və Donbasda mövqeyini möhkəmləndirib, Suriyada döyüşüb.

Bütün bunlar Vaşinqtonu Rusiyanı rəqib kimi görməyə məcbur edir. Bu da Dövlət Departamenti və ABŞ Müdafiə nazirliyininin son iki sənədində – Milli təhlükəsizlik strategiyası və Milli müdafiə strategiyasında öz əksini tapıb. Müsbət məqam ondan ibarətdir ki, Rusiya xarici problemlərlə üzləşdikdə çox vaxt yaxşı nəticələr göstərir. Bununla da öz mövqeyini möhkəmlədir və gücləndirir. Amma mənfi cəhət ondan ibarətdir ki, Amerika mövqeyini sərtləşdirəcək və daha aqressiv olacaq.

— Amerikanın indiki vəziyyətini necə qiymətləndirirsizini?

— Mən əminliyini itirən ölkə görürəm. Prezident seçkilərinə müdaxilə olunduğunu söyləyən amerikalılar haqlıdırlar. Müəyyən mənada belə bir hadisə baş verib, ancaq gəlin, məsələni şişirtməyək. Bu gün bəzi amerikalılar hesab edirlər ki, xarici dövlət seçkinin nəticələrini dəyişmək iqtidarındadır. Bu, yenilikdir. Əvvəl heç vaxt onlar özlərindən şübhələnməyiblər.

— Rusiyaya qayıdaq. Prinsipcə, bu, Putinin sonuncu prezidentlik müddətidir. Çünki 2024-cü ildə onun namizədliyini irəli sürmək hüququ yoxdur. Hadisələr necə inkişaf edəcək?

— O, səlahiyyətlərini vermədən, bir növ hakimiyyəti başqa birinə ötürəcək. O, prezident postunu həmişəlik saxlamaq üçün Konstitutsiyanı dəyişməyəcək. Putin 2024-cü ildən sonra prezident titulu olmadan, nüfuzlu şəxs olaraq qalacaq. O vaxta kimi Putin qurduğu sistemə rəhbərlik edəcək yeni nəsil yaradacaq.

— O, niyə sadəcə öz yerini güzəştə gedə bilmir?

— Rusiyanı idarə etmək çətin işdir. Bunun üçün iki keyfiyyətə malik olmalısan: həqiqətən populyar olmalısan, həmçinin amansız və təhlükəli girdaba – elitaya necə rəhbərlik edəcəyini bilməlisən. Elita üzvlərini özünə tabe etdirməyi bacarmalısan. Bu, çox çətin tapşırıqdır. Rusiyada hər şey, ya da demək olar hər şey çardan asılıdır. Qorbaçov böhranın öhdəsindən gələ bilmədiyi üçün SSRİ dağıldı. 1917-ci il II Nikolayın başına da eyni şeylər gəlmişdi. Başqa xarakterə malik başqa çar, bəlkə də, imperiyanı qoruyub saxlaya bilərdi. Bu, sübut edir ki, “çarın” şəxsiyyəti və temperamenti həlledici keyfiyyətlərdir. Məsələn, Dmitri Medvedyev həmyerlilərinin üçdə ikisinin səsini qazanmaq və ölkə elitasının qaniçən timsahlarına qarşı çıxmaq iqtidarında deyil. O, Putinin yerini tuta bilməz.

—  Onda bəs kim?

— Bilmirəm. Ancaq həmin şəxsin mütləq hərbi təcrübəsi olmalıdır. O, böhranların öhdəsindən gəlməyi bacarmalıdır, hər hansı regionda idarəçilik təcrübəsinə malik olmalıdır. Yerli çarlara və iqtisadi elitaya malik ölkə regionları Rusiyanın miniatür versiyasıdır. Gələcək lider, həmçinin ictimaiyyətin və kütləvi informasiya vasitələrinin xoşuna gəlməlidir. Buz üstündə hokkey oynaya bilsə, lap yaxşı olar. Məhz bu səbəbdən, bəziləri Putinin keçmiş cangüdəni, Krımda mühüm rol oynayan və hazırda Tula vilayətinin qubernatoru postunda əyləşən Aleksey Dyuminin dövlət başçısı ola biləcəyini düşünür. Mən ondan danışıram. Ancaq Putinin izlədiyi başqa qırx yaşlı qubernatorlar da var. İstənilən halda, gələcək qubernator nazirliklərdən deyil, regionlardan olacaq. Rusiyada nazirlər sadəcə Moskva məmurları hesab olunurlar. (Xpressa.net)