XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Mart 2018 - 08:55

Heydər Əliyevin köməkçisindən maraqlı açıqlamalar:"ƏSAS SEÇKİDƏN SONRAKI PROSESLƏRDİR" - MÜSAHİBƏ

Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri, mərhum prezident Heydər Əliyevin dönəmində onun köməkçisi işləmiş  Eldar Namazov günün aktual mövzuları ilə bağlı “Yeni Müsavat”a maraqlı müsahibə verib.

Strateq.az həmin müsahibəni öz oxucularına da təqdim edir:

 

– Eldar bəy, son günlər Azərbaycan və Ermənistan tərəfindən verilən açıqlamalarda hərbi ritorikanın artdığı müşahidə olunur. Ermənistanın baş qərargah rəisi aprel savaşından keçən iki ildə erməni ordusunun gücləndiyini, yeni silahlar əldə etdiyini deyərək Azərbaycan ordusunu hədələyib. Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev isə buna cavabında Azərbaycan ordusunun istənilən an Ermənistan ordusunu tamamilə darmadağın etmək, erməniləri fəlakətlə üz-üzə qoymaq qüdrətində olduğunu bəyan edib. Sizcə, aprel savaşının ikinci ildönümü ərəfəsində bu şəkildə hərbi ritorikanın artması yaxın vaxtlarda genişmiqyaslı hərbi əməliyyatların başlanacağının siqnalı sayıla bilərmi?

– Məhz sizin qəzetinizə mən aprel döyüşlərindən bir müddət sonra silsilə müsahibəmdə qeyd etmişdim ki, aprel döyüşləri Azərbaycan ordusunun böyük üstünlüyünü nümayiş etdirdi və ordumuzun Qarabağı azad etməyə qadir olduğunu ortaya qoydu. Bu da Azərbaycan diplomatiyası üçün yeni imkanlar yaratdı ki, biz diplomatik sahədə də müəyyən uğurlar əldə edək və torpaqlarımızın azad olunması istiqamətində ciddi irəliləyişə nail olaq. Təəssüf ki, bir müddətdən sonra mən məcbur oldum qeyd eləməyə ki, Azərbaycan diplomatiyası Azərbaycan ordusunun ona verdiyi bu imkanlardan yaxşı istifadə edə bilmədi və danışıqlar yenə də dalana dirənib, müharibə ehtimalı çox yüksəkdir, hətta 90 faiz əminəm ki, Azərbaycan ordusu ikinci hərbi əməliyyat keçirməyə hazırlaşmalıdır. Bu fikirlərin üzərində indi də qalıram.

Birincisi, Azərbaycan ordusunun erməni ordusunun üzərində üstünlüyü şəksizdir. Bunu hamı qeyd edir.

İkincisi, diplomatik sahədə, təəssüf ki, yeni yaranmış imkanlardan səmərəli istifadə edə bilmədik. Torpaqlarımızın azad olunması işi yenə də Azərbaycan ordusunun üzərinə düşəcək. Mən əminəm ki, ordumuz belə bir əmr alanda bu vəzifəni layiqində yerinə yetirəcək. O ki qaldı son günlərdə erməni tərəfinin yenidən hədələyici bəyanatlarla çıxış eləməsinə, bunun da öz səbəbi var.

Bu yaxınlarda Rusiyanın Müdafiə Nazirliyi ilə sıx əməkdaşlıq edən, faktiki olaraq Rusiyanın hərbi nazirliyinin analitik mərkəzinin böyük bir təhqiqatı işıq üzü gördü. Strategiyaların və Texnologiyaların Araşdırma Mərkəzinin rəhbəri Rusiya müdafiə naziri yanında İctimai Şuranın üzvüdür. Bu mərkəzin çap elədiyi böyük bir kitabda açıq-aydın göstərilib və faktlarla sübut edilib ki, Ermənistan ordusunun Azərbaycan ordusu qarşısında heç bir şansı yoxdur. Həm sırf hərbi-texnoloji, həm iqtisadi potensial, həm də demoqrafik potensial baxımdan Azərbaycan Ermənistandan qat-qat üstündür, növbəti hərbi savaşda Ermənistan ordusu Azərbaycan ordusuna məğlub olacaq. Məhz bu araşdırma işıq üzü görəndən sonra erməni tərəfindən isterik bəyanatlar verilməyə başlayıb. Erməni generalın və digər erməni rəsmilərin bu cür bəyanatları boş söhbətlərdir. Aprel döyüşlərindən sonra ermənilər hətta bəyanat verirdilər ki, onlarda guya nüvə bombası var. Açıq savaşda uduzan tərəf həmişə bu cür isterikada olur və möcüzəyə inanmağa başlayır. Necə ki, Hitler 1945-ci ildə sovet ordusu Berlinə yaxınlaşanda hamını inandırmağa çalışırdı ki, onların sehrli silahı var, o silahı işə salacaqlar və sovet ordusunu Berlinin ətrafında məğlub edəcəklər, indi də erməni generalların da bəyanatları məğlubiyyətin astanasında olan tərəfin isterik bəyanatlarına bənzəyir. Ona görə də ermənilərin bu cür bəyanatlarına fikir vermək lazım deyil. Azərbaycan ordusu Dağlıq Qarabağı azad etməyə tam hazırdır. Bu yaxınlarda keçirilən genişmiqyaslı təlimlər də məhz belə bir əməliyyatın keçirilməsinə hazırlıq mərhələsi idi. Siyasi baxımdan bu qərar nə vaxt veriləcək, bunu mənim üçün demək çətindir. Ona görə ki, burada çox amilləri nəzərə almaq lazımdır. Həm beynəlxalq durum, həm başqa ciddi amillər məsələsi var.

– Azərbaycanın diplomatiyasını həyata keçirən hökumət orqanı Xarici İşlər Nazirliyidir. Bir çox ekspertlər də bəyan edirlər ki, Xarici İşlər Nazirliyi ordumuzla ayaqlaşa bilmir, diplomatik savaşı yaxşı apara bilmir. Sizcə, bu vəziyyəti düzəltmək üçün ciddi tədbirlər, kadr dəyişiklikləri həyata keçirilməlidirmi?

– Mən xarici işlər naziri cənab Elmar Məmmədyarovu uzun illərdir tanıyıram. O, kifayət qədər təcrübəli, savadlı diplomatdır. Onun nazir olmazdan öncəki dövrlərdə çalışdığı vəzifələr ona imkan verib ki, dünya siyasətini, regionda gedən prosesləri yaxından izləsin və dəqiqliklə təhlil etsin. Ancaq məşhur bir anlayış var ki, müharibə şəraitinə uyğun diplomatlar, siyasətçilər və dinc şəraitə uyğun diplomatlar, siyasətçilər var. Mənim şübhəm yoxdur ki, rəhmətlik Əbülfəz Elçibəyin də, Ayaz Mütəllibovun da dünya görüşləri, millətə münasibətləri ölkəni yaxşı idarə eləmək üçün onlara tam imkan verirdi. Sadəcə olaraq, onların hakimiyyət dövrü müharibə dövrünə düşdü. Müharibə vəziyyətində isə siyasətçilərin qarşısında tamam başqa tələblər meydana çıxır. Müharibə şəraiti yox, dinc dövr olsaydı, ətrafımızda Belçika, Fransa, İngiltərə kimi ölkələr olsaydı, Elçibəy və Mütəllibov bu dövləti çox yaxşı inkişaf etdirə bilərdilər. Bunu indi xarici işlər nazirinə də şamil edə bilərik. Elmar Məmmədyarov başda olmaqla, XİN-dəki bir çox diplomatlar dinc dövrə uyğun yaxşı diplomatlardır. Bizim diplomatiyamız faktiki olaraq müharibə aparan bir dövlətin diplomatiyası olmalıdır. 1994-cü ildə atəşkəs imzalanandan sonra dünyada belə bir fikir formalaşmışdı ki, Ermənistanın ordusu Azərbaycan ordusundan qat-qat güclüdür. Bunu müharibənin nəticəsi ilə əsaslandırırdılar. Azərbaycan diplomatiyası üçün bu çox əlverişsiz şərait idi. Ancaq buna baxmayaraq, başqa amillərdən, xüsusən də neft amilindən istifadə edərək Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyası o dövrdə bir sıra ciddi uğurlar əldə edə bildi. Bilirsiniz ki, Ermənistanda çox ciddi siyasi böhran yaşandı, Levon Ter-Petrosyan hakimiyyətdən getməli oldu.

Ona görə ki, onlar ATƏT-in sammitində Dağlıq Qarabağla bağlı çox ciddi bir zərbə almışdılar. ATƏT-ə daxil olan bütün dövlətlər bəyan etmişdilər ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtariyyət statusu almalıdır. Bunu Ermənistanda hüquqi soyqırım kimi qələmə verdilər və hakimiyyəti suçlamağa başladılar ki, diplomatiyada Azərbaycana uduzub. Mitinqlər başlandı və Ter-Petrosyan hakimiyyətdən getməli oldu. O dövrlərdə diplomatiyamızın ciddi uğurlarından biri ilk dəfə olaraq ATƏT-in tarixində ATƏT-in sülhməramlı qüvvələrinin formalaşması və Qarabağ konfliktinin həlli üçün ondan istifadə edilməsi haqqında qərar qəbul olunması idi. O dövrə qədər ATƏT heç bir konfliktə görə belə bir qərar qəbul etməmişdi. Məhz Azərbaycan diplomatiyasının səyləri nəticəsində biz bu işdə bir çox dövlətlərin dəstəyini ala bildik. Ermənistanın və Rusiyanın müqavimətinə baxmayaraq ATƏT belə bir qərar çıxardı. Yəni bu cür nümunələr gətirə bilərəm ki, o vaxtlar biz Azərbaycan ordusunun gücünə arxalana bilməsək də Qarabağ məsələsi ilə bağlı çox fəal xarici siyasət yürüdürdük. İndi 2016-cı ilin aprel döyüşlərindən sonra vəziyyət tam fərqlidir. Yəni Azərbaycan ordusu Azərbaycan diplomatiyası üçün gözəl bir şərait yaratmışdı.

Azərbaycan ordusu üstünlüyünü nümayiş etdirəndən sonra bunu Vaşinqtonda da, Moskvada da, Brüsseldə də, Parisdə də etiraf eləməyə başladılar ki, Azərbaycan ordusu Qarabağı azad eləyə bilər, buna qadirdir. Belə bir şəraitdə mən hesab edirəm ki, “ənənəvi diplomatik strategiya aparmaq üçün biz danışıqlara getməliyik, ermənilər danışıqlara gəlmir görək harada biz onlarla görüşə biləcəyik, şəkil çəkdirib danışıqların davam etdiyini nümayiş etdirəcəyik” kimi strategiya artıq yerimir. Bu strategiya aprel döyüşlərinə qədərki dövrü əhatə edən bir yanaşma idi. İndi tamam başqa yanaşma lazımdır. Müharibə vəziyyətində olan və ordusu öz üstünlüyünü nümayiş etdirən bir tərəfin çox fəal, sərt diplomatik strategiyası olmalı və tətbiq edilməlidir. Təəssüf ki, biz hələlik bu strategiyanı görmürük.

– Rusiyada seçkilər  başa çatdı. Azərbaycanda da bir neçə həftəyə seçki prosesi yekunlaşacaq. Ermənistanda da aprelin birinci yarısı yeni hökumət seçiləcək. Bir sözlə, hər üç ölkədə seçki dövrü arxada qalacaq. Seçkilərin başa çatması Qarabağ danışıqlarına və ümumiyyətlə, gedişata təsirini göstərməyə başlayacaq?

– Şübhəsiz. Çünki həmişə seçki prosesi Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqlara mane olur, danışıqlar faktiki olaraq dondurulur. İndi hər üç ölkədə seçki prosesinin təqribən eyni vaxtda başa çatması da Azərbaycan üçün yeni imkanlar yaradır. Hər halda, bundan sonra nə İrəvan, nə də Moskva hansısa bəhanə gətirə bilməz ki, masa üzərində olan ciddi məsələlərin müzakirəsi bir az da ləngisin. Ancaq xüsusi qeyd eləmək istəyirəm ki, Ermənistanda idarəçiliklə bağlı dəyişikliklərin həyata keçirilməsi o deməkdir ki, artıq əsas xarici siyasətlə bağlı səlahiyyətlər baş nazirin və parlamentdə hakim olan koalisiyanın üzərinə düşür. Belə şəraitdə güzəştləri gözləmək daha çətindir. Ona görə ki, koalision hökumətdən güzəşt əldə etmək daha çətin olur, nəinki monolit hakimiyyət qurumundan. Odur ki, mən hesab etmirəm ki, bu proseslər başa çatandan sonra Qarabağ danışıqları başlasa belə, ciddi effektli ola bilər. Xüsusən də mən yenə o məsələyə qayıdıram ki, Azərbaycanın strategiyası dəyişməlidir. Son illərdəki ənənəvi strategiyadan əl çəkməliyik. Mən hər şeyi mətbuata açıqlaya bilmirəm. Ancaq Azərbaycan diplomatiyasını gücləndirmək üçün və Azərbaycan ordusunun əldə etdiyi üstünlükləri diplomatik sahəyə də gətirmək üçün imkanlar var.

– Seçkilərdən söz düşmüşkən, hazırda prezident seçkisi kampaniyası gedir. Seçkiyə az vaxt qalıb. Prosesi izləyirsinizmi və proqnozlarınız necədir?

– Açığını deyim ki, seçkiləri o qədər də ciddi izləmirəm. Mənə yaxın olan şəxslərdən informasiyalar alıram. Bir müddət əvvəl elə sizin qəzetə açıqlamamda bəyan etmişdim ki, bu seçkidən dəyişiklik gözləmirəm və İlham Əliyev qalib olacaq. Namizədlərin sırasına baxanda bu, tam aydın görünür. Məni daha çox maraqlandıran seçkidən sonrakı proseslərdir. Azərbaycanda müəyyən sahələrdə islahatlara çox ciddi ehtiyac var. Qarabağ məsələsi ilə bağlı işləri sürətlə aparmaq lazımdır, daxildə islahatların aparılması labüddür.

– Sizcə, seçkidən sonrakı proseslər necə olacaq? Bəllidir ki, qanunvericiliyə əsasən, seçkidən sonra hökumət buraxılır və yeni seçilən prezident yeni hökumət formalaşdırır. Sizcə, yeni hökumətin formalaşmasında müəyyən dəyişikliklər olacaqmı?

– Mən bu sahədə çox ciddi addımların atılmasının tərəfdarıyam. Seçkilərdən sonra hökumət onsuz da istefaya getməlidir. Bundan sonra yeni hökumət formalaşır. Adətən, buna formal yanaşılıb indiyə qədər. Yəni hökumət istefaya gedirdi, sonra da elə həmin tərkiblə, həmin strukturlarla da yenidən işə başlayırdılar. Ancaq indi vəziyyət bir az başqa cür yanaşma tələb edir. İndi dünyada baş vermiş iqtisadi böhrandan, dünya bazarında neftin qiymətlərinin kəskin aşağı düşməsindən sonra bu, bizə bir dərs olmalıdır ki, dövlət idarəçilik sistemi çox kompakt effektli sistem kimi qurulmalıdır. Burada artıq köhnə şablonları saxlamaq düzgün deyil. Şəxsən mən, ümumiyyətlə, Nazirlər Kabinetinin ləğvinin tərəfdarıyam. Ölkədə prezident var, birinci vitse-prezident var, prezident tərəfindən təyin olunan və prezident qarşısında hesabatlı nazirlər var. ABŞ kimi böyük bir dövlətdə Nazirlər Kabineti yoxdur. Prezident özü müşavirləri və nazirlərinin köməkliyi ilə bu cür nəhəng dövləti idarə edir. Azərbaycan kimi balaca ölkədə bu qədər əlavə strukturların saxlanması, onlara vəsait xərclənməsi artıq lazım deyil. ABŞ sisteminə keçsək, bu, Azərbaycan kimi ölkəni səmərəli idarə etməyə tam kifayət edər. Əvvəllər qanuna görə prezident öz səlahiyyətlərini icra edə bilməyəndə baş nazir prezident səlahiyyətlərini yerinə yetirirdi. 2016-cı ildə konstitusiya dəyişəndən sonra bu funksiya baş nazirdən alınıb. Ona görə də Nazirlər Kabineti kimi qurumun mövcudluğu şəxsən məndə şübhə yaradır.

Bu istiqamətdə islahatlardan başqa, digər sahələrdə də ciddi islahatlara ehtiyac var. Bu yaxınlarda Vergilər Nazirliyində islahatların keçirilməsi ilə bağlı anonslar verildi. Güman var ki, gömrük sistemi də Vergilər Nazirliyi sistemi ilə birləşdirilə bilər. Bu da labüddür. Bir neçə il öncə “ASAN xidmət” adlanan bir qurum yaradıldı. Bu qurum vətəndaşlar üçün bir çox sahələrdə dövlət, hökumət xidmətlərindən istifadə etmək üçün çox rahat şərait yaradıb. Orada nə rüşvət var, nə vaxt itkisi var, çox effektli işlək bir strukturdur. Hesab edirəm ki, iş adamları üçün də bir “ASAN xidmət” yaratmalıyıq. Yəni vergilərdə və gömrükdə yeni bir sistem qurulmalıdır ki, iş adamlarının işləri asanlaşsın, rüşvət mexanizmi sıradan çıxsın. Mən düşünürəm ki, seçkilərdən sonra bu və digər sahələrdə çox ciddi addımların atılması həm xalq, həm dövlət üçün çox vacibdir.

– Avropada yaşayan bir qrup mühacir son zamanlar, xüsusən də seçki kampaniyası başlayandan bəri hakimiyyətin ən yuxarı pillələrində olan şəxslərə qarşı internet üzərindən təhqir kampaniyası aparırlar. Bu prosesi izləyirsinizmi? Bu məsələdə sizin mövqeyiniz necədir? Bu problemin həlli yolunu necə görürsünüz?

– Biz balaca ölkəyik və demək olar ki, ictimai-siyasi fəaliyyətlə məşğul olan adamların hamısı göz qabağındadır, hamısı bir-birilərini tanıyırlar. Mənim özümün leksikonumda təhqir, söyüş yoxdur deyə, mən bu tipli çıxışlara, yazılara çalışıram baxmayım. Ona görə ki, mən təhqiri, söyüşü qəbulolunmaz sayıram. Eyni zamanda indi araşdırmaq ki, kim birinci başlayıb, kim ikinci başlayıb, bunun mənası yoxdur. Ona görə ki, bir tərəf deyəcək ki, qarşı tərəf birinci başlayıb. Mənə belə gəlir ki, birdəfəlik bu məsələyə son qoyulmalıdır və daxilimizdə belə bir qırmızı xətt çəkilməlidir ki, siyasi mübarizədə təhqir, söyüş olmaz. Xüsusən də siyasi mübarizədə ailə üzvlərinə toxunmaq olmaz. Belə bir daxili razılaşmaya nail olmaq üçün ciddi addımlar atılmalıdır. Əks halda, bu təhqir-söyüşün yaxşı sonunu görmürəm. Təhqir olunan tərəf ondan da betər təhqirlə cavab verməyə çalışır, bu dəfə yenidən qarşı tərəf təhqirə keçir. Beləliklə də, çox arzuolunmaz bir vəziyyət yaranır. Bunun yaxşı sonu ola bilməz. Ona görə də mən qəti olaraq siyasi mübarizədə təhqirin, şərəf və ləyaqətin aşağılanmasının əleyhinəyəm. Burada hansısa bir “stop” siqnalı qoyub dayanmaq lazımdır və bundan sonra da belə halların qarşısı alınmalıdır. Əslində gərək bunu ictimai rəy yoluna qoysun. Hansısa siyasi göstərişlərlə, hansısa qurumların, partiyaların qərarları ilə buna nail olmaq çətindir. Burada ən ciddi təsir aləti ictimai rəydir. Təəssüf ki, bu məsələdə də ciddi problemlər var. Siyasi qüvvələr hətta söyüş söyməyən, siyasi dillə mübarizə aparan insanlarla da dil tapa bilmirlər. Onların da, ziyalıların da səsləri eşidilmir. Ona görə də ictimai rəy işləməyəndə o qırmızı xətlər də pozulur. Burada siyasi qüvvələrin də mövqeyi çox vacibdir. İctimai rəy daha çox insanları lazımsız hərəkətlərdən çəkindirir, nəinki Cinayət Məcəlləsində hansısa bir maddə və siyasi bəyanatlar.

– Bu vəziyyətin yaranmasında ənənəvi demokratik dinc müxalifətin zəifləməsi, zəiflədilməsi və nəticədə proseslərə təsir imkanlarının aşağı düşməsi də rol oynayırmı?

– Bəli. Bu məqamın da təsiri olmamış deyil. Siz dediyiniz amil də çox vacib rol oynayır. Diqqət edin, biz ümummilli məsələlər ətrafında da ictimai-siyasi qüvvələrin əməkdaşlığını yaratmaqda çətinlik çəkirik. Bunun səbəbi tərəflər arasında münasibətlərin yaxşı olmaması, müxalifət qüvvələrinin təsir imkanlarının azaldılmasıdır. Halbuki cəmiyyətə, dövlətə müxalifətin güclü olması lazımdır. Dinc siyasi mübarizə yolunu seçənlərin zəif duruma düşməsi, istər-istəməz, arzuolunmaz mübarizə üsulunu seçən alternativləri ortaya çıxarır. Bizim problemlərimiz həddən artıq çoxdur. Ümummilli problemlərin həllində biz bir yerdə çalışmasaq, heç bir uğur əldə edə bilməyəcəyik. Əksinə, təhqir-söyüş siyasi həyatı başına götürəcək, problemlər dərinləşəcək. Ona görə də cəmiyyətdə konsensus yaranması üçün çox ciddi addımlar atılmalıdır. Onda həmin o konsensusu, qırmızı xətti pozub keçən insanları bütün ictimaiyyət, bütün siyasi qüvvələr qınayacaq və onlara ictimai etiraz böyük olacaq. Nəticədə heç kim siyasi mübarizədə söyüş ritorikasını seçməyəcək.

– Son günlərin təkcə Azərbaycanda deyil, bütün dünyada aktual mövzularından biri İngiltərənin və onun ardınca bir sıra Qərb dövlətlərinin  Rusiya diplomatlarını ölkədən çıxarmasıdır. Putin yenidən prezident seçiləndən sonra start götürən bu prosesin sonu necə ola bilər? Azərbaycan yaranmış vəziyyətdə necə davranmalıdır?

– Bu, çox böyük və çox ciddi mövzudur.  Vladimir Putin hakimiyyəti, hesab edirəm, çox ciddi geopolitik səhvə yol verdi. O da nə ilə bağlıdır? Aydındır ki, SSRİ dağılıb, SSRİ dünyada hegemon dövlətlərdən biri idi. SSRİ-nin dağılmasından peşmançılıq hissi keçirən qüvvələr var və bunu Putin gizlətmirdi. Putin hakimiyyətə gələndən sonra – 2000-ci illərin ortalarında Qərblə açıq kəllə-kəlləyə gəlməyə başladı. Əvvəlcə Gürcüstan hadisələri, Gürcüstanın ərazilərini ələ keçirdi, sonra Krım hadisəsi baş verdi, daha sonra Donbasda məlum hadisələr həyata keçirildi. Başqa sahələr üzrə də Rusiya NATO və ABŞ-la qarşıdurmaya getməyə başladı. Bununla da özü-özünə ciddi problemlərin əsasını qoydu. Çin kimi böyük bir dövlət keçən əsrin 70-80-ci illərindən ciddi iqtisadi islahatlara başladı və həmin dövrdən öz geopolitik ambisiyalarını arxa plana keçirdi. Çinlilər qərara gəldilər ki, geopolitik ambisiyalarla çıxış eləmək üçün böyük iqtisadi gücün olmalıdır. Əvvəlcə o iqtisadi gücü yaratmaq lazımdır, iqtisadi üstünlüyə nail olmaq lazımdır, ondan sonra geoplitik ambisiyaları ortalığa çıxarmaq lazımdır. Vaxtilə ABŞ da o yolu seçmişdi. ABŞ dünyanın aparıcı gücü idi, dünyanın ümumi məhsulunun 30-40 faizi əsasən öz iqtisadi gücünü artırırdı. Yalnız İkinci  Dünya müharibəsindən sonra böyük geopolitik ambisiyalarını ortalığa qoydu. Rusiya isə iqtisadiyyatını inkişaf etdirmədən, ordusunu müasir standartlara uyğun güclü hala gətirmədən geopolitik mübarizəyə başladı. Dünya bazarında neftin qiymətlərinin qalxmasından və 5-6 il əllərinə neft pulları gələndən sonra başladılar geopolitik ambisiyalarını ortalığa qoymağa.

Lakin unutdular ki, müvəqqəti dövr üçün neft pullarının gəlişi hələ ölkənin iqtisadiyyatının inkişafı demək deyil. Həmin neft pullarına arxayın olub geopolitik ambisiyalarını sərt şəkildə ortaya qoymaq yanlış idi. Neftin qiyməti sürətlə aşağı düşəndə məlum oldu ki, Rusiyanın iqtisadi bazası heç dünyada birinci onluğa daxil deyil. Başda ABŞ olmaqla, NATO ölkələrinin iqtisadi imkanı Rusiyanın iqtisadiyyatından dəfələrlə böyükdür. İndi həmin o geopolitik ambisiyaların arxasında yetərli iqtisadi güc olmadığı üçün Rusiya və onun hakimiyyəti çox ciddi problemlərlə üz-üzə qalıb. Gün-gündən artan təzyiqlərə nə cür tab gətirəcəyi sual altındadır. Rusiyaya qarşı diplomat müharibəsi, məncə, hələ yekun deyil, yeni-yeni sanksiyalar meydana gəlməsi gözlənilir. Ən müxtəlif məsələlərlə bağlı sanksiyalar tətbiq olunacaq. Bu prosesin Rusiya üçün daha böyük mənfi nəticələrini biz gələcəkdə görəcəyik.

O ki qaldı Azərbaycanın bu diplomat olayında yaranmış vəziyyətdə necə hərəkət etməsinə, hesab edirəm ki, Azərbaycan balanslı siyasətini davam etdirməlidir. Azərbaycan hansı geopolitik vəziyyətdə və məkanda olduğunu nəzərə almalıdır. Bir tərəfimiz Rusiyadır, bir tərəfimiz İrandır, bir tərəfdə də Azərbaycanın torpaqlarını işğalda saxlayan Ermənistan var. Ona görə də bu geopolitik vəziyyəti nəzərə alıb balanslı siyasət yürütməyə məcburuq. Balans siyasətinə baxanda mən uğurlar görürəm. Məsələn, ABŞ və Rusiyanın hərbi rəhbərləri neytral bir yerdə görüş keçirmək qərarına gəlirlərsə, Bakını seçirlər. Deməli, hər iki tərəf Azərbaycana etibar edir.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”




Yuxarı Əvvələ Ana Səhifə