XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

18 Aprel 2018 - 03:23

ƏLİ KƏRİMLİ HAKİMİYYƏTLƏ DİALOQ İMKANLARINDAN DANIŞDI:"...İndi dayanmaq zamanıdır" - MÜSAHİBƏ

AXCP sədri Əli Kərimli “Amerikanın Səsi”nə müsahibəsində müxalifətin növbədənkənar prezident seçkilərindən sonrakı mübarizəsindən danışıb. AXCP sədri hansı hallarda hakimiyyətlə dialoqa gedə biləcəkləri, növbədənkənar parlament seçkiləri olarsa, qatılıb-qatılmayacaqları haqda suallara da kifayət qədər maraqlı cavablar verib.

Strateq.az həmin müsahibəni təqdim edir:

 

– AXCP prezident seçkilərini boykot edib və seçkilərin nəticələrinin ləğvinə çağırıb. Seçkilərin nəticələrinin ləğvi istiqamətində hansı addımlar atacaqsınız?

– Biz artıq qeyri-legitim seçkilərdən sonra aprelin 14-də ilkin etiraz mitinqimizi keçirmişik. Bundan sonra da azad seçki tələbi ilə kütləvi aksiyalarımızı davam etdirəcəyik. Biz mitinqin qətnaməsində yazmışıq ki, seçkinin nəticələrini qəbul etmirik və ölkədə yeni azad, ədalətli seçkilər keçirilənədək, seçki islahatları həyata keçirilənədək mübarizəmizi, o cümlədən kütləvi etiraz aksiyalarımızı davam etdirəcəyik.

– Mübarizənizi hansı metodlarla davam etdirəcəksiniz?

– Mitinqlər, yürüşlərlə davam etdirəcəyik. Biz çalışacağıq ki, nəhayət, regionlarda da mitinqlərin keçirilməsinə başlayaq. Regionlarda nümayişçilərə, etirazçılara həddindən artıq sərt bir münasibət var. Ona görə son 13 ildə regionlarda mitinqlər olmayıb. Amma biz Xalq Cəbhəsi, Milli Şura olaraq regionlarda da etirazlar təşkil etmək niyyətimiz var. O cümlədən xalqımızın sosial sifarişini nəzərə alaraq mütəmadi olaraq Bakı şəhərində etiraz mitinqləri davam edəcək.

– ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkilərlə bağlı ilkin bəyanatını hökumət qəbul etmir. Sizin bu bəyanata münasibətiniz necədir?

– ATƏT-in bəyanatı yayılan kimi, mən öz facebook səhifəmdə yazı yazdım və bu hesabatı təqdir etdim. Əlbəttə, ATƏT-in bu hesabatından da əlavə şeylər yazmaq olar. Azərbaycandakı reallıqlar o qədər bərbaddır ki, hüquq pozuntuları o qədər çoxdur ki, hətta ATƏT-in bu hesabatından əlavə də bir çox məqamlar var. Amma biz prinsip etibarı ilə bu hesabatı obyektiv hesabat kimi qəbul edirik. Çünki ən fundamental məsələlərə ATƏT öz münasibətini obyektiv olaraq bildirib.

– AXCP yeni qurulacaq hökuməti tanımayacağını bəyan edib. Bu vəziyyətdə iqtidar-müxalifət münasibətləri necə olacaq? İqtidardan dialoq təklifi gələrsə, qəbul edərsiniz?

– Biz indiyədək də İlham Əliyevin hakimiyyətini legitim hesab etməmişik və onun keçirdiyi seçkilərin nəticələrini tanımamışıq. Onlar faktiki hakimiyyətdirlər. Azərbaycan heç vaxt Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğalını qəbul etməyib. Amma hansısa məqamlarda Ermənistanla sülh masası arxasında oturub. Yəni faktiki hakimiyyəti zəbt etmiş qüvvə istəyəcəyi təqdirdə, həmin o faktiki hakimiyyətdən demokratiyaya keçidi təmin etmək üçün hansısa dialoq ola bilər.

– Yerli mediada növbədənkənar parlament seçkiləri olacağı ilə bağlı fikirlər səslənməkdədir. Növbədənkənar parlament seçkiləri elan edilərsə AXCP iştirak edər?

– Bizim seçkidə iştirak edib-etməməyimiz konkret olaraq ciddi səbəblərə bağlıdır. Seçki komissiyalarının tərkibi, ölkədə fundamental azadlıqların olub-olmaması, “Seçki Məcəlləsi”nin seçki kampaniyasına, rəqabətə imkan verib-verməməsi, ölkədə mətbuat azadlığının olub-olmaması – bu faktorlara görə seçkidə iştirak edib-etməməyimizi müəyyənləşdiririk. Əgər vəziyyət indiki kimi qalacaqsa, bu şərtlə heç bir seçkidə iştirak etməyəcəyik. Amma tələb etdiyimiz seçki islahatları olarsa, əlbəttə ki, seçkilərdə iştirak edə bilərik.

– Ekspertlər ölkədə sistemli böhranın olduğunu bildirir. Sizcə, ölkəni böhrandan çıxarmaq üçün hansı addımlar atılmalıdır?

– Əvvəlcə böhranın olduğunu qəbul etmək lazımdır. Azərbaycan hökuməti anlamalıdır ki, ölkə çox dərin böhrana gedir. Faktiki qarşıdurmaya gedir. Azərbaycan iqtidarının apardığı siyasət gərginliyi artırıb, cəmiyyətdə hökumətə qarşı hətta aqressiv, radikal münasibət formalaşdırıb və indi dayanmaq lazımdır. Dayanıb neynəmək lazımdır? Siyasi islahatlar paketi qəbul etmək lazımdır. Əvvəlcə konstitusiyaya uyğun olaraq hüquq və azadlıqlar tanınmalıdır, seçki islahatı başlanmalıdır, siyasi məhbuslar azad edilməlidir və ölkə yeni demokratik seçkilərə aparılmalıdır.

– Siz ölkədə yeni qurulacaq hökuməti tanımırsınız. Bununla yanaşı, yeni qurulacaq hökumət necə olmalıdır? Fikirlərinizi bilmək maraqlıdır.

– Biz hesab edirik ki, nə qədər ki, hökumətin başçısı İlham Əliyev özüdür, ölkədə böyük bir dəyişiklik ola bilməz. Biz istəmirik ki, indi də vətəndaşların diqqəti ayrı-ayrı nazirlərin kimliyinə cəlb olunsun. Azərbaycanda oturuşmuş avtoritarizm, hətta despotizm sistemi formalaşıb. Bu şəraitdə hökumətin necə olmağı birinci şəxsdən asılıdır. İlham Əliyev özü siyasətini dəyişməsə, onun kabinəsində kimlərin nazir olması heç nəyi həll etməz.

Tapdıq Fərhadoğlu

“Amerikanın Səsi”