XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

25 Aprel 2018 - 19:10

Eldar Namazov Ermənistandakı vəziyyəti şərh etdi:“Sərkisyan həm erməni xalqını, həm də Rusiyanı aldadıb” - MÜSAHİBƏ  

Artıq bir neçə həftədir ki, Ermənistanda yaşanan siyasi böhran, vətəndaş qarşıdurması bütün şiddəti ilə davam edir. Politoloq Eldar Namazov moderator.az-a müsahibəsində  bu qarşıdurma ilə bağlı fikirlərini bölüşüb.

Strateq.az müsahibəni oxucularına təqdim edir:

 

– Eldar bəy, Ermənistanda yaşanan proseslər ölkəmizdə də maraqla izlənməkdədir. Bilmək istərdik ki, düşmən ölkədəki mövcud proseslərlə bağlı düşüncəniz nədən ibarətdir? Ermənistandakı qarşıdurmanın kökündə hansı amillər dayanır?

– Bu gün Ermənistanda pərdə arxasında baş verən elə proseslər var ki, onlar mətbuatda işıqlandırılmır. Buna görə də yanlış təsəvvür və gözləntilərin formalaşması mümkündür. Ermənistanda baş verən proseslərin kökündə ilk növbədə bu dayanır ki, Serj Sərkisyan həm ölkə ictimaiyyətini, həm də Rusiya da daxil olmaqla öz beynəlxalq partnyorlarını aldatdı.  3 il bundan əvvəl Ermənistdan siyasi sistemin dəyişilməsi, yəni parlament tipli respublikaya keçidlə bağlı qərarlar verəndə Sərkisyan həm daxili, həm də xarici auditoriyanı inandırmağa çalışırdı ki, bu dəyişiklikləri özü üçün eləmir. O bildirirdi ki, özü heç bir vəzifə tutmayacaq. Hətta Rusiya ilə də danışıqlarda o, bu mövqedən çıxış edirdi. Rusiya isə Ermənistan üçün yeni baş nazir də müəyyənləşdirmişdi. “Qazprom”un əməkdaşı olan Karen Karapetyanı Ermənistanın gələcək lideri kimi nəzərdə tutmuşdu. Bu məsələ o zaman Sərkisyanla da razılaşdırılmışdı.

– Səhv etmiriksə, Karen Karapetyan da Dağlıq Qarabağ klanının təmsilçisi hesab olunur…

– Bəli. Karapetyan Dağlıq Qarabağın Əsgəran rayonunda anadan olmuşdu. Bu, müvafiq sənədlərdə də öz əksini tapıb. Bu, Moskva tərəfindən Qarabağ klanına bir güzəşt idi. Doğrudur, Karapetyan S.Sərkisyanla, Robert Köçaryanla bir dəstədən deyil. O, iqtisadçıdır, daha çox Rusiyanın müxtəlif şirkətlərində çalışırdı. Lakin Dağlıq Qarabağdan olduğuna görə Moskva hesab edirdi ki, Ermənistanda hakimiyyətdə olan Qarabağ klanı Karapetyanı qəbul edəcək.

– Ancaq görünən odur ki, hakimiyyətin Karapetyana ötürülməsi kifayət qədər səs-küylü oldu…

– Elədir. Məsələ ondadır ki, bu proseslər bəlli bir mərhələyə çatanda Sərkisyan öz fikrini dəyişdi və yenidən oyuna qayıtmağa qərar verdi. Baş nazirliyə iddiasını irəli sürdü. Bildirdi ki, o, hakimiyyətdə qalacaq. Təbii ki, onun bu qərarı hamıda narazılıq yaratdı. Müxalifət buna öz etirazını bildirdi. Moskva da Sərkisyanın bu istəyinə müsbət yanaşmadı. Ona görə ki, artıq qərarlar verilmişdi və Moskvanın da namizədi K.Karapetyan idi. Hətta o, baş nazir postuna təyin də olunmuşdu.

– Sizcə, Sərkisyanla bağlı Kremli narazı salan daha hansısa amillər mövcud idi?

– Sərkisyanın bir sıra addımları Moskvanı qane etmirdi. Bunlardan biri də Avropa Birliyi ilə imzalanan saziş idi. Moskva bu sazişə razılıq verməyə bir növ məcbur oldu. Çünki Ukraynadan sonra bu sazişi də pozsaydı, bu, artıq Qərbdə böyük bir narazılıq yaradacaqdı. Moskva hesab elədi ki, Ermənistan əgər Avropa Birliyi ilə saziş imzalayacaqsa, bu, Ukrayna məsələsində onun üçün də bir “kozır” olacaq.  Yəni bununla lazım olsa göstərə biləcək ki, əgər Ukrayna da bu məsələni Moskva ilə razılaşdırsaydı, o zaman heç nə baş verməzdi.

– Bu gün Ermənistanda keçirilən etiraz aksiyaları kifayət qədər izdihamlı olması ilə diqqət çəkir. Sizcə, bu mitinqlərin arxasında duran, onu idarə edən, bütün təbəqə və zümrələrin bu prosesdə iştirakını təmin edən hansısa qüvvə varmı?

– Nikol Paşinyanın rəhbərlik etdiyi mintinqlərə nəzər salsanız, görərsiniz ki, ilk günlər bu mitinqlərdə elə də çox insan iştirak etmirdi. Təxminən 5-10 min insan bu etirazlarda iştirak edirdi. Lakin bununla yanaşı hiss olunurdu ki, pərdə arxasında hansısa qüvvələr S. Sərkisyanı hakimiyyətədn yıxıb onu K. Karapetyana verməyə hazırlaşırlar.

Qəfildən mitinq keçirənlərin sayı birə on artdı. Erməni kilsəsinin də nümayəndələri bu aksiyalara qoşuldu. Bəzi ordu hissələri də aksiyaçılara dəstək verdi. Bu isə ondan irəli gəldi ki, artıq S.Sərkisyanı devirmək yalnız müxalifətin planı deyildi. O cümlədən Rusiyanın da planında küçə yürüşlərindən istifadə edib Sərkisyanı devirmək, hakimiyyəti isə K.Karapetyana saxlamaq var idi.

– Bəs bu günün reallığı nədən ibarətdir?

– Biz indi bu prosesin pik nöqtəsinə çatmışıq. Artıq planın birinci hissəsi həyata keçirilib. S. Sərkisyan hakimiyyətdən gedib. Ancaq Rusiyapərəst dairələr çalışırlar ki, hakimiyyəti Moskvadan göndərilən K.Karapetyanın əlində saxlasınlar. Hazırda çox maraqlı və həlledici mərhələ başlayır. Sərkisyanın əleyhinə hamı birləşmişdisə, hətta ölkənin prezidenti də dolayısı ilə onun getməyini istəyirdisə, indi yeni mərhələ başlayır. Bu mərhələdə güclərin əsl balansı müəyyənləşəcək. İndi Sərkisyanın məsələsi həll olunmur. Bu məsələ artıq öz həllini tapıb. İndi cavabını gözləyən suallar başqadır. Hakim partiyanın, habelə Moskvanın əsas namizədi olan K. Karapetyanın hakimiyyətdən getməsinə erməni cəmiyyəti ciddi səy göstərəcəkmi? Mitinq iştirakçlarının sayında azalma olacaqmı? Yaxın günlərdə bu məsələlərə aydınlıq gələcək.

-Bəzi siyasilər hesab edir ki, Paşinyan hakimiyyətə gəlsə, bu, Qarabağ probleminin həlli məsələsində yeni perspektivlər yarada bilər. Bu qənaəti bölüşürsünüzmü?

– Bəzi siyasilər, qeyd etdiyiniz kimi, N.Paşinyanın Qarabağ məsələsində daha güzəştli mövqe sərgiləyəcəyinə inanırlar. Bu fikirlər ondan irəli gəlir ki, Paşinyan, Ter-Petrosyan əsas namizəd olanda onun qərargahında çalışıb, Petrosyan blokunun adından vaxtiylə parlamentdə yer alıb, Petrosyanın müdafiəsi ilə bağlı təşkil etdiyi mitinqlərə görə həbs edilib. Bir neçə il həbsdə qalıb. Məhz buna əsaslanaraq bəzi ekspertlər Qarabağ məsələsində Paşinyanın mövqeyinin L.Ter-Petrosyanın mövqeyinə yaxın ola biləcəyini ehtimal edir.

Mən bu məsələdə ehtiyatlı olmağın tərəfdarıyam. Bu insan baxışlarına görə millətçi-demokratdır. O, liberal deyil. Liberal dəyərlərə əsaslanmır. Onun çıxışlarında Qarabağ məsələsində kifayət qədər sərt mövqe müşahidə olunur. Ancaq sözsüz ki, Qarabağ klanının hakimiyyətdən getməsi bütün hallarda müsbət hadisədir. Onun yerinə yeni qüvvələr hakimiyyətə gələcəklərsə, onlar Qərbə inteqrasiya yolunu tutmağa cəhd edəcəklərsə, o zaman gec-tez Qarabağ məsələsində daha realist mövqe sərgiləməyə məcbur olacaqlar. Ancaq bunun üçün müəyyən zaman tələb oluna bilər. Ola bilsin ki, ilkin mərhələdə onlar çalışacaqlar ki, Qarabağ məsələsində sərt mövqedən çıxış etsinlər. Bununla da özlərinin dırnaqarası vətənpərvər olduqlarını ictimaiyyət göstərsinlər. Bu baxımdan bizim daha çox arxalanmalı olduğumuz amil Ermənistanda yeni qüvvələrin hakimiyyətə gələcəyindən çox Azərbaycan ordusu, Azərbaycan dövlətinin gücü olmalıdır. Diplomatiyamızın da öz aktivliyini artırması arzuediləndir. Bizim arxalanmalı olduğumuz qüvvə özümüz, öz dövlətimizdir. Kimin İərvanda hakimiyyətdə olmasından asılı olmayaraq, bizim güvənc yerimiz bu olmalıdır.

Moderator.az