XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

18 Aprel 2015 - 10:29

“Hakimiyyətlər işçi etirazı ilə bağlı qorxu hissini büsbütün itirib” – SOLdan baxış

mamed01.jpg

Məmməd Süleymanov: “Yoxsullar lümpenləşərək sinifsiz elementlərə çevrilir, bu proses hələ uzun müddət davam edəcək”

ölkə daxilində ötən həftənin gündəmində iki olay – manatın ikinci dəfə devalvasiyasının olacağı ehtimalı və bir gəncin dükandan çörək oğurlamaq istəyərkən tutularaq polisə təhvil verilməsi zəbt etdi.

Hər iki məsələ, xüsusən də sosial şəbəkələrdə böyük səs-küy səbəb oldu. İstər manatın devalvasiyası, istərsə də bir gəncin çörək oğurlanmasında daha çox hökuməti qınağa tuş gəldi.

Beləliklə, marksist jurnalist-yazar Məmməd Süleymanov hər iki hadisəni Strateq.az-a “Soldan baxış”da şərh edir.

Birinci olay

Yoldaş Süleymanov, ötən həftənin ən çox müzakirə olunan mövzusu manatın devalvasiyasıdı. İkinci dəfə devalvasiyanın olacağı ehtimal edilir. Bu baş verərsə nə ola bilər? Təbəqələşmə daha böyük vüsət alacaq?

Kapitalizm böhranlar sistemidir: iqtisadi, maliyyə, mədəni, sosial… Kapitalizmin “gözəlliklər”ini 20 ildir vəsf edənlər bunu qəbul etmək reallığı ilə razılaşmalıdır. Yox, şikayət edirlərsə, periferiyada “İsveç modeli” arzulayırlarsa, onları ikiqat peşmançılıq gözləyir. Razılaşmaq istəmirlərsə, bircəcik yol qalır böhransız cəmiyyət üçün çalışmaq. Bu isə sosializmdir. Hətta təhrifli formasında belə SSRİ sosializmi böhranlardan – istər “Böyük depressiya” illərində olsun, istərsə də 1970-ci illərin “Neft böhranı” vaxtı – kənarda idi.

Hazırkı qloballaşmış iqtisadiyyat və neoliberal kurs 2008-ci ildə ABŞ-dan başlamış son böhranın tezliklə bitəcəyinə heç bir ümid yeri qoymur. Azərbaycan da öz geridəqalmış, istehsaldan məhrum iqtisadiyyatı və qlobal kapitalizmdə ona yazılmış “xammal periferiyası” funksiyası ilə bu ağrılı böhranın içindədir – başqa cür ola da bilməzdi.

Əlbəttə, devalvasiya davam edəcək. Nisbətən xırda addımlarla, tədricən. Ancaq bu, ona oxşayır ki, “pis sonluq sonsuz pislikdən yaxşıdır”. Yəni, obıvatel sevinir ki, heç olmasa devalvasiya yavaş-yavaş gedir, katarsis üzdə deyil, hətta bir durma nöqtəsinə çatacağına ümid edir, ancaq nəticə etibarilə bu proses uzun gedəcək, dolların kəmiyyət göstəricisi isə sonunda öz məntiqi nöqtəsinə çatacaq. Fərq etməz, bu, üç ayda baş verəcək, ya bir ildə. Məzmun və keyfiyyətcə nəticə eyni olacaq.

Son 10 ildə kövrək təbəqə şəklində olsa da “orta sinif” (ən əks-inqilabi təbəqə) vardı və bu təbəqə özünü inandırırdı ki, o, daimidir, hətta ölkədə, iqtisadiyyatda söz sahibidir. Halbuki, sadəcə ona yazılmış funksiyanı imitasiya edirdi. İndi bu təbəqə buxarlanıb gedir, yoxsullaşır. Yoxsullar isə lümpenləşərək sinifsiz elementlərə çevrilir. Və bu proses hələ uzun müddət davam edəcək.

İnsanlar bankların kredit əməliyyatlarından dad edirlər. Ancaq bir şeyi də unutmaq olmaz ki, heç kimə zorla pul verilməyib. Banklara günah keçisi kimi baxmaq da düzgün deyil..

Kapitalizm vitrinlər cəmiyyətidir, reklam və istehlak yanğısı yaratmaq üstündə qurulub. Fərdlərin soyuq ağıldan məhrum beyinlərinə fasiləsiz olaraq illüziyalar yeridilir, TV və mətbuat onlara təlqin edir: ideal istehlakçı deyilsənsə yaşamırsan. Bir tərəfdən də fasiləsiz olaraq süni tələbatlar yaradılır. Bu cür molekulyar aqressiyanın və KİV faşizminin qarşısında dayanmaq “obıvatel” üçün çox çətindir.

üstəlik, unutmayaq ki, kapitalizmdə fasiləsiz istehsal (və daima izafi dəyər yaratmaq) üçün daima çoxsaylı ideal istehlakçılar olmalıdır. Yoxsa istehsal dayanar. Tələbat yaradan kapitalizm istehlak etmək üçün pulu olmayan “obıvatel”i bu pulla təmin etmək məqsədilə kredit sisteminə əl atmalıdır. Odur ki, bunun təbliği və sırınması kapitalist üçün sinfi nöqteyi nəzərdən həyati vacib məsələdir.

Artıq işsizlik də görünür. Açıqaydın işdən çıxarılmalar, ixtisarlar medianın gündəmini zəbt edib.

Kütləvi ixtisarlar artıq 5-6 ildir (qlobal böhran başlayandan) start götürüb və davam edir. İşçilərin iki əsr boyunca apardıqları mübarizənin, tətil və nümayişlərin, qiyam və sosial inqilabların məntiqi nəticəsi kimi əldə olunmuş hüquqlar az vaxtın içində büsbütün itirildi. Artıq sahibkarlar və hakimiyyətlər işçi həmrəyliyi və etirazları qarşısındakı qorxu hissini büsbütün itirib. Əvəzində isə muzdluları fasiləsiz olaraq işsiz qalmaq qorxusu təqib edir. Elə bu qorxu da onların mübarizəsini effektsiz edir, ştreykberxerliyi adiləşdirir. Bu günlərdə vəfat etmiş Uruqvay yazıçıs və sol siyasətçi Eduardo Qaleanonun sözləri ilə desək, “işçinin iş yerini itirmək qorxusu sahibkara onun hüquqlarını ələ salmağa imkan yaradır”.

İkinci olay

Yoldaş Süleymanov, “çörək davası” dövrünə qədəm qoyuruq? Bu, nədir? Vəziyyət həqiqətən pisə doğru gedir?

Yoxsullar lümpenləşdikcə, yaşamaq uğrunda mübarizənin ən ekstraordinar üsullarına da daha çox rast gələcəyik, onlar hətta adiləşəcək və vur-tut statistikaya çevriləcək. Yenə də Eduardo Qaleanonun sözlərinə müraciət edirəm: “Kapitalizmdə xırda oğurluq – mülkiyyət əleyhinə cinayətdir, iri qarət isə mülkiyyət hüququdur. Birinciyə cinayət məcəlləsində maddə var, ikincisi isə fərdi təşəbbüs sahəsinə aiddir”. Yəni, yuxarılar ölkəni, onun sərvətlərini oğurladıqca, aşağılar da əllərinə keçən hər şeyi oğurlamağa çalışacaq. Bir sözlə, bioloji mübarizəyə qurşanacaq…

Ramin DEKO

Xüsusi olaraq Strateq.az üçün

pul.jpg

kasib.jpg