XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

20 Aprel 2015 - 17:58

Heydər Əliyev Dərvişə necə xeyir-dua verib?

“Qırx gün Qazaxda çobanlıq elədim” – Dərviş Cavanşir

“Qurban olum torpağına, daşına,

Qaldır məni Əlincənin qaşına.

Qoy, dolanım, Vətən, sənin başına

Deməsinlər: pərvanəsi çatışmır.”

çoxlarımız onu bu bəndiylə tanıdıq-Cavanşir Eloğlu kimi. Daha sonra Dərviş təxəllüsünü alan Cavanşır elə bununla da gözlərdən itdi. Dərvişlər kimi inzivayamı çəkildi, onsuz da önəm vermədiyi dünyadanmı küsdü?-kimsə bilmədi. Bir də Dərviş Cavanşirdən əl-ayağını yığıb o biri dünyaya köç edəndə xəbər tutduq.

4 aydır ki, əbədiyyətə yola saldığımız Dərviş Cavanşirin ölümündən 5 gün əvvəl verdiyi bir müsahibəni “ələ keçirmişik”. Rəhmətliyin qızı Aysu tərəfindən Strateq.az-a hədiyyə edilmiş bu müsahibə onun haqqında bilmədiyimiz bir çox mətləblərə işıq tutur. Buyurun, siz də heyrətlənə-heyrətlənə oxuyun. Amma mümkünsə, göz yaşlarınıza da hakim olmağa çalışın; görək, bacaracaqsınızmı?

_________________________________________________________________

– çoxları sizi Eloğlu kimi tanıyır, səbəb nə oldu ki, Dərviş adını götürdünüz?

-Bu adı mən götürmədim, mənə verdilər. 92-ci ildə rəhmətlik Elçibəyin, demək olar ki, hər gün yanına gedib gəlirdim. 2 il rəhmətlik dərs deyib mənə. Ondan çox şey öyrənmişəm. Sufi ədəbiyyatın gizli bir qapısı var, bu qapını onun sayəsində açmışam. Onun sayəsində mənim düşüncələrim, həyatım dəyişib. Bir gün yenə getmişdim yanına. Dedi ki, Bakı sənin təmizliyini, saflığını alacaq əlindən, görürəm buralarda çox gəzirsən. Get Qazaxa, 40 gün orda qal. “Hajı əfəndi”nin ocağını ziyarət elə, gəl, sənə ad verəcəm. Getdim, 40 gün Qazaxda çobanlıq elədim. Ziyarətdən qayıdanda Elçibəy mənə “Dərviş”adını verdi. Ruhu ucalıqlar amanatı…

-Bu adın məsuliyyəti böyükdür, məncə. Cavanşir Eloğlu və Dərviş Cavanşir. Sanki bu ad dəyişikliyindən sonra şeirlərinizin də ab-havası dəyişdi. Həyatınız necə dəyişdimi?

-Əlbəttə, çox dəyişdi. Fikirlərim, düşüncələrim, hər özəlliyim… Mən bambaşqa biri olmuşdum sanki. Bu addan və Babanın xeyir-duasından sonra mən 2- ci dəfə ailə həyatı qurdum. Yurd-yuva, övlad sahibi oldum.

-Babanın xeyir-duası?

-O dövrlər Azərbaycanın demokratiya uğrunda vuruşduğu, çarpışdığı dövrlər idi. Bir qrup ziyalı Heydər Əliyevin hakimiyətə gəlişi üçün çalışırdı. Mən də onların arasında idim. Tez-tez yanına gedirdim. Bir gün yenə getmişdim yanına. Qardaşı Cəlal Əliyev də orda idi. Bir az ictimai vəziyyətdən halı olandan sonra keçdi səmimi söhbətə. Dedi, a bala, evlisən, subay? Mən heç nə deyə bilmədim. Cəlal Əliyev dedi ki, nə evlidir, nə subay. Baba bilmirəm, o iki daşın arasında hardan tapdı- bir paket uzatdı mənə:-A bala, əlim yüngüldü. Bəsdir subay gəzib dolaşdığın.Götür bunları, biri sənin, inşallah, o biri də qismət olsa yoldaşının. O görüşdən, o söhbətdən heç bir ay keçməmiş ailə qurdum. O köynəyin sahibi də mənim ömür-gün yoldaşımdır və balalarımın anasıdır – Aysu və Səbayel balamın.

-İndicə dediniz ki Dərviş adından sonra dəyişdim.Cavanşir Eloğlu necə idi ki?

-Dərviş Cavanşir Cavanşir Eloğlu olanda cavan idi, odlu-alovlu idi. Sevgi işığı ilə odlanan,vətənini sevən, başında Naxçıvan havası ilə birdən-birə Bakı kimi qaynar bir şəhərə düşən, universitetdə Bəxtiyar Vahabzadə kimi ciddi bir insana ərkyana yanaşa bilən yeganə tələbə, tribunalarda “Naxçıvan nəğmələri” silsiləli şeirləri alqışla qarşılanan, desəm çoxlarının yadına düşər- “Mirvaridin tifili”deyə çağırılan bir gənc idi…

-“Mirvaridin tifili”? Anlamadım.

-Anam-atam Naxçıvanda idi. Bakıda kirayədə qalırdım o dönəmlər. Əslən qazaxlı olan, o dövrün seçilmiş şairələrindən biri Mirvarid xanım Dilbazi analıq edirdi mənə Bakıda. Həm maddi, həm mənəvi baxımdan mənə dayaq olan şəxslərdən biri idi bu xanım. Mirvarid xanımın evinin sakininə çevrilmişdim artıq. O dövrdə ədəbiyyatımızın sayılmış yazarları bu evin qonağı olurdu tez-tez . Onlardan biri də Əli Vəliyev idi. Hər dəfə məni görəndə “ə, Mirvarıdın tifili” deyə çağırırdı.

– Siz Cavanşir Eloğlunu tanıtdınız bizə. İndi icazə verin mən də Dərviş Cavanşiri tanıdım. özünə qapanan, onu sevənlərdən qaçan, Cavanşiri görmək istəyən hər bir kəsə müxtəlif bəhanələr uydurub görüşdən boyun qaçıran, televiziya ekranlarında, radio kanallarında görünmək istəməyən, reklamı sevməyən, günlərcə telefonunu söndürüb evdə özü ilə tənha qalan, gələn təklifləri dəyərləndirməyən, ailəsi ilə 10 ilə yaxın bəzilərinin imarət adlandırdığı –işıqsız, soyuq, kasıb daxmasında yaşayan, xəstəlikləri ilə mübarizə aparmaq üçün həkimə getməyə belə imkanı olmayan, aylarla quru çörəyə belə möhtac qalan, zamanında haqqını tələb etməyən, əlindəki imkanlardan istifadə etməyi özünə haram sayan, Dərviş adını ömrünə yazan, Allahin verdiyi ömrü dərvişanə başa vuran, tanıyanları üçün əslində yetərincə tanınmayan bir varlıq. Siz həyatı bu cür yaşamağa məcbursunuz?..

-Reklamı sevmirəm, düzdü. Əgər yazdıqlarımı xalqım oxuyub sevəcəksə, reklama, televiziyaya nə gərək var? Qaldı ki, yaşayışıma –onları da düz dediniz. Bəlkə də, çoxlarına məlumdur ki, 5 ilə yaxındır, sağlıq durumum imkan vermədiyi üçün heç bir yerdə çalışmıram. Amma sağ olsun bir ağsaqqalın -adının heç bir yerdə açıqlanmasını istəməyən o insanın boynumda haqq-sayı var, dana bilmərəm. Necə yaşadığımı ,vəziyyətimin gərgin olduğunu, xəstəliyimi, ailəmin vəziyyətini eşidib, duyub. Mənə və şeirlərimə çox qiymət verir. Allah ondan razı olsun, onu balalarına min budaq eləsin. Başqalarını bilmirəm, mənim başımın üstündən əksik eləməsin. Bu insanla neçə illər öncə dost olmuşuq. Amma bu günkü gündə mənə etdikləri atanın övladına etdiklərindən artıqdı. Böyük qızımın təhsil haqqının verilməsində, balacamın məktəbə atdığı ilk addımlarda, mənim az da olsa şəfa tapmamda göydə Allahın, yerdə o insanın böyük rolu var. İnanıram ki, həmişə balalarıma da dayaq olacaq.

-Sanki Dərviş adı şeirlərinizin də ab-havasını da dəyişdi. Cavanşir Eloğlu sevgi şeirləri, “Naxçıvan nəğmələri” yazırdı. İndiki şeirlərinizdə isə həyatdan küskünlü
k, Allaha bağlılıq, bu dünyanın faniliyi , əbədi dediyiniz o dünyaya özləm, bu dünyadan çıxıb getmək arzusu hiss olunur. Sanki:

“Aman Allah, bu nə oddu düşmüşəm,

Odundan görünür sönəsi deyil.

Bu sevda yolunda yansa da qəlbim

Söz verib sözündən dönəsi deyil.”- misralarını yazan siz deyilsiniz… İndi isə buna baxın:

“Cavanşir bir qoca dərviş,

Cənnət almasın dərmiş.

ölümə qalsa ölərmiş ,

Qorxur düşmən sevindirə.”

yaxud da burda:

“Yol verin , bir azca kənara durun,

Gedirəm, dünyadan umu-küsüm yox.

Yaman darısqaldı, bu dünya yaman,

Geri qayıtmağa bir də üzüm yox.”

-Cavanşir Eloğlu sevgiyə inanan, vətənə bağlı biri idi. Bizim vaxtımızda kəndlərə hind filmləri gəlirdi. Ən çox “Kəşmirdə məhəbbət” filminə baxırdım. Sevgini filmlərdəki kimi sanırdım. Hətta bir qızla ailə də qurdum. Amma indi düşünürəm ki, yanlış düşündüyüm, səhv etdiyim günlərdi. Vaxtilə bəh-bəhlə qarşılanan o şeirləri yazan bəlkə də mən olmamışam. Düzdür, hər yaşın öz gözəlliyi var deyirlər. Amma, əstağfurillah, əlimdə olsa o günləri, o həyatı silərdim ömrümdən. Ona görə də o dövrdə yazdığım şeirləri son kitablarımda görə bilməzsiniz. O filmlər, ürəyimdə olan sevgi hissləri, xəyalını etdiyim xoşbəxtlik arzuları özümü tapmama imkan verməyib. 40 yaşa gəlib çatanda anladım ki, sevgi tək olan Allahadır. Elə buna görə də, əvvəlki sevgi ruhlu Cavanşir tərki-dünya Cavanşirlə əvəz olundu. Bu şeirlərimə də təsir elədi. Soruşdunuz ki, o dünyaya bağlılıq nədən irəli gəlir?- onsuz da, gec-tez gedəcəyimiz məkan ora deyilmi? Əslində ölüm adlandırdığımız o an bizim dünyaya gəldiyimiz andır-əbədi dünyaya açırıq gözümüzü.

-Tərki-dünya Cavanşir bütün gününü evdə şeirləri və ailəsi ilə keçirir, yoxsa? Darıxmırsınız heç?

-Əvvəllər elə idi. Heç bir yerə çıxmırdım. Gecələr şeirlərimə, gündüzlər həyət-bacama baxırdım. Son vaxtlar elə deyil amma. Görünür, yaşla əladədardır hamısı. Qonşum var- “dağlaroğlu”deyirik öz aramızda-İlham, sağ olsun, məni tək qoymur heç vaxt. Qardaşım Qərib-Etibar Qərib-hələ də şair olduğunu boynuna almayan qələm dostumla görüşüb dərdləşirik. Mənə oğul qədər yaxın olan, qayğımı çəkən Rəşad balam- yaşıdları sırasında sayılıb-seçilən, özünə qələminə güvənən gənc jurnalist-Rəşad Sahil hər zaman qulluğumda durur. Allah hamısından razı olsun, qulaq hayanıdılar mənə.

– Sizcə, gənclərdən oxucunuz varmı? ümümiyyətlə, indiki cavanlar haqqında nə düşünürsünüz? Eyni zamanda müasir ədəbiyyat haqqında fikirləriniz nədir?

-İndiki cavanlar gerçəyi tapınca, həqiqəti görüncə neçə illər keçəcək. Yox, çətin ki, cavanlar arasında mənim şeirlərimi oxuyan ola. Nədən ki, oxuyub anlamaları lazımdı , o da çətin. Anlamaları üçün mənim yüksəkliyimə qalxalar gərək. Yüksəklik dedikdə- yekəxanalıq kimi qəbul etməyin, Allahla təmasda olduğum anları- şeir yazdığım anları nəzərdə tuturam. İndikilərin kitabı “ququldu”- nədir, hər şeyi ordan tapıb oxuyurlar. Guya oxuyurlar. Oxuyan olsa da, anlayan azdı. çünki cavanlar hər şeyə laqeyd yanaşırlar. Müasir ədəbiyyatmı dedin? Qızım, ədəbiyyatı yaşadan varsa da, onlar da yaşlı, orta yaşlı yazarlardı. İndi yazan var ki, bəyəm? Varsa da hələ gəlib öz yerini tapmayıb. Amma bir əllicə ildən sonra gözləmədiyimiz bir vulkan olacaq. O zaman ədəbiyyatımız yenidən dirçələcək . ümidim var, inşallah. Bu dirçəlmə mütləq olacaq. Amma , heyf, mən o günləri görməyəcəyəm. İndikilər boş-boş, mənasız şeylərdən yazırlar. Bayağı şeirlər isə ədəbiyyat sayılmır. O ki qaldı mənim oxucularıma, mənim şeirlərimi duya bilənlər hələ dünyaya gəlməyiblər, ya da qarşıma çıxmayıblar.

-Bəs, ən böyük arzunuz , istəyiniz nədir?

-Allahdan tək istəyim mənə acaldan-macal versin, artıq yox -10 il əvvəl deyirdim ki, Allah verən ömrü yaşayaram, amma balacamı- anamın adını yaşadan qızım Səbayeli böyütməliyəm. Onun mənə ehtiyacı var, hələ çox balacadır. Bir də hələ deyilməmiş, yazılmamış sözlərim var, onları tamamlamalıyam. Qismət olsa, gələn ilə çıxsam, 2015-ci il uğurlu olacaq mənim üçün inşallah. Qismət olsa o da… nəysə…

Bu vəfatından 5 gün öncə şairlə olan söhbətimizdi. Vəfatından sonra ailəsi ilə danışdıqlarım məni çox kövrətdi.

Yoldaşı Qubatel xanım:

-Cavanşir təkcə ömür- gün yoldaşım yox ,ömrümün dirəyi idi. Mən Cavanşiri yox, özümü itirdim. Hər gün azlıq edir, hər saniyə onun nəfəsi , evdəki hənirtisi üçün darıxıram. ömrümün sonuna kimi ona o dünyada qovuşmaq arzusu ilə yaşayacam.

Kiçik qızı 10 yaşlı Səbayelin dediklərindən:

-Atam həmişə bizim yanımızdadır. Bacım deyir ki, atanın özü burda olmasa da, ruhu bizimlədir. Dərslərimi yaxşı oxuyacam, atama söz verdiyim kimi rəssam olacam. Ata üçün çox darıxmışam.

Böyük qızı Aysu:

-Ata itgisi çox ağırdı, həm də 20 yaşlı qız övladı üçün. çoxları deyir ki, “artıq böyük qız olub onun ataya ehtiyacı yoxdu”. Xeyr, elə deyil, mənə ata bundan sonra lazım idi. Nə qədər ağır olsa da, etiraf etməliyəm ki, indiyə kimi ata sevgisinə həsrət idim. Həmişə atamla bacı-qardaş kimi mehriban olmaq arzusu ilə yaşamışam. Dost-tanış arasında “Aysu mənim oğul balamdı” deyərdi. çox təəssüf hissi ilə deməliyəm ki, təzə-təzə arzularıma çatırdım. O da yarımçıq qaldı. Mənə elə gəlir ki, dünyaya yeni göz açarkən itirmişəm atamı. Birlikdə çox arzularımız vardı. Düzdü, nə vaxtsa o arzular yerinə yetsə də, həmişə o boşluq hiss olunacaq. Bəlkə də, mənasız olacaq mənim üçün qazandığım uğurlar. özümü hər zaman xoşbəxtəm kimi göstərmək üçün üzdə gülsəm də, o gülüşlər ağladığımı bəlli etməmək, göz yaşlarımı gizlətmək üçün olacaq. Bu məqamda atamdan bir misra hisslərimi, düşüncələrimi ifadə etmək üçün yetər, məncə:

Görənlər deyir ki,nə bəxtəvərdi,

Bilən
yox, sənsizlik min dərd-sərdi.

Bu da bir şair ömrünün sonu və arxasınca tökülən göz yaşlarının ürəkyaxan məqamları…

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə