XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 January 2016 - 10:27

Milli Şura sədri Cəmil Həsənli:"Azərbaycan hakimiyyətinin böhrandan çıxmağa həvəsi yoxdur"

cemilMilli Şuranın sədri, professor Cəmil Həsənli “Amerikanın səsi” radiosuna müsahibəsində ABŞ Konqresinə təqdim edilmiş “Azərbaycanda Demokratiya Aktı” qanun layihəsi, həmçinin ölkədə hazırkı ictimai-siyasi durum, devalvasiya, iqtidar-müxalifət münasibətlərindən danışıb:

– Amerikaya səfəriniz zamanı görüşlərinizdə “Azərbaycanda Demokratiya Aktı” qanun layihəsilə bağlı müzakirələr apardınızmı? Qanunun qəbulu nə qədər real görünür?

– Əlbəttə, belə bir qanun layihəsinin meydana gəlməsi Azərbaycan hakimiyyətinin ölkədə yeritdiyi siyasətin və xüsusilə repressiya siyasətinin nəticəsidir. Çünki ölkədə siyasi məhbusların sayı yüzə yaxınlaşıb. İndi Azərbaycanda olan siyasi məhbusların ümumi sayı Belarus və Rusiyada olan məhbusların sayından çoxdur. Azərbaycanda vətəndaş cəmiyyəti çökdürülüb, siyasi öncüllər, gənclər təşkilatlarının fəalları, jurnalistlər, dini təşkilatların nümayəndələri, mömin insanlar həbsdədir. Bunların böyük əksəriyyəti siyasi mülahizələrlə tutulub. Beynəlxalq birlik dəfələrlə bu insanların azad edilməsini Azərbaycan hökumətinə xatırlatdı, xahiş etdi, müraciət etdi. Amma bu istiqamətdə heç bir irəliləyiş əldə edilmədi. Bunun nəticəsi olaraq, “Azərbaycanda Demokratiya Aktı” meydana çıxdı.

Bu qanun layihəsi tək siyasi məhbuslarla bağlı deyil. Orada Azərbaycanda demokratik istiqamətdə həyata keçirilməsi zəruri olan geniş tədbirlər planı var. Bura vətəndaş cəmiyyətinin qurulması, mətbuat azadlığı, söz azadlığı, demokratik seçkilərin keçirilməsi, insan hüquqlarına hörmətlə yanaşılması kimi böyük tədbirlər planı daxildir. Əlbəttə, vacib olan addımlar atılmasa, təcili tədbirlər görülməsə, bu Aktın qəbul olunması imkanları böyükdür.

– Həmin layihənin müzakirəyə çıxarılmaması üçün Azərbaycan hökuməti, müxalifəti və cəmiyyət hansı addımları atmalıdır?

– Burada əsas söhbət hakimiyyətin məsuliyyətindən gedir. Azərbaycanda hakimiyyətyönümlü mətbuat orqanları bunu Azərbaycana qarşı yönəlik bir akt kimi qələmə verməyə çalışırlar. Amma burada söhbət Azərbaycan hakimiyyətinə qarşı tədbirlərin görülməsindən gedir. Bunu bir qayda olaraq, ermənilərlə əlaqələndirməyə uğursuz cəhdlər olur. Helsinki Komissiyası bilavasitə bu məsələlərlə məşğuldur. Ona görə də layihə bu komissiyada hazırlanıb. Bu, tək Kris Smitlə (konqresmen, Helsinki Komissiyasının sədri – red.) bağlı layihə deyil. Bu komissiyada 9 respublikaçı, 9 demokrat, Dövlət Departamentinin və Pentaqonun hər birindən bir nümayəndə təmsil olunur. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Birləşmiş Ştatların Avropa siyasətinin müəyyən edilməsində, xüsusilə ATƏT-lə bağlı siyasətinin müəyyən edilməsində Helsinki Komissiyası həlledici hesab edilir. Bu layihənin qanuna çevrilməməsi üçün təcili addımlar atılmalı idi. Təəssüf ki, biz bu addımları görmürük. Bəlkə də lobbi qruplarına ümid olurlar. Yeri gəlmişkən, ABŞ-da indi Azərbaycanla bağlı iş aparan lobbi qruplarına çox ehtiyatla yanaşırlar. Ona görə də lobbi qruplarının bu işdə hansısa uğurlu iş görəcəyinə ümid bəsləmək olmaz. Ölkənin daxilində bu işləri aparmaq lazımdır. İlk növbədə siyasi məhbusları buraxmaq lazımdır. Siyasi məhbusların buraxılması artıq yaxşılığa doğru dönüşün bir anonsu ola bilər.

– İndiki böhranlı vəziyyətdə, neft qiymətlərinin kəskin endiyi, manatın kəskin devalvasiya şəraitində iqtidar-müxalifət dialoqu mümkündürmü? Belə bir təşəbbüslər, arzular varmı?

– Ötən illər iqtidar-müxalifət dialoquna bənzər bir şeylər olub. Ancaq onu nə dərəcədə iqtidar-müxalifət dialoqu adlandırmaq olar? İqtidar sadəcə olaraq özü üçün lazımlı bir vaxtda – hansısa formada müxalifət adı ilə kimlərinsə dəstəyini almaq lazım olanda – dialoq adı ilə görüşlər keçirir. Görüşün də nə predmeti bəllidir, nə mövzusu aydındır, nə də Azərbaycan cəmiyyətinə yeni bir şey təklif edilir. Və bunu təqdim eləməyə çalışırlar ki, iqtidar-müxalifət dialoqudur.

Azərbaycan hakimiyyəti belə bir dialoqa həvəsli deyil. Azərbaycan hakimiyyəti dialoq hakimiyyəti deyil, monoloq hakimiyyətidir. Bu hakimiyyət dialoq məsələsində görəvdə olduğu bütün müddətdə qeyri-səmimi addımlar atıb. Bu hakimiyyət qarşısındakı tərəfin, yəni gerçək, real müxalifətin ehtimadını qazana bilməyib. Həmişə bundan bir vasitə kimi istifadə etməyə çalışıb.

– Necə hesab edirsiniz, müxalifət indiki dövrdə – manatın kəskin devalvasiyası, neftin ucuzlaşdığı, dünyanın böhrana qərq olduğu bir vaxtda anti-böhran təklifləri ilə çıxış etməyə hazırdırmı? Təklifləriniz nədir?

– Nəinki hazırdır, müxalifət artıq bu təkliflərlə çıxış edib. Bunun ən aydın nümunəsi Əli Kərimlinin yaranmış vəziyyətlə bağlı təkliflərlə çıxış etməsidir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli dərin təhlillərə əsasən bugünkü vəziyyətdən çıxış yolları istiqamətində kifayət qədər əsaslandırılmış təkliflərlə çıxış edib. Bu təkliflər yalnız hökumətə ünvanlanmayıb, eyni zamanda cəmiyyətə ünvanlanıb. Sadəcə Azərbaycan hakimiyyətinin indiki böhrandan çıxmağa nə həvəsi, nə iqtisadi təfəkkürü, nə də siyasi iradəsi var.




Yuxarı Əvvələ Ana Səhifə