XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

25 İyun 2018 - 17:20

DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:"Seçkilərin nəticəsi göstərdi ki, Ərdoğan 2023-cü il hədəfinə uğurla çatacaq"

Azərbaycan parlamentinin üzvü Məlahət İbrahimqızı Strateq.az saytına müsahibəsində Türkiyədə hakim partiyanın qələbəsi ilə yekunlaşan prezident və parlament seçkilərinin nəticələri, onun regiondakı proseslərə və Azərbaycanla münasibətlərə necə təsir edəcəyini dəyərləndirib. Müsahibəni oxucularımıza təqdim edirik: 

– Məlahət xanım, Türkiyə siyasi palitrasını yaxından tanıyan bir millət vəkili kimi 24 iyun seçkilərinin nəticlərini necə dəyərləndirirsiniz? Sizin üçün gözlənilməyən bir olay baş verdimi?

– Türkiyə prezidenti hörmətli Rəcəb Tayyip Ərdoğanın və “Cümhur” İttifaqının qələbə qazanacağı gözlənilən idi. Əvvəla, referendumları da daxil etsək, Türkiyə AKP dönəmində 13 seçki keçirib və hamsında qalib olub. İndiyə qədər seçki ilə məşğul olan beynəlxalq təşkilatların heç biri demokratik standartlara, nəticələrə təsir edəcək ciddi, fundamental pozuntular qeydə almayıblar. Bu gün seçkidə məğlub olan qüvvələr təbii ki, uduzmalarının səbəbini ört-basdır etmək üçün müəyyən qarayaxma kampaniyalarına əl atırlar. Bu, əslində yeni bir şey deyil. Bu seçkilərdə AKP-yə qarşı ortaya qoyulan tablonu 15 iyun çevriliş cəhdinin davamı kimi də dəyərləndirmək olar. İlk dəfədir, təməl prinsipləri biri-birinə zidd olan partiyalar bir ittifaqda birləşib Ərdoğana qarşı çıxış etdilər. Biz seçkiqabağı gedən bütün proseslərdə bunu gördük. Az qala, Orta Doğuda belə Ərdoğana qarşı olan qruplardan fraksiyalar yaratmaq istəyirdilər. Çalışırdılar ki, 24 iyunda seçkilər baş tutmasın, Ərdoğan məğlubiyyətə uğrasın. “Cümhur” İttifaqının bu qələbəsində sözsüz ki, MHP-nin, onun rəhbəri Dövlət Baxçalının da ciddi rolu oldu. MHP-nin seçkiqabağı AKP ilə birləşib “Cümhur” İttifaqı yaratması örnəkdir. Ki, milli maraqların qorunması, dövlətçiliyin möhkəmləndirilməsində müxalifət iqtidarla bir araya gəlir, güc göstərə bilirlər. Dövlət Baxçalı 2016-ci ildə baş vermiş dövlət çevrilişinə cəhd zamanı da Türkiyənin milli maraqlarının qorunması üçün hakim partiyaya çox ciddi dəstək verib. Bu gün də bu dəstək Türkiyənin milli maraqlarının qorunması üçün ortadadır. “Cümhur” İttifaqına gələcək fəaliyyətində uğurlar arzulayıram.

– Türkiyə bu seçkilərlə yeni bir idarəetmə sisteminə keçdi. Güclü prezident hakimiyyəti Türkiyəyə daxili və xarici siyasətdə hansı üstünlüklər qazandıracaq?

– 2002-ci ildən hakimiyyətdə olan AKP və onun lideri Ərdoğanın  2023-cü il hədəfi var. Yüz il əvvəl – 1923-cü ildə imzalanan “Lozanna” müqaviləsi Türkiyənin gələcəkdə daha güclü inkişafına ciddi problemlər yaradıb. Ona görə də 2023-cü il həlledici tarxi kimi hədəflənir. Ərdoğanın hədəfi Türkiyənin dünyanın ən güclü ölkələri sırasına qatmaqdır. Bilirsiz ki, Türkiyə “G-20”-nin üzvüdür, öz inkişaf göstəricilərinə görə Avropada 6-cı, dünyada 13-cu dövlətdir. Bu hədəfə çatmaq üçün Türkiyədə nəhəng layihələr həyata keçirilir. 24 iyun seçkilərinin nəticlərini gördükdə, əminliklə demək olar ki, inşallah Türkiyə Ərdoğanın rəhbərliyi ilə qoyduğu hədəflərə çatacaqdır. Sözsüz ki, Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü isə Türkiyənin gücüdür. Azərbaycana beynəlxaq enerji layihələrinin Türkiyə ərazisindən keçməməsi üçün nə qədər təzyiqlər olsa da, möhtərəm prezidentimiz İlham Əliyev Türkiyə variantının üzərində dayanıb. Bununla da həqiqi dostluq, qardaşlıq nümunəsi göstərib. Qarşıda yenə problemlər yaratmağa çalışacaqlar, amma istədiklərinə nail ola bilməyəcəklər. Dünən, bu gün 2023-cü il hədəflərinə çatmağın möhkəm təməli qoyulub.

– Türkiyəyə, Ərdoğana qarşı güclü təzyiqləri qeyd etdiniz. Bəs bu qələbədən sonra həmin qüvvələrlə əməkdaşlığı necə təsəvvür etmək olar?

– Dünyanın müxtəlif ölkərindən, Avropadan, region dövlətlərindən Türkiyəyə, onun lideri Ərdoğana qarşı çox ciddi təzyiqlər vardı. Ərdoğanın seçkilərədə məğlub olması üçün hər cür addım atdılar. Amma nəticəsi olmadı, çünki Ərdoğanın arxası, dayağı xalqdır. Bu qüvvələr öz yanlışlıqlarını başa düşəcəklər. İstər NATO-da, istər bölgədə, istərsə də regionda Türkiyə ilə əməkdaşlıq etmədən heç bir naliyyət əldə etmək mümkün deyil. Ərdoğanla, onun komandası ilə bir masada oturmağa məcbur olacaqlar, problemlərin həlli, qlobal çağırışların yerinə yetirilməsində Türkiyə ilə əməkdaşlıq edəcəklər.

– Bundan sonra Azərbaycanla-Türkiyə münasibətlərinin gələcək inkişafını necə görürsünüz? Əməkdaşlıqda yeni səhifələrin açılmasına 24 iyun seçkilərinin nəticləri necə təsir edəcək? Yeri gəlmişkən, Azərbaycan cəmiyyəti bu seçkiləri böyük diqqətlə izlədi. Ərdoğanın qələbəsi az qala bayram kimi qarşılandı…

– “Cümhur” İttifaqının bu qələbəsi Azərbaycan – Türkiyə dostluğunun möhkəmlənməsində yeni bir səhifə açdı. Bizim ölkələrimiz təkcə iki dövlət, tək millət deyil. Bizim çağdaş dövlətimizin qurucusu Heydər Əliyev, hazırda dövlətimizin başçısı, bölgənin güclü liderlərindən olan İlham Əliyevin qətiyyətli, ardıcıl mövqeyi, Ərdoğanla aralarında olan yüsək şəxsi münasibətlər də bu dostluğa, qardaşlığa, iki ölkənin gələcəkdə yeni əməkdaşlığına parlaq işıq saçır. Bu yaxınlarda TANAP-ın açılış mərasimində möhtərəm prezidentimiz çıxış edərək “gücümüz birliyimizdədir!” dedi. Bu, həqiqətən çox sevindiricidir. “Bir millət, iki dövlət” şüari, lderlərin yüksək şəxsi dostluq münasibətləri hər iki ölkənin vətəndaşlarını qürurlandırır.  Prezidentimiz nəticələr açıqlanandan dərhal sonra Ərdoğana zəng edib onu təbrik etməsi də uzaqgörən siyasətçinin qardaş dövləti necə dəstəkləmək lazım olduğunu bir nümunə olaraq göstərdi. Biz türk xalqları çoxuq, türkdilli ölkələr,  İKT-da təmsil olunan  müsəlman ölkələri var. Onların içərisində cənab prezident İlham Əliyevin Türk dünyasına verdiyi töhfələr, 2002-ci ildən Türkiyəni irəli aparan, dünyanın güclü liderlərindən biri olan Ərdoğanın qələbəsinə verdiyi dəyər çox mühümdür. Atatürkün dediyi, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyevin dediyi “Bir millət iki dövlət”, İlham Əliyevin dediyi “Gücümüz birliyimizdədir!” şüarları iki ölkənin dünənki və bügünki, gəlcək əməkdaşlığının, birliyinin təməlidir. 2018-ci ilə həm Türkiyədə 24 iyun seçkiləri, həm Azərbaycanda 11 aprel seçkiləri ilə öz möhürünü vurdu və “yola davam” mesajını verdi. Bu seçkilər, birlik, hər iki ölkənin inkişafına çox böyük töhfələr vercək.  Ərdoğanın qələbəsinin Azərbaycanda bayaram edilməsi təbii haldır. İnşallah, birlikdə daha gözəl naliyyətlərə imza atacağıq. Mən arzu edirəm ki, bu qələbə, hər iki ölkə, Türk dünyası, İslam aləmi üçün düşərli olsun.

Elçin Rüstəmli   

Strateq.az