XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

28 İyun 2018 - 17:41

“AZƏRBAYCANDA TÜRKİYƏNİN HƏRBİ BAZALARI QURULMALIDIR” –Politoloq Şahinoğlu Ərdoğanın Putinə təsir edə biləcəyini düşünür (MÜSAHİBƏ)

“Atlas“ Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Strateq.az saytına müsahibəsində Türkiyədəki 24 iyun seçkilərinin nəticələri, yeni qurulan idarəetmə sisteminin ölkənin daxili və xarici siyasətində hansı dəyişikliklərə səbəb olacağı barədə fikirlərini açıqlayıb. Politloq, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişafı ilə bağlı sualları da cavablandırıb. Elxan Şahinoğlu iki ölkənin hərbi-siyasi əməkdaşlığının yeni müstəvidə – hərbi-siyasi ittifaq səviyyəsində daha da möhkəmləndirilməsini təklif edib.

 

 – Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin nəticələrini necə dəyərləndirirsiniz? Bu seçkilərdə hansı mənzərə ilə qarşılaşdıq?

 Türkiyədəki seçkilər bir çox ilklərlə yadda qaldı. Ölkədə idarəetmə sistemi kökündən dəyişir. Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə əsas səlahiyyət sahibi prezident olur, baş nazirlik postu ləğv edilir və  viste-prezidentlər institutu təsis olunur, parlamentdə millət vəkillərinin sayı artırılaraq 600 nəfərə çatdırılır… Bunlar əsas yeniliklərdir.

Seçkilər həm də onu göstərdi ki, hakim Ədalət və İnkişaf Partiyası güclüdür. Bu partiya 15 ildir bütün seçlkilərdə qələbə çalır. Doğrdur, parlamentdə əvvəlki qədər yer ala bilmədilər. Amma maraqlı odur ki, Ərdoğan öz partiyasından 10 faiz çox səs toplayıb. Bu, əslində onu göstərir ki, AKP-nin uğuru Ərdoğanın xarizması üzərindədir.

Mən Məhərrəm İncənin də uğurlu seçki kampaniyası apardığını düşünürəm. O da öz partiyasından 8 faiz çox səs topladı. Seçkidən əvvəl deyirdim ki, İncə yaxşı səs toplasa, onun partiya lideri olması iddası artacaq, əgər alınmazsa, o öz partiyasını quracaq. İndi onun qarşısında iki yol var, tərfdarları da bunu tələb edir.

– Bəs AKP-nin “Cümhur” İttifaqında müttəfiqi MHP-nin yeri necə olacaq yeni sistemdə?

İndi hökumət formalaşmalıdır, onu prezidentin özü idarə edəcək. MHP ilə bağlı qərar verilməlidir ki, bu partiyaya nə qədər yer ayrılacaq. Dövlət Baxçalı Məclis sədri olacaq, ya vitse-prezident təyin olunacaq, yaxud kənarda qalacaq – bu məsələlərə aydınlıq gətirilməlidir. Bir də müxalifətin özündə müəyyən birlik formatları yaranmalıdır. Çünki seçkiyə blok şəklində gediblər. Ərdoğanın məqsədi 2023-cü ilə qədər prezident olmaqdır. Çünki bu ildə Türkiyə Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq və Ərdoğan başladığı böyük layihələri o zamana qədər bitirmək istəyir. Oktyabrın 29-da İstanbulda dünyada ən böyük hava limanı açılacaq, eyni zamanda böyük körpülərin inşasını, Azərbaycanla reallaşdırılan layihələri özü başa çatdırmaq istəyir. İstəyir ki, bunlarla tarxidə öz imzasını qoysun. Düşünürəm ki, Ərdoğan Türkiyə siyasətində güclü fiqur olaraq hələ uzun müddət qalacaq.

Seçkilərin demokratik olmadığı barədə müxalifətdən iddialar var. Eyni zamanda ATƏT-in müşahidə missiyası da kifayət qədər problemlərin olduğunu açıqlayıb. Bu qiymətləndirmələr prosesə necə təsir göstərir?

Türkiyədə hər seçkidə belə rəylər ortaya çıxır. Bu, siyasi mübarizədir. Amma mən daha çox Ərdoğanın rəqibinin nə dediyinə baxıram. Məhərrəm İncə mətbuat konfransında neqativ halların olduğunu dedi, amma etiraf etdi ki, Ərdoğanla aralarında milyonluq fərq var. Dedi ki, Ərdoğanın prezident seçilməsini qəbul edir və onu təbrik də etdi. Əgər məğlub tərəf nəticləri qəbul edirsə, demək olmaz ki, seçkidə böyük saxtakarlıqlar olub.

Mən Azərbaycan cəmiyyətində olan bəzi fikirlərə məttəl qalıram. Deyirlər ki, saxtakarlıq olub, Ərdoğan seçkiləri tamamilə saxtalaşdırıb, diktatura qurub və s. Türkiyədə diktatura qurulduğunu iddia ertmək mümkün deyil. Bu ölkədə demokratik sistem var. Ola bilsin, Ərdoğan 15 ildir hakimiyyətdədir, iqtidarını güclü ələ çevirib. Amma görürük ki, müxalifət parlamentdə kifayət qədər yer alıb. Məhərrəm İncənin 30 faizlik səsi də çox böyük nəticədir. “İyi” Partiya da dövlət yardımı almadan uğurlu seçki kampaniyası apardı və parlamentdə təmsilçilik hüququ qazandı. Ərdoğan güclü liderdir, avtoritarizmə meyllidir, amma Türkiyədə oturuşmuş demokratik sistem var və onu dağıda bilməz.

– Türkiyənin həm daxilində, həm də regionda mürəkkəb situasiya yaranıb, gərgin proseslər gedir. Bunu nəzərə alsaq, güclü prezident hakimiyyəti Türkiyə üçün nə kimi üstünlüklər verəcək?

Ərdoğanın arqumenti budur ki, parlamentar sistem Türkiyənin köklü problemlərinin həllinə mane olur və bu sistemi dəyişmək lazımdır. Bu da cəmiyyətdə çox geniş müzakirələrə səbəb oldu, referendum keçirildi və məlum oldu ki, cəmiyyətin böyük bir qismi onunla razıdır. Bu yeni sistem bir qədər ABŞ, Fransa sisteminə oxşayır. İndi Ərdoğan məcbur deyil ki, nazirləri millət vəkillərindən təyin etsin. Artıq kənardan da kadrlar dəvət edəcək. Özü də bildirmişdi, elə uğurlu biznesmenlər ola bilər ki, onları iqtisadi sferada rəhbər postlara dəvət edə bilər.

İndidən demək çətindir ki, güclü prezident hakimiyyəti Türkiyənin problemlərini həll edəcək, ya yox. Mən düşünürəm ki, baş nazir də hökumətə rəhbərlik edirdi və problemləri həll etmək iqtidarında idi. Məsələn, İraqda, Suriyada hərbi əməliyyatları aparmağı baş nazir də edə bilərdi. Görünür, Ərdoğan düşünür ki, hakimiyyət bir əldə cəmləşsə, daha uğurlu idarəetmə olar.

Gəlin, başqa bir konfiqurasiyanı fikirləşək: parlamentar sistemdə güclü müxalifət olsa, prezidentin əl-qolunu bağlaya bilər. Yeni konstitusiyada isə elə təsbit olunub ki,  hətta parlament tamamilə müxalifətin əlinə keçsə belə, prezident qətnamələr vasitəsi ilə istədiyi siyasəti həyata keçirə bilər.

Düşünürəm ki, yeni sistemlə Türkiyə daha irəli gedə, problemlərini daha tez həll edə bilər. Suriya və İraqda terrorçulara qarşı mübarizə aparılır, iqtisadi çətinliklər, güclü infilyasiya var, bunları həll etmək lazımdır. Əgər bu problemlərin həllində çətinliklər yaransa, o zaman Türkiyə cəmiyyətində haqlı suallar yarana bilər ki, prezident üsul-idarəsi bizim nəyimizə lazım idi.

Kurdlər də seçkidə uğur qazandılar, HDP parlamentdə üçüncü partiya oldu, Səlahəttin Dəmirtaş da kifayət qədər səs topladı. Bu nəticlərdən çıxış edərək, yeni sistemdə kürdlərin rolunu necə təsəvvür edirsiniz?

Müxtəlif mənbələrin rəqəmlərinə görə, Türkiyədə 15-18 milyon nəfər kürd yaşayır.  Kürdlərin böyük əksəriyyəti Türkiyənin ərazi bütövlüyünü dəstəkləyir. Amma onların içərisində radikal elementlər var. Onlar PKK-ya siyasi simpatiya bəsləyirlər, sayları da az deyil.  Bu qrup terrorçu təşkilatın siyasi qanadına istənilən halda səs verir. Onlar seçkilərdə 10 faiz səsi həmişə qazanırlar. Üstəlik, Dəmirtaş həbsdə olmasına rəğmən, böyük səs aldı və hətta Meral Akşenəri də qabaqladı. Bu, ondan xəbər verir ki, PKK-ya rəğbət bəslyən böyük bir qrup var. Əgər ölkədə 15 milyon kürd varsa, onun 5-7 faizi PKK-ya rəğbət bəsləyirsə, bu, böyük səsdir. Onlar hər zaman öz partiyalarını parlamentə daşıyacaqlar.

İndi PKK ilə mübarizə gedir, ona elə bir zərbə endirilməlidir ki, həmin o siyasi qanadın terrorçulara rəğbəti azalsın. Dünən Diayarbəkir istiqamətində AKP-yə rəğbət bəsləyən bir nəfəri öldürüblər. Bu, terror hadisəsidir. Siyasi qanad heç zaman belə əməlləri pisləmir. Bu siyasəti davam etdirəcəklərsə, ya millət vəkilliyindən məhrum ediləcək, ya da həbsə göndəriləcəklər. Dəmirtaş siyasətçi idi, PKK ilə arasına məsafə qoymadığına görə həbsə girdi. O brilərini də eyni tale gözləyir. Əgər PKK-dan uzaqlaşmasalar, silahlı mübarizədən əl çəkməsələr, onların parlamentdə rahat fəaliyyət göstərməsi çətinləşəcək.

Bundan sonra Türkiyə hakmiyyətinin PKK və kürd probleminin həlli ilə bağlı siyasəti nədən ibarət olacaq? Bu günə qədərki siyasətdə hansı dəyişikliklər gözləyirsiniz?

Ümumiyyətlə, kürd və terror problemlərini bir-birindən ayırmaq lazımdır. Kürd məsələsi artıq böyük ölçüdə həll olunub. Etiraf etmək lazımdır ki, Ərdoğan bunu bacarıb. 15 il əvvəl hakimiyyətə gəldiyi vaxtdan “barış sürəci”nə start verildi. Kürdlərə ana dilində danışmaq imkanı tanındı, TRT-də kanalları açıldı, məhkəmədə öz dillərində özünümüdaifə hüququ təmin edildi, yer adlarının dəyişdirilməsi ilə bağlı qaldırılan problem həll olundu… Beləliklə, onların bütün siyasi istəkləri yerinə yetirildi. Amma göründü ki, onların bəzilərinin iştahaları azalmır. Separatizmlə biz özümüz də üzləşmişik, bu, elə bir xəstəlikdir ki, nə versən də, müstəqil olana qədər əl çəkmirlər. Bunun üçün də hər şeyə əl atacaqlar. Ərdoğan bunu sonda anladı ki, bütün problemləri həll edib, amma radikallar silahlı mübarizəni davam etdirirlər. Ona görə də başqa yol seçdi, PKK-ya qarşı çox güclü zərbələr endirildi. İraq ərazisində, Qəndildə terrorçulara elə böyük zərbələr vuruldu ki, onların əvvəlkitək sərhədi rahat keçib Türkiyədə terror aksiyaları həyata keçirməsi xeyli çətinləşdi.

Problem ondadır ki, Türkiyənin öz ərazisində də PKK-ya rəğbət bəsləyən silahlılar var. Onlara qarşı da mübarizə aparılmalıdır. Əsas məsələ PKK-nın bel sütununu qırıb, onları silahlı mübarizədən əl çəkəcəklərini bəyan etməyə məcbur etməkdir. Bundan əvvəl belə addım atıblar: Diyarbəkirdə Abdulla Öcalanın iki dəfə məktubu oxundu ki, silahlı mübarizədən əl çəkirik, siyasi mübarizəyə keçirik. Amma eləmədilər, qorxdular, silahları gizlətdilər. Ərdoğan da başa düşdü ki, onu aldadırlar. O vaxta qədər PKK-ya qarşı mübarizə davam edəcək ki, onlar təslim olsunlar, Şimali İrlandiyadakı kimi desinlər, terrordan əl çəkirik.

Bəs Türkiyənin Yaxın Şərqdəki siyasətində hansı dəyişikliklər gözlənilir?

Məncə, Türkiyənin bu regionda apardığı siyasət davam edəcək. Yeni heç nə gözləmirəm, Ərdoğan durduğu yerdən irəli gedəcək. İndi Ərdoğanın qarşısında duran əsas problem ABŞ və Avropa ilə münasibətləri gərginlik məngənəsindən çıxarmaqdır. Bu, çox çətin olacaq. Düzdür, Trampla ortaq dil tapmağa çalışır, hətta Suriya məsələsində ortaq nöqtələr əldə olunub. Amma Fətullah Gülənin ekstradisiya olunması, bəzi şəxslərin ABŞ-da keçirilən məhkəmələrindən Türkiyəyə qarşı istifadə olunması kimi məsələlər Amerika ilə münasibətlərin düzəlməsinə mane olur. Tarmpla münasibətlər düzəlsə belə, Konqres buna mane olur.

Avropa ilə də münasibətlərdə xeyli gərginliklər var. Türkiyəni yenə qapıda gözlətdilər, orada da Fətullah Gülənin tərəfdarları, PKK elementləri var. Açıq etiraf etmək lazımdır ki, Avropa liderlərinin Ərdoğana münasibəti müsbət deyil. Əgər 2000-ci illərin əvvəlində Ərdoğan hakimiyyətə gələndə, islahatlara başlayanda, ona böyük rəğbət vardısa, artıq bu rəğbət minimuma enib. İndi bu münasibətləri bərpa etmək Ərdoğana çox çətin olacaq.

Türkiyə-Azərbaycan münasibətlərində hansı yenilikləri gözləyirsiniz?

Turqut Özal, Süleyman Dəmirəl, Məsud Yılmaz, Nəcməddin Ərbakan, Bülənt Ecevit hökumətləri həmişə Azərbaycanla əməkdaşlığa xüsusi önəm veriblər. Amma Ərdoğan hakimiyyəti dövründə bu əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.  Əgər Ərdoğana qədər bizi mənəvi tellər bağlayırdısa, indi hərbi, siyasi, iqtisadi əməkdaşlıq da möhkəmlənib. Azərbaycan bu gün Türkiyənin ən böyük yatırımçısıdır – 20 milyarddan artıq sərmayə qoyub, böyük layihələr icra olunur. Hərbi əməkdaşlıq inkişaf edir. Türkiyə hərbçilərinin bizim hərbi paradda iştirakını gördük. Bizə müasir silahlar satır, hər il bir neçə dəfə birgə hərbi təlimlər keçirilir. Ərdoğanın dövründə ikitərəfli əməkdaşlıq zirvəyə qalxıb. Düşünürəm ki, münasibətlərin daha da inkişaf etdirilməsi Ərdoğanın marağındadır.

– Sizcə, Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesdə bundan sonra Türkiyə daha aktiv rol ala bilərmi?

Ərdoğan Qarabağ münaqişəsinin həlli ilə bağlı Putinə daha çox təsir etməyə çalışacaq. Düzdür, bu məsələni bir neçə dəfə Putinə deyib, amma söhbət alınmayıb. Hazırda Türkiyə-Rusiya tərəfdaşlığı yüksək səviyyədədir, bundan çıxış edib Ərdoğanın Rusiyaya yenə təsir etməyə çalışacağını gözləyirəm.

İkitərəfli münasibətlərdə həllini gözləyən bir sıra məsələlər də var. Azərbaycanın viza rejimini qaldırmaması, burada iri türk biznesinin müəyyən problemlərlə qarşılaşması və s. Bu istiqamətdə hansı yeniliklər gözləmək olar?

Bu məsələləri artıq bizimkilər həll etməlidir. Viza problemini uzatmağın mənasını mən də anlamıram, nəyə lazımdır, axı?! Səbəb göstərirlər ki, Türkiyə ilə viza məsələsi həll olunsa, İran da eyni tələbi ortaya qoya bilər.  İran da gəlsin, demirik, turizim inkişaf etməlidir? Açın qapıları, qoyun, Türkiyədən də, İrandan da gəlsinlər…

Deyirlər, təhlükəsizlik baxımından problemlər ola bilər…

Guya, terroçu gəlmək istəsə, viza ilə gələ bilməyəcək? ABŞ-da məşhur 11 sentyabr terrorunu törədənlər viza ilə getmişdilər. Bu, səbəb ola bilməz. Əgər görsən ki, şübhəli şəxslər var, tut, ölkədən çıxar və s. Hesab edirəm ki, bu məsələni daha uzatmağın mənası yoxdur. Mən Türkiyəyə gedəndə bu sualları qaldırırlar. Diplomatlar, millət vəkilləri ilə qeyri-rəsmi söhbətlərdə bu məsələnin həll olunmasının vacibliyini bildirirlər. Necə ki, azərbaycanlı iş adamlarına Türkiyədə rahat şərait yaradılıb, onlara da burada eyni şərait yaradılmalıdır. Bəziləri buna əngəllər yaradır, onlar mütləq aradan qaldırlmalıdır.

Azərbaycanla Türkiyə arasında mövcüd hərbi-siyasi əməkdaşlığın müttəfiqlik səviyyəsinə qaldırılması məsələsi var. Necə ki, regionda Rusiya və Ermənistan belə bir əməkdaşlıq içərisindədir. Sizə, bu istiqamətdə hansı addımların atılmasına ehtiyac var?

Mən neçə illərdir deyirəm: necə ki, Rusiya və Ermənistan arasında hərbi-siyasi ittifaq var, Rusiyanın Ermənistanda hərbi bazaları mövcuddur, eyni ilə bizdə də Türkiyə ilə münasibətlər bu şəkildə qurulmalıdır. Doğrudur, iki ölkə arasında hərbi anlaşmalar var, amma bu anlaşmalar Türkiyə ilə hərbi müttəfiqlik səviyyəsinə qaldırılmalıdır. Hətta Türkiyənin Azərbaycanda bir və ya iki hərbi bazasının yerləşdirilməsinə imkan verilməlidir. Guya, deyirlər, Türkiyə NATO dövlətidr, ondan icazə almalıdır və s.  İndi Türkiyə Azərbaycana silahlar satır, bəyəm, ondan icazə alır? Türkiyə Qətərdə hərbi baza qurub, bunun üçün NATO-dan icazə almayıb. Əsas odur ki, Türkiyədə və Azərbaycanda istək olsun. Bu hərbi bazaların qurulması Azərbaycan üçün çox vacibdir. Hərbi-siyasi əməkdaşlığın ittifaq səviyyəsinə qaldırılması çox mühümdür. Çünki bölgədə vəziyyət yenidən gərginləşə bilər.

– Sizcə, Türkiyə hərbi bazalarının ölkəmizdə yerləşdirilməsinə Rusiyanın münasibəti necə ola bilər?

Mən inanmıram ki, Rusiya açıq-aşkar bunun əleyhinə çıxsın. Çünki məntiq bunun əksini deyir. Deyiləcək ki, sənin də Ermənistanda hərbi bazan var, o zaman Azərbaycanda Türkiyənin bazaları niyə olmamalıdır? Bu məsələdə Rusiya Ərdoğanın əleyhinə açıq şəkildə gedə bilməz. Çünki aralarında strateji tərəfdaşlıq münasibəti var. Elə seçkidə Ərdoğanın qələbəsinə ilk sevinənlərdən biri Rusiya rəsmiləri olub.

Azərbaycan, qonşularından fərqli olaraq, beynəlxalq təhlükəsizlik sistemində təmisl olunmur. Ermənistan KTMT-nin üzvüdür, Gürcüstan da NATO üzvü olmaq yolundadır. Belə bir şəraitdə Azərbaycan üçün Türkiyə ilə güclü hərbi-siyasi ittifaqın qurulmasına nə kimi maneələr ola bilər?

Azərbaycan hakimiyyəti balanslaşdırılmış xarici siyasət elan edib. Bu siyasəti aparmaq son dərəcə çətindir. Cənubi Qafqazın 3 dövlətindən ikisi siyasətini müəyyənləşdirib: Gürcüstan NATO-ya, Avropa Birliyinə inteqrasiyanı prioritet elan edib, Ermənistan isə Rusiyanın for-postudur, onunla hərbi-siyasi müttəfiqdir. Biz də seçimimizi etməliyik. Rusiya və İranla da münasibətlərimizi inkişaf etdirməliyik, buna söz yox. Bizim də əsas hədəfimiz NATO-ya inteqrasiyanı gücləndirmək, üzvülük hədəfi qoymaqdır. Eyni zamanda, Türkiyə ilə hərbi-siyasi əməkdaşlığı gücləndirib hərbi ittifaqın qurulmasına, Türkiyə hərbi bazalarının Azərbaycana gətirilməsinə nail olmaq lazımdır.

Elçin Rüstəmli

Strateq.az  

 




Yuxarı Əvvələ Ana Səhifə