Strateq.az saytının növbəti qonağı Cəlaləddin Budadoğludur. Cəlaləddin müəllim ilə Buduq kəndi və buduqlular haqqında danışdıq;
Müsahibimiz barədə arayış:
Cəlaləddin Budadoğlu 1953-cü ildə Quba rayonunun Buduq kəndində anadan olmuşdur. 1976- cı ildə Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirib. 1981-ci ildən 2008-ci ilə qədər Daxili İşlər Nazirliyində çalışmışdır, polis mayorudur. Hazırda təqaüdçüdür. C. Budadoğlu ədəbi yaradıcılıqla da məşğul olur. 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2000-ci ildə “Mən kiməm” adlı şeirlər kitabı çap olunmuşdur.
_________________________________________________________
– Buduqlar kimdir və Buduq sözünün etimologiyası necə izah olunur?
-Buduqlular Azərbaycanın şimalında – Quba rayonunda Baba dağın ətəklərində yaşayan etnik xalqdır. Onlar öz dillərində, yəni Buduq dilində danışırlar. Buduqluların kimliyi və etimologiyası haqqında tarixçi və dilçi alimlər kifayət qədər tədqiqat aparmışlar. Bu haqda muxtəlif fikirlər və ehtimallar mövcuddur. Bir çox alimlər Buduqluları Qafqaz İber xalqlarının Şahdağ yarım qrupuna aid etmişlər, lakin bu, həqiqətə uyğun deyildir. Ona görə ki, heç bir tarixi ədəbiyyatda bu barədə yazılı mənbə və məlumat yoxdur. Buduq sözünün etimologiyasına gəldikdə isə, bu söz kök və şəkilçidən ibarət olmaqla – Bud- sözün kökü, uq – (oq da ola bilər) şəkilçi olmaqla buduq dilində mənsubiyyət mənasında işlənir.
– Azərbaycanda buduqlar əsasən hansı bölgələrdə yaşayır? Onları sayı haqqında statistik məlumat varmı?
-Buduqlular demək olar ki, Azərbaycanın bir çox rayonlarında yaşayır. Ən çox Quba, Xaçmaz, Qusar, Şabran rayonlarında, Bakı və Sumqayıt şəhərlərində məskunlaşmışlar. Onların sayı haqqında isə dəqiq statistik məlumat yoxdur, təxmini hesablamalara görə 10-15 min civarindadırlar.
– Buduq soyunun tarixi haqqında nələri deyə bilərsiz? İlk dəfə buduq adı hansı mənbələrdə çəkilib?
-Buduq inzibati ərazi vahididir və rəsmi ad kimi işlənir. Buduqlular özlərini “Budat” adlandırırlar. Buduğun tarixi və dili bir çox alimlərin diqqətini çəlb etmişdir. Bəzi alimlər buduqluları Heredotun “Tarix” kitabında adı çəkilən budilərə aid edir, bəziləri Strabonun”Coğrafiya” əsərində adı çəkilən 26 alban tayfalarından biri olduğunu deyir. Bu haqda bir çox fikirlər və ehtimallar mövcuddur. Həqiqətə daha yaxın hesab etdiyim məlumat 13-14 -cü əsrlərin görkəmli tarixçisi, mənbəşünası və dövlət xadimi F.Rəşidəddinin “Came-Ət-Təvarix“ əsərində“Budat qəbiləsinin“ mövcudluğu, onların türk əsilli monqol qəbilələrindən biri olduğubarədə verdiyi məlumatdir. Həmin məlumatda deyilir: “Budat qəbiləsi Tunbinə xanın 5-ci oğlu Bat-Kulkinin nəslindən şaxələnmişdir. çingiz xanın dövründə onların başçısı Uriday idi. çingiz xan Taycuit qəbiləsi ilə vuruşduğu vaxt onlar, yəni budatlar onunla, yəni çingiz xanla müttəfiq idilər və onun qoşununda birləşmişdilər. Onlardan, yəni budatlardan çoxlu əmirlər olmuş və vardır. Lakin hal-hazırda adları məlum deyil.” F.Rəşidəddin köçəri türk xalqlarının təsnifatını verərkən “Budat” qəbiləsini qədim vaxtlarda monqol ləqəbi daşıyan türk qəbilələri – “Nirun” türkləri sırasına daxil etmişdir. “Buduq” sözü qədim türk dillərində “dəliqanlı”, “hirsli” və “nəhs” mənalarında işlənmişdir. Leksik tərkibinə görə bu söz “Bud” və “uq” və ya “oq” olmaqla iki hissədən ibarətdir. Bud sözünə Buduq ilə yanaşı buddizm-dini təliminin, bir sıra qəbilə adlarının; budilər, budinlər, toponimlərin; Bud və Budin adaları, budun, Budapeşt, Sultan Bud təpəsi, familya Budaqov, Buduqov, hətta şəxs adlarında da təsadüf edilir. Etnik azlıq sayılan xınalıqlıların Buduq sözünü “Budoq” kimi işlətmələri də təsadüfü deyildir. “Bud” kökünə əlavə edilmiş “oq” şəkilçisi, oğuzlarla əlaqəli olub, “oğul”, “xalq”, “tayfa” mənasını bildirir.
– Buduqların adət-ənənəsi, etnoqrafik özəllikləri haqqında nə deyə bilərsiz?
Buduqluların adət ənənəsi ümumazərbaycan adət ənənələrindən çox da fərqlənmir. Toy və yas mərasimləri, dini və digər bayramlar Azərbaycan milli mentalitetinə uyğun qeyd olunur. Buduq kəndində son zamanlara kimi toy 3 gun davam edirdi: 1-ci gün dama çıxıb qara zurnada cəngi çalınardi, zurna səsi dağlarda əks-səda verərdi, bununla camaatı toya çağırardılar. Kənd sakinləri toya gəlib, yeyib- içib oynayardılar. 2-ci gün camaat təzədən toya gələrdi, yeyib-içib nəmər salardılar. 3-cü gün isə “bəydurdu” və “gəlingətirdi” mərasimləri olurdu. Toy qurtardıqdan sonrakı gün isə “gəlin üzəçıxdısı” mərasimi keçirilirdi. Yadımdadı, bəyi bəzəndirib dayısı evindən çalğının müşayiəti ilə çıxardıb məclisə gətirərdilər. Bəyin qarşısına xonçalar düzülərdi, bəy xonçası ayrı olardı. Axırda pəhləvanlar üçün ayrılmış xonça saxlanılardı, gənclər xonçanı götürmək üçün cəngi havasında güləşərdilər. Qalib gələn xonçanı aparardı. “Gəlin üzəçıxdısı”nda isə bütün yaxın qohum – əqraba yığılardı. Qız evi tərəfdən də adamların iştiraki ilə gəlini yaşmaqlı məclisə gətirərdilər, ona pul və qiymətli hədiyyələr verilərdi. çox təəssüf ki, bu adət- ənənələr unudulub getməkdədir.
– Buduqların bu günü haqqında nə deyə bilərsiz? Bu gün buduqlar nə ilə məşğul olur? Yəni onların əsas məşğuliyyəti nədir?
-Buduq kəndi vaxtı ilə mahal mərkəzi olmuş və bu mahal 17 kəndi əhatə edirdi. 400-ə yaxın təsərrüfat və 500- dən artıq evdən ibarət idi. 2
0-ci əsrin 40-cı illərindən başlayaraq əhali kənddən köçməyə başladı. Vaxtı ilə kənddə orta internat məktəbi fəaliyyət göstərirdi. Bu gün Buduq, Qazmalar və Pir üstü yaşayış məntəqələrində cəmi 50-yə yaxın ev qalmışdır. Əhalinin sayı 200 nəfərə yaxındır. Onların məşğuliyyəti əsasən heyvandarlıqdır.
– Hər bir toplumun özünə məxsus şifahi yaradıcılığı, ədəbiyyatı və sənəti olur. Buduq soyunun şifahi yaradıcılığı haqqında nələri qeyd etmək olar?
-Buduqluların öz dillərində səsləndirdikləri bayatıları, nəğmələri vardir. Buduq dili yazılı dil olmadığı üçün yazıya alınmamışdır. 19-cu əsrdə yaşamış Baba Buduği adlı bir şairin Respublika Əlyazmalar İnstitutunda saxlanılan əlyazması əldə olunmuşdur. Onun şerindən bir bəndini qeyd etmək istəyərdim:
Yoxuşu çıxanda tutmaz dizləri,
Enişi düşəndə görməz gözləri,
Ləldi, cəvahirdi, dürdü sözləri,
Cəm olsa bir yerə, beşi qocanın.
Hətta orta əsrlərdə şərqin ən böyük universitetlərindən biri olan Bağdad universitetində Əl-Buduği adlı alimin fəlsəfədən dərs dediyi barədə məlumatlar da dəqiqləşməkdədir.
– Buduqların tarixinin və mədəniyyətinin öyrənilməsi baxımından hansı işlər görülüb və bu sahədə daha nələri təklif edərdiz?
-çox təəssüf ki, Buduqluların tarixinin və mədəniyyətinin öyrənilməsinə az diqqət ayrılır. Hər bir etnik qrupun qorunub saxlanılması, mühafizəsi, hakim millətin, xalqın böyüklüyünün təcəssümüdür.Buduqlular-Budatlar birmənalı olaraq türk mənşəli azərbaycanlılardır. Azərbaycan adlı xalçanın rəngarəngliyini təcəssüm etdirən etnik xalqlar, etnik qruplar, etnik azlıqlardır. Onların dili artıq itib getməktədir. Diqqətə layiq haldır ki, Xınalıq kəndində 4-cü sinfə qədər Xınalıq dili dərsləri keçilir.Möhtərəm Prezidentimiz İ.Əliyevin sərəncamı ilə “Şahdağ” maddi – mədəniyyət qoruğu yaradılmış,çətin dağ şəraitində Xınalığa asfalt şose yolu çəkilmiş, maddi mədəniyyət muzeyi yaradılmışdır.Mədəniyyət və Turizim Nazirliyi Xınalıq kəndini maddi mədəniyyət abidəsi kimi qoruyur. Hesab edirəm ki, belə müqəddəs fəaliyyət buduqlulara və digər etnik qruplara da aid edilməlidir. Buduqlu müəllim A.Hacıyev bir neçə il olar ki, buduq dilinin yazılı əlifbasını hazırlamışdır. Buduq dilinin itib getməməsi, qorunması üçün buduqluların kompakt yaşadığı ərazilərdə 4-cü sinfə qədər buduq dilidərslərinin keçirilməsi, dilin tədris olunması təqdirəlayiq olardı.
Söhbətləşdi: Namiq Hacıheydərli