XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

19 Yanvar 2016 - 16:32

İxtiraçı alim Nizami Məmmədov:“Azərbaycanın ərzaq təhlükəsizliyi sual altındadır”

nizamiDünya bazarında neftin qiymətlərinin ucuzlaşması Azərbaycandan da yan ötüşmədi. Bəlkə də digər neft hasilatçılarından daha çox problemlə üzləşən elə Azərbaycan oldu. Təsadüfi deyil ki, ikinci devalvasiyadan sonra bir sıra rayonlarda etirazlar baş qaldırdı, sosial tələblərlə meydanlara toplandılar. Hakimiyyət ictimai narazılıq qarşısında geriyə bəzi addımlar atsa da, kompleks tədbirlər planı hazırlamaqda  çətinlik çəkir. Neftin qiymətləri isə stabilləşmir, getdikcə daha aşağı düşür. Elədirsə, bəs, biz hara gedirik? Problemlərdən necə çıxış yolu tapa bilərik?

Strateq.az-ın qonağı ixtiraçı alim, tibb elmləri namizədi Nizami Məmmədovla müsahibəmizdə bu suallara cavab axtardıq:

– Nizami həkim, qısaca deyək: bu böhran bizi hara aparır?

– Azərbaycanda yaşanan böhranın həm siyasi, həm iqtisadi, həm də ictimai, mənəvi-psixoloji amilləri var. Bunların hamısını əlaqələndirib qısa və konkret cavab vermək mümkün deyil. Söhbər əgər hökumətimizin səy göstərib islahat aparmasından gedirsə, islahat çoxsistemli məfhumdur. Onu yalnız bir sahədə aparmaq olmur. Ayrıca götürülmüş istənilən sahədə problemləri bir qədər azaltmaq, işləri qismən yaxşılaşdırmaq olar. Bu isə həqiqi mənada islahat demək deyil. Bunun bariz nümunəsini “Asan xidmət”in fəaliyyətində görə bilərik. “Asan xidmət” müxtəlif sahələrdə problemi yüngülləşdirə bildisə də, onu tam aradan qaldırmadı. İslahat aparmaq üçün, ilk növbədə, bunu istəmək lazımdır, bu istək və iradə ölkəni idarə edənlərin hamısında olmalıdır…

-Sizcə, bizim hakimiyyətin elə bir istəkdə olduğu görünürmü?

– Ölkədə problemlərin olduğunu görür və etiraf edirlərsə, deməli, həll etmək də istəyirlər. Həll edəcəklərinə əmin ola bilərikmi, bax, bunu zaman göstərəcək. Bayaq qeyd etdiyim kimi, islahat aparmaq üçün vacib şərtlərdən biri onun hərtərəfli xarakter daşımasıdır. İlk növbədə isə, islahata ən sadələrindən başlanılmalıdır.

Fikrimcə, əvvəla, Azərbaycanda bir sıra nazirliklər ya ləğv olunmalı, ya da bir neçəsi bir nazirlik ətrafında birləşdirilməlidir. Ən optimal variant maksimim 8 nazirliyin saxlanılmasıdır. İki və ya üç komitə də əlavə etmək olar. Onların isə səlahiyyətləri məhdudlaşdırlmalıdır.

İkinci tədbir kimi inzibati ərazi bölgüsündə islahat həyata keçirilməlidir. Azərbaycan 8-12 bölgəyə ayrılmalı, bürokratik aparat maksimum azaldılmalı, idarəetmə mexanizmi çevikləşdirilməlidir. Hər bölgənin valisiylə Prezident əlaqə saxlaya bilməlidir. Yəni bürokratik aparat nə qədər azalarsa, işin çevikliyi bir o qədər artar.

Üçüncü islahat aqrar sahədə aparılmalıdır. Azərbaycan kənd təsərrüfatı potensialı yüksək olan ölkələrdəndir. Bu islahat əslində lap əvvəldən reallaşdırılmalı idi. Bu gün isə vacib amilə çevrilib. Azərbaycanın ərzaq təhlükəsizliyi aparılacaq bu islahat  nəticəsində asanlıqla təmin olunar. Təəssüf ki, hakimiyyətin uzun müddətdən bəri qəfləti hazırda Azərbaycanın ərzaq təhlükəsizliyini belə sual altına qoyub. Ona görə də aqrar islahat təcili həyata keçirilməli, bu sahəyə 2 milyard dollardan az olmayaraq ciddi vəsait ayrılmalıdır, kəndlilərə faizsiz kreditlər verilməlidir. Minimum 5 il ərzində onlardan kredit borcları tələb olunmamalıdır. Beləcə, ölkədə xeyli iş yerləri açılmaqla bərabər, insanların torpağa, mülkiyyət toxunulmazlığına, dolayısıyla dövlətə, işgüzarlığa inamı artırılar. Özü də kreditin verilməsi mexanizmi də sadələşdirilməli, müxtəlif vasitəçilərdən istifadə olunmamalıdır. Çünki hər vasitəçi kənd təsərrüfatına ayrılan vəsaitin öz ünvanına  daha az çatması deməkdir.

Eyni zamanda Azərbaycanda kənd təsərrüfatı emal sənayesinin inkişafına 2 milyard dollara yaxın pul qoyulmalıdır. Emal sənayesində ekoloji təmiz məhsullarla ümumi məhsullar ayırd edilməlidir. Ekoloji təmiz məhsullar həm də ciddi valyuta mənbəyi və azad rəqabət imkanı deməkdir. Çünki onlar əsasən Qərb ölkələrinə satılacaq və valyuta gətirəcək. İslahatlar nəticəsində iqtisadi cəhətdən inkişaf edən ölkəmizin öz vətəndaşları da bu ekoloji məhsullardan ala biləcək, insanlarımız daha sağlam həyat sürəcəklər. Qısası, emal sənayesiylə birlikdə kənd təsərrüfatına 4-5 milyard dollar həcmində 5 illik faizsiz kredit ayrılmalıdır. Bu müəssisələrə qohumluq, nöqteyi-nəzərindən kadrlar cəlb olunmamalıdır.

– Nizami həkim, gözəl təklifdir. Amma hakimiyyət nümayəndələri qalxıb desə ki, bəs, bu pulu hardan tapaq, siz nə cavab verərdiniz?

– Azərbaycanın bu pulu var. Ən pis vaxtımız olsa belə, bu miqdarda pul tapmağımız çətin olmaz. Təkcə, bürokratik aparatın azaldılmasıyla belə bu vəsaiti təmin etmək mümkündür.

Bundan əlavə, Azərbaycanda yüngül sənayenin inkişafı üçün çox münbit şərait var. Azərbaycan pambıqçılıq ölkələrindəndir. Eyni zamanda heyvandarlıq güclü inkişaf edib. Ölkəmizdə yun, gön-dəri və ipəkçilik məmulatları çoxdur. Bunların hesabına heç olmasa ölkənin daxili tələbatını ödəmək olar. Yüngül sənayenin inkişafından əldə olunan gəlirlər Azərbaycanda qalacaq və idxal malları azalacaq. Bu isə hər şeydən əvvəl ölkəmizdən valyuta axışının qarşısını alacaq.

Bir başqa islahat insan amiliylə bağlı sistemlərdə aparılmalıdır. Məsələn, səhiyyə, təhsil, elm və sairə kimi sistemlərdə. Xüsusilə təhsil sahəsinə xüsusi diqqət yetirilməlidir. Təəssüf ki, ölkəmizdə bu sistemlərin sadəcə adı var – Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Elmlər Akademiyası və sairə kimi. Ancaq onlardan heç biri sistemli işləmək qabiliyyətinə malik deyil. Bu gün əgər yüksək səlahiyyətlərə malik dövlət məmuru elan edirsə ki, yaxın gələcəkdə bütün səhiyyə sistemi özəlləşdiriləcəkr, bu, dövlətin faciəsidir. Dövlətin vətəndaşlara olan çox sayğısız münasibətidir. Azərbaycanda anadan olan bütün uşaqlardan tutmuş ən qoca insanına qədər hər kəs tibbi sığortalanmalıdır. Amma bu, həyata keçirilibmi? Axı ölkəmizin buna böyük potensial imkanı var idi.

– Varsa, niyə etmirlər? Üstəlik, bu, sığorta sistemini də inkişaf etdirər.

– Özləri bilərlər bunu. Hərənin içərisində yəqin bir qurdu var.

– Bayaq Elmlər Akademiyasından danışdınız. Bir müddət əvvəl mətbuatda belə fikir dolaşdı ki, guya, Akademiya ləğv olunacaq. Amma nədənsə, bu xəbər elə xəbər olaraq da qaldı. Sizə elə gəlmir ki, hakimiyyət bəzən etmək istədiyini də edə bilmir?

– Akademiya sistemi, həqiqətən də, ləğv olunmalıdır. Bu sistem keçmiş SSRİ-dən miras qalan bir qurumdur və cəmiyyət üçün heç bir faydası yoxdur. O, elm mərkəzindən daha çox, siyasi alət kimi istifadə edilən, heç bir səmərəliliyi olmayan bir sistemdir. Akademiya sistemi parçalanmalı, təyinatı üzrə müxtəlif ali məktəblərə verilməlidir.

Ən mühüm islahatlardan biri də ali məktəblərdə aparılmalıdır. Hesab edirəm ki, Azərbaycanda həddindən artıq ali məktəblər var. Onlardan bəziləri sadəcə bir universitetin fakultələrinin funksiyasını yerinə yetirir. Həmin təhsil ocaqları bağlanmalı, müxtəlif ali məktəblərin balansına keçirilməli və içərilərindən ən yaxşı müəllimlər seçilib saxlanmalıdır. Bu baş verərsə, əvvəla, universitetlərin maddi-texniki bazaları, ikincisi isə ali məktəblərin kadrları keyfiyyət etibarilə yaxşılaşdırılar. Üstəlik, ali məktəblərə ayrılan vəsait hesabına yaxşı kadrların maaşı artırılar. Müəllimlərin öz adlarına layiq maaş almaları onların dərs öyrətmək həvəslərini də artırar ki, bu da təhsilin və elmin inkişafına səbəb olar.

Təhsildə rüşvətin kökünü kəsmək ən ümdə vəzifələrdən biridir. Elmin inkişafı, yeni dövrün tələblərinə uyğun vətəndaş yetişdirmək üçün rüşvətsiz toplum fəaliyyətinə ümumtəhsil ocaqlarından başlamaq lazımdır. Bu gün müəllimlərin əksəriyyəti 200 manat, yeni məzənnə ilə, təxminən 110 dollar maaş alır. Bu qədər az maaş alan müəllimlər keyfiyyətli dərs də keçə bilməzlər. Vacib məsələlərdən biri də təhsil işçilərinin maaşının artırılmasıdır. Ölkədə müəllimlərə, elm adamlarına verilən bu məvacib nəticəsində fitri istedadı olan təhsil işçiləri xaricə çıxıb gedirlər. Nəticədə elmi potensialımız zəifləyir. Maaşlar artırılmadan müəllimlərdən inzibati yollarla yaxşı və vicdanlı iş tələb etmək olmaz. Bir insanın minimum tələbatı təmin olunmursa, ona hansısa zor tədbiq etməyin heç bir mənası yoxdur. Uzaqbaşı, bu zaman ölkədə həbsxanaların sayı artacaq, mahiyyət isə dəyişməyəcəkdir. Həbsxanaların sayının artırılması isə ədalətli ölkələrə xarakterik xüsusiyyət sayılmır.

– Bayaq dediniz ki, nazirliklərin sayı azaldılmalıdır. Hansı nazirliklərin ləğv olunmasını, hansıların birləşdirilməsini təklif edərdiniz?

– Başqa ölkələrin təcrübələrinə əsaslanaraq bunları deyə bilərəm: İnsan amiliylə məşğul olan bütün nazirliklər bir qurumda birləşdirilməlidir. Məsələn, Sosial Təminat Nazirliyi, Səhiyyə Nazirliyi, Sosial Müdafiə Fondu, Mədəniyyət və Turizm Nazirliyi, İdman və Gənclər Nazirliyi… Və hər birinin yerli təşkilatları ləğv olunmalı, sadəcə vahid bir qurum kimi fəaliyyət göstərməlidir. Vergilər Nazirliyi, Gömrük Komitəsi müzakirə belə edilmədən Maliyyə Nazirliyinə birləşdirilməlidir. Kənd Təsərrüfatı Nazirliyi, Sənaye Nazirliyi, Hərbi Sənaye Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmlak Komitəsi və sairə vahid bir quruma çevrilməlidir. Bütün güc və qeyri-güc strukturlarında olan istintaq idarələri tərəddüdsüz ləğv olunmalıdır. İstintaq idarələri heç bir nazirliyin tabeliyində olmamalı, İstintaq Komitəsi yaradılmalı, birbaşa Prezidentin tabeçiliyinə verilməlidir. Çünki istintaq müstəqil aparılmasa, onun obyektivliyi və ədalətliliyi barədə heç bir söhbət gedə bilməz. Vergilər Nazirliyinin və ya Gömrük Komitəsinin istintaq idarələri… Bilirsiniz, bu nəyə oxşayır?

– Nəyə oxşayır?

– “Səndən yar, sənə yar, şikayətim var” mahnısına. Özüm aldım, özüm kəsdim, özüm yoxladım, özüm maddəsini verdim, özüm həbs etdim və ya özüm tutub əlindəkiləri aldım. O mahnının bizim ictimai həyatımıza metoforası bu nəticəni doğurur. Harada yazılıb belə ədalət? Bunun adı istintaq deyil, zor aparatından iş adamlarının əleyhinə səmərəsiz istifadə olunmasıdır. Deyək ki, bu gün onların əlindəkini aldın, bəs sabah nə edəcəksən? Həmin qurumlar heç bu sual ətrafında düşünürlərmi? Parazit belə öz yediyi orqanizmi məhv etməkdə maraqlı olmur. Məhz bu acgözlüyün nəticəsidir ki, Azərbaycanda bu gün kiçik biznes yox olmaq ərəfəsindədir. Halbuki, kiçik biznesə vergilər ən yüngül səviyyədə şamil olunmalıdır. O səbəbdən ki, kiçik bizneslə əhalinin çox böyük hissəsi məşğul ola bilər. Və bu, yüzminlərlə, onminlərlə əhalinin yaşayışının təmin olunması deməkdir. Hər kiçik biznesmenin də yanında bir və ya iki adamın işləməsini nəzərə alsaq bu, həm də daha çox ailənin dolanışığı mənasına gəlir. İndi səlahiyyət sahiblərinin özləri hesablasın: kiçik biznesi ağır vergi yükündən azad etməklə, yüzminlərlə iş yerinin açılmasımı yaxşıdır, yoxsa onlardan alınıb böyük qisminin hansısa vergi məmurunun cibinə axması və cüzi hissəsinin isə dövlət büdcəsinə keçirilməsiylə hansısa məmura verilən maaşmı? Üstəlik, yüzminlərlə ailənin çörək ağacına çevrilən kiçik biznes təşkilatları həm də digər vətəndaşlara xidmət göstərən, toplumun rahatlığını təmin edən müəssisələrdir. İndi siz deyin, bu ölkə üçün hansı daha effektlidir?

– Əlbəttə, kiçik biznes mühitinin yaxşılaşdırılması daha yaxşıdır. Amma bu da monopoliyaların marağına ziddir. Sizə elə gəlmirmi ki, monopoliyalar mövcud olduqca, kiçik biznesin fəaliyyətini stimullaşdırılmasından danışmaq, sadəcə, həyata keçirilməsi mümkün olmayan nəzəriyyəçilkdir?

(ardı var)

Söhbətləşdi: Heydər Oğuz