XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 İyul 2018 - 15:22

Rusiyalı erməni politoloq:“Ermənistanın xarici siyasəti iflasa uğrayır” – Müsahibə

 

Mariam Qriqoryan

1-in am (Ermənistan), 20.07.2018

 

Moskva “Birlik” mərkəzinin rəhbəri Smbat Qaraxanyanın Ermənistanın cari xarici və daxili siyasəti haqda erməni nəşrinə müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.

 

-Cənab Qaraxanyan, yeni hökumətin bu iki ay müddətindəki işini necə dəyərləndirirsiniz, hansı problemlər görürsünüz? Çoxları qeyd edirlər ki, Qarabağ məsələsi üzrə Serj Sərkisyanın anlaşması var idi, bu kontekstdə düşünürsünüz ki, yeni hökumət xarici siyasət çağırışlarına üstün gələ bilər?   

-Dəyərləndirmək çox tezdir, 100 gündən az keçməməlidir. Əlbəttə, deyə bilərik ki, bunlar təcrübəsiz kadrlardır, amma bu, haradasa yeni hökumətin həm də üstünlüyüdür. İstənilən halda yekun qiymət tələb olunmur, iş gedir. Siyasi, hərbi-siyasi, iqtisadi proseslər eyni zamanda irəliləyir, təəssüf ki, bizim üçün, həmişə bizim xeyrimizə olmur, bu günki duruma görə hətta Ermənistanın maraqlarına qarşıdır. Hamı anlayır ki, Artsax (Dağlıq Qarabağ-red.) məsələsindəki bütün sazişlər üzə çıxır. Durum güzəştlər adlanan nöqtəyə çatıb. Biz vaxtında hərbi durumdan çıxmadıq, vahid, sabit sülh proqramı imzalamadıq. Levon Ter-Petrosyan bu məsələdən çox danışıb, düzgün qiymətləndirib. Bütün bunlar vaxtında baş verməyib və rusların dediyi kimi, asılı halda qalıb – “göylə yer arasında”: indi onlar Ermənistan tərəfi qarşısında məsələ qoyurlar – qonşu ölkəylə sülh planına malik olmaq və bu daimi gərginliyi aradan qaldırmaq istəyirsiniz? Hamı – ruslar, amerikalılar, avropalılar sualı suala taxır, deyirlər ki, durum necəsə çözülməlidir – Serj Sərksiyan hökumətinin konkret güzəştləri çərçivəsində. Və elçilər razılıq veriblər, daha konkret deyim – beş, sonra üstəgəl iki, azərbaycanlı qaçqınların qayıtması, humanitar proqramlar. Hazırda Azərbaycan, Türkiyə beynəlxalq birliyi şantaj edərək deyir ki, bu sazişlərin verildiyi gizli bəyannamələr var. Təbii, Azərbaycan, Türkiyə, onların lobbiçiləri iki-üç istiqamətdə işləyirlər, bir yandan məsələ qaldırırlar ki, siz razılaşmısınız, digər yandan isə müharibə ilə şantaj siyasətini gerçəkləşdirirlər: paralel olaraq bir neçə yöndə işləyirlər.

-Yəni belə çıxır ki, Serj Sərkisyanın anlaşmaları hələlik Nikol Paşinyan hökumətinin çiyinlərinə düşür?

-Çiyninə düşmür, Nikol Paşinyan hökumətinin masası üzərindədir. Təbii, onun bu sazişlərə “yox” demək haqqı var. Nikol Paşinyandan gələcək fəaliyyət proqramı, yaxud planlar gözləyirlər. Ən maraqlısı buradan başlanır. Hamı anlayır ki, o, Serj Sərkisyan idi, indi isə Nikol Paşinyandır. Paşinyan hökuməti bir neçə səhv buraxacaq, yeni çevriliş ola bilər, Poqos və Petros gələcək, onlar deyəcəklər – biz deməmişik, torpaqları verməyəcəyik, vaxt verin, gedək təzədən fikirləşək. Bütün bunları dünyada dərk edirlər – ən yaxşısı, bu dolanbaca girməməkdir. Məsələ bundadır ki, Nikol Paşinyan hökuməti xarici siyasət doktrinası hazırlamalıdır. Biz deyirik ki, KTMT, AİB üzvüyük, hər şey normaldır və Təhlükəsizlik Şurası və prezidentlər səviyyəsində görüşürük – bu durumda bu, artıq sadəlövhlükdür, uşaqsayağıdır. Serj Sərksiyanın dönəmində dövlətlərarası münasibətlər anlaşılmazlığa çevrilibsə, indi bu cür davam eləsə, bu, bir sözlə müəyyən olunacaq – üzüqaralıq. Əgər o, anlaşılmazlıq idisə, bu, üzüqaralıqdır. Əlbəttə, ümid edirəm ki, bu 100 gün keçəcək, insanların ağlı başına gələcək, amma “Comedy club” anlaşılmazlığını “komediklab” üzqaralığına çevirmək olmaz. Dəvəquşu siyasətini dayandırmaq lazımdır.

-Nəyi nəzərdə tutursunuz, deyəsən, ikitərəfli münasibətlərdə, ən azı, hələlik rəsmi səviyyədə narazılıq yoxdur?

– Mən bu uşaq baxçasını nəzərdə tuturam – getdik-çatdıq, hurra-hurra, tap-şap. Biz anlamışıq ki, ciddiləşmək məqamı çatıb. Biz ayaq saxlamasaq, Ermənistanın çox ciddi problemləri meydana çıxacaq və bu durumda demokratik inqilabla qürrələnə bilmərik – təkcə legitimliklə mümkün deyil, xarici siyasətdə tam iflas gedir. Adamlar başa düşmürlər ki, onların konsepsiyası olmalıdır, sonra getməli və danışmalıdırlar – bizdə bu var, biz isə bunu təklif edirik. Heç kim demir ki, bu, bir-iki gün aparacaq. Qoy 100 gün keçsin, amma tendensiya artıq bu gün görünməlidir. Adamlar anlamırlar ki, karnaval sona çatıb, nə istədiyinizi Rusiya tərəfə konkret demək lazımdır. Azərbaycan lobbisi paralel, ardıcıl şəkildə işləyir, mən tərifləmək, ya reklam etmək istəmirəm, amma hətta Azərbaycanın lobbiçi təşkilatları da qalib gəlir. Bizim adamlar deyirlər ki, biz çox yaxşı adamıq, bizə çoxlu pul verin, amma ciddi olmağın vaxtı çatıb, deklamasiya etməyi dayandırmaq gərəkdir. Bunlar əla hazırlanmış gənclərdir, yaxşıdır ki, dünya səviyyəli sistemləri bilirlər, amma addımları və işləri acınacaqlı durumdadır.

-Başqa sözlə, hesab edirsiniz ki, yeni hökumətin işi kadrlara görə ziyan çəkə bilər?

-Bəli. Əgər durumumuz budursa, onda bu, çox kədərlidir və hətta tam hazırlanmış kadrlar da işləyə bilmirlər. Ermənistan bu üzqaralığından çıxmalı və öz simasını göstərməlidir. Adamlar deyirlər ki, gedin, istiqamət götürün – siz Ruisya və KTMT ilə bir yerdəsinizsə, NATO soruşacaq ki, bizdən nə istəyirsiniz, biz öz tərəfimizdən sizə yardım edərik. Biz Qərb və NATO-dan inciməməliyik, kiminlə işlədiyimizi başa düşməliyik.

Gəlin, Serj Sərkisyanın hamını aldatmaq-çaşdırmaq prinsipindən çıxaq və görək, bundan nə çıxar. Biz bu formatdan çıxmalı və düzgün iş üsulu tapmalıyıq. Bizə daha konkret və əməli iş gərəkdir, Avropa və Amerikanın tələblərinə qarşı çıxmamaq üçün münaqişələrdən yayınmalıyıq. Onlar deyirlər, uşaqlar, siz haradasınız, nə istəyirsiniz? Konkret addımlar atın, biz bu konkret addımlara vəsait qoyacağıq. Eyni şey Rusiyada da deyilir – deyin, sonra nə olacağını anlasınlar. Bu durumda Ermənistanda korrupsiya ilə mübarizə aparıldığı heç kimi narahat etmir. Sanki 4 əsas korrupsioneri heç nə təhdid etmir, əsas adamlara heç nə olmur – anlaşdıq? Hazırda bu addımlarla hara gedib çıxacağıq – xırda həyət avtoritetlərini tutur və buraxırlar, günlər belə də keçir…

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə