XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2016 - 22:23

Deputat Fazil Mustafa:"İlham Əliyevin siyasi iradəsi çox şeyi dəyişə bilər"
fazilmustafa-223Azərbaycandakı böhranlı situasiyanın nə qədər davam edəcəyi hələ heç kəsə məlum deyil. Ötən həftə çağırılan parlamentin fövqəladə sessiyasında da bu sualın cavabı verilmədi, sadəcə, ümidlər ifadə olundu. Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da iclasda kifayət qədər açıq danışdı, parlamentin də iştirakı ilə ölkədə fundamental köklü islahatların aparılmasını təklif etdi. Deputatın “5-10 adamın aldığı qərarla bu gün ölkənin düşdüyü vəziyyətin ağırlığını daşıyırıq. Bizi də söyürlər, bizə də deyirlər ki, xalqın problemləri ilə məşğul olmursunuz”- sözləri də geniş auditoriyada müzakirə olundu. Fazil Mustafanın “Yeni Müsavat”a geniş müsahibəsini təqdim edirik:
– Fazil bəy, Milli Məclisin fövqəladə iclasının keçirilməsi çox insanları ümidləndirmişdi. Bir sıra mühüm qərarlar qəbul edilsə də, bu daha çox perspektivə yönəlik addımlar sayıla bilər. Hesab olunur ki, bu gün Azərbaycan insanını düşündürən problemlər ki var, onlar həll edilməmiş qaldı. Siz necə, parlament müzakirələrindən razı qaldınızmı? 
– Razıyam ki, bu addımlara hələ köklü islahatlar demək olmaz. Parlamentdəki müzakirələrdən deyil, alınan qərarların bəzisindən qismən razı qaldım. İslahat aparılmasa da, heç olmasa əmanətlərin sığortalanması kimi bir vacib addım atıldı. Təbii ki, ölkədən valyutanın çıxarılması ilə bağlı məhdudiyyətin qoyulması lazım idi, ancaq burada iş adamları və investisiya qoyanlar üçün müəyyən istisnalar saxlamaq daha doğru olardı. Təsəvvür edin ki, 50 min dollardan yuxarı 20% ödəmək məcburiyyətində olan sərmayəçi hansısa layihəni gerçəkləşdirməyə maraqlı olmayacaq. Böhran dövrünün vergi yükü yetərincə azaldılmadır. İdxal-ixracda təminatlı yumşaqlıqlar gerçəkləşdirilmədi. Bütün bunlar da hakimiyyətin iqtisadi komandasının islahatlara hazır olmadığını və ya belə bir islahatlara maraqlı olmadığını üzə çıxardı. Əslində, Milli Məclisdə iki-üç gün də olsa, hökumətlə deputatların yaranmış vəziyyətlə bağlı birlikdə ciddi müzakirəsi getməliydi, bütün təkliflər səsləndirilməliydi və nəticəyə yönəlik funksional işlər bölüşdürülməliydi.
– Vətəndaşları ciddi şəkildə narahat edən əsas məsələlərdən biri dollarlı kreditlərdir. Mərkəzi Bankın rəhbərliyi bu barədə konkret söz deməsə də, indi məlum olur ki, bu məsələ vətəndaşın xeyrinə həll olunmayacaq. Siz burada hansı tərəfi haqlı sayırsınız – borclu vətəndaşı, ya bankı?
– Anlaşılan budur ki, devalvasiya prosesini süni şəkildə uzadaraq, onu kəskin şəkildə 50% üzərinə qəfildən qaldıraraq, bir gün içində vətəndaşı yoxsullaşdıran şəbəkə öz marağı baxımından heç də ağılsız addım atmayıb. Yəni vicdansız addımdır, ancaq ağılsız addım deyil. Baxın, 21 fevral devalvasiyasından sonra əsasən bütün banklar krediti konstitusiyamıza zidd olaraq ABŞ dolları ilə verirdilər. Başqa alternativ isə bu krediti verməkdən imtina idi. Birdən-birə 50%-lik devalvasiya həyata keçirərək vətəndaşın hesabına əməlli-başlı dollar-manat fərqi üzərindən qazandılar. Halbuki 21 fevraldan sonra bunu tədricən etmək vətəndaşa bu qədər maddi, mənəvi və psixoloji zərər vurmazdı. Ona görə də burada haqlı bilavasitə vətəndaşdır və onun dollarla götürdüyü kreditin ödənilməsi köhnə məzənnə ilə olmalıdır.
– Açıqlamalarınızdan belə aydın olur ki, siz də indiki komanda ilə ciddi islahatlara gedilməsini mümkün saymırsınız. Hazırkı situasiyada konkret nə təklif edirsiniz? 
– Ortadakı konkret təklifləri Azərbaycanın müstəqil iqtisadçı ekspertləri ətraflı şəkildə təqdim edirlər. Bütün hallarda mən problemin həlli yollarını  mütəxəssislərdən yaxşı bilmirəm. Biz ilkin olaraq atılacaq siyasi addımları söyləyə bilərik. İlkin olaraq iqtisadi islahatları aparmağa hazırlığı olan kadrların bu prosesə başçılıq etməsi vacibdir. Bu gün böhrandan çıxış yolunu axtarmaq səlahiyyəti olan insanların əksəriyyəti ölkənin iqtisadi vəziyyəti ilə bağlı prezidentə yanlış məlumatları verən, dövləti vətəndaşla üz-üzə qoyan məmurlardır. Problemi yaradanlara problemin həllini tapşıranda, daha böyük problemlər yaşayacağımıza kimsənin şübhəsi olmamalıdır. Bir sözlə, mövcud iqtisadi komanda yeniləşməlidir və ölkənin bütün potensialı böhranın aradan qaldırılmasına yönəlməlidir.
– Qazaxıstan böhranlı situasiyada parlamenti qurban verdi. Siz Azərbaycan üçün hansı qurumun qurban verilməsini məqbul sayırsınız? 
– Başqa ölkələrin konkret addımları ilə müqayisənin doğru olduğunu düşünmürəm. Bəlkə, bizdə parlamentdən deyil, hökumətdən başlamaq daha çox fayda verərdi. Parlament onsuz da hökumətdən gələn istənilən təklifi, hətta bəzən Konstitusiya ilə uzlaşmayan təklifi belə, səs çoxluğu ilə qəbul edir. Buyursun, bu dəfə hökumət islahat təkliflərini təqdim etsin, parlament də birmənalı şəkildə dəstəkləsin. Baş qatmaq üçün, vaxt uzatmaq üçün hansısa yayındırıcı işlərlə məşğul olacaqlarsa, bu, böhranı həqiqətən də dərinləşdirəcək. Yaxşı-pis Milli Məclisin potensialından islahatlar üçün istifadə etmək lazımdır. Lazımsız dövlət qurumları birləşdirilməli və ya ləğv edilməli, daha effektiv idarəçilik sisteminə keçilməlidir. Məncə, bu ərəfədə dövlətin yükünün azaldılması üçün bələdiyyə seçkiləri keçirilməli və icra hakimiyyətlərinin səlahiyyətləri azaldılaraq bələdiyyə institutu gücləndirilməlidir ki, lokal səviyyədə vətəndaşın problemləri ilə məşğul olan real qurum mövcud olsun. Ümumiyyətlə, icra hakimiyyəti başçısının yeni obrazı barədə düşünülməlidir. Artıq maşın satan, asfalt çəkən, park salan, büdcəni talayan, şadlıq evi emblemi daşıyan icra başçısı obrazından intellektual hazırlıqlı başçı obrazına keçilməlidir. Diqqət edirsinizsə, rayonlardakı aksiyalarda kütlənin qarşısına çıxan icra başçıları şıkayətçilərə təqribən eyni təklifi verirdilər: “Gələrsən yanıma, danışarıq.” Əslində bu, cəmiyyətə bütöv şəkildə müraciət edə bilməyən rəsmi şəxslərin necə eyniyyət təşkil etdiyinin göstəricisidir. “Gəlmişəm yanınıza, dinləyib, danışam” deyən icra başçısı obrazına ehtiyac günün tələbinə çevrilməkdədir.
– Bəzi ekspertlər baş bankir Elman Rüstəmovun manat açıqlamasını ciddi hesab etmir. Güman olunur ki, qarşıdakı aylarda əhalinin ehtiyatları tam tükənə və arzuolunmaz vəziyyət yarana bilər. “Nə etməli” sualına sizin cavabınız varmı? 
– 21 fevral devalvasiyasından sonra Elman Rüstəmovun təkcə manatla deyil, bütün məsələlərlə bağlı açıqlamasına ciddi yanaşan yoxdur. Eləcə də hökumətin iqtisadi blokunda yer alan digər şəxslərə də münasibət təqribən eynidir. İlk öncə insanların səlahiyyətli şəxslərə, banklara və digər qurumlara inamını bərpa edəcək addımlar atılmalıdır. “Nə etməli” sualına, təbii ki, mənim cavabım formalaşıb, sadəcə “Kim etməli” sualına cavab tapa bilmədiyimdən bunu açıqlamağı yersiz hesab edirəm. Ölkə prezidentini və vətəndaşları iqtisadiyyatın vəziyyəti ilə bağlı yanlış məlumatlarla aldadanlar bir kənara çəkilərsə, obyektiv və dürüst məlumatlarla doğru siyasətin formalaşmasına vicdanla qol qoyanlar səlahiyyət sahibi olarlarsa, o zaman “Nə etməli” sualı da öz-özlüyündə çözülə bilər.
– Yaz sessiyasında hökumət parlament qarşısında hesabata gələcək. Ancaq fakt budur ki, hətta hakimiyyətin kursunun müdafiəçiləri arasında da hökumətin fəaliyyətinə, yaxud qeyri-neft sektorunun inkişaf etdirilməməsinə görə sərt tənqidlər səsləndirir. Necə bilirsiniz, belə olan şəraitdə yenə də hökumət parlamentin etimadını qazanacaq, yoxsa yeni hökumətin formalaşdırılması istiqamətində addım atılacaq? 
– Bildiyiniz kimi, bizdə parlamentli respublika olmadığına görə hökumətin formalaşmasına parlamentin təsir mexanizmi, demək olar, yoxdur və hətta varsa da, bu, formal xarakter daşıyır. Hökumətin tərkibinin dəyişməsi səlahiyyəti ölkə prezidentinə aiddir və parlament çoxluğu tərəfindən bütün hallarda etimad göstəriləcək. Sadəcə, təmənnam budur ki, bu etimad məsələsini bir tərəfə buraxıb indiki ölkənin düşdüyü böhran vəziyyətindən xilas üçün hökumətlə Milli Məclis arasında açıq, səmimi və konstruktiv müzakirələrin aparılması vacibdir. Bir çox hallarda deputatların faydalı təklifləri diqqətə alınmayıb, heç olmasa indi böhrandan çıxış üçün faydalı ola biləcək fikir və mülahizələrimizə qulaq assınlar.
– Fazil bəy, müxalifətin bölgələrdəki etirazlara qoşulmamasını necə dəyərləndirdiniz? Ümumiyyətlə, böhranlı situasiyada müxalifət partiyalarının seyrçi münasibəti tənqidə layiqdir, yoxsa təqdirə? 
– Müxalifət deyəndə, siz nəyi nəzərdə tutursunuz? Sosial şəbəkələrdə hər gün xalqı küçələrə çıxmağa səsləyib, xalq küçələrə çıxandan sonra “bizsiz küçələrə çıxmaq olmaz” deyənlərimi? Azərbaycanda əslində bir siyasi fürsətçilər zümrəsi var, hansısa bir aksiyadan, zəlzələdən, sosial fəlakətdən, müharibədən ekstremal bir dönüş baş verəcəyinə ümid edərək illərdir “müxalifət” şineli altında baş girləyirlər. Ümumiyyətlə, kimliyindən asılı olmayaraq, hər bir siyasi qüvvə çalışmalıdır ki, ölkədə xaotik iğtişaşa çevrilə biləcək hansısa hadisə baş verməsin. Çevrəmizdə baş verənlərin çox sayda nümunəsi var, belə bir iğtişaşdan sonra ölkə nə mövcud hakimiyyətə, nə də özünü  demokratik sayan qüvvələrə qalacaq. Hansı qüvvələrin bu müqəddəs dövlətimizi necə xarabaya çevirə biləcəyini, yəqin ki, ağlı başında olan hər kəs proqnozlaşdıra bilər. Ona görə də hətta hakimiyyət inadkarlıq göstərsə belə, bütün müxalif siyasi qüvvələr mövcud iqtidarı dinc islahatlar yolu ilə problemləri çözməyə təşviq etməlidirlər. Özümüzü aldatmayaq, bu gün Azərbaycanda real demokratik islahatları gerçəkləşdirməyə imkanı çatan tək qüvvə prezident İlham Əliyevdir. Hətta komanda da demirəm, hazırda yalnız onun siyasi iradəsi müsbət mənada çox şeyləri dəyişə bilər. Ona görə də müxalifət bu məsuliyyətli dövrdə sağlam təkliflərini ortaya qoymalı, hakimiyyətlə siyasi dialoqun baş tutmasına ciddi-cəhdlər etməlidir.
– Son günlər bir sıra şəxslərin – bu sırada hətta dövlətə xəyanətdə ittiham olunan da var – barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ümidlər yaradıb. Necə bilirsiniz, heç olmasa sosial-iqtisadi problemlər fonunda hakimiyyət siyasi arenada humanist qərarlar seriyasını davam etdirəcəkmi ki, gərginliklər azalsın? Xüsusilə də söhbət beynəlxalq səviyyədə müzakirə mövzusu olan həbslərdən gedir… 
– Əlbəttə, ölkəmiz əleyhinə beynəlxalq arenada müəyyən sərt qərarların alınmasına rəvac verən bir sıra şəxslərin həbsdə qalmasının izahını vermək mənim üçün də çətindir. Tofiq Yaqublunun, İntiqam Əliyevin, İlqar Məmmədovun, Xədicə İsmayılovanın, Fuad Qəhrəmanlının hazırda dövlət üçün hansısa təhlükə yaratdığını düşünmürəm. Ümid edirəm ki, Novruz bayramında prezident tərəfindən atılacaq humanist addımla Avropa qurumlarının hər dəfə dilə gətirdiyi məhbus məsələsinə də birdəfəlik son qoyulacaq.
– Fazil bəy, bu günlərdə Ayaz Mütəllibovla Etibar Məmmədov qarşılıqlı şəkildə kəskin ittihamlar səsləndirdilər. Bu davada kim haqlı görünürdü? 
– Kimin haqlı olduğunu Allah bilir. Açığı, bu ittihamlar daha çox dedi-qodu xarakteri daşıdığından siyasi şərh vermək doğru olmazdı. Ancaq mən ümid edirdim ki, illər sonra siyasətdə ən yüksək zirvədə olmuş Ayaz Mütəllibov yaşadığı və qazandığı təcrübəyə görə cəmiyyət həyatına, siyasi proseslərə daha məntiqli və faydalanılması mümkün olan münasibət bildirəcək. 25 il öncə olduğu kimi, bu dəfə də məyus olduğumu söyləyə bilərəm.
Elşad PAŞASOY



Yuxarı Əvvələ Ana Səhifə