XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

13 Avqust 2018 - 11:42

Pakistanın ölkəmizdəki səfiri:“ Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir...”  - Müsahibə

Bu il iyulun 25-də Pakistanda keçirilən parlament seçkilərində keçmiş kriketçi İmran Xanın “Ədalət uğrunda hərəkat” partiyası (Tehrik-ə-İnsaf) qələbə qazandı. Ölkənin 70 illik tarixində ikinci dəfədir ki, mülki hökumət öz səlahiyyətlərini sonacan başa vurmaqla estafeti növbəti mülki hökumətə ötürəcək.  22 illik mübarizədən sonra Baş nazir postuna sahib olacaq İmran Xan necə qalib gəldi? Yeni Baş nazir hansı dəyişikliklər edəcək? İslamabad-Bakı münasibətlərində hansı yeniliklər gözlənilir?

Bu və digər sualları Strateq.az saytına müsahibəsində Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri  Said Xan Mohmand cavablandırıb:

– Cənab səfir, ötən ay parlamentə (Milli Assambleyanın aşağı palatasına) keçirilən seçkilərdə məşhur kriket oyunçusu İmran Xanın rəhbəri olduğu “Ədalət uğrunda hərəkat” partiyası (Tehrik-ə-İnsaf) qələbə qazanıb. 14 avqustda, Pakistanın Müstəqillik Günündə, onun baş nazir postuna təyin olunması münasibətilə andiçmə mərasimi keçiriləcək. Yeni hökumət dönəmində nələr dəyişə bilər?

– İmran Xan seçki kampaniyasına başlayanda onun bir şüarı var idi: “Dəyişiklik!”.O, seçkiqabağı çıxışlarında Pakistanda işsizliyin azaldılması, təhsil, səhiyyə sektorlarında, hüquq sistemində, insanların sosial vəziyyətinin yaxşılaşdırılması yönümündə çoxlu dəyişikliklər edəcəyi ilə bağlı vədlər verdi. Xalq da onun bu çağrışını cavabsız qoymadı. Seçkilərdə qalib gəlmək üçün İmran Xan 22 il mübarizə aparıb. 22 illik mübarizənin bir nəticəsi olaraq da xalq bu dəyişiklik  çağrışına cavab verməklə onu seçdi. Hətta “Tabdeeli” (Change) adlı mahnı da yazılıb.  O,  həmişə və seçki kampaniyasındakı çıxışlarında da deyib ki, Pakistan inkişaf etmək istəyirsə korrupsiyasız ölkə kimi buna nail ola bilər.

– Qeyd etdiniz ki, İmran Xanın seçkidə qələbə qazanmasına səbəb onun şüarlarının, ölkədə dəyişikliklərlə bağlı vədləri olub. Ekspertlər bildirir ki, İmran Xanın partiyasının populyarlıq qazanmasının səbəblərindən biri də onun terror təhlükəsini dəf edəcəyi ilə bağlı vədləridir. Necə düşünürsünüz, yeni Baş nazir terrorla mübarizədə hansı yeniliklər təklif edə bilər?

– Terrorizmlə mübarizəyə gəlincə, Pakistan terrorizmin kökünün kəsilməsi üçün çox böyük naliyyətlər əldə edib. Artıq Əfqanıstanla sərhəddə 2600 km uzunluğunda divarın çəkilişinə başlanılıb. Burada 750 yoxlama məntəqəsi olacaq. Pakistan dünyada yeganə ölkələrdəndir ki, terrorizmi tamamilə ölkədən uzaqlaşdırıb. Düzdür, bəzən ara-sıra buna bənzər olaylar olur, qarışıqlıq salmağa çalışırlar. Buna qarşı da Pakistan mübarizəsini davam etdirəcək. Terrorla mübarizədə Pakistan hər zaman öndə gedib. Terror nəticəsində 6 min əsgərini itirib, 74 min dinc insan öldürülüb.

– Əfqanıstandan söz düşmüşkən, bu ölkəylə münasibətlərdə yeniliklər gözlənilirmi? Eyni zamanda yeni hökumət dönəmində son zamanlar ciddi fikir ayrılıqlarının müşahidə olunduğu ABŞ-la münasibətlərdə  irəliləyişə ümid etmək olarmı? Yeni Baş nazirin fərqli yanaşması varmı?

– Pakistan hər zaman Əfqanıstanda sabitliyin qorunması, təmin edilməsinə çalışan, tərəfdaş bir ölkə kimi çıxış edib, hər zaman dəstək göstərib. Çünki Əfqanıstanda sabitlik olmadıqda, Pakistana da təsir edir. Təkcə bu il  Əfqanıstan prezidentinin dəvəti il Pakistanın Baş naziri 21 fevralda və 6 apreldə bu ölkədə səfərdə olub. Bu səfərlər zamanı – Əfqanıstan – Pakistan Sülh və Həmrəylik Fəaliyyət Planı (Afghanistan-Pakistan Action Plan for Peace and Solidarity (APAPPS)) müzakirə olunub. Bu da qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi üşün Pakistan hökumətinin təşəbbüsüdür. Bu qurum nəzdində 5 işçi qrupu yaradılıb ki, münasibətləri daha da irəliyə aparsın. Peşəvər və Kabul arasında magistral yolunun çəkilməsi ilə bağlı layihə var. Əlavə olaraq bildirim ki, 45 min ton taxıl yardımı edilib, 5 mindən artıq əfqan tələbə Pakistan hökumətinin ayırdığı təqaüdlə Pakistan universitetlərində təhsil alacaq. Artiq 3 min tələbə təhsilə başlayıb. Növbəti 3 min tələbə də qəbul ediləcək.

ABŞ-la münasibətlərə gəlincə, Pakistan və ABŞ əlaqələri 70 ildir ki mövcuddur. Bu 70 il ərzində münasibətlərdə enişlər, yoxuşlar, qalxmalar olub. Müəyyən dövrlərdə müttəfiq, müəyyən sazişlərdə bərabər olmuşuq, SSRİ ordusunun Əfqanıstandan çıxarılmasına Pakistan ABŞ-a kömək edib. Düzdür, son illər ərzində münasibətlər bir o qədər də yaxşı deyil. Amma İmran Xan seçki kampaniyasında elan etdi ki, biz münasibətləri düzəltməyə çalışacagıq, hansı ki, o münasibətlərdən hər iki tərəf faydalana bilsin.

– Artıq Əfqanıstanla münasibətlər yavaş-yavaş yoluna düşür. Bəs Pakistanın digər qonşusu Hindistanla münasibətlər necə olacaq? Yeni hökumətin dönəmində Pakistan və Hindistan Kəşmir problemində nə kimi addım ata bilər? Bu ilin mayında atəşkəsin bərqərar olunması ilə bağlı razılığa gəlinib, amma 2003-cü ildə atəşkəs barədə razılıq əldə olunsa da, buna əməl olunmamışdı. Necə düşünürsünuz,bu dəfə atəşəkəsə əməl olunması, hər hansı saziş imzalanması üçün real əsaslar varmı?

– Biz Hindistanı həmişə müzakirələrə dəvət etmişik. Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir. BMT-nin bununla bağlı 4 qətnaməsi var. Bu məsələnin iki ölkə arasında həll olunmasının hər zaman tərəfdarı olmuşuq. Təəssüf ki, Kəşmirdə yarım milyona yaxın Hindistan ordusu yerləşir və onlar davamlı olaraq qətliamlar törədir. Təkcə bu il, bu günə qədər 800 dəfəfən çox atəşkəs pozulub. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı bu yaxınlardakı məruzəsində məlumat verib ki, 2016-2018-ci illərdə Kəşmirdə Hindistan tərəfindən saysız-hesabsız vəhşiliklər törədilib. Hətta Hindistan ordusunun orada törətdiyi cinayətlərə qarşı komissiya yaradılması təklif olunub. Orada hər gün günahsız insanlar qətlə yetirilir. Artıq onlar Kəşmirdə demoqrafik vəziyyəti  dəyişməyə çalışırlar, hinduları gətirib yerləşdirirlər. Çünki Kəşmirdə əhalinin çox hissəsi müsəlmandır. Hazırda insanların istifadə etdikləri ictimai yerləri, məkanları, dükan-bazarları bağlayıblar.

Yenə təkrar edirəm, Pakistan tərəfi hər zaman onları müzakirə masasına, danışıqlar aparmağa çağırsa da, Hindistan tərəfi bunu hər zaman rədd edib. İstəmişik ki, kəşmirlilərə öz müqəddəratını həll etmək hüququ verilsin. İmran Xan da çıxışında deyib ki, əgər bu məsələdə Hindistan bir addım gəlsə, biz iki addım gələrik. Hər zaman Kəşmir məsələsini həll etməyə çalışırıq. Amma bu tək siyasi deyil, həm də insan haqları məsələsidir. Son iyirmi illikdə Kəşmirdə 100 mindən çox insan qətlə yetirilib.

– Cənab səfir, tarixə nəzər salsaq, 1947-ci ildən – müstəqillik qazanandan bəri Pakistanda hökumət hərbçilərin əlində olub. Ölkənin 70 illik tarixində ikinci dəfədir ki, mülki hökumət öz səlahiyyətlərini sonacan başa vurmaqla estafeti növbəti mülki hökumətə ötürəcək. Bu o deməkdirmi ki, artıq ölkənin siyasi inkişafı yeni mərhələsinin şahidiyik? Buna Pakistanda yeni siyasi dönəm başladığını demək olarmı?

– Təbii ki, bu, Pakistan üçün xoş xəbərdi. Sizin də qeyd etdiyiniz kimi, hökumət hər zaman hərbçilərin əlində olub. Və düzgün vurğuladınız ki, sivil hökumət hakimiyyəti sivil hökumətə təhvil verir. Pakistan demokratiya üçün çox mübarizə aparıb, çox qurbanlar verib. Biz indi onun meyvələrini toplayırıq. Bu demokratik prosesdə sivil cəmiyyətlər, Pakistan xalqı – hər kəs mübarizə apardı.

– Azərbaycanla münasibətlərin perspektivini necə görürsünüz? Siyasi sahədə münasibətlərimizin yüksək səviyyədə olması danılmazdır. Digər iqtisadi, ticari sahələrə toxunmaq istərdim. Yeri gəlmişkən, ötən ay Bakıda hər iki ölkənin işadamlarının birgə böyük biznes konfransı keçirildi. Dövlət Neft Şirkəti (SOCAR) isə yaxın aylarda Pakistana mayeləşdirilmiş təbii qaz tədarükünə başlayacaq…

– Keçən il məhsuldar bir il olub. Diplomatik münasibətlərimizin 25 illiyi çərçivəsində bir çox səfərlər baş verib. Pakistan kənd təsərrüfatı naziri, müdafiə nazirliyinin nümayəndəsi Azərbaycanda olub. Bundan əlavə, keçən ayın əvvəllərində Pakistanın Ravalpindi Ticarət və Sənaye Palatasının (RCCİ) iki günlük böyük biznes konfransı təşkil olunub. Pakistandan Azərbaycan çoxlu sayda turistlər gəlir. Burada biznes imkanları ilə tanış olurlar.

Bir sözlə, əlaqələrimiz günü gündən daha da inkişaf edir. SOCAR-la bağlı sualınıza gəlincə, prezident İlham Əliyev 2017-ci ildə İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak edəndə bir sıra görüşləri olub. Həmin ərəfələrdə Azərbaycan hökuməti ilə Pakistan İslam Respublikası hökuməti arasında enerji sahəsində əməkdaşlıq haqqında Sazişə imza atılıb. Pakistanın hər zaman enerjiyə ehtiyacı var. Qətərlə 50 illik müqaviləmiz var və biz qazı onlardan alırdıq. Təbii ki, Azərbaycandan da almağa başlayacağıq. SOCAR böyük şirkətdir. SOCAR Pakistana gəlib araşdırma aparıb sərmayə də yatıra bilər. Onun Pakistanda fəaliyyəti hər zaman bizə xoşdur.

– Yaxın zamanda Azərbaycanla Pakistan arasında birbaşa hava reysinin açılması gözlənilirmi?

 – Bu imkan mənim əlimdə olsaydı,sabah açardım(gülür). Təbii ki Pakistandakı hava yolları şirkətlərinin də hər birinin proqramı, biznes planı var. Bu yaxınlarda Pakistan Beynəlxalq Hava Yolları şirkətinin nümayəndəsi Azərbaycanda olub. Bu barədə müzakirlər gedirdi. Əminəm ki, birbaşa reyslər açılarsa, bunun maliyyə tərəfindən böyük faydaları olacaq. Birbaşa reyslər olanda əlaqələr daha dainkişaf edir.

Söhbətləşdi: Laçın SƏMLA

Strateq.az