XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

21 Avqust 2018 - 16:56

“AZƏRBAYCANLA İRAN ARASINDA DİVAR HÖRÜLMƏLİDİR?” –Aktau Konvensiyasından sonra yaranan qıcıq suallara İran XİN-dən cavablar

“Təsnim” İA (İran)

 

Avqustun 12-də (hicri-şəmsi tarixlə – 21 mordad 1397-ci il) İran, Rusiya, Azərbaycan, Türkmənistan və Qazaxıstanın – beş sahilyanı dövlətin rəhbərləri tərəfindən imzalanmış Xəzərin hüquqi statusu haqqında Konvensiya siyasi və hüquq ekspertlər arasında böyük təpki doğurub. Bəzi hüquqşünaslar 1921 və 1940-cı illərin müqavilələrinə istinad edir və hər iki sənədin müddəalarına əsaslnaraq, Xəzər dənizində İranın 50%-lik payının olmasına inandırırlar; üstəlik, həmin müqavilələrlə iki ölkənin – İran və keçmiş Sovet İttifaqının bütün hüquqlarının bərabər bölündüyünü iddia edirlər.

Buna görə də, Xarici İşlər Nazirliyi aşağıdakı suallara hüquqi arqumentlər əsasında cavab verərək, ölkəmizin ictimai rəyində şübhə doğuran məsələlərə aydınlıq gətirib:

1. 1921 və 1940-cı il tarixli müqavilələrə görə, iki ölkənin bütün hüquqları bərabər idi və tarix boyu Xəzər dənizi İranla Rusiya (və ya keçmiş Sovet İttifaqı) arasında ümumi bölünmüşdü, bu barədə nə düşünürsünüz?

– Adı çəkilən iki müqavilənin heç birində bərabər pay və ya bərabər bölüşdürmə və ya dənizdə birgə tərəfdaşlıq barədə konkret müddəa yoxdur. Prinsipcə, İran və Sovet İttifaqı arasında dəniz bölgüsü haqqında heç bir razılıq mövcud deyildi.

2. 1921-ci il tarixli İran-Rusiya sazişinin 3-cü fəslinin 3-cü bəndinə əsasən, tərəflər Ətrak çayına, digər çaylara və sərhəd sularına bərabər hüquqlara malikdirlər. Ətrak və digər çayları kənara qoysaq, Xəzər dənizindən başqa su hövzələri nə deməkdir? Yəni bununla Xəzər dənizinin sərhədləri nəzərdə tutulur?

– Yuxarıda qeyd olunan bənddə azsulu Ətrak çayı qeyd olunur, lakin Xəzər dənizi kimi böyük su hövzəsi yox? Ətrak və digər çaylar istisna olmaqla, digər sərhəd sularımız var: su anbarları, bəndlər, nohurlar, bulaqlar, çaylar, şəlalələr və s. Lakin bu bənddə Xəzər açıq şəkildə qeyd edilmir və dəqiqləşdirilmir; bu baxımdan yalnız bir yozum mümkündür və digər hipotez doğru deyil. Müvafiq komissiya indiyədək 10 toplantı keçirib və bütün çaylar, axıntılar, su anbarları və digər həlledici məsələlər barədə qərar qəbul edib, lakin Xəzər haqqında heç bir şey qeyd olunmayıb. Bu, sahilyanı suların “Xəzər” mənası vermədiyini təsdiqləyir.

3. “Transsərhəd suları” ifadəsinin mənası nədir?

– İki ölkə arasında imzalanan bütün sərhəd sazişlərində çaylar, anbarlar, bəndlər, nohurlar, bulaqlar və s. qeyd edilib.

4. 1921-ci il müqaviləsinin 11-ci fəslinə görə, hər iki tərəf Xəzər dənizində öz bayraqları altında sərbəst gəmiçilik barədə razılığa gəlib, bu, bərabər hüquqlar demək deyilmi?

– Yuxarıda göstərilən müddəada yalnız “sərbəst gəmiçilik” və “öz bayrağı altında” ifadələri var və Xəzərin (bərabər və ya qeyri-bərabər) bölgüsü qeyd edilmir.

5. Hazırda İran dünyanın əksər hissələrində sərbəst gəmiçiliklə məşğuldur. Bu, həmin ərazilərdə İranın suverenliyi mənasını verirmi? Əgər belədirsə, İranın Xəzər dənizindəki vəziyyəti necədir?

– İlk növbədə, qeyd etmək lazımdır ki, yuxarıda adı çəkilən müqavilədə Xəzərlə bağlı yalnız üç fəsil və bir bənd var. İkincisi, bəzi fəsillərdə hüquqlar tam bərabər deyil və bu iddia əsasızdır, çünki bəzi fəsillər tamamilə birtərəfli və yalnız Rusiyanın nəfinədir.

6. 1940-cı il tarixli müqavilədə bütün sərhəd hüquqlarının bərabər şəkildə ifadə edildiyini nəzərə alsaq, nə üçün digər şərtlər indiyədək həyata keçirilir?

– Qeyd edək ki, İran tərəfindən müqaviləni xarici işlər naziri və ticarət nazirinin müavini, Sovet İttifaqı tərəfindən sözügedən ölkənin Tehrandakı səfiri və ticarət nümayəndəliyinin rəhbəri imzalayıblar! İkincisi, yuxarıda göstərilən müqavilə sərhəd müqaviləsi deyil, “Ticarət və Dəniz Təchizatı haqqında Saziş”dir. Buna görə də, bütün hüquqların bərabər olduğu fikri düzgün deyil və heç bir şəkildə sərhəd məsələlərini əhatə etmir.

7. 1940-cı il müqaviləsinin 12-ci maddəsinin 1-ci bəndində “Xəzər dənizində Tərəflərdən birinin bayrağı altında üzən gəmilər, digər Razılaşmış Tərəfin limanlarına girişi və ya çıxışı”ndan söhbət gedir, bu, bərabər hüquqlar demək deyilmi?

– Yuxarıda göstərilən bəndlər yalnız sərhəd məsələləri və suverenliyi deyil, yalnız liman qaydalarında bərabərlik prinsipi üçün istifadə olunur. Digər tərəfdən, bu maddələr yalnız İranın xeyrinəydi, çünki İranın Xəzər dənizində heç bir gəmisi yox idi və yalnız sovet gəmiləri malları nəql edirdi. İran deyil, onlar istisnalardan istifadə edirdilər, ilk İran gəmisi (gerçək mənada gəmi) 1368-ci ildə (miladi 1989-cu il) Xəzər dənizində suya buraxılıb. Bundan başqa, 12-ci maddənin 3-cü bəndinə uyğun olaraq, Sovet İttifaqı və İrana yük və sərnişin daşıma üçün qarşılıqlı hüquq verilib, təcrübədə isə bunu yalnız Sovet İttifaqı edə bilərdi.

8. Yuxarıda göstərilən sazişin 12-ci maddəsinin 4-cü bəndinə əsasən, hər bir Tərəfin balıq ovu zonası sahil sularından 10 dəniz mili uzunluğundadır və balıq ovunu öz bayrağı altında üzən gəmilərlə idxal etmək hüququnu özündə saxlayır. Xüsusi güzəşt və imtiyazlarla. Bunun səbəbi nədir?

– 12-ci maddənin 4-cü bəndinə əsasən, 10 millik zona ilə yalnız iki ölkəyə aid müstəsna balıq ovlama hüququ verir. Bu bənddə Sovet İttifaqının müstəsna balıqçılıq zonası 7 dəfə təyin olunub. Sahəni və onun həcmini müəyyənləşdirmək üçün sahil zolağının uzunluğu əsas götürülüb. Sovet İttifaqının sahil zolağının uzunluğu İranın sahil zolağından 6-7 dəfə çoxdur.

9. 1940-cı il sazişinin 13-cü maddəsində deyilir: “Tərəflər razılaşırlar ki, Xəzər dənizində İran və ya Sovet İttifaqına məxsus gəmilər və ya onların bayrağı altında üzən, vətəndaşlara, ticarət və ictimai müəssisələrə məxsus nəqliyyat istisna olmaqla, başqa vasitələrlə səyahət həyata keçirə bilməzlər”. Bu, hər iki ölkə üçün bərabər pay nəticəsi doğurmurmu?

– Müqavilənin 13-cü maddəsi çox yaxşıdır, lakin payların 50-50-yə bölünməsi mənası vermir. Bu, yalnız üçüncü şəxslərin iştirakına qadağanı təsdiqləyir. 14-cü maddədə, həmçinin gəmiçilik şəhadətnamələri qarşılıqlı olaraq tanınır, lakin heç bir şəkildə bölünmə və bölməni nəzərdə tutmur, hətta 15-ci maddə belə Xəzər dənizi ilə daşınan mallara istinad edilərkən, açıq şəkildə və ya dolayısı ilə payların bölünmə müddəası yoxdur.

10. 16-cı maddəyə əsasən, bu müqavilənin qüvvədə qalma müddəti üç ildir və 6 ay əvvəl xəbərdarlıqla ləğv edilir. Bu maddənin icrası icbaridirmi?

– Hər bir sahilyanı ölkə, hətta İran və Rusiya, bu müqaviləni altı ay əvvəl elan etməklə, ləğv edə bilər.

11. İranın 50%-lik payına dair digər bir maddə 1940-cı il müqaviləsi ilə bağlı Əlavə Məktubdur. Həmin Məktubda deyilir: “Hər iki Tərəf Xəzər dənizini İran və Sovet İttifaqı üçün xüsusi əhəmiyyətli hesab edir, iki dövlət gəmilərində və Xəzər dənizindəki limanlarda xidmət göstərən üçüncü ölkələrin vətəndaşlarının xidmətlərini təmin etmək və onları gəmilərdə və limanlardakı vəzifələri hüdudlarından kənara çıxmanı məhdudlaşdırmaq üçün lazımi tədbirləri icra etməlidir”. Bu maddə də bərabər hüquqlar mənası doğurmur?

– Sözügedən Məktubda, məlum kitablar, məqalələr və mühazirələrin əksəriyyətində qeyd edildiyindən fərqli olaraq, “ümumi” sözü işlədilmir. Bu Məktub yalnız dənizin sahilyanı ölkələr üçün əhəmiyyəti və üçüncü ölkə vətəndaşlarının sahilyanı ölkələrə qarşı hərəkətləri ilə bağlıdır, həmin Məktubun 50%-lik birgə mülkiyyətçiliklə əlaqəsi yoxdur və İran İslam Respublikası üçün çox müsbət sənəddir. Amma şah dövründə amerikalılar İranda mövcud olublar, buna görə də, sənəd Sovet İttifaqının nəfinə idi.

12. 1927-ci ildə Ənzəli limanının təslim edilməsi ilə bağlı Sovet hökuməti xalq komissarının məktubuna əsasən, Sovet İttifaqı İran hökumətindən Xəzər dənizində ümumi maraqları və 25 il ərzində, limanın hərbi qulluqçuları və işçiləri istisna olmaqla, İran vətəndaşlarının istifadəsini nəzərdən keçirməyi xahiş edir.

– Xəzər dənizində iki ölkənin inhisarı üçüncü tərəfin iştirakını istisna edir. Əlbəttə, bu müddəa İranın suverenliyinə ziddir və İranın daxili işlərinə müdaxilədir. Sözügedən dövrün sona çatması isə 25 ildir.

13. Lakin müqavilələrin ümumi ruhu bərabərlik və ya hüquq bərabərliyini təcəssüm edir.

– Bu, doğru deyil. Yuxarıda göstərilən araşdırmalar göstərir ki, hər iki müqavilənin ümumi ruhu bərabərlik, bərabərhüquqluluq və həmrəyliyə əsaslanmır və bu, Sovet dövründə bir çox hallarda birtərəfli yanaşmadır. Həmçinin qeyd etmək olar ki, heç bir hüquqi bərabərlik olmamaqla yanaşı, hər bir ölkənin sahil zolağının uzunluğuna uyğun olaraq bəzi şərtlər dəyişdirilib.

14. Sovet İttifaqı süqut etdi, İran isə durur. SSRİ-nin dağılması İranın payına təsir etməlidir?

– 1921-ci ildə İranla Rusiya arasında razılaşma imzalandı. O dövrdə kommunistlər ağ qvardiyaçıların müxalifəti ilə qarşılaşdılar və Sovet İttifaqı rəsmi olaraq hələ formalaşmamışdı. Köhnə Sovet İttifaqı formal olaraq 1922-ci ildə yarandı. Azərbaycan bir, iki il sonra isə Türkmənistan Sovet İttifaqının tərkibinə daxil oldu. Müqavilənin adı da İran-Rusiya Dostluq Sazişidir. Rusiya da 50%-lik paya iddia edə bilər, lakin bunu etmir və 19%-dən aşağı payla neft və qaz tədarükü aparır.

Digər tərəfdən, əgər İrana 50%-lik pay ayrılsaydı, digər iki sahilyanı ölkə heç bir dəniz payına sahib olmazdı və onların mövcudluğunun qarşısını almaq üçün sahildə divar hörülməli idi!

15. Bu məsələnin qarşısını ümumiyyətlə almaq üçün, prinsipcə, Xəzər dənizini bölməmək mümkündürmü?

– Bütün hüquqi sistemlərdə, hər hansı bir mülkiyyətçi bölüşdürmə tələb edə bilər. Əvvəllər belə bir tələbat yox idi. Hazırda dörd ölkə payını tələb edir və İran bu tələbi qəbul etməyə bilməz.

16. Şah dövründə və İnqilabdan sonra çap olunmuş dərsliklərdəki xəritələrdə Xəzərin yarısı təsvir edilib. Məgər bu, İranın 50%-lik payı demək deyil?

– Birincisi, şah dövründə və İnqilabdan sonra İranda nəşr olunan xəritələrdə Xəzər dənizinin təxminən beşdə bir və ya altıdan bir hissəsi əks olunub, yarısı yox, odur ki, iddia doğru deyil. İkincisi, əgər doğru olsaydı, xəritənin birtərəfli nəşri dövlət tərəfindən birtərəfli iddialara əsas ola bilməz, çünki Sovetlər də Hüseynqulu-Astara xətti ilə bütün xəritələrində İranın payını əks etdiriblər. Üçüncüsü, qonşu ölkələrin hissələri həmişə İran xəritələrində təsvir edilib. Bu, sözügedən hissələrin İrana aid olması deməkdirmi?

Sonda qeyd etmək lazımdır ki, bütün Fars körfəzi və Oman dənizi İran nəşrlərində təsvir edilib. Məgər bu, Fars körfəzinin İrana məxsus olması mənası verir?…

 

Tərcümə: Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə